Göz miqreni

Oxuma vaxtı: 10 dəq Oxunma sayı: 1413

göz miqreni nədir?Göz miqreni müvəqqəti xarakterli görmə pozğunluğu şəklində aura ilə xarakterizə olunan miqrendir. Onun klinik əlamətlərinə səyrici skotoma, görmə sahəsinin ayrı-ayrı hissələrinin itirilməsi, fosfen (rəngli ləkələr) və fotopsiya aiddir. Diaqnoz anamnestik məlumatlar, obyektiv baxış, oftalmoskopiya, perimetriya, baş beyin damarlarının angioqrafiyası və MRT-nin nəticələri əsasında qoyulur. Simptomatik müalicə analgetiklər və qeyri-steroid iltihab əleyhinə preparatların tətbiqindən, trigger nöqtələrdə periostal və sümükdaxili blokadaların aparılmasından ibarətdir. Tutmalar arası dövrdə profilaktik məqsədlə nootrop, miorelaksant və antidepressantlar təyin edilir.

  • Yaranma səbəbləri
  • Göz miqreninin əlamətləri
  • Diaqnostika
  • Göz miqreninin müalicəsi
  • Proqnoz və profilaktika

Göz miqreni barədə ümumi məlumat

Göz miqreni və ya səyrici skotoma – gözdə heç bir üzvi dəyişiklik olmadığı halda görmə sahəsinin itirilməsi və spesifik görmə aurası ilə təzahür edən xəstəlikdir. Patologiya ilk dəfə ХІХ əsrdə Hyubert Eyri tərəfindən tərəfindən təsvir edilmişdir. Göz miqreni adətən cavan yaşlarda vegetativ sinir sisteminin labilliyi fonunda inkişaf edir. Səyrici skotoma qadın cinsinin nümayəndələri və iş fəaliyyəti əlaqədar vizual yüklənmələrə məruz qalan insanlar arasında daha geniş yayılmışdır. Xəstələrdə qısamüddətli spontan remissiyaya meyllik müşahidə edilir. Tutmanın ən yüksək həddindən görmənin itirilməsi mümkündür.

Göz miqreninin yaranma səbəbləri

Göz miqreninin səbəbləriGöz miqreninin əsasını görmə analizatorunun funksional pozğunluqları səbəbindən yaranan nevroloji disfunksiya təşkil edir. Xəstəliyin retinal formasının başlıca etioloji amili arxa beyin arteriyasının tonusunun regionar zəifləməsidir. Bu pozğunluq torlu qişanın müvəqqəti işemiyasına gətirib çıxarır. Oftalmoplegik miqren III cüt kəllə sinirlərinin genişlənmiş venoz kavernoz sinus və ya yuxu arteriyası tərəfindən sıxılması nəticəsində baş verir. Səyrici skotomaya irsi meyllik təyin edilsə də, xəstəliyin ötürülmə mexanizmi hələlik müəyyən olunmamışdır.

Göz miqreninin tutmaşəkilli xarakteri vazomotor disfunksiya ilə bağlıdır. Yuxu rejiminin pozulması, iqlim qurşağının dəyişməsi, emosional gərginlik, hormonal disbalans, davamlı hipoksiya və ya səyrici işıq mənbəyi tutmaların yaranmasına təkan verir. Baş beyin damarlarının anomal quruluşu (arterial anevrizma və malformasiyalar) talamus və ənsə nahiyəsinin qan təhcizatını pozmaqla göz miqrenin inkişafına şərait yaradır. Yeniyetmələrdə bu patologiyanın klinik təzahürlərini sinir sisteminin həddindən artıq yüklənməsi və orqanizmin sürətlə böyüməsi ilə əlaqələndirirlər.

Göz miqreninin əlamətləri

Göz miqreninin əlamətləriXəstəliyin retinal forması üçün müxtəlif ölçü və konfiqurasiyaya malik mərkəzi və mərkəzətrafı skotomalar, eləcə də görmə sahəsinin ayrı-ayrı hissələrinin itirilməsi xarakterikdir. Göz miqreninin spesifik əlaməti kor nahiyənin periferiyasında fosfenlərin əmələ gəlməsidir. Göz önündə səyrimə torlu qişanın damarlarının müvəqqəti işemiyasından xəbər verir. Belə hallarda alın nahiyəsində pulsasiyaedici ağrılar yaranır. Onlar göz yuvasına irradiasiya edir. Ağrı sindromu qan təhcizatının zəiflədiyi zonaya əks istiqamətdə baş verir. Retinal miqren orta hesabla 30dəq–2 saat, görmə aurası isə 10-20 dəqiqə davam edir. Tutmanın ən yüksək həddində ürəkbulanma, qusma, gözdaxili təzyiqin yüksəlməsinin subyekstiv hissiyyatı, xarici qıcıqlandırıcılara qarşı hiperhəssaslıq müşahidə edilə bilər. Görmə funksiyası 1 saat müddətində bərpa olunur.

Oftalmoplegik miqrenin (Mebius xəstəliyi) spesifik təzahürləri sırasına yuxarı göz qapağının müvəqqəti ptozu, anizokoriya və midriaz daxildir. Paralitik mənşəli ekzotropiyanın inkişafı mümkündür. Göz almalarının hərəkəti diplopiya ilə müşayiət olunur. Xəstəliyin bu forması adətən uşaqlara aşkarlanır. Tutmalar 1-2 həftə və daha çox davam edə bilər. Görmə simptomları həmçinin assosiasiya olunmuş bazilyar miqren zamanı meydana çıxa bilər. Patologiyanın xarakterik xüsusiyyətlərinə beyin kötüyünün zədələnməsinin klinik şəkli ilə müşahidə olunan ikitərəfli zədələnmə və oftalmoparez aiddir.

Görmə aurası fotopsiya və proqressivləşməyə (homonim hemianospiyaya qədər) meylli olan skotomalarla özünü büruzə verir. Pasiyentlər auranı işıq qığılcımlarının yaranması ilə təsvir edirlər. Elementlərin kənarı səyrici və spiral şəkilli formada olur. Patologiyanın ilkin əlamətləri mərkəzətrafı lokalizasiyalı kiçik ləkələrdən ibarətdir. Onlar bir müddətdən sonra görmə sahəsinin periferiyasına yayılır. İşıltılı sahələr görmə sahəsinin ayrı-ayrı hissələrinin itirilməsi ilə əvəz olunur. Görmə pozğunluqları 4 dəqiqə davam edərək, 1 saat ərzində tamamən aradan qalxırlar. Tutmadan bilavasitə əvvəl təxminən 60 dəqiqə çəkən aldadıcı rahatlıq dövrü ola bilər. Xəstəliyin ağır gedişi görmə hallüsinasiyalarına, əl, üz və ya dilin paresteziyalarına gətirib çıxarır. Bu forma üçün baş beyin qabığının diffuz depressiyası səciyyəvidir. Bu pozğunluq yerli olihemiya ilə müşayiət olunur.

Bazilyar miqren zamanı görmə pozğunluqları adətən yeniyetmələrdə müşahidə edilir. Xəstəlik parlaq işıq qığılcımlarının yaranması ilə özünü büruzə verir. Qığılcımlar müvəqqəti korluğun inkişafına səbəb olur. Onlara vegetativ pozğunluqlarla birgə rast gəlinir. Qızlar üçün daha çox fono və fotofobiyalar xarakterikdir. Uşaqlıq dövründə oftalmoloji illüziyalar şəklində görmə aurası ilə təzahür edən «Alisa sindromuna» təsadüf oluna bilər. Pasiyentlər əşyaların rənginin dəyişməsini, uzanma və ya qısalmasını qeyd edirlər. Vegetativ və ya «panik» miqren göz önündə ləkələrin formalaşması və gözlərin yaşarması ilə səciyyələnir. Əksər hallarda əlamətlər görmə aurasından sonra meydana çıxır.

Göz miqreninin diaqnostikası

Müayinə prosesində gözün ön şöbələrində baxış keçirilir, bəbəklərin hərəkətinin həcmi və reaksiyası qiymətləndirilir. İnstrumental üsullar sırasına oftalmoskopiya, perimetriya, baş beynin MRT-si və  angioqrafiya daxildir. Sadalanan metodlar az informativ olsa da, görmə orqanının üzvi patologiyalarını inkar etmək və xəstəliyin etiologiyasını müəyyənləşdirmək üçün onların aparılması mütləqdir.

Sorğu zamanı çox vaxt irsi meyllik, trigger amillərlə əlaqə və anamnezdə təkrarlanan tutmalar aşkarlanır. Baxış prosesində konyunktivanın hiperemiyası, bəbəklərin genişlənməsi və anizokoriya müşahidə edilə bilər. Bir sıra hallarda gözlərin hərəkəti məhdudlaşır. Bəbəklərin diametri arasındakı fərqin 0,9 mm-dən çox olması patoloji anizokoriyaya dəlalət edir. İşığa reaksiya adətən zəif olur. Klinik təzahürlərin güclənmə ehtimalı ilə əlaqədar miqrenoz həmlələr zamanı müayinənin aparılması məsləhət görülmür.

Tutmanın ən yüksək həddində oftalmoskopiya üsulu ilə torlu qişanın arteriyalarının spazmı müəyyən edilir. Spazm bir müddətdən sonra göz dibi venalarının genişlənməsi ilə əvəz olunur. Perimetriyanın nəticələri zədələnmiş tərəfdə görmə sahəsinin daralmasını təsdiqləyir.

Baş beynin MRT-si və angioqrafiya arxa beyin arteriyasının anomaliyalarını (anevrizma, malformasiya, patoloji şaxələnmə) və onun qanla təhciz etdiyi zonanın – baş beyin qabığının işemiyasını aşkar etməyə imkan verir. Prodromal dövrdə baş beynin ödemi yarana bilər. Xəstəliyin uzunmüddətli gedişi kiçik ölçülü infarkt sahələrinin formalaşmasına, beyin maddəsinin atrofiyasına, mədəciklərin və subaraxnoidal sahənin genişlənməsinə gətirib çıxara bilər. Miqrenin forması yalnız anamnezdə 5 və daha artıq tutma olduqda spesifik klinik təzahürlərə əsasən təyin edilir.

Oftalmoplegik miqren yuxarı göz yarığının natamam sindromu ilə differensiasiya olunur.

Göz miqreninin müalicəsi

Göz miqreninin müalicəsi tutmaların və miqrenoz statusun aradan qaldırılmasından ibarətdir. Terapiya həm kəskin, həm də tutmalar arası dövrdə aparılır. Kəskin baş ağrısına qarşı analgetiklər və qeyri-steroid iltihab əleyhinə vasitələr təyin edilir. Aspirin inyeksiyaları ilkin əlamətlərin yarandığı andan 2 saat ərzində məqsədəuyğundur. Tablet formalarından (parasetamol, indometasin) xəstəliyin yüngül gedişində istifadə olunur. Ağır tutmalarda kombinəolunmuş analgetiklər məsləhət görülür. Miqrenoz statusda pasiyent təcili sürətdə hospitalizasiya olunmalı və intensiv terapiya aparılmalıdır. Qlükokortikosteroidlər (prednizalon) venadaxilinə yeridilməli və sidik qovucu vasitələrlə (mannit) dehidratasion terapiyaya başlanılmalıdır. Neyroleptik və metoklopramidin tətbiqi göstəriş sayılır. Ağrı sindromu ilə ən effektiv mübarizə üsulu trigger nöqtələrdə periostal və sümükdaxili blokadalardır.

1 ay ərzində göz miqreninin 2 dəfədən çox baş verdiyi və konservativ terapiyanın zəif təsir etdiyi hallarda tutmalar arası dövrdə müalicə göstəriş hesab olunur. Medikamentoz terapiya xəstəliyin provokasiyaedici amilləri nəzərə alınmaqla fərdi şəkildə seçilməlidir. Adətən xəstələrə nootrop (pirasetam), miorelaksant (tolperizon-hidroxlorid), antidepressantlar (fluoksetin) təyin edilir. Ürək-damar və tənəffüs sisteminin patologiyalarında (hipertoniya, bronxial astma, ağciyərin xroniki obstruktiv xəstəliyi) bazis preparatların müntəzəm şəkildə qəbul edilməsinə riayət etmək lazımdır.

Göz miqreninin proqnoz və profilaktikası

Göz miqreninin profilaktikası əmək və istirahət rejiminin normaya salınmasından ibarətdir.  Pasiyentlərə qida rasionundan tiraminlə zəngin məhsulları (pomidor, süd, qırmızı çaxır, şokolad, kahı, kakao) çıxarmaq, eləcə də stress vəziyyətlərini uzaqlaşdırmaq məsləhət görülür. Müalicəvi idman terapiyası, üzgüçülük effektiv sayılır.

Qeyri-medikamentoz profilaktika masaj, hidroterapiya və iynərefleksoterapiya ilə aparılır. Autotreninq və rasional psixoterapiya alternativ üsul sayılır. Göz miqreninin həyat və əmək fəaliyyəti üçün proqnozu qənaətbəxşdir. Xəstələrə vaxtında oftalmoloq və nevroloqun  müayinəsindən keçmək tövsiyə olunur.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: