Kolorektal xərçəng
Kolorektal xərçəng – yoğun bağırsağın bədxassəli şişidir. Xəstəlik ilkin mərhələlərdə simptomsuz gedir. Bir müddətdən sonra halsızlıq, iştahsızlıq, qarında ağrılar, dispepsiya, meteorizm və bağırsaq pozğunluğu ilə təzahür edir. Bədxassəli şiş bir sıra hallarda bağırsaq keçməməzliyinə gətirib çıxarır. Törəmənin xoralaşması qanaxma ilə müşayiət edilir. Lakin bağırsağın yuxarı şöbələrinin kolorektal xərçəngində nəcisdə qan qarışığı vizual olaraq təyin edilməyə bilər. Diaqnoz xəstənin şikayətləri, anamnez, baxış, nəcisin gizli qana görə analizi, kolonoskopiya, irriqoskopiya, USM və digər müayinələrin nəticələrinə əsasən qoyulur. Müalicə məqsədilə cərrahi müdaxilə, kimyaterapiya, radioterapiya aparılır.
- Yaranma səbəbləri
- Təsnifat
- Kolorektal xərçəngin əlamətləri
- Ağırlaşmalar
- Diaqnostika
- Kolorektal xərçəngin müalicəsi
- Proqnoz və profilaktika
Kolorektal xərçəng barədə ümumi məlumat
Kolorektal xərçəng – yoğun bağırsaq və anal kanal nahiyəsində yerləşən epitel toxumasından inkişaf edən bədxassəli törəmələr qrupudur. Xərçəngin ən çox rast gəlinən formalarından sayılır. Kolorektal xərçəng dünya əhalisində aşkarlanan epitel mənşəli bədxassəli şişlərin təxminən 10%-ni təşkil edir. Patologiyanın müxtəlif coğrafi ərazilərdə yayılma tezliyi fərqlidir. Ən yüksək göstəricilər ABŞ, Avstraliya və Qərbi Avropa ölkələrində qeydə alınır.
Mütəxəssislər kolorektal xərçəngi orta ömür müddətinin uzanması, hipodinamiya, qida rasionunda ət məhsullarının üstünlük, sellülozanın isə azlıq təşkil etməsi ilə bağlı «sivilizasiya xəstəliyi» kimi qələmə verirlər. Son onillikdə kolorektal xərçəngə tutulma hallarının artması müşahidə edilmişdir. 20 il əvvəl bu xəstəlik yayılmasına görə hər iki cinsin nümayəndələri arasında VI yerdə durduğu halda hazırda kişilərdə üçüncü, qadınlarda isə dördüncü yerə irəliləmişdir. Bədxassəli törəmənin müalicəsi klinik onkologiya, qastroenterologiya, proktologiya və abdominal cərrahiyyənin mütəxəssisləri tərəfindən həyata keçirilir.
Kolorektal xərçəngin yaranma səbəbləri
Kolorektal xərçəngin etiologiyası dəqiq müəyyən edilməmişdir. Əksər tədqiqatçıların fikrincə patologiya müxtəlif ekzogen və endogen amillərin (irsi meyllik, yoğun bağırsağın xroniki xəstəlikləri, qidalanma xüsusiyyətləri, həyat tərzi) təsirindən yaranan polietioloji xəstəlikdir. Müasir mütəxəssislər yoğun bağırsağın bədxassəli şişlərinin inkişafında qidalanmanın rolunu xüsusilə vurğulayırlar.
Kolorektal xərçəng əksər hallarda ət məhsullarından həddindən artıq, qida liflərindən isə az istifadə edən şəxslərdə aşkarlanır. Ət məhsullarının həzm prosesində bağırsaqda kanserogen maddələrə çevrilən külli miqdarda yağ turşuları yaranır. Qida liflərinin azlığı və hipodinamiya bağırsaq peristaltikasının zəifləməsinə səbəb olur. Nəticədə kanserogen maddələrin böyük bir hissəsi uzun müddət bağırsaq divarı ilə təmasda olmaqla kolorektal xərçəngin inkişafına gətirib çıxarır. Ətin düzgün işlənilməməsi qidada kanserogenlərin sayını daha da artırır. Xəstəliyin formalaşmasında siqaret və spirtli içkilərdən istifadə müəyyən rol oynayır.
Statistik göstəricilərə əsasən yoğun bağırsağın xroniki iltihabi xəstəliklərindən əziyyət çəkən pasiyentlərdə bu tip patologiyalara rast gəlinməyən şəxslərə nisbətən kolorektal xərçəngə daha çox təsadüf olunur. Ən yüksək risk qeyri-spesifik xoralı kolit və Kron xəstəliyi zamanı qeydə alınır. Kolorektal xərçəngin yaranma ehtimalı iltihabi prosesin müddətindən birbaşa asılıdır. Xəstəlik 5 ildən az davam etdikdə maliqnizasiya riski təxminən 5%, bu müddət 20 ildən artıq olduqda isə orta hesabla 50% təşkil edir.
Yoğun bağırsağın polipozu bədxassələşməyə meylli olur. Tək-tək yerləşən poliplər 2-4%, çoxsaylı 20%, xovlu poliplər isə 40% hallarda maliqnizasiyalaşır. Poliplərin xərçəngə çevrilmə ehtimalı təkcə onların saylarından deyil, həm də ölçülərindən asılıdır. Diametri 0,5sm-dən kiçik olan poliplər demək olar ki, heç vaxt maliqnizasiyaya məruz qalmır. Polip nə qədər böyük olarsa, bədxassələşmə riski bir o qədər yüksək sayılır.
Yoğun bağırsağın xərçəngi çox zaman yaxın qohumlarında kolorektal xərçəngin və ya digər bədxassəli törəmələrin aşkarlandığı şəxslərdə inkişaf edir. Belə hallar adətən ailəvi diffuz polipoz, Turko və ya Qardner sindromu zamanı baş verir. Xəstəliyin digər risk amillərinə yaşın 50-dən yuxarı olması, piylənmə, hipodinamiya, şəkərli diabet, kalsium çatışmazlığı, hipovitaminozlar, müxtəlif xroniki xəstəliklər, orqanizmin zəifləməsi və bəzi dərman vasitələrinin qəbulu ilə bağlı immunodefisit hallar aiddir.
Kolorektal xərçəngin təsnifatı
Kolorektal xərçəngin ağırlıq dərəcəsini təyin etmək üçün standart 4 mərhələli təsnifatdan və birincili prosesin yayılmasını, regionar və uzaq metastazların olmasını əks etdirən NNM sistemi üzrə beynəlxalq sistemləşdirilmədən istifadə olunur. Dominant simptomatikadan asılı olaraq, kolorektal xərçəngin 4 klinik forması ayırd edilir:
- Toksiko-anemik forma. Xəstəliyin əsas əlaməti halsızlıq, yorğunluq və cüzi hipertermiya ilə müşayiət olunan proqressivləşən anemiyadır.
- Enterokolitik forma. Bağırsaq pozğunluqları üstünlük təşkil edir.
- Dispepsik forma. Qarında ağrı, arıqlama, iştahsızlıq, gəyirmə, ürəkbulanma və qusma ön planda dayanır.
- Obturasion forma. Bağırsaq keçməməzliyinin əlamətləri daha qabarıq ifadə olunur.
Kolorektal xərçəngin əlamətləri
I-II mərhələlərdə xəstəlik heç bir əlamətlə özünü büruzə verməyə bilər. Sonralar törəmənin lokalizasiyası və böyümə xüsusiyyətlərinə müvafiq əlamətlər meydana çıxır. Xəstlərdə halsızlıq, yorğunluq, əzginlik, iştahsızlıq, ağızda xoşagəlməz tam, gəyirmə, ürəkbulanma, qusma, meteorizm və epiqastral nahiyədə ağırlıq hissi müşahidə edilir. Əksər hallarda kolorektal xərçəngin ilkin əlaməti abdominal ağrılardan ibarət olur. Bağırsağın sol yarısının (xüsusən çənbər bağırsağın) şişlərində ağrı daha ifadəli olur.
Kolorektal xərçəng üçün qısa zaman ərzində əvvəlcə xroniki, sonra isə kəskin bağırsaq keçməməzliyinə gətirib çıxaran stenozlaşdırıcı və ya infiltrativ böyümə xarakterikdir. Bağırsaq keçməməzliyində ağrı kəskin və tutmaşəkilli olub, qəfil yaranır, hər 10-15 dəqiqədən bir təkrarlanır. Kolorektal xərçəngin digər təzahürü bağırsağın fəaliyyətinin pozulmasıdır. Çənbər bağırsağın zədələnməsi zamanı bu əlamət daha nəzərəçarpan olur. Bağırsağın funksional pozğunluğu qəbizlik, ishal və yaxud onların növbələşməsi, meteorizmlə özünü büruzə verir.
Yoğun bağırsağın sağ şöbəsində yerləşən kolorektal xərçəng adətən ekzofit böyüyür və ximusun hərəkətinə ciddi maneə törətmir. Bağırsaq möhtəviyyatı ilə daimi təmas və qan təhcizatının zəifliyi ilə əlaqədar nekroz, onun ardınca isə xoralar və iltihab əmələ gəlir. Belə şişlərdə adətən nəcisdə gizli qan və irin aşkarlanır. Parçalanma məhsullarının bağırsaqda sorulması nəticəsində intoksikasiya əlamətləri yaranır.
Düz bağırsağın ampulyar şöbəsinin kolorektal xərçəngi da xoralaşma və iltihablaşmaya meylli olur. Lakin belə hallarda nəcisdə irin və qan qarışığı vizual olaraq asanlıqla müəyyən edilir. İntoksikasiya əlamətləri isə zəif ifadə olunur, bu da nekrotik kütlələrin bağırsaq divarından sorulmasına vaxtın qalmaması ilə bağlıdır. Babasildən fərqli olaraq, kolorektal xərçəng zamanı qan defekasiyanın sonunda deyil, əvvəlində yaranır. Düz bağırsaq xərçənginin tipik əlaməti bağırsağın tam boşalmaması hissidir. Anal şöbənin bədxassəli zədələnmələrində defekasiya zamanı ağrı və lentşəkilli nəcis müşahidə edilir.
Təkrarlanan qanaxmalar anemiyaya gətirib çıxara bilər. Kolorektal xərçəng yoğun bağırsağın sağ yarısında lokalizasiya olunduqda əksər hallarda anemiya əlamətləri erkən mərhələlərdən etibarən xəstəni narahat edir. Xarici baxış zamanı əldə olunan məlumatlar şişin ölçüləri və yerləşməsindən asılı olur. Bağırsağın yuxarı hissələrində yerləşən çox iri ölçülü törəmələri qarın divarından əllənə bilər. Düz bağırsağın kolorektal xərçəngi rektal müayinə zamanı aşkarlanır.
Kolorektal xərçəngin ağırlaşmaları
Kolorektal xərçəngin ən geniş yayılmış fəsadı pasiyentlərin 65-90%-də yaranan qanaxmadır. Qanitirmənin tezliyi və həcmi fərqli olur. Adətən tez-tez təkrarlanan kiçik həcmli qanaxmalar müşahidə edilir. Bu da tədricən dəmirdefisitli anemiyaya səbəb olur. Az hallarda xəstənin həyatı üçün təhlükəli sayılan profuz qanaxmalar baş verir. S-vari bağırsağın sol şöbələri zədələndikdə çox zaman obturasion bağırsaq keçməməzliyi inkişaf edir. Kolorektal xərçəngin digər ağır fəsadı bağırsaq divarını perforasiyasıdır.
Yoğun bağırsağın aşağı şöbələrinin neoplaziyaları qonşu orqanlara (uşaqlıq yolu, sidik kisəsi) sirayət edə bilər. Aşağı hissələrdə yerləşən törəmə nahiyəsində lokal iltihab ətraf toxumanın irinləməsinə səbəb ola bilər. Bağırsağın yuxarı şöbələrinin kolorektal xərçəngi zamanı bağırsağın deşilməsi peritonitlə nəticələnir. Gecikmiş mərhələlərdə bir neçə ağırlaşma müştərək halda rast gəlinə bilər, bu da cərrahi müdaxilə riskini əhəmiyyətli dərəcədə yüksəldir.
Kolorektal xərçəngin diaqnostikası
Kolorektal xərçəngin diaqnozu onkoloq tərəfindən xəstənin şikayətləri, anamnez, ümumi və rektal baxışın, əlavə müayinələrin nəticələrinə əsasən qoyulur. Kolorektal xərçəng zamanı tətbiq olunan sadə skrininq müayinələrə nəcisdə gizli qanın təyini, rektoromanoskopiya (şiş bağırsağın aşağı şöbəsində yerləşdikdə) və ya kolonoskopiya (törəmə hündürdə yerləşdikdə) aiddir. Endoskopik üsulların aparılması mümkün olmadıqda xəstə irriqoskopiyaya yönəldilir. Rentgenokontrast müayinələrin az informativliyini nəzərə alaraq, şübhəli hallarda müayinə təkrar aparılır.
Kolorektal xərçəngin yerli böyüməsinin aqressivliyini qiymətləndirmək və uzaq metastazları aşkar etmək üçün döş qəfəsinin rentgenoqrafiyası, qarın boşluğu və kiçik çanaq orqanlarının USM, sistoskopiya, uroqrafiya və s. icra olunur. Şişin qonşu orqanlara infiltrasiyası zamanı daxili orqanların KT və MRT yerinə yetirilir. Anemiyanın ağırlığını müəyyən etmək məqsədilə qanın ümumi analizi, qaraciyərin funksional pozğunluğunu qiymətləndirmək üçün qanın biokimyəvi analizi təyin olunur.
Kolorektal xərçəngin müalicəsi
Xəstəliyin əsas müalicə üsulu cərrahi yoldur. Əməliyyatın həcmi xərçəngin mərhələsi və lokalizasiyası, bağırsaq keçməməzliyinin dərəcəsi, fəsadların ağırlığı, xəstənin ümumi vəziyyəti və yaşı nəzərə alınmaqla təyin olunur. Adətən bağırsaq seqmentinin rezeksiyası icra olunur, yaxınlıqda yerləşən limfa düyünləri və bağırsaq ətrafındakı toxumalar xaric edilir. Bağırsağın aşağı şöbələrinin kolorektal xərçəngində törəmənin lokalizasiyasından asılı olaraq, qarın-anal ekstirpasiyası (bağırsağın qapayıcı aparatla birgə xaric edilməsi, siqmostomanın qoyulması) və ya sfinkterqoruyucu rezeksiya (qapayıcı aparatı saxlamaqla bağırsağın zədələnmiş hissəsinin kəsilməsi, S-varı bağırsağın aşağıya çəkilməsi) həyata keçirilir.
Kolorektal xərçəngin bağırsağın digər şöbələrinə, mədə və qarın divarına yayıldığı, uzaq metastazların olmadığı hallarda genişləndirilmiş əməliyyatlar aparılır. Bağırsaq keçməməzliyi və perforasiya ilə ağırlaşmış kolorektal xərçəng zamanı 2 və ya 3 mərhələli əməliyyatlar icra olunur. Əvvəlcə kolostoma yaradılır. Törəmə dərhal və ya bir müddətdən sonra xaric edilir. İlk əməliyyatdan bir neçə ay sonra kolostoma bağlanılır. Pred və ya postoperasion kimyaterapiya və radioterapiya təyin olunur.
Kolorektal xərçəngin proqnoz və profilaktikası
Kolorektal xərçəngin proqnozu xəstəliyin mərhələsindən və fəsadların ağırlıq dərəcəsindən asılıdır. I mərhələdə aparılan radikal cərrahi müdaxilələrdən sonra 5 illik sağqalma ehtimalı təxminən 80%, II mərhələdə – 40-70%, III mərhələdə isə 30-50% təşkil edir. Metastazlaşma zamanı palliativ müalicəyə üstünlük verilir, 5 illik sağqalma 10%-a bərabər olur. Kolorektal xərçəng keçirən xəstələrdə yeni bədxassəli törəmələrin yaranma ehtimalı 15-20%-dir.
Patologiyanın profilaktik tədbirlərinə risk qrupuna daxil olan pasiyentlərin müayinəsi, xərçəng törədə bilən xəstəliklərin vaxtında müalicəsi aiddir.