Qoldman-Favr xəstəliyi
Qoldman-Favr xəstəliyi – proqressivləşən vitreoretinal distrofiyanın anadangəlmə forması olub, piqmentli retinit, retinoşizis, şüşəyəbənzər cismin patologiyasının inkişafı ilə xarakterizə edilir. Xəstəlik axşam vaxtlarında görmənin pozulması, göz önündə uçuşan qara nöqtələrin və ya yumru qaraltıların yaranması ilə təzahür edir. Diaqnozun qoyulması üçün DNT-diaqnostika, elektroretinoqrafiya, oftalmoskopiya, gözün USM, OKT, perimetriya, vizometriya tələb olunur. Konservativ terapiya angioprotektorlar, antiaqreqantlar və vazodilatatorların təyininə əsaslanır. Torlu qişanın lazer koaqulyasiyası göstəriş sayılır.
- Yaranma səbəbləri
- Patogenez
- Qoldman-Favr xəstəliyinin əlamətləri
- Ağırlaşmalar
- Diaqnostika
- Qoldman-Favr xəstəliyinin müalicəsi
- Proqnoz və profilaktika
Qoldman-Favr xəstəliyi barədə ümumi məlumat
Qoldman-Favr xəstəliyi (idiopatik retinoşizislə müşayiət edilən hialoid-retinal degenerasiya) ilk dəfə 1958-ci ildə isveç oftalmoloqları Qoldman və Favr tərəfindən təsvir olunmuşdur. Onlar müxtəlif ailələrin bir neçə üzvündə bu patologiyanı müşahidə etmişlər.
Xəstəliyin yayılmasına dair məlumatlar mövcud deyil. Vitreoretinal distrofiyaların 5-7,5%-i bu patologiyanın payına düşür. Qoldman-Favr xəstəliyi həm qadınlar, həm də kişilərdə eyni tezliklə rast gəlinir. Hər iki valideyn patoloji genin daşıyıcısı olduqda uşaqda hialoid-retinal degenerativ dəyişikliklərin yaranma ehtimalı 25% təşkil edir.
Qoldman-Favr xəstəliyinin yaranma səbəbləri
Pasiyentlərin əksəriyyətində NR2E3 geninin mutasiyası aşkarlanır. Qoldman-Favr xəstəliyi autosom-resessiv tip üzrə irsən ötürülür. Əksər hallarda xəstəliyin sporadik hallarının etiologiyasını aydınlaşdırmaq mümkün olmur. Patologiyanın inkişafında aşağıdakı amillər mühüm rol oynayır:
- Fiziki faktorlar. Görmə orqanının anomaliyaları ionlaşdırıcı, ultrabənövşəyi və rentgen şüalarının təsirindən yaranır. Adətən bu tip xəstəliklər hamiləliyin erkən dövrlərində rentgenoloji müayinə üsullarının tətbiqi ilə bağlı olur.
- Bətndaxili infeksiyalar. Göz və onun artımlarının formalaşması çox vaxt hematooftalmik baryerdən keçə bilən məxmərək, kəmərləyici dəmrov, sifilis viruslarının təsirindən pozulur. Dölün toksoplazmoza yoluxması görmə orqanının inkişaf qüsurlarının yaranma ehtimalını yüksəldir.
- Dölün hipoksiyası. Sərbəst radikallar və oksigen çatışmazlığı patologiyanın inkişafına təkan verir.
- Kimyəvi amillər. Qida boyaları, insektisidlər, toksiki dərmanların (sitostatik, DNT sintezinin inhibitorları, nikotin turşusu) qəbulu, hamiləlik dövründə spirtli içkilərdən istifadə sindromun yaranma riskini artırır.
- Metabolik pozğunluqlar. Hamiləlik dövründə ana orqanizmində metabolizmin pozulması (şəkərli diabet, B12 vitamininin çatışmazlığı, hipotireoz) hialoid-retinal degenerasiyaya gətirib çıxara bilir.
Qoldman-Favr xəstəliyinin patogenezi
Xəstəliyin inkişaf mexanizminin əsasında gen mutasiyaları dayanır. NR2E3 geni 15g23 xromosunda lokalizasiya olunur və mühüm transkripsion faktor sayılan liqand-asılı reseptorun kodlaşmasına cavabdehlik daşıyır. Qeyd olunan genin 20-yə yaxın mutasiyası aşkar edilmişdir. Onlardan ən geniş yayılanı – R311Q. Bu genetik mutasiya çöp və kolbacıqların normal nisbətini pozmaqla, torlu qişanın degenerativ dəyişikliklərinə gətirib çıxarır. Tədqiqatçıların fikrincə Qoldman-Favr sindromunda digər anomaliyaların (retinoşizis, şüşəyəbənzər cismin zədələnməsi) inkişafı G56R mutasiyası ilə bağlıdır. Hemeralopiyanın patogenezində piqmentli retinit fonunda ikincili olaraq yaranan çöp-kolbacıq distrofiyası başlıca rol oynayır.
Qoldman-Favr xəstəliyinin əlamətləri
Xəstəliyin klinik təzahürləri 5-10 yaşlarda meydana çıxır. Sindromun ilkin əlaməti qaranlıqda görmə itiliyinin zəifləməsidir. Bu da hemeralopiyaya («gecə korluğu») gətirib çıxarır. Zədələnmə ikitərəfli xarakter daşıyır. Görmə disfunksiyası sürətlə proqressivləşir. Pasiyentlər dumanlı görmədən, göz önündə qara nöqtələr, yumru formalı qaraltıların yaranmasında şikayətlənirlər. Ağır hallarda məkan qavrayışı pozulur. Uşaqlıq dövründə niktofobiya (qaranlıqdan qorxma) inkişaf edir.
Uzunmüddətli vizual yüklənmə gözlərdə «qum dənələri» hissinin formalaşmasına və orbital konyunktivanın hiperemiyasına səbəb olur. Mərkəzi görmə zəiflədiyindən kitab oxumaq, yazı yazmaq, kompüterdə işləmək çətinləşir. Patoloji proses makula nahiyəsinə yayıldıqda gözlərin qarşısında işıq qığılcımları əmələ gəlir, əşyaların təsviri təhrif olunur. Gözlə bağlı simptomatika ilə yanaşı pasiyentlərdə budun ikitərəfli anadangəlmə çıxığı, aşağı ətrafların iflici, əqli gerilik və digər psixi pozğunluqlar müşahidə edilir.
Qoldman-Favr xəstəliyinin ağırlaşmaları
Patologiyanın ən geniş yayılmış fəsadı torlu qişanın cırılması və ayrılmasıdır. Bu bir tərəfdən retinoşizisin anadangəlmə forması, digər tərəfdən isə degenerativ-distrofik pozğunluqlarla bağlı olur. Sürətlə proqressivləşən ikincili kataraktanın inkişafı xarakterikdir. Belə hallarda tez bir zamanda cərrahi əməliyyatın aparılması tələb olunur. Daxili qişanın damarları zədələndikdə hemoftalm, bəzən isə hifema yaranır. Qoldman-Favr sindromlu pasiyentlər uveal traktın iltihabi və infeksion zədələnmələrinə meylli olurlar. Xəstəliyin proqressiv gedişi korluqla nəticələnir.
Qoldman-Favr xəstəliyinin diaqnostikası
Diaqnozun qoyulması üçün genetik DNT-diaqnostika aparılmalıdır. Bu üsulla NR2E3 genin mutasiyasını müəyyən etmək mümkün olur. Qoldman-Fevr xəstəliyinin diaqnostikasında aşağıdakı oftalmoloji metodlardan istifadə edilir:
- Vizometriya. Görmə itiliyi proqressiv şəkildə azalır. Əksər hallarda görmə disfunksiyası amavroza gətirib çıxarır. Lakin müalicə fonunda emmetropiya uzun müddət saxlanılır.
- Kompüter refraktometriya. Onun köməyilə klinik refraksiyanın hipermetropik tipi aşkar olunur. Pasiyentlərin çox hissəsində orta və ya yüksək dərəcəli hipermetropiya müşahidə edilir. Bəzən refraksiyanın miopik tipinə rast gəlinir.
- Perimetriya. Görmə sahəsinin konsentrik daralması, həlqəvari skotoma vizualizasiya olunur. Patologiya uzun müddət davam etdikdə görmə sahəsinin boruşəkilli deformasiyası izlənilir.
- Gözün USM. Ultrasəs müayinə vasitəsilə şüşəyəbənzər cisimdə degenerativ dəyişikliklər (durulaşma, üzən ləkələr), preretinal saplar qeydə alınır.
- Oftalmoskopiya. Göz dibini müayinə etdikdə gözün daxili qişasının piqment və degenerativ dəyişiklikləri nəzərə çarpır. Torlu qişanın periferik şöbələri boz rəngdə olur. Piqment sümük lakunaları və ya polimorf qalaq formasında toplanılır. Piqment yığınlarının rəngi fərqli olur: açıq-qəhvəyidən tutmuş qaraya qədər. Distrofiyanın morfoloji şəkli «ilbizin izlərini» xatırladır. Retinoşizis periferik (əsasən aşağı gicgah kvadrantında), az hallarda isə mərkəzi hissələrdə lokalizasiya olunur.
- Elektroretinoqrafiya. Elektroretinoqrammada α- və β-dalğaları azalır və ya onlara ümumiyyətlə rast gəlinmir.
- Gözün biomikroskopiyası. Konyunktiva və buynuz qişada ikincili dəyişikikləri təyin etmək məqsədilə aparılır. Xəstəliyin gedişi ağır olduqda büllurun bulanması müşahidə edilir.
- Optik koherent tomoqrafiya(ОКТ). Optik mühitlərin bulandığı hallarda tətbiq olunur. Bu üsulun köməyilə torlu qişanın dartılmış damarları, bəzən isə angiomatoz törəmələr izlənilir. Torlu qişanın cırılmaları dişli xəttdə lokalizasiya olunur. Xəstələrdə görmə sinirlərinin ikitərəfli hissəvi atrofiyası aşkarlanılır.
Patologiya Verner sindromu, Vaqner xəstəliyi ilə differensiasiya edilir. Verner sindromu ilə Qoldman-Favr xəstəliyinin klinik şəklində bir sıra oxşaqlıqlar vardır: torlu qişanın piqmentli degenerasiyası, kataraktanın yaranma ehtimalının yüksək olması, autosom-resessiv tip üzrə irsən ötürülmə. Fərqlədirici xüsusiyyətlərə yüngül formalı ekzoftlam, xorioretinit, seyrək qaşlar və kirpiklərin olmaması aiddir.
Vaqner xəstəliyi autosom-dominant tip üzrə ötürülür. İlkin əlamətlər 8-10 yaşlarda yaranır, 30-35 yaşda tam şəkildə formalaşır. Görmə itiliyi tədricən azalır. Pasiyentlərdə miopik tipli klinik refralsiya qeyd olunur.
Qoldman-Favr xəstəliyinin müalicəsi
Terapevtik taktika gözün zədələnmə xüsusiyyətlərinə əsasən seçilir. Etiptrop müalicə üsulları işlənilməmişdir. Simptomatik konservativ terapiya aşağıdakı qrup preparatlarla aparılır:
- Angioprotektorlar. Bu preparatlar damar divarının keçiriciliyini normaya salır, ödemin ifadəliliyini azaldır, metabolik prosesləri yaxşılaşdırır.
- Antiaqreqantlar. Dərman vasitələri iltihab əleyhinə təsirə malikdir. Onlar trombositlərin aqreqasiya prosesini zəiflədir. Qoldman-Favr xəstəliyində asetilsalisil turşusu, tiklopidin və ya dipiridamolun tətbiqi göstəriş sayılır.
- Vazodilatatorlar. Damargenişləndirici vasitələr toxumaların oksigenlə təhcizatını, mikrosirkulyasiyanı və qanın reoloji xüsusiyyətlərini yaxşılaşdırırlar. Xəstəliyin müalicəsində pentoksiflin, vinposetin, sinnarizindən istifadə olunur.
- Vitaminlər. Flavonoidlər qrupuna daxil olan rutin askorbin turşusu ilə birgə kapilyarların kövrəkliyini və keçiriciliyini azaldır.
Retinoşisiz və cırılma nahiyəsində torlu qişanın profilaktik lazer koaqulyasiyası göstəriş hesab olunur. Göz almasının daxili qişası ayrıldıqda anatomik xüsusiyyətlərlə əlaqədar cərrahi müalicənin aparılması çətinlik törədir. Ağlı qişanın plomblanması mümkündür. Katarakta inkişaf etdikdə büllur xaric edilir, göz daxilinə intraokulyar linza implantasiya olunur. Bütün cərrahi müdaxilələr ifadəli eksudasiya ilə müşayiət edildiyindən əməliyyatönü mərhələdə kortikosteroidlər və proteolitik fermentlərin inhibitorları təyin olunur.
Qoldman-Favr xəstəliyinin proqnoz və profilaktikası
Qoldman-Favr xəstəliyinin proqnozu klinik təzahürlərin ağırlıq dərəcəsindən və xüsusiyyətlərindən asılıdır. Vaxtında aparılan simptomatik terapiya görmənin geridönməyən itirilməsinin qarşısını almağa imkan verir. Valideynlər bu xəstəlikdən əziyyət çəkdikdə, USM nəticələrinə əsasən göz almasının çoxsaylı inkişaf qüsurlarının əlamətləri aşkarlandıqda patologiyanı erkən mərhələlərdə müəyyən etmək üçün prenatal diaqnostika məsləhət görülür.
Spesifik profilaktika üsulları mövcud deyil. Qeyri-spesifik tədbirlər teratogen amillərin (ionlaşdırıcı və ultrabənövşəyi şüalanma, dərman vasitələri, kimyəvi maddələr, spirtli içkilər) uzaqlaşdırılmasına yönəldilir.