Uzaqdan görmə

Oxuma vaxtı: 10 dəq Oxunma sayı: 7867

uzaqdan görmə nədir?Uzaqdan görmə (hipermetropiya) – gözün sındırma qüvvəsinin (refraksiya) anomaliyası olub, əşyaların təsvirinin torlu qişada deyil, onun arxasında fokuslanması ilə xarakterizə edilir. Hipermetropiya zamanı xəstə yaxınlıqda yerləşən obyektləri aydın şəkildə seçə bilmir. Uzaqdan görmə gözlərdə yanğı və yorğunluq hissi, baş ağrıları ilə müşayiət olunur. Diaqnostika prosesində görmə itiliyi təyin olunur, refraktometriya, oftalmoskopiya, skiaskopiya, biomikroskopiya, göz almasının USM aparılır. Müalicə taktikası refraksiya pozğunluğunun dərəcəsindən asılıdır. Xəstələrə optik korreksiya, aparat üsulları (videokompüter korreksiya, lazerstimulyasiya), lazer korreksiya (LASİK, termokeratoplastika), termokeratokoaqulyasiya, hiperfakiya, hiperartifakiya və s. təyin oluna bilər.

  • Yaranma səbəbləri
  • Təsnifat
  • Uzaqdan görmənin əlamətləri
  • Diaqnostika
  • Uzaqdan görmənin müalicəsi
  • Proqnoz və profilaktika

Uzaqdan görmə barədə ümumi məlumat

Uzaqdan görmənin elmi adı – hipermetropiya yunan sözü olub, «hyper» – artıq, «metron» – ölçü,  «ops» isə göz deməkdir. 18 yaşdan yuxarı şəxslər arasında uzaqdan görmənin yayılma tezliyi orta hesabla 35-45% təşkil edir. 7-12 yaşlı uşaqlarda hipermetropik refraksiya fizioloji xarakter daşıyır. Uzaqdan görmə 3 yaşa qədər uşaqların 90%-də, 13-14 yaşlı yeniyetmələrin isə 35%-də müşahidə olunur.

Uzaqdan görmənin yaranma səbəbləri

Uzaqdan görmənin səbəbləriMiopiyada (yaxından görmə) olduğu kimi hipermetropiyanın da inkişafının əsasını sındırma qüvvəsinin gözün ön-arxa ölçüsünə uyğun gəlməməsi təşkil edir. Lakin uzaqdan görmə zamanı bu uyğunsuzluq optik mühitlərin nisbi zəifliyi və ya ön-arxa oxun (ÖAO) qısa olması nəticəsində meydana çıxır. Bu 2 mexanizm şüaların torlu qişanın arxasında fokuslanmasına səbəb olur. Hipermetropların bir qismində buynuz qişa və büllurun oprik qüvvəsinin zəifliyinə göz almasının boylama oxunun qısalığı ilə birgə rast gəlinir.

Fizioloji hipermetropiyaya (+2+4 dptr) yenidoğulmuşlarda təsadüf edilir. Onun yaranması göz almasının boylama ölçüsünün kiçik olması (ÖAO-nun uzunluğu = 16-17 mm) ilə izah edilir. 4 dptr uzaqdan görmə dölün yetişkənliyini xarakterizə edir; hipermetropiyanın dərəcəsinin yüksəlməsi adətən mikroftalm zamanı izlənilir və gözün anadangəlmə anomaliyaları (katarakta, görmə siniri diskinin və damar qişasının kolobomaları, aniridiya, lentikonus, qlukomaya meyllik və s.), digər inkişaf qüsurları (dovşandodaqlıq, qurdağızlıq, əl və ayaq barmaqlarının, qulaqların anomaliyaları və s.) ilə müştərək şəkildə inkişaf edir.

Uşaq böyüdükcə göz almasının ölçüləri də norma səviyyəsinə qədər (ÖAO=23-25mm) artır. Bu da əksər hallarda 12 yaşda uzaqdangörmənin aradan qalxmasına və normal refraksiyanın (emmetropiya) formalaşmasına gətirib çıxarır. Gözün böyüməsi ləngidikdə hipermetropiya, proqressivləşdikdə miopiya yaranır. Orqanizmin inkişafı başa çatdıqda insanları 50%-də uzaqdangörmə, qalan hissəsində isə emmetropiya və miopiya qeydə alınır.

Göz almasının böyüməsinin ləngiməsinin səbəbi elmə məlum deyil. Hipermetropların əksəriyyətində 35-40 yaşa qədər gözün siliar əzələsinin daimi gərginliyi hesabına refraksiya zəifliyini kompensə etmək olur. Siliar əzələ bülluru qabarıq vəziyyətdə saxlamaqla, onun sındırma qabiliyyətini yüksəldir. Lakin gələcəkdə akkomodasiya qabiliyyəti zəifləyir, təxminən 60 yaşda kompensator imkanlar tamamən tükənir. Bu da həm yaxında, həm də uzaqda yerləşən əşyaların bulanıq görülməsinə səbəb olur. Nəticədə qocalıq hipermetropiyası və ya prosbiopiya inkişaf edir. Belə vəziyyətlərdə görmə yalnız toplacıyı linzalardan ibarət eynəklə bərpa oluna bilər. Ö üzdən uzaqdan görmə müsbət dioptriya ilə ifadə edilir.

Bundan əlavə hipermetropiya zamanı afakiya (büllurun olmaması ilə səciyyələnən anadangəlmə və ya qazanılmış patologiya) müşahidə edilir. Afakiya əsasən travmalar (büllurun çıxığı) və ya kataraktanın ekstraksiyası zamanı büllurun çıxarılması ilə bağlı olur. Afakiyalı xəstələrdə gözün sındırma qüvvəsi xeyli azalır, görmə itiliyi isə orta hesabla 0,1 olur. Belə hallarda güclü müsbət linzalarla əvəzedici korreksiya və ya intraokulyar linzanın implantasiyası tələb olunur.

Uzaqdan görmənin təsnifatı

İnkişaf mexanizminə görə hipermetropiya aksial və refraksion formalara bölünür. Aksial uzaqdan görmə gözün ön-arxa oxunun qısalığı, refraksion forma isə optik aparatın sındırma qabiliyyətinin zəifləməsi ilə bağlıdır.

Refraksiya anomaliyası akkomodasiya gərginliyi hesabına kompensasiya olunduqda gizli; autokorreksiyanın mümkün olmadığı və convex linzaların istifadəsinə ehtiyac yarandıqda isə aşkar forma kimi qiymətləndirilir. Yaş artdıqca gizli hipermetropiya aşkar formaya keçir.

Yaşdan asılı olaraq, hipermetropiya 3 formaya ayrılır: uşaqlarda rast gəlinən təbii fizioloji; anadangəlmə; presbiopiya.

Tələb olunan korreksiyanın dərəcəsinə və refraktometriyanın nəticələrinə əsasən uzaqdan görmənin 3 dərəcəsi ayırd edilir:

  • zəif – < +2 dptr
  • orta – < +5 dptr
  • yuxarı –>+5 dptr

Uzaqdan görmənin əlamətləri

Uzaqdan görmənin əlamətləriHipermetropiyanın zəif dərəcələri cavan yaşlarda heç bir əlamətlə özünü büruzə vermir; akkomodasiya gərginliyi hesabına xəstələr həm yaxını, həm də uzağı yaxşı görürlər. Orta dərəcədə uzağı görmə demək olar ki, pozulmur. Lakin vizual yüklənmə zamanı (yaxın məsafədə yerləşən əşyalara çox baxdıqda) göz yorğunluğu, göz almaları, qaşüstü qövs, alın və burun kötüyündə ağrı, görmə diskomfortu, hərflər və sətirlərin qarışması baş verir. Uzaqdan görmənin yüksək dərəcəsi yaxını və uzağı görmənin ifadəli azalması, astenopik əlamətlər (gözlərdə «qum dənələrinin» olması hissi, baş ağrıları, gözlərin tez yorulması) ilə müşayiət olunur. Orta və yüksək dərəcələrdə göz dibində dəyişikliklər – görmə siniri diskinin hiperemiyası və sərhədlərinin aydın olmaması aşkarlanır.

+3 dptr-dan yüksək anadangəlmə korreksiya olunmayan hipermetropiyanın rast gəlindiyi uşaqlarda  müştərək çəpgözlüyün yaranma ehtimalı yuxarıdır. Buna gözü hərəkət etdirən əzələlərin daimi gərginliyi və aydın görmənin əldə olunması üçün göz almalarının burun tərəfə hərəkət etdirilməsi səbəb olur. Uzaqdan görmə və çəpgözlüyün proqressivləşməsi ambliopiya ilə nəticələnə bilər.

Pasiyentlər tez-tez gözlərini sürtdüyündən infeksiyalaşma ilə əlaqədar çox vaxt residivləşən blefarit, konyunktivit, itdirsəyi, xalazion inkişaf edir. Böyüklərdə uzaqdangörmə qlaukomanın risk amillərindən sayılır.

Uzaqdan görmənin diaqnostikası

Hipermetropiya adətən görmə itiliyinin yoxlanılması zamanı aşkar olunur. Vizometriya korreksiyasız aparılır. Refraksiyanı müəyyən etmək üçün skiaskopiya, kompüter refraktometriya icra olunur. Uşaqlar və cavanlarda gizli uzaqdan görməni üzə çıxarmaq məqsədilə refraktometriya induksiya olunmuş sikloplegiya və midriaz şəraitində (gözə atropin-sulfat damzıdırıldıqdan sonra) yerinə yetirilir.

Gözün USM və exobiometriya vasitəsilə göz almasının ön-arxa oxunun uzunluğu ölçülür. Yanaşı gedən patologiyaları aşkar etmək üçün perimetriya, oftalmoskopiya, Goldman linzası ilə biomikroskopiya, qonioskopiya, tonometriyadan istifadə olunur. Çəpgözlükdə biometrik müayinə həyata keçirilir.

Uzaqdan görmənin müalicəsi

Hipermetropiya konservativ (eynək və ya kontakt korreksiya), lazer (LASIK, SUPER LASIK, LASEK, EPI-LASIK, ФРК, Femto LASIK) və ya cərrahi üsullarla (lensektomiya, hiperfakiya, hiperartifakiya, termokeratoplastika və s.) müalicə olunur.

Astenopik şikayətlərə rast gəlinmədikdə, hər iki gözün görmə itiliyi 1,0-dan az olmadıqda və binokulyar görmə qeydə alındıqda korreksiyaya ehtiyac yaranmır.

Uşaqlarda eynək üsuluna üstünlük verilir. Məktəbəqədər dövrdə hipermetropiya +3 dioptriyadan yuxarı olduqda eynək daimi şəkildə taxılmalıdır. Çəpgözlük və ambliopiyanın inkişafına meyllik izlənilmədikdə 6-7 yaşlarda eynək korreksiyası ləğv edilir. Astenopiya zamanı fərdi xüsusiyyətlər və yanaşı gedən xəstəliklər nəzərə alınmaqla «müsbət» eynək və ya kontakt linzadan istifadə edilir. Bir sıra hallarda 3 dioptriyaya qədər hipermetropiyada ortokeratoloji gecə linzaları məsləhət görülür. Uzaqdan görmənin yüksək dərəcələrində mürəkkəb və ya iki cüt eynək (uzaq və yaxın məsafədən işlədikdə) təyin oluna bilər.

Hipermetroplara aparatla müalicə (Ambliokor, Ambliotrener, Sinoptofor və s.), fizioterapiya (boyun-yaxalıq nahiyəsinin masajı, lazeroterapiya, maqnitoterapiya və s.), vitaminoterapiya və bioloji aktiv əlavələr tövsiyə olunur. Televizora baxarkən akkomodasiya gərginliyini azaldan perforasion eynəyin istifadəsi məqsədəuyğundur.

+6 dioptriyaya qədər hipermetropiyanın lazer korreksiyası 18 yaşdan sonra apara bilər. LASIK, LASEK, intraLASIK, Super LASIK, EPI-LASIK, fotorefraksion keratektomiya (FRK) geniş tətbiq olunur. Hər bir üsulun öz göstərişləri olsa da, onların mahiyyəti eynidir. Burada əsas məqsəd buynuz qişanın səthinin fərdi parametrlərə uyğun formalaşdırılmasıdır. Uzaqdan görmənin eksimer-lazer korreksiyası qeyri-travmatik olduğundan buynuz qişada ağırlaşmalar baş vermir, astiqmatizmin yaranma ehtimalı minimuma enir.

Hipermetropiyanın cərrahiyyəsində büllurun refraksion əvəzlənməsi üsulundan istifadə olunur. Əməliyyat prosesində büllur xaric edilir (lensektomiya) və müvafiq optik qüvvəyə malik intraokulyar linza transplantasiya edilir (hiperartifakiya).

Xəstələrdə cərrahi müalicə məqsədilə hiperfakiya (müsbət fakik linzanın implantasiyası), termokeratokoaqulyasiya, lazer termokeratoplastika, keratoplastika (buynuz qişanın plastikası) aparıla bilər.

Uzaqdan görmənin proqnoz və profilaktikası

Korreksiya olunmayan hipermetropiya çəpgözlük, ambliopiya, gözün residivləşən iltihabi xəstəlikləri (konyunktivit, blefarit, keratit) ilə ağırlaşa bilər. Hipermetroplara ildə 2 dəfədən az olmamaqla oftalmoloqun müayinəsindən keçmək tövsiyə edilir.

Uzaqdan görmə zamanı həkimin təyinatlarına və düzgün görmə rejiminə (kafi işıqlandırılma, göz idmanları, vizual yüklənmənin aktiv istirahətlə növbələnməsi) riayət edilməlidir. Bu məsləhətlər hipermetropiyanın profilaktikasına da aid edilir. Çəpgözlüyün inkişafının qarşısını almaq üçün doğuşdan sonra I-II aylarda, 1, 3 və 6-7 yaşlarda uşaqlara oftalmoloji baxış keçirilməlidir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: