S-vari bağırsağın şişləri
S-vari bağırsağın şişləri – çənbər bağırsağın terminal şöbəsinin heterogen törəmələr qrupudur. Neoplaziyalar xoş və bədxassəli olur. Patologiya S-vari bağırsaq proyeksiyasında diskomfort, qəbizlik, anal dəlikdən qanaxma, ümumi vəziyyətin pozulması ilə təzahür edir. Diaqnoz qanın ümumi analizi, qanda onkomarkerlərin təyini, kolnoskopiya, irriqoskopiya, kompüter və maqnit-rezonans tomoqrafiyanın nəticələrinə əsasən qoyulur. Müalicə cərrahi müdaxilə, şüa və kimyaterapiya ilə aparılır.
- Yaranma səbəbləri
- Təsnifat
- S-vari bağırsaq şişlərinin əlamətləri
- Diaqnostika
- S-vari bağırsaq şişlərinin müalicəsi
- Proqnoz və profilaktika
S-vari bağırsağın şişləri barədə ümumi məlumat
S-vari bağırsağın xərçəngi yayılma tezliyinə görə mədə, ağciyər, prostat və süd vəzi xərçəngindən azacıq geridə gelir. S-vari bağırsağın bədxassəli şişləri adətən gecikmiş mərhələlərdə aşkarlandığından bu xəstəliklə bağlı ölüm halları yüksək həddə çatır. Yoğun bağırsağın onkoloji patologiyaları arasında S-varı bağırsağın şişləri rastgəlmə tezliyinə görə düz bağırsaq xərçəngindən sonra ikinci yeri tutur (17%). S-vari bağırsağın xərçəngi qadınlara nisbətən kişilərdə daha çox müşahidə edilir. Bu nahiyədə yerləşən xoşxassəli şişlərin proqnozu nisbətən qənaətbəxş olur.
S-vari bağırsağın şişlərinin yaranma səbəbləri
S-vari bağırsağın şişlərinin etiologiyası indiyə qədər müəyyən edilməmişdir. Lakin sol illərdə mütəxəssislər tərəfindən bu qrupa daxil olan törəmələrin bir sıra risk amilləri aşkarlanmışdır. Onlara yağ və ət məhsulları, spirtli içkilər və siqaretdən həddindən artıq istifadə, artıq çəki, hipodinamiya, bağırsağın xroniki hipotoniyası, epitelin bərk nəcis kütlələri ilə daimi zədələnməsi, endogen kanserogenlər (indol, skatol, steroid hormonların parçalanma məhsulları) aiddir. S-vari bağırsaq şişlərinin inkişafında irsi mexanizmlər mühüm rol oynayır. 15% hallarda xəstəlik məhz genetik mənşəli olur.
Bu nahiyənin bədxassəli törəmələri çox zaman bağırsağın xroniki iltihabi patologiyalarının, xüsusən Kron xəstəliyi, qeyri-spesifik xoralı kolit və S-vari bağırsağın divertikuliti fonunda yaranır. Bağırsaq poliplərinin (ailəvi, sporadik və qarışıq polipoz, Kronkhayt-Kanada, Peyts-Egers, Turko sindromu) rast gəlindiyi şəxslərdə S-vari bağırsağın xərçənginin yaranma ehtimalı yüksək olur.
S-vari bağırsağın şişlərinin təsnifatı
S-vari bağırsağın şişləri xoş və ya bədxassəli formalara ayrılır. Xoşxassəli şişlər epitel və qeyri-epitel mənşəli olur. S-vari bağırsağın epitelial törəmələrinə adenomatoz (tubulyar, xovlu, qarışıq), hiperplastik və iltihabi poliplər, hamartoma, xovlu şiş (düyünlü və ya sürünən), həqiqi və ikincili diffuz polipoz aiddir. Qeyri-epitelial törəmələr (mioma, kavernoz hemangioma, limfatik damarların şişləri, lipoma) nadir hallarda aşkarlanır.
S-vari bağırsağın bədxassəli şişlərinin böyük hissəsini xərçəng təşkil edir. Lakin xəstələrdə sarkoma (saya əzələlər, qan və limfa damarları, sinirlərin bədxassəli şişi) və melanoblastomaya da rast gəlinir. S-vari bağırsağın xərçənginin aşağıdakı formaları ayırd edilir: selikli, solid, adenokarsinoma, aşağı, orta və yüksək differensiasiyalı.
Beynəlxalq təsnifata əsasən aşağı, mülayim və yüksək differensiasiyalı adenokarsinoma; mukoid, selikli və kolloid xərçəng; mukosellyulyar xərçəng; differensiasiya olunmayan xərçəng (trabekulyar və medullyar karsinoma, karsinoma simpleks); təsnif olunmayan xərçəng qeyd olunur.
S-vari bağırsaq şişlərinin əlamətləri
S-vari bağırsağın şişləri uzunmüddət heç əlamətlə özünü büruzə vermir və ya zəif simptomatikaya malik olur. Adətən çənbər bağırsaqda ilk dəfə diskomfort hissinin yaranmasından yekun diaqnozun qoyulmasına qədər 1 ildən çox vaxt keçir. S-vari bağırsağın bədxassəli törəmələri proqressivləşən qəbizliklə təzahür edir, bir müddətdən sonra bağırsaq keçməməzliyi ilə ağırlaşır. Bu simptomatika bağırsaq mənfəzinin stenozu nəticəsində formalaşır. Xəstəliyin erkən mərhələlərində qəbizliklə ishal növbələnməsi müşahidə oluna bilər. İri ölçülü şişlər üçün ümumi vəziyyətin pozulması: halsızlıq, subfebrilitet, başgicəllənmə və s. xarakterikdir. Xəstələrdə ətə qarşı ikrah hissi yaranır, istahsızlıq, arıqlama müşahidə olunur. Bütün bu əlamətlər şiş intoksikasiyası ilə bağlıdır. S-vari bağırsağın bədxassəli xəstəliklərində nəcisdə qan izlənilir.
Xoşxassəli şişlər əksər hallarda ifadəli klinik simptomatikaya malik olmur. Bəzi pasiyentlərdə qanlı ifrazatlar, bağırsaq keçməməzliyi və invaginasiyanın əlamətləri qeydə alınır. Lipomalar bağırsağın hissəvi xroniki keçməməzliyinə gətirib çıxarır, xəstələr məhz bu səbəbdən həkimə müracət edir. Lakin çox zaman lipoma və fibroma kimi xoşxasssəli şişlər endoskopiya və ya laparotomiya zamanı təsadüfən aşkarlanır. Hemangiomaların əsas əlaməti düz bağırsaq qanaxmalarıdır.
S-vari bağırsağın şişlərinin diaqnostikası
S-vari bağırsaq şişlərinin diaqnostikasında laborator və instrumental metodlardan istifadə olunur. Xəstəliyin erkən diaqnostikasında klinik üsullar: anamnez toplanması və qarnın palpasiyası mühüm rol oynayır. İri ölçülü törəmələr palpasiya zamanı əllənə bilər. Laborator müayinə üsullarından qanın ümumklinik analizinə və onkomarkerlərin təyininə üstünlük verilir. Qanın ümumi analizində şiş intoksikasiyası ilə assosiasiyalı dəyişikliklər: anemiya və EŞS-nin yüksəlməsi aşkarlanır. Qanda onkomarkerlərin yoxlanılması şiş prosesindən şübhələnməyə və əlavə instrumental müayinələrin təyininə imkan verir.
İnstrumental üsullar S-vari bağırsaq şişlərinin diaqnostikasında həlledici rol oynayır. Xəstəliyin standart diaqnostika metodları kolonoskopiya və irriqoskopiyadır. Kolonoskopiya – bağırsağın selikli qişasının vizualizasiyasına şərait yaradan endoskopik müayinədir. S-vari bağırsağın şişi endoskopiyada qonşu toxumalara möhkəm yapışan, ekzofit və ya endofit böyüyən, nahamar kənarlara malik törəmədir.
Bütün hallarda kolonoskopiya prosesi biopsiya ilə tamamlanır. Əldə olunan material histoloji müayinəyə göndərilir, şişin morfoloji quruluşu və bədxassələşmə dərəcəsi təyin edilir. Rentgenoloji üsullardan bariumla irriqoskopiya geniş tətbiq olunur. Onun köməyilə bağırsaq mənfəzinə doğru böyüyən şişlər üzə çıxarılır. Qarın boşluğunun kompüter tomoqrafiyası və maqnit-rezonans tomoqrafiya vasitəsilə şişlərin aşkarlanması və ölçülərinin dəqiqləşdirilməsi ilə yanaşı, həm də regionar və uzaq metastazları müəyyən edilir. Ultrasəs müayinədən əsasən S-vari bağırsağın bədxassəli şişlərinin ən çox metastaz verdiyi orqanın – qaraciyərin yoxlanılmasında istifadə edilir.
S-vari bağırsaq şişlərinin müalicəsi
S-vari bağırsağın neoplaziyalarının əsas müalicə üsulu cərrahi müdaxilədir. Bədxassəli xəstəliklərdə S-vari bağırsaq yaxınlıqda yerləşən toxumalarla birgə kəsilir. Şiş fonunda bağırsaq keçməməzliyi ikişaf etdikdə cərrahi müalicəyə yoğun bağırsağın plastikası və qarnın ön divarında süni nəcis ifrazı dəliyinin yaradılması (kolostoma) ilə başlanılır. Şiş müvəffəqiyyətlə xaric edildikdən sonra kolostoma bağlanılır, bağırsağın tamlığı bərpa olunur. Belə əməliyyatlardan sonra pasiyentlər gündəlik həyat tərzinə qayıda bilir.
Şüa terapiyası S-vari bağırsağın əlavə müalicə üsulu olub, cərrahi əməliyyatın nəticələrinin yaxşılaşdırılması məqsədi daşıyır. Şüa terapiyası əksər hallarda əməliyyatdan əvvəl törəmənin ölçülərini kiçiltmək və cərrahi müdaxilədən sonra bədxassəli prosesin residivlərinin qarşısını almaq üçün tətbiq edilir. Onun köməyilə qarın boşluğunun şiş hüceyrələri ilə disseminasiya ehtimalını azaldır.
S-vari bağırsaq şişlərinin növbəti əlavə müalicə üsulu kimyaterapiyadır. Bu metoddan bədxassəli hüceyrələrin eradikasiyasının effektivliyini artırmaq məqsədilə istifadə olunur. Kimyaterapiya şişin metastazlaşmasını azaldır. Müasir onkologiyada kimyaterapevtik kurslar xüsusi protokol üzrə aparılır. Müalicə planı hər xəstə üçün fərdi qaydada tərtib olunur.
S-vari bağırsağın xoşxassəli şişlərinin müalicəsi törəmələrin xaric edilməsindən ibarətdir. Cərrahi üsul şişin lokalizasiyası, ölçüləri və prosesin yayılmasına müvafiq seçilir. S-vari bağırsağın tək-tək yerləşən polipləri (2-3 ədəd) endoskopik üsulla rezeksiya olunur. Distal şöbənin neoplaziyaları transrektal yolla xaric edilir. Bəzi hallarda, məsələn, diffuz polipoz zamanı S-vari bağırsağın rezeksiyası tələb olunur.
S-vari bağırsağın şişlərinin proqnoz və profilaktikası
S-vari bağırsağın şişlərinin proqnozu neoplastik prosesin bədxassələşmə dərəcəsindən və mərhələsindən asılıdır. Bağırsağın bədxassəli törəmələrinin proqnozu adətən qeyri-qənaətbəxşdir. Lakin xəstəlik erkən mərhələlərdə aşkarlandıqda tam sağalma mümkündür. Patologiya proqressivləşdikcə pasiyentlərin sağalma ehtimalı xeyli azalır. Uzaq metastazlar müşahidə edildikdə yalnız palliativ terapiya aparılır. S-vari bağırsağın xoşxassəli şişləri qənaətbəxş proqnoza malikdir.
S-vari bağırsaq şişlərinin profilaktikası siqaretdən imtina və spirtli içkilərin qəbulunun məhdudlaşdırılması ilə sağlam həyat tərzindən, düzgün qidalanmadan ibarətdir. Qida rasionu meyvə və tərəvəzlərlə zənginləşdirilməlidir. Həmçinin xərçəngönü vəziyyət sayılan bağırsağın xroniki iltihabının vaxtında düzgün müalicə olunması S-vari bağırsaq şişlərinin qarşısının alınmasında mühüm rol oynayır. Bağırsağın xroniki xəstəliklərinin rast gəlindiyi insanlara müntəzəm qaydada kolonoskopiya və biopsiyanın aparılması məsləhət görülür.