Onkoloji xəstəliklər

Onkoloji xəstəliklər

Onkoloji xəstəliklər müxtəlif lokalizasiya və histoloji quruluşa malik şiş proseslərini özündə birləşdirir. Son illərdə bu xəstəliklər xeyli cavanlaşaraq, sanki epidemiya halını almışdır. Törəmələrin erkən vaxtlarda aşkarlanması və müalicəsi səhiyyənin aktual məsələlərindən sayılır.  

Şişlər hüceyrə quruluşu, aqressivlik dərəcəsi, gediş xüsusiyyəti və proqnozuna görə bir-birlərindən fərqlənirlər. Onkologiyada şişlər 3 qrupa ayrılır: xoşxassəli, şərti xoşxassəli (keçid forma), bədxassəli. Xoşxassəli törəmələr üçün nisbətən ləng böyümə, qənaətbəxş proqnoz xarakterikdir. Bu tip şişlər metastaz vermir. Onlara fibroma, papilloma, angioma, xondroma və s. aiddir.  

Şərti xoşxassəli şişlər də həmçinin metastazlaşmır, sadəcə xərçəngə çevrilə bilir və kəsildikdən sonra residivlər müşahidə edilir. Belə onkoloji xəstəliklərə mədənin adenomatoz polipləri, atipik xallar, dəri buynuzu, qocalıq keratozu və s. misal göstərmək olar. Bədxassəli törəmələrə (xərçəng, sarkoma, limfoma) invaziv böyümə, ətraf toxumalara sirayət etmə, metastazlaşma və residivləşmə xasdır.  

Hər il dünyada orta hesabla 10 milyon insan onkopatologiyalar səbəbindən həyatını itirir. Onkoloji xəstəliklərdən qadınlarda daha çox süd vəzi və uşaqlıq boynu, kişilərdə isə prostat vəzinin xərçənginə rast gəlinir. 

Cinsdən asılı olmayaraq, bədxassəli törəmələrin tez-tez qeydə alınan təhlükəli formalarına ağciyər, yoğun bağırsaq, mədə və  qaraciyərin xərçəngi aiddir. Uşaqlarda isə leykoz, neyroblastoma, osteosarkoma, retinoblastoma üstünlük təşkil edir.  

Onkoloji xəstəliklərin səbəbləri, diaqnostika və müalicəsi

İrsi meyllik, ekoloji problemlər, məişət və istehsalat zərərləri, stresslər, qeyri-rasional qidalanma, zərərli vərdişlər, virus xəstəlikləri, az hərəkətli həyat tərzi bədxassəli şişlərin inkişafına təkan verən amillərdən sayılır.  

Onkoloji xəstəlikləri vaxtında aşkar etmək üçün profilaktik müayinələrdən («onko check-up») keçmək tövsiyə olunur. 40 yaşdan yuxarı şəxslər 2 ildən bir, ağırlaşmış fona malik insanlar isə hər il müayinə olunmalıdır. Onkoskrininqə daxil olan müayinələrdən ən çox aparılanları qanda onkomarkerlərin təyini, qarın boşluğu orqanları, böyrək və qalxanabənzər vəzin USM, kolonoskopiya, flüoroqrafiyadır.  Qadınlar üçün ginekoloqun konsultasiyası, kiçik çanaq orqanlarının USM, kolposkopiya, sitoloji yaxma, CA 15-3 və CA-125 yoxlanılması, mammoqrafiya; kişilərdə isə uroloqun müayinəsi, PSA analizi və prostat vəzin USM mütləqdir.  

Onkoloji xəstəliklərin müalicəsində ənənəvi üsullarla (şiş və metastazların cərrahi yolla kəsilməsi, şüa terapiyası, kimya və hormonoterapiya) yanaşı şiş toxumasına fiziki təsirlərdən (krioablasiya, lazer terapiyası, hipertermiya və s.) geniş istifadə olunur. 

Şiş əleyhinə vaksinlər, aktivləşmiş T-limfositlər, monoklonal anticisimlərlə xərçəngin immunoterapiyası onkologiyanın perspektivli istiqamətlərindən hesab olunur. Gen terapiyası, nanoterapiya hələlik sona qədər öyrənilməmiş və klinik sınaqlardan keçirilməmişdir.  

Hər bir pasiyent bilməlidir ki, onkoloji xəstəlik həyatın sonu anlamını vermir. Erkən mərhələlərdə aşkarlanan əksər şişlər tamamən sağalır. Onkoloji xəstəlik üzərində qələbə həkim ilə yanaşı, xəstənin inam və iradəsindən də asılıdır. 

Med-portal.az saytının «Onkoloji xəstəliklər» bölməsində bu patologiyaların səbəbləri, əlamətləri və müalicə üsulları ilə ətraflı şəkildə tanış ola bilərsiniz.