Belmo

Oxuma vaxtı: 8 dəq Oxunma sayı: 3142

belmo nədir?Belmo – buynuz qişanın bulanması ilə xarakterizə olunan oftalmoloji xəstəlikdir. Patologiya buynuz qişanın travması, kimyəvi maddələrlə yanıqlar, iltihabi və ya infeksion xəstəliklərlə əlaqədar yaranır. Klinik olaraq, görmə itiliyinin kəskin azalması (hətta korluğa qədər), buynuz qişanın rənginin dəyişməsi ilə təzahür edir. Diaqnoz xarici baxış, vizometriya, tonometriya, yarıqlı lampa ilə biomikroskopiya, göz almasının USM və göz yuvasının KT-nin nəticələri əsasında qoyulur. Müalicə yalnız cərrahi yolla aparılır. Keratoplastikanın və ya kertoprotezlənmənin müxtəlif variantları tətbiq edilir.

  • Yaranma səbəbləri
  • Belmonun əlamətləri
  • Diaqnostika
  • Belmonun müalicəsi
  • Profilaktika

Belmo barədə ümumi məlumat

Belmo və ya leykoma – gözün buynuz qişasının xəstəliyidir. Görmə orqanının ön hissəsinin travmaları gözün ümumi zədələnmələrinin 60%-ni təşkil edir. Buynuz qişanın patologiyası dünya üzrə korluğun səbəbləri arasında 5-ci yerdə dayanır. Buynuz qişanın hətta lokalizasiyalı kiçik ölçülü periferik və ya mərkəzi bulanıqlıqları görmənin əhəmiyyətli dərəcədə zəifləməsinə və nəticədə əlilliyə gətirib çıxarır. Bu problemin aktuallığı xəstəliyin ağır gedişi, sonluğunun müxtəlifliyi, müalicənin və belmolu pasiyentlərin reabilitasiyasının mürəkkəbliyi ilə bağlıdır. Hər iki cinsin nümayəndələri arasında leykomanın rastgəlmə tezliyi eynidir.

Belmonun yaranma səbəbləri

Belmonun səbəbləriBelmo anadangəlmə və ya qazanılmış xarakter daşıyır. Buynuz qişanın şəffaflığı müxtəlif etiopatogenetik amillərin təsirindən pozula bilir. Onlara göz yanıqları (kimyəvi və ya termiki); müxtəlif mənşəli iltihabi xəstəliklər (herpes virusu, bakteriyalar); buynuz qişanın xorası; III-IV dərəcəli residivləşən pteriqium aiddir. Bundan əlavə göz almasında aparılan istənilən cərrahi müdaxilə belmonun inkişafının risk faktoru sayılır. Anadangəlmə forma dölün viruslarla bətndaxili infeksiyalaşması nəticəsində yaranır, digər orqan və sistemlərin inkişaf qüsurları ilə müşayiət edilir.

Belmonun patogenetik mexanizmi belə izah olunur: travmatik faktor və ya infeksion agentin təsirindən sonra buynuz qişada iltihabi proses inkişaf edir, stromada ödem əmələ gəlir. Buynuz qişanın hüceyrələri (keratositlər) xüsusi fermentativ maddələr və xemoattraktantlar sintez edir. Nəticədə limbin perikorneal damarları genişlənir. Zədələnmə sahəsində leykositlər toplanmağa başlayır, iltihabi hüceyrə infiltrasiyası daha da aktivləşir. Zədələnmiş hüceyrələrin ifraz etdiyi angiogen amillər damarların endotel hüceyrələrinin yayılmasını stimulyasiya edir. Bu da neovaskulyarizasiyaya və buynuz qişanın yüksək differensiasiyalı toxumasının kobud birləşdirici toxuma ilə əvəzlənməsinə gətirib çıxarır.

Belmonun əlamətləri

Belmonun əlamətləriBelmonun anadangəlmə forması yenidoğulmuşlarda büllurun şəffaflığının dəyişməsi ilə özünü büruzə verir və əksər hallarda digər oftalmoloji patologiyalarla (qlaukoma, katarakta, mikroftalm və ya mikrokornea, qüzehli qişanın atrofiyası) birgə inkişaf edir. Leykomanın qazanılmış forması buynuz qişanın infeksion proseslərinin və ya travmanın yekun mərhələsi sayılır. Bu səbəbdən pasiyentlərin şikayətləri ilkin xəstəlikdən, zədələnmə sahəsindən və bulanıqlığın buynuz qişanın optik zonasına nəzərən yerləşməsindən asılı olur.

Travma zamanı ağrı sindromu, yad cisim hissi, blefarospazm meydana çıxır. İltihabi xəstəliklərdə isə görmə funksiyası zəifləyir, fotofobiya (işıqdan qorxma), gözlərin sulanması, güclü ağrılar müşahidə olunur. Belmo optik zonada inkişaf etdikdə görmə itiliyi zəifləyir və ya tamamən itir. Leykoma paraoptik zonada lokalizasiya etdikdə görmə itiliyi saxlanıla bilər. Zədələnmiş buynuz qişa süd rəngində olur.

Göz almasının zədələnmə dərinliyindən asılı olaraq, posttravmatik belmonun aşağıdakı dərəcələri ayırd edilir:

  1. Belmo gözün digər hissələrinin patoloji dəyişiklikləri ilə müşayiət olunmur. Buynuz qişada müxtəlif forma və uzunluğa malik çapıqlara rast gəlinir.
  2. Belmo qüzehli qişaya bitişən buynuz qişanın intensiv, damar bulanıqlığı ilə təzahür edir.
  3. Belmo büllurun travmatik bulanması ilə birgə rast gəlinir. Buynuz qişanın bulanıqlığı, ön sinexiyalar və müxtəlif intensivlikli katarakta aşkarlanır.
  4. Belmo ikincili katarakta ilə müştərək şəkildə inkişaf edir.
  5. Buynuz qişanın intensiv bulanması, ön və/və ya arxa sinexiyalar, büllurun və şüşəyəbənzər cismin bulanıqlığı qeydə alınır.
  6. Belmo torlu qişanın ayrılması, gözün atrofiyası ilə ağırlaşır.

Belmonun diaqnostikası

Anadangəlmə forma yenidoğulmuşlarda doğum evində oftalmoskopiya aparıldıqdan sonra aşkar edilir. Göz almasının daha dərin qatlarında gedən dəyişiklikləri müəyyən etmək üçün USM icra olunur. Ehtiyac yarandıqda əlavə olaraq, göz yuvasının KT təyin edilir.

Belmonun qazanılmış formasının diaqnostikasına aşağıdakı standart müayinələr daxildir: anamnezin toplanması, xarici baxış, vizometriya (bulanıqlıq paraoptik zonada lokalizasiya olunduqda), tonometriya. Yarıqlı lampa ilə biomikroskopiya əsas müayinə üsulu sayılır. Onun köməyilə bulanıqlığın sərhədləri, sıxlığı, şəffaflıq dərəcəsi və yayılma sahəsi dəqiqləşdirilir.

Belmonun müalicəsi

Müalicə yalnız cərrahi yolladır. Dəlib-keçən və ya laylar üzrə keratoplastika (buynuz qişanın zədələnmiş hissəsinin transplantatla əvəzlənməsi) aparılır. Köçürülmə mümkün olmadıqda süni implantantla keratoprotezlənmə həyata keçirilir. Leykomanın anadangəlmə formasında cərrahi müdaxilənin kombinəolunmuş xarakteri zədələnmə hallarını əhəmiyyətli dərəcədə artırır. Əməliyyatın texniki cəhətdən mürəkkəbliyi göz yarığının darlığı, eləcə də göz almasının kollaps ehtimalı ilə bağlıdır. Əməliyyat adətən 1 yaşa qədər icra olunur. Görmə funksiyalarının proqnozu şübhəlidir.

Qzanılmış leykomada görməni bərpa etmək üçün müxtəlif növ rekonstruktiv əməliyyatlardan istifadə olunur. Cərrahi müdaxilənin növü posttravmatik leykomanın dərəcəsinə uyğun seçilir. I dərəcədə hissəvi dəlib-keçən keratoplastika tətbiq olunur. Belmonun II dərəcəsində buynuz qişanın köçürülməsi iridoplastika ilə tamamlanır. III dərəcədə kompleks əməliyyatlar: dəlib-keçən keratoplastika, kataraktanın ekstraksiyası və intraokulyar linzanın implantasiyası göstəriş sayılır. IV-V dərəcəli belmolarda keratoplastika az effektivdir. Belə hallarda yeganə müalicə üsulu keratoprotezlənmə hesab olunur.

Keratoplastikanın ağırlaşmalarına perforasiya, transplantatın ayrılması və qanaxma aiddir. Qazanılmış belmonun keratoplastikasının nəticələri və proqnozu xəstəliyin etiologiyasından, gözdaxili təzyiqin göstəricisindən, neovaskulyarizasiyanın olmasından, yanaşı gedən patologiyaların xarakterindən və ifadəliliyindən asılıdır.

Belmonun profilaktikası

Belmonun qarşısını almaq üçün istehsalat şəraitində təhlükəsizlik texnikasına riayət olunmalı, kimyəvi agentlərə işləyərkən qoruyucu eynək və maskalardan istifadə edilməlidir. Göz alması zədələndikdə dərhal oftalmoloqa müraciət etmək lazımdır.

Buynuz qişanın iltihabi-infeksion xəstəliklərinin erkən diaqnostika və müalicəsi belmonun başlıca profilaktik tədbirlərindən sayılır. Anadangəlmə formaların yaranma ehtimalını azaltmaq üçün hamilə qadınlar hestasiyanın ilk aylarında hərtərəfli müayinə olunmalı, ehtiyac yarandıqda virus və ya bakterial infeksiyaların müalicəsi aparılmalıdır.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: