Göz almasının hipotoniyası

Oxuma vaxtı: 11 dəq Oxunma sayı: 1500

göz almasının hipotoniyası nədir?Göz almasının hipotoniyası – gözdaxili təzyiqin 15mm.cv.süt-dan aşağı enməsi ilə xarakterizə olunan oftalmoloji sindromdur. Onun əsas klinik əlamətlərinə göz önündə uçuşan qara nöqtələr və ləkələr, görmənin pisləşməsi, gözlərin həddindən artıq yorulması, baş ağrıları aiddir. Diaqnoz tonometriya, elektron tonoqrafiya, vizometriya, oftalmoskopiya, biomikroskopiya, qonioskopiya, USM, Zaydelin filtrasiya sınağının nəticələri əsasında qoyulur. Konservativ terapiya damardaraldıcı preparatlar, sikloplegik midriatiklər, antioksidant və qlükokortikosteroidlərin təyininə əsaslanır. Cərrahi müalicə filtrasiyaedici nahiyənin plastikasından ibarətdir.

  • Yaranma səbəbləri
  • Patogenez
  • Göz almasının hipotoniyasının əlamətləri
  • Ağırlaşmaları
  • Diaqnostika
  • Göz almasının hipotoniyasının müalicəsi
  • Proqnoz və profilaktikası

Göz almasının hipotoniyası barədə ümumi məlumat

Göz almasının hipotoniyası geniş yayılmış patologiyadır. Statistik məlumatlara əsasən oftalmotonusun azalmasına kontuziyadan sonra 40,6%, buynuz qişa-skleranın nüfuzedici yaralanmalarından sonra isə 55,3% hallarda müşahidə edilir. Xəstələrin 75%-də gözdaxili təzyiq (GDT) 12 mm.cv.süt-dan az olur.  Bu sindroma adətən 20-45 yaşlarda təsadüf edilir. Hipotoniyanın əlamətləri əsasən kişilərdə aşkarlanır. Çünki kişi cinsinin nümayəndələrində gözlərin yaralanması və kontuziyası tez-tez baş verir. Uşaqlıq dövründə xəstəliyin simptomatikası 81,4% hallarda ağır travma fonunda inkişaf edir.

Göz almasının hipotoniyasının yaranma səbəbləri

Göz almasının hipotoniyasının səbəbləriOftalmotonusun azalması gözün bilavasitə zədələnməsi nəticəsində baş verə və ya sistemli xəstəliklərin əlaməti kimi təzahür edə bilər. Diabetik və uremik koma, orqanizmin susuzlaşması, kollaptoid vəziyyətlər, aşağı kəllədaxili təzyiq zamanı GDT referens göstəricilərdən az olur. Göz almasının əsas etioloji amilləri aşağıdakılardır:

  • Gözün nüfuzedici yaralanmaları. Göz qişalarının perforasiyası zamanı gözdaxili mayenin xaricə axması ilə əlaqədar GDT proqressiv şəkildə enməyə başlayır. Yara defektinin ölçüsü nə qədər böyük olursa, hipotoniya bir o qədər sürətlə baş verir. Ağır formalı mexaniki travmalarda gözdaxili maye ilə birgə göz boşluğundan şüşəyəbənzər cisim də xaric olunur.
  • Fistulaların formalaşması. Kiçik fistulalar xroniki hipotoniyaya səbəb olur. Onlar cərrahi müdaxilə zamanı yaranın kənarlarının düzgün birləşdirilməməsi nəticəsində əmələ gəlir. Bəzən trigger amillər qismində yüngül travmalar iştirak edir.
  • Gozdaxili mayenin (GDM) sintezinin pozulması. Siliar cismin yaşla əlaqədar dəyişiklikləri GDM-nin azalmasına gətirib çıxarır. Bu disfunksiya həmçinin kirpik əzələsinin zədələnmələrində müşahidə edilir. Belə vəziyyətlərdə onun yığılma qabiliyyəti pozulduğundan GDM-nin sintezi zəifləyir.
  • Göz almasının kontuziyası. Gözün ağır dərəcəli kontuziyalarında ağlı qişa subkonyunktival cırılır. Cırılmalar adətən gözün xarici əzələsinin altında lokalizasiya olunur. Belə ki, bu hissədə fibroz qişanın qalınlığı 0,3 mm-dir. Bir sıra insanlarda cırılmalara şlemm kanalının proyeksiya zonasında rast gəlinir.
  • Torlu qişanın və xorioideyanın qopması. Torlu qişa ayrıldıqda damarlardan güclü qanaxma riski ilə yanaşı gözün kəskin hipotoniyası müəyyən edilir. Gözdaxili təzyiq hətta uzaq postoperasion dövrdə də aşağı olur.
  • Cərrahi müdaxilə. Hipotoniya antiqlaukomatoz əməliyyatların ən çox müşahidə olunan fəsadıdır. Sitostatiklərin intraoperasion tətbiq edildiyi, eləcə də trepanasiya dəliyinin böyük olduğu hallarda oftalmotonusun azalma riski xeyli yüksəlir. Endovitreal əməliyyat zamanı şüşəyəbənzər cisim hissəvi çıxarıldıqda onun həcmi əhəmiyyətli dərəcədə azalır.

Göz almasının hipotoniyasının patogenezi

Göz almasının hipotoniyası zamanı GDM-nin sintezi zəifləyir. Bu da qan təhcizatının çatışmazlığı ilə bağlıdır. Nəticədə trofik pozğunluqlar və ətraf toxumaların işemiyası baş verir. Siliar cismin destruksiyası və disfunksiyası yaranır. Posttravmatik hipotoniyanın patogenezinin əsasını hidrodinamik dəyişiklik təşkil edir. Dəlib-keçən yaralanmalarda göz qişasının zədələnməsindən sonra oftalmohipertenziya ifadəli hipotoniya ilə əvəz olunur. Gözdaxili maye itirildiyindən bir sıra hallarda göz blokunun tonusu aşağı olur. Belə patoloji dəyişikliklər siliar cismin qopması zamanı müşahidə edilir.

Göz almasının hipotoniyasının əlamətləri

Göz almasının hipotoniyasının əlamətləriGDT cüzi dəyişdikdə göz önündə ucuşan qara nöqtələr və ləkələr yaranır. Xəstəliyin uzun müddətli gedişi baş ağrılarına gətirib çıxarır. Ağrılar adətəm ənsə nahiyəsində lokalizasiya olunur. Pasiyentlər vizual yüklənmə zamanı (kitab oxuduqda, televizora baxdıqda, kompüterdə işlədikdə) gözlərin həddindən artıq yorulmasından şikayət edirlər. İfadəli hipotoniya görmə itiliyinin zəifləməsi ilə müşayiət olunur. Göz almalarını hərəkət etdirdikdə diskomfort hissi əmələ gəlir, periferik görmə pozulur. İfadəli ağrı sindromu patologiyanın travmatik mənşəli olmasından xəbər verir. İnfeksiya fonunda gözlərin sulanması, konyunktiva damarlarının qanla dolması izlənilir.

Göz almasının hipotoniyasının ağırlaşmaları

Gözdaxili hidrodinamikanın pozulması və aşağı oftalmotonus zamanı çox vaxt massiv qansızmalar baş verir. Kəskin hipotoniya hallarında gözün ön kamerasında da təzyiq enir. Bu da şüşəyəbənzər cismin dislokasiyasına, hialoid-angioretinal bitişmələrin cırılmasına, retinal damarların zədələnməsinə gətirib çıxarır. Xəstələrdə ağır fəsadlar – ekspulsiv hemorragiya və damarlı qişanın qopması müşahidə edilir. İntraoperasion oftalmohipotoniya kistaşəkilli makulyar ödemin inkişafına səbəb ola bilər. Lakin hipotoniyanın ən təhlükəli ağırlaşması göz almasının atrofiyasıdır.

Göz almasının hipotoniyasının diaqnostikası

Diaqnoz anamnestik məlumatlar, fizikal müayinə və spesifik üsulların nəticələri əsasında qoyulur. İlkin baxış zamanı oftalmotonusun azalmasını palpasiya və sağlam gözlə müqayisə etməklə ilə aşkarlamaq mümkündür. Xəstəliyin etiologiyasını təyin etmək üçün aşağıdakı müayinələrdən istifadə olunur:

  • Gözdaxili təzyiqin ölçülməsiGöz almasının hipotoniyasının əsas diaqnostik meyarı tonometrik GDT-nin 15mm.cv.süt-dan aşağı enməsidir. Həqiqi GDT 8 mm.cv.süt-dan yüksək olmur. Göz travmalarında kontaktsız tonometriyadan istifadə edilir.
  • Elektron tonoqrafiyaBu üsul GDT-nin ölçülməsi ilə yanaşı, həm də gözün hidrodinamikasının xarakterini müəyyən etməyə imkan verir. Müayinə prosesində gözdaxili mayenin həcmi, axın əmsalı hesablanılır. Ağır hipotoniyalarda elektron tonoqrafiyasının aparılması qeyri-mümkündür.
  • VizometriyaGözün ağır zədələnmələrində pasiyentlərin 55,3%-də mərkəzi görmə olmur. Xəstələrin yalnız 5.3%-də görmə funksiyası yüksək səviyyədə (0,3-0,7dptr.) saxlanılır. 39,4%-də görmə itiliyinin göstəriciləri 0,1-0,3 dioptriya olur.
  • QonioskopiyaGöz almasının hipotoniyası ön kamera bucağının dərinləşməsi ilə müşayiət edilir. Travmatik mənşəli patologiyalarda qonioskopiyanın köməyilə qan yığıntısı (hifema). Sistemli xəstəliklərdə isə iltihabi eksudat aşkar edilir. Ön kamera bucağının hiperpiqmentasiyası gözdaxili mayenin sirkulyasiyanın pozulmasına gətirib çıxarır.
  • Gözün ön seqmentinə baxış. Göz almasının biomikroskopiyasında buynuz qişanın bulanması və ödemi vizualizasiya olunur. Dəlib-keçən yaralanmalarda əksərən buynuz qişanın səthində defektlərə rast gəlinir. Gözdaxili mayenin və ya şüşəyəbənzər cismin bulanması ilə əlaqədar işıq şüalarının ötürülməsi çətinləşir.
  • OftalmoskopiyaTonometrik göstəricilərin azalması torlu qişanın mərkəzi hissəsinin ödeminə səbəb olur. Uzunmüddətli hipotoniya nəticəsində distrofik dəyişikliklər sürətlə proqressivləşir. Makulopatiya torlu qişanın ödemi və radial büküşləri ilə özünü büruzə verir. Retinal damarlar genişlənir.
  • Gözün ultrasəs müayinəsiAşağı oftalmotonus zamanı bütün pasiyentlərdə gözün USM icra olunmalıdır. Müayinə prosesində göz almasını ön-arxa ölçüsü təyin edilir və sağlam gözün parametrləri ilə müqayisə olunur. Sagital ölçüdə fərqin 3,0mm-dən çox olması ağır hipotoniyaya dəlalət edir.
  • Zaydelin filtrasiya sınağıBu məqsədlə natrium-flüoressein məhlulunun instillyasiyası aparılır. Gözün dəlib-keçən yaralanmalarında ön kamera mayesi perforasiya olunmuş buynuz qişadan xaricə çıxaraq, flüoressin məhlulu ilə qarışır. Lakin mikrozədələnmələr zamanı Zaydel sınağı az informativdir.

Göz almasının hipotoniyasının müalicəsi

Etiotrop terapiya nəinki GDT-nin yüksəldilməsinə, həm də göz qişalarının qanla təhcizatının yaxşılaşdırılmasına yönəldilir. Bunun üçün plazma əvəzediciləri və angioprotektorlardan istifadə edilir. Gözdaxili mayenin sintezinin pozulması səbəbindən yaranan hipotoniyalarda sikloplegik midriatiklərin və damargenişləndirici vasitələrin təyini məqsədəuyğundur. Antioksidantların (metiletilpiridinol) və sintetik qlükokortikosteroidlərin (fosfat-deksametazon) növbəli şəkildə tətbiqi məsləhət görülür. Lakin bu üsullar gözdaxili təzyiqin yalnız qısa müddətli yüksəlməsinə səbəb olur.

GDM-nin sintezinə effektiv təsir göstərmək üçün şüşəyəbənzər cismin lazer stimulyasiyası icra edilir. Antiqlaukomatoz əməliyyat keçirən şəxslərdə oftalmotonusu bərpa etmək üçün filtrasiyaedici zonanın plastikası göstəriş sayılır. Bu məqsədlə filtrasion yastığın boşluğuna kollagen gelinin həcmli məhlulu yeridilir. Cərrahi müdaxilə zonası reviziya olunur. Toxumaların plastikası trepanasiya dəliyinə və skleral loskuta əlavə tikişlərin qoyulması ilə yerinə yetirilir.

Gözdaxili mayenin axınını azaltmaq üçün fiziki təsirlərdən – diatermiya, lazer terapiyası və krioaplikasiyadan istifadə olunur. Gözün dəlib-keçən yaralanmalarında tam hermetizasiyanın əldə edilməsi üçün yaranın kənarlarını birləşdirmək lazımdır. Şüşəyəbənzər cismin ölçüləri həddindən artıq kiçildikdə silikon, natrium-xlorid məhlulu və ya hialonun intravitreal yeridilməlidir.

Göz almasının hipotoniyasının proqnoz və profilaktikası

Proqnoz xəstəliyin etiologiyasından asılıdır. Göz almasının ağır zədələnmələri ilə assosiasiyalı hipotoniya zamanı 74,3% hallarda hidrodinamikanın göstəricilərini norma səviyyəsinə salmaq və görmə itiliyini bərpa etmək tam şəkildə mümkün olmur. Yüksək görmə itiliyi yalnız 13,7% pasiyentlərdə izlənilir. Xəstələrin 2%-də görmə funksiyası 0,1-0,3 dptr. səviyyəsində saxlanılır.

Spesifik preventiv tədbirlər mövcud deyil. Qeyri-spesifik profilaktika göz travmalarının qarşısının alınmasına yönəldilir. Bunun üçün yüksək travmatizasiya riski müşahidə olunduqda qoruyucu vasitələrdən (eynək, maska) istifadə etmək məsləhət görülür.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: