Kəskin bakterial konyunktivit
Kəskin bakterial konyunktivit – gözün selikli qişasının infeksion-iltihabi xəstəliyidir. Patologiya qram-müsbət və ya qram-mənfi bakteriyalar tərəfindən törədilir. Kəskin konyunktivit zamanı ifadəli korneal sindrom (işıqdan qorxma, gözlərin yaşarması), gözün selikli qişasının ödemi və hiperemiyası, nöqtəvi hemorragiyalar, konyunktival boşluqdan axan selikli-irinli ifrazatlar müşahidə olunur. Diaqnostika prosesi gözün ön kəsiyinin biomikroskopiyasından, buynuz qişanın fluoresseinlə rənglənməsindən, konyunktiva möhtəviyyatının bakterioloji əkilməsindən ibarətdir. Törədicinin preparata qarşı həssaslığı nəzərə alınmaqla, yerli antimikrob müalicə (göz damcıları və məlhəm) aparılır.
- Yaranma səbəbləri
- Əlamətləri
- Diaqnostika
- Müalicə
- Proqnoz və profilaktika
Kəskin bakterial konyunktivit barədə ümumi məlumat
Oftalmoloji patologiyaların təxminən 30%-i konyunktivitlərin payına düşür. Onların 73%-ni bakterial, 25%-ni allergik, 2%-ni isə virus mənşəli konyunktivitlər təşkil edir. Kəskin bakterial konyunktivit əksər hallarda infeksion blefarit və keratitlə müştərək şəkildə inkişaf edir. Xəstəlik fəsil dəyişərkən, xüsusən payız-qış aylarında yaranır. Yüksək kontagiozluqla əlaqədar kəskin infeksion konyunktivitə adətən 2-7 yaşlı uşaqlarda rast gəlinir. Patologiya uşaq kollektivlərində epidemik xarakter daşıyır. Konyunktivitin təhlükəliliyi keratit, dakriosistit, göz yaşı kisəsinin və göz yuvası fleqmonasının inkişaf ehtimalı ilə bağlıdır.
Kəskin bakterial konyunktivitin yaranma səbəbləri
Hətta sağlam şəxslərdə göz qapaqlarının kənarları və konyunktivanın səthində olan mikrofloranın tərkibində müxtəlif mikroorqanizmlərə: stafilokokklar, propionibakteriyalar, difteroidlər və s. rast gəlinir. Konyunktivanın infeksiyalara qarşı rezistentliyi qoruyucu amillərdən – immunoqlobulinlər, komplement sisteminin komponentləri, laktoferrin, lizosim, beta-lizindən ibarət göz yaşı mayesinin antibakterial aktivliyi hesabına təmin olunur. Göz qapaqlarının hərəkəti göz yaşı mayesinin yenilənməsinə və gözün səthinin bakteriyalardan mexaniki təmizlənməsinə səbəb olur.
Kəskin bakterial konyunktivitin əsas törədicilərinə stafilokokklar (epidermal, qızılı, saprofit), streptokokk, pnevmokokk, göy-irin və bağırsaq çöpləri, Kox-Uiks bakteriyası, difteriya korinebakteriyaları, qonokokklar aiddir. Mikst-infeksiyalar: virus-bakteriya, virus-bakteriya-göbələk mənşəli konyunktivitlər müalicəyə çətin tabe olur.
Ümumi və yerli immunitetin zəifləməsi, gözün mexaniki zədələnməsi, görmə orqanına yad cismin düşməsi, qlükokortikosterodilərin uzunmüddətli istifadəsi, keçirilmiş virus xəstəlikləri, stress, soyuqdəymə və s. kəskin bakterial konyunktivitin inkişafına təkan verir. Patologiya dəri və LOR-orqanlarının xəstəlikləri (çoxformalı eritema, otit, tonzillit, sinusit), oftalmoloji patologiyalar (blefarit, quru göz sindromu, göz yaşı axarlarının zədələnməsi) ilə əlaqədar yarana bilər. İnfeksiya irinli ifrazata bulaşmış əşyalar (dəsmal, yataq dəsti, oyuncaq), əl və su vasitəsilə yayılır.
Göy-irin infeksiyasının törətdiyi kəskin konyunktivit əsasən kontakt linzalardan istifadə edən şəxslərdə formalaşır. Linzalara qulluq qaydasına düzgün riayət etmədikdə mikroorqanizmlər linzadan, məhluldan və ya konteynerlərdən konyunktivaya keçə bilər. Yenidoğulmuşların kəskin konyunktiviti əsasən bətndaxili infeksiyalaşmış, vaxtından əvvəl doğulmuş, anasının cinsiyyət orqanlarında iltihabi xəstəliklər (qonoreya, vərəm və s.) olan uşaqlarda müşahidə edilir.
Kəskin bakterial konyunktivitin əlamətləri
Kəskin konyunktivit sürətlə inkişaf edir. Törədicinin konyunktivaya daxil olmasından ifadəli simptomatikanın yaranmasına qədər bir neçə saat və ya gün keçir. Xəstəliyin müxtəlif formaları konyunktivanın bütün hissələrinin hiperemiyası, infiltrasiyası, ödemi, gözlərdə «qum dənələri», yanğı, ağrı hissi, selikli-irinli ifrazatlarla xarakterizə edilir. İfadəli ödem zamanı konyunktivanın xemozu (gözləri qapayarkən onun göz yarığında sıxılması) yarana bilər. Patoloji proses əvvəlcə bir gözdə baş verir. İkinci göz bir qədər gec iltihablaşır.
Konyunktiva boşluğundan axan irinli ifrazatlar kirpikləri bir-birinə yapışdırır, göz qapaqlarının kənarlarında quruyaraq, qabıq əmələ gətirirlər. Kəskin konyunktivit buynuz qişanın infeksion zədələnmələrinin (bakterial keratit, irinli xoralar) inkişafı baxımından təhlükəli hesab olunur. Dərin keratitlər və buynuz qişanın xoraları əsasən zəifləmiş orqanizm fonunda – anemiya, distrofiya, hipovitaminoz, bronxoadenit və s. zamanı formalaşır.
Bəzən xəstələrdə subfebrilitit, baş ağrıları, yuxusuzluq meydana çıxır, respirator trakt zədələnir. Xəstəliyin davametmə müddəti 10-14 gündür.
Kəskin bakterial konyunktivitin diaqnostikası
Diaqnoz həkim-oftalmoloq tərəfindən klinik təzahürlər və epidemioloji məlumatlar əsasında qoyulur. İnfeksion konyunktivitin etiologiyasını təyin etmək üçün konyunktivadan götürülmuş yaxmanın mikorskopik və bakterioloji müayinəsi aparılır.
Yarıqlı lampa vasitəsilə gözün ön kəsiyinə baxış keçirərkən (gözün biomikroskopiyası) konyunktivanın hiperemiyası və şişkinliyi, follikulyar və məməciyəbənzər törəmələr, buynuz qişanın defektləri müəyyən edilir. Buynuz qişanın xoralı zədələnmələrini inkar etmək üçün flüoressein sınağından istifadə olunur.
Kəskin bakterial konyunktivitin müalicəsi
Kəskin infeksion konyunktivit zamanı törədicinin növü və antibiotiklərə həssaslığı nəzərə alınmaqla yerli müalicə təyin edilir. Konyunktiva kisəsi antiseptik məhlullarla (furasilin, bor turşusu) şırnaqla yuyulur, göz qapaqları silinir. Hər bir göz üçün ayrıca pambıq, pipet, göz çöpləri istifadə olunmalıdır.
Göz qapaqları və konyunktiva boşluğu mexaniki təmizləndikdən sonra hər 2-3 saatdan bir antibakterial göz damcılarının (tetrasiklin, levomisetin, neomisin, linkomisin, ofloksasin məhlulu və s.) instillyasiyaları aparılır. Axşam yatmazdan əvvəl göz qapaqlarına antibakterial məlhəm çəkilir. Konyunktivanın ifadəli ödemi və iltihabi dəyişiklikləri zamanı müalicə sxeminə antiallergik və iltihabəleyhinə damcılar əlavə olunur.
Kəskin bakterial konyuktivitdə gözlərə sarğı qoymaq qadağandır. Çünki belə hallarda konyunktiva möhtəviyyatının evakuasiyası çətinləşir, buynuz qişanın infeksiyalaşma ehtimalı yüksəlir. Müalicə əlamətlər tam şəkildə aradan qalxana qədər, orta hesabla 10-12 gün müddətində davam etdirilir. Bundan sonra konyunktiva boşluğunun möhtəviyyatının təkrarən bakterioloji üsullarla müayinəsi məsləhət görülür.
Kəskin bakterial konyunktivitin proqnoz və profilaktikası
Kəskin konyunktivitin diaqnostika və müalicəsi vaxtında aparıldıqda tam sağalma əldə etmək mümkündür. Ağır hallarda kəskin infeksion konyunktivit bakterial keratit, buynuz qişanın bulanması və ya xoralaşması, görmə qabiliyyətinin zəifləməsi, orbital sellülitlə fəsadlaşa bilər. Kəskin formanın xroniki konyunktivitə keçməsi mümkündür.
Kəskin bakterial konyunktivitin profilaktikası gigiyenik normalara əməl olunmasından, göz travmalarının qarşısının alınmasından, kontakt linzalara qulluq qaydasına riayət edilməsindən, dəri və burun-udlağın infeksiya ocaqlarının sanasiyasından ibarətdir. Kəskin konyunktivitin qeydə alındığı uşaq kollektivlərində preventiv müalicə (antiseptik göz damcılarının instillyasiyaları) aparılmalıdır.