Düz bağırsaq xərçəngi

Oxuma vaxtı: 11 dəq Oxunma sayı: 3748

Düz bağırsaq xərçənginin səbəbləriDüz bağırsaq xərçəngi – yoğun bağırsağın distal şöbəsinin epitel mənşəli bədxassəli şişidir. Patologiya nəcis kütlələrində selik və qan qarışığı, düz bağırsaq qanaxmaları, oma və aralıq nahiyəsində ağrılar, zəiflik, arıqlama, anemiya ilə təzahür edir.  Diaqnostika üsullarına nəcisdə gizli qanın təyini, laborator markerlərin yoxlanılması, rektoromanoskopiya, biopsiya və toxuma nümunələrinin morfoloji analizi aiddir. Müalicə cərrahi yolla (düz bağırsağın rezeksiyası və ya ekstirpasiyası) aparılır. Regionar limfa düyünlərində metastazlar olduqda kimyaterapiya təyin edilir.

  • Yaranma səbəbləri
  • Təsnifat
  • Düz bağırsaq xərçənginin əlamətləri
  • Ağırlaşmalar
  • Diaqnostika
  • Düz bağırsaq xərçənginin müalicəsi
  • Proqnoz və profilaktika

Düz bağırsaq xərçəngi barədə ümumi məlumat

Mədə-bağırsaq traktının bədxassəli törəmələrinin 45%-i düz bağırsaq xərçənginin payına düşür. Bununla yanaşı yoğun bağırsaq xərçəngi 70% hallarda məhz bu nahiyədə lokalizasiya olunur.

Kişilərdə bu xəstəliyə 1,5 dəfə çox rast gəlinir. Düz bağırsaq xərçənginin yaranma ehtimalı yaşla düz mütənasibdir. 40 yaşından yuxarı şəxslər risk qrupuna daxildir. Bu da düz bağırsağın epitel hüceyrələrində yaşla əlaqədar baş verən dəyişikliklərlə izah olunur. Düz bağırsaq müayinə baxımından rahat nahiyədə yerləşsə də onun xərçəngi adətən gecikmiş mərhələlərdə aşkarlanır, belə hallarda radikal müalicə üsulları az effektiv olur. Xəstələrin 5 illik sağqalma ehtimalının 40-60% təşkil etməsi bu problemin aktuallığını daha da artırır.

Düz bağırsaq xərçənginin yaranma səbəbləri

Düz bağırsaq xərçənginin səbəbləriDüz bağırsaq xərçənginin inkişafı ilə qidalanma xüsusiyyətləri arasında asılılıq müəyyən edilmişdir. Xəstəlik adətən yağların üstünlük, sellülozanın isə azlıq təşkil etdiyi qidalara üstünlük verən şəxslərdə aşkarlanır. Ət məhsullarından çox istifadə olunması yoğun bağırsaq xərçənginə şərait yaradır. Bədxassəli şişlərin inkişaf riskini artıran amillərə yoğun bağırsağın xroniki iltihabi xəstəlikləri, qeyri-spesifik xoralı kolit, Kron xəstəliyi, anadangəlmə patologiyalar (ailəvi diffuz polipoz, ferment çatışmazlığı) aiddir. Metabolik xəstəliklər (şəkərli diabet, metabolik sindrom, piylənmə) də kanserogen faktorlar sırasına daxildir.

Düz bağırsağın polipləri ən geniş yayılmış xərçəngönü vəziyyət olub, təxminən 4% hallarda bədxassələşir. Ailəvi polipoz maliqnizasiyaya baxımından daha təhlükəli sayılır. Düz bağırsaq xərçənginin yaranmasında irsi faktorun da rolunu vurğulamaq lazımdır. Həmçinin siqaret və spirtli içkilərdən istifadə bədxassəli prosesin inkişaf riskini artırır, müalicə dövründə isə qənaətbəxş sonluq ehtimalını azaldır.

Düz bağırsaq xərçənginin təsnifatı

Düz bağırsaq xərçəngi beynəlxalq TNM sistemi üzrə təsnif edilir. T – şişin ölçüsü və bağırsaq divarının zədələnmə dərəcəsi, N – regionar limfa düyünlərinin metastatik zədələnməsi, M – uzaq metastazların olması.

Bundan əlavə şişin ölçüsü, bağırsaq divarına və ətraf toxumalara yayılma dərəcəsi, metastazların olmasından asılı olaraq, xərçəngin mərhələli (I; IIa; IIb; IIIa; IIIb; IV) təsnifatından istifadə edilir. Düz bağırsaq xərçənginin yekun diaqnozu şişin və limfa düyünlərinin sitoloji müayinəsindən sonra qoyulur.

Düz bağırsaq xərçənginin əlamətləri

Düz bağırsaq xərçənginin əlamətləriDüz bağırsaq xərçənginin erkən mərhələləri adətən simptomsuz gedir, bu da bədxassəli prosesin vaxtında aşkarlanmasını çətinləşdirir. Şiş proqressivləşdikcə müxtəlif əlamətlərlə özünü büruzə verir. Xəstəliyin ən çox rast gəlinən təzahürlərinə defekasiyanın pozulması (qəbizlik və ya ishal), bağırsaq keçməməzliyi, anal dəlikdən qanaxmalar, fekal kütlələrdə qan qarışığı, naməlum etiologiyalı anemiya, qarnın aşağı hissəsində ağrı, «lentşəkilli» («karandaşabənzər») nəcis aiddir. Onkoloji proses inkişaf etdikcə ümumi simptomatikanın: iştahsızlıq, ümumi halsızlıq, əzginlik, arıqlamanın (kaxeksiyaya qədər) ifadəliliyi artır.

Düz bağırsaq xərçənginin ağırlaşmaları

Düz bağırsaq xərçəngi qanaxmalarla ağırlaşır. Tez-tez təkrarlanan qanaxmalar anemiya, bədən çəkisinin həddindən artıq itirilməsi ilə nəticələnir. Onkoloji patologiyanın gecikmiş mərhələlərində pasiyentlər şiş toxumasının nekroz məhsulları ilə orqanizmin intoksikasiyasından əziyyət çəkirlər. Düz bağırsaq xərçəngi bir sıra hallarda infeksion iltihabın inkişafına səbəb olur. Kimyaterapiyanın yan təsirləri qismində xəstələrdə dazlaşma, halsızlıq, iştahsızlıq, ishal, ürəkbulanma müşahidə edilir.

Düz bağırsaq xərçənginin diaqnostikası

Düz bağırsaq xərçənginin diaqnostikasına sorğunun aparılması, şikayətlərin aydınlaşdırılması, anamnezin toplanılması ilə başlanılır. Bu zaman kanserogen faktorlara, şişlərə və ailəvi onkoanamnezə diqqət yetirilir. Laborator üsullara qanın ümumi və biokimyəvi analizi, onkomarkerlərin təyini və koproqramma aiddir.

Düz bağırsağın bədxassəli xəstəliyi üçün xərçəng-embrional antigen və СА-19-9 onkomarkerin aşkarlanması xarakterikdir. Onkomarkerlər həmçinin qeyri-spesifik kolit, xoşxassəli şişin olmasından da xəbər verə bilər. Embrional xərçəng antigeninin konsentrasiyası siqaretdən illərlə istifadə edən şəxslərdə yüksək olur.

Yoğun bağırsaq şişlərinin diaqnostikasında instrumental üsullardan: rektoromanoskopiya (düz və S-vari bağırsağın daxili divarının müayinəsi), kolonoskopiya (yoğun bağırsağın bütün şöbələrinin endoskopik müayinəsi), irriqoskopiyadan (yoğun bağırsağın kontrast rentgenoqrafiyası) istifadə edilir. Endoskopik üsullar bağırsaq divarının selikli qişasının vəziyyətinin, şiş törəmələrinin hərtərəfli analiz olunmasına, histoloji və sitoloji müayinələr üçün toxuma nümunəsinin götürülməsinə imkan verir.  Onkoloji patologiyanın diaqnozu yalnız bioptatın sitoloji müayinəsində xərçəng hüceyrələrinin aşkarlandığı təqdirdə təsdiqlənir.

Düz bağırsaq xərçənginin diaqnostika prosesində intrarektal USM, maqnit-rezonans və kompüter tomoqrafiya üsulları tətbiq edilə bilər. Orqan və toxumalarda metastazların olmasını yoxlamaq məqsədilə spiral kompüter tomoqrafiya (MSKT) icra edilir. Qaraciyərdə şübhəli sahələr müşahidə edildikdə müayinə prosesində hədəfli biopsiya aparılır.

Pozitron-emission tomoqrafiya (PET) metastazların aşkarlanması baxımından yüksək spesifik üsul hesab olunur. Onun mahiyyəti pozitron-şüalandıran izotopların orqanizmə yeridilməsindən və onların toxumalarda yayılmasının skanlanmasından ibarətdir. Bədxassəli hüceyrələrlə zədələnən toxumalar radioizotopları özündə toplayaraq, skanlama zamanı güclü şüalanma sahələri şəklində təsvir olunur.

Əməliyyatdan əvvəl damar torunu vizualizasiya etmək məqsədilə angioqrafiyadan istifadə olunur. Bu yolla postoperasion ağırlaşmalar və massiv qanaxmaların qarşısı alınır.

Düz bağırsaq xərçənginin müalicəsi

Düz bağırsaq xərçənginin əsas müalicə üsulu şişin, qonşu toxumalar və limfa düyünlərinin cərrahi yolla kəsilib götürülməsindən ibarətdir. Müalicə taktikası xəstəliyin mərhələsi, şişin ölçüsü, limfa düyünlərinin, digər toxuma və orqanların metastatik zədələnmə dərəcəsindən asılıdır.

Düz bağırsağın polipi çox zaman kolonoskopiya prosesində elektrokoaqulyasiya ilə aradan qaldırılır. Polip toxumalarının histoloji müayinəsində aşkarlanan bədxassəli hüceyrələr törəmənin əsasına yayılmadıqda müalicə tam hesab olunur. Lakin bu tip yanaşma yalnız xəstəliyin ilkin mərhələsində özünü doğruldur. Əksər hallarda düz bağırsaq xərçənginin müalicəsi orqanın radikal rezeksiyası və yaxud ekstirpasiyası (tamamən xaric edilməsi) ilə aparılır. Belə hallarda daimi kolostoma qoyulur, bəzən isə rekonstruktiv əməliyyat təyin edilir.

Şişin ətraf toxumaların dərin qatlarına yayılması, çoxsaylı metastazların olması palliativ əməliyyata göstəriş sayılır. Bu müalicə üsulu bağırsaq mənfəzinin açılması və xəstənin vəziyyətinin yaxşılaşdırılması üçün şişin xaric edilməsindən ibarətdir. Gecikmiş mərhələlərdə sağalma mümkün deyil. Əksər hallarda residivləşmənin profilaktikası və bədxassəli hüceyrələrin yayılmasını ləngitmək məqsədilə şişin cərrahi müalicəsi kimya və ya radio-şüa terapiyası ilə birgə aparılır.

Kimyaterapevtik müalicə xərçəng hüceyrələrinin böyüməsini zəiflədən dərman preparatları ilə icra olunur. Təəssüflə qeyd etmək lazımdır ki, kimyaterapiyada istifadə olunan sitotoksik preparatlar xərçəng hüceyrələrinə yüksək spesifikliyə malik deyil. Belə müalicənin yan təsirləri çoxdur. Lakin düz bağırsaq xərçəngi vaxtında aşkarlandıqda cərrahi müalicə ilə kimyaterapiyanın müştərəkliyi müsbət effekt verir, xəstəliyin residiv riskini əhəmiyyətli dərəcədə azaltmaqla pasiyentlərin sağalma ehtimalını yüksəldir.

Düz və yoğun bağırsağın xərçəngində şüa terapiyası bəzən şişin cərrahi yolla xaric edilməsindən sonra residivlərin profilaktikası, eləcə də törəmələrin ölçülərinin kiçildilməsi və simptomatikanın yüngülləşdirilməsi məqsədilə tətbiq olunur.

Düz bağırsaq xərçənginin proqnoz və profilaktikası

Düz bağırsaq xərçənginin erkən mərhələlərdə diaqnostikası və müalicəsi 5 illik sağqalma ehtimalını 90%-ə qədər yüksəldir. Lakin aşkarlanan kolorektal bədxasssəli şişlərin yalnız 39%-də müalicə ilə arzuolunan nəticə əldə edilir, qalan hallarda hətta palliativ əməliyyat aparılsa da proqnoz qeyri-qənaətbəxş olur. Şişin xaric edilməsindən sonra 5 il ərzində residivlərin müşahidə olunmaması sağalmaya dəlalət edir. Xərçəngin IV mərhələsində sağalma mümkün deyil.

Düz bağırsaq xərçənginin profilaktikası risk qrupuna daxil olan şəxslərin (50 yaşından yuxarı, yoğun bağırsağın xroniki xəstəliklərindən əziyyət çəkən insanlar) müntəzəm qaydada müayinəsindən ibarətdir. Yoğun bağırsaq poliplərinin rast gəlindiyi şəxslər müşahidə altına alınmalıdır. Skrininq müayinələrə ildə 1 dəfə nəcisdə gizli qanın təyini, hər 5 ildən bir siqmoidoskopiya, 10 ildən bir kolonoskopiyanın aparılması aiddir. Ailəvi polipoz hallarında xəstələr hər 2-3 ildən bir müayinə olunmalıdır.

Düz bağırsaq xərçənginin ümumi profilaktik tədbirlərinə aktiv həyat tərzi, balanslaşdırılmış qidalanma, heyvan mənşəli yağların istifadəsinin məhdudlaşdırılması, rasionun bitki tərkibli qida lifləri ilə zəninləşdirilməsi, siqaretdən imtina, spirtli içkilərin qəbulunun azaldılması, bədxassəli şişlərin inkişafına səbəb olan xəstəliklərin erkən diaqnostikası və müalicəsi daxildir.

 

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: