Simblefaron

Oxuma vaxtı: 5 dəq Oxunma sayı: 1355

simblefaron nədir?Simblefaron – göz qapağının konyunktiva qişasının göz almasının konyunktivasına bitişməsi ilə xarakterizə olunan patoloji vəziyyətdir. Onun hissəvi və ya tam formalarına rast gəlinir. Simblefaronun əlamətləri əsas patologiyadan asılıdır. Xəstələrdə ağrı, gözün yaşarması, kosmetik qüsur və s. müşahidə oluna bilər. Diaqnostika prosesində xarici baxış, viziometriya, tonometriya, kompüter perimetriya, yarıqlı lampa ilə biomikroskopiyadan istifadə edilir. Əlavə olaraq, laborator üsullar – Şirmer və Norn sınaqları aparılır, konyunktivanın sıyrıntısı müayinə edilir. Ehtiyac yarandıqda digər mütəxəssislərin konsultasiyası təyin olunur. Simblefaronun müalicəsi cərrahi üsulla yerinə yetirilir. Əməliyyatdan sonra uzunmüddətli medikamentoz terapiya tətbiq edilir.

  • Yaranma səbəbləri və əlamətləri
  • Simblefaronun diaqnostika və müalicəsi
  • Proqnoz və profilaktika

Simblefaron barədə ümumi məlumat

Simblefaron (symblepharon, yunan dilindən tərcümədə «sym» – bitişmə + «blepharon» – göz qapağı) konyunktivada gedən xroniki infeksion proseslər, gözün kimyəvi və termiki yanıqları, digər orqanların sistemli autoimmun xəstəliklərinin ağırlaşması kimi inkişaf edir. Patologiya adətən 30 yaşdan yuxarı şəxslərdə aşkarlanır. Simblefaronun hər iki cinsin nümayəndələri arasında yayıılma tezliyi eynidir.  Görmə orqanı həm iki (sistemli autoimmun xəstəliklər fonunda), həm də birtərəfli (göz almasının yanıqlarında) zədələnə bilər.

Simblefaronun yaranma səbəbləri və əlamətləri

Simblefaronun yaranma səbəbləriSimblefaron termiki və ya kimyəvi travmalar (gözün turşu və ya qələvilərlə yanığı), xroniki keratokonyunktivit və ya konyunktivit nəticəsində yaranır. Bir sıra hallarda patologiya çapıqlaşan pemfiqoid və Stivens-Conson kimi sistemli patologiyaların fəsadı kimi formalaşır. Tam simblefaron göz qapağı konyunktivasının bütövlükdə bitişməsi ilə xarakterizə olunur. Hissəvi formada isə bitişmələr göz qapağının selikli qişasının müəyyən bir hissəsini əhatə edir.

Patologiyanın posttravmatik formasının klinik əlamətləri yanığın ağırlıq dərəcəsindən asılıdır. Adətən xəstəlik göz nahiyəsində intensiv ağrı sindromu, buynuz qişanın bulanması, gözün yaşarması, konyunktivanın kəskin ödemi (hətta nekroza qədər) ilə müşayiət olunur. Konyunktiva qişasının və qonşu toxumaların zədələnməsi çapıqlaşmaya, tağların qısalmasına və simblefaronun əmələ gəlməsinə gətirib çıxarır. Sistemli patologiyalarda bu xəstəliyin klinik təzahürləri ön plana keçir.

Konyunktivanın xroniki infeksiyalarında pasiyentlər əsasən güclü ağrılardan, gözdən selikli ifrazatın axmasından şikayət edirlər. Gözlərin qırpılması ağrılı olur. Vizual baxış zamanı aşağı göz qapağının çevrilməsi ilə əlaqədar göz yarığının asimmetriyası nəzərə çarpır.

Simblefaronun fəsadlarına keratit, belmo, «quru göz» sindromunun ağır forması, aşağı göz qapağının entropionu (çevrilməsi) və trixiaz (kirpiklərin göz almasına doğru inkişafı)  aiddir.

Simblefaronun diaqnostika və müalicəsi

Simblefaronun müalicəsiDiaqnoz xarici baxış, vizometriya, tonometriya, kompüter perimetriyanın nəticələri əsasında qoyulur. Yarıqlı lampa ilə biomikroskopiya simblefaronun əsas müayinə üsuludur. Ehtiyac yarandıqda göz yaşı təbəqəsinin stabilliyini müəyyən edən Norn sınağı və ya «quru göz» sindromunu üzə çıxaran Şirmer sınağı aparılır. Konyunktivada gedən xroniki infeksion proseslər zamanı törədicinin aşkarlanması və effektiv müalicə üsulunun seçilməsi məqsədilə konyunktiva qişasının sıyrıntısı müayinə olunur. Dərinin və digər orqanların selikli qişalarının zədələnməsini inkar etmək üçün dermatoloq, ginekoloq, otolarinqoloq və ya allerqoloqun konsultasiyası təyin olunur.

Simblefaron müalicəsi yalnız cərrahi üsulla (bitişmiş konyunktivanın çərtilməsi) həyata keçirilir. Əməliyyatdan sonra antibakterial damcılar (7-10 gün) və siklosporinlərdən (6 aya qədər) istifadə olunur. Yanaşı gedən sistem xəstəliklərində əsas patologiyanın intensiv müalicəsi mütləqdir.

Simblefaron proqnoz və profilaktikası

Hissəvi simblefaronun proqnozu qənaətbəxş, tam formada isə şübhəlidir. Profilaktik tədbirlər simblefaronun qarşısının alınmasına yönəldilir. Bu məqsədlə kimyəvi maddələrlə işləyərkən təhlükəsizlik qaydalarına riayət olunmalı, qoruyucu vasitələrdən (eynək, maska) istifadə edilməlidir. Konyunktiva qişasının infeksion xəstəliklərinin əlamətləri meydana çıxdıqda vaxt itirmədən oftalmoloqa müraciət etmək lazımdır. Sistemli patologiyalarda simblefaronun inkişafına yol verməmək üçün müntəzəm şəkildə oftalmoloji müayinələrdən keçilməlidir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: