Ziyil

Oxuma vaxtı: 8 dəq Oxunma sayı: 2685

Ziyil nədir?Ziyil – virus mənşəli xəstəlik olub, dəri örtüklərində kiçik ölçülü, girdə formalı çıxıntılarla xarakterizə edilir. Onun bir neçə forması ayırd edilir: adi (əl barmaqları, üz, basin tüklü hissəsində), yastı (üzdə, əlin üstündə), itiuclu (anogenital nahiyədə). Ziyil yayılmağa, residivləşməyə və sürətlə böyüməyə meyllidir; zədələndikdə qanayır; forma və rəngini dəyişərək, ağrılı ola bilər. Özünü müalicə əksər hallarda çapıqlaşma, bədxassəli törəməyə çevrilmə ilə nəticələnir.

  • Etiologiya və patogenez
  • Diaqnostika
  • Ziyilin müalicəsi

Ziyilin etiologiya və patogenezi

Ziyilin səbəbləriZiyilin törədicisi olan insan papilloma virusu (İPV) bütün yaş qruplarında geniş yayılmışdır. Virusun təsirinə nəinki dəri, həmçinin ağız boşluğu, burun, sidik kisəsi, səs tellərinin selikli qişaları da məruz qalır. Papilloma virusa yoluxma infeksiyalaşmış və ya xəstə insan, eləcə də heyvanla təmas zamanı baş verir. Məişət yolu, oyuncaqlar və ümumi gigiyena vasitələri ilə yoluxma halları mövcuddur. Virus insan orqanizminə düşdükdən sonra dərinin səthi qatlarında aktiv formada çoxalmağa başlayır.

Autoinokulyasiya (özünü yoluxdurma) hallarına tez-tez rast gəlinir; dırnaq ətrafındakı ziyillər dırnaqları yemək və ya barmaqları dişləmək adəti ilə bağlıdır. Üz nahiyəsində isə yastı ziyillər təraş, pilinq və digər kosmetik prosedurlar nəticəsində dəri örtüklərinin zədələnməsi zamanı meydana çıxır.

Papillomavirus insan bədəninə dərinin mikrotravmalarından daxil olur. Aktiv formada basseyn, idman zalı, hamam və saunaya gedən insanlarda ziyilin yaranma ehtimalı yüksəkdir. Risk qrupuna həmçinin quşçuluq fabrikinin işçiləri, qəssablar daxildir.

İnkubasion dövr adərən 1,5-5 ay davam edir. İnfeksiyalaşma zamanı virusun xarici təzahürləri müşahidə olunmaya bilər. Xəstələrdə daha çox yastı (yuvenil), sadə formalı və ayaq altının ziyilləri qeydə alınır. İtiuclu ziyil ədəbiyyatlarda kondiloma kimi də təsvir edilir.

Sadə (vulqar) ziyil. Ovucda, əlin yan hissəsi və barmaqlarda əmələ gəlir. Nadir hallarda üzdə və selikli qişalarda yaranır. Xarici görünüşü sərt konsistensiyalı, yumru düyünə bənzəyir. Əksərən dərinin rəngi dəyişməsə də, bəzən çəyrayı və ya sarı çalarlara rast gəlinir. Belə ziyillər çoxsaylı xarakter daşıyaraq, öz aralarında birləşməyə meylli olur. Dərinin zədələnmiş sahələrinə toxunduqda nahamarlıq hiss edilir. Ümumi kütlənin içərisində bir ziyil digərlərindən daha iri olur, ona ana ziyil deyilir. Bu ziyili aradan qaldırdıqda digərləri də yox olur.

Vulqar forma əsasən uşaqlar və məktəblilər arasında yayılaraq, bütün ziyillərin 70%-ni təşkil edir.

Ayaq altında yerləşən ziyil. Yerimə zamanı ağrı törədir. Forması adi ziyilə bənzəyir.

Əl-ayaq altı nahiyənin ziyili. Əsasən cavanlar və yaşlı nəslin nümayəndələrində aşkar edilir. Bu sərt törəmə dərinin qalınlaşmış buynuz qişasından ibarət olur. Onu döyənəkdən və sifilis zamanı ayaq altında formalaşan papuladan fərqləndirmək lazımdır. Narahat ayaqqabı və həddindən artıq tərləmə infeksiyanın yayılmasına səbəb olur.

rnaqətrafı ziyil. Adi ziyilin bir variantıdır. Adətən dırnağını və onu əhatə edən dərini yeyən uşaqlarda müşahidə edilir. Ziyili aradan qaldırdıqdan sonra residivlərə tez-tez təsadüf olunur.

Yastı ya yuvenil ziyil. 4% hallarda qeydə alınır. Üz, əllərin dərisini, selikli qişaları zədələyir. Yastı ziyil penisin başında, uşaqlıq yolunda və düz bağırsaqda əmələ gələ bilər. Risk qrupuna 10-25 yaşlı şəxslər daxildir.

Sapşəkilli ziyil. Boyunda, göz qapaqlarının dərisində, qoltuq altında, süd vəziləri və qasıq nahiyəsində inkişaf edir. Xarici görünüşü yumşaq papulanı xatırladır. Ziyilin bəzən ayaqcığı olur. Sapşəkilli törəmənin rəngi açıq çalardan tünd-qəhvəyiyə qədər dəyişə bilər.

Onun autoinokulyasiyaya meylliliyi virus mənşəli olmasını, şəkərli diabet, menopauza dövrü və hormonal fonun disbalansının müşahidə edildiyi digər vəziyyətlərlə əlaqəsi isə hormonal faktorun rolunu təsdiqləyir.

İtiuclu ziyil (kondiloma) paycıqlı quruluşuna və xəmirəbənzər konsistensiyasına görə gül kələminə bənzəyir. Ziyil açıq çəyrayı rəngdə olur. Sürtünmə zamanı tünd-qırmızı çalar alır. Zədələndkdə asanlıqla qanayır. Nazik ayaqcıqlı kondilomalar iri konqlomeratlar əmələ gətirməyə meylli olur. Onlar əsasən cinsi orqanlarda, araqlıq nahiyədə, uşaqlarda isə burun-dodaq büküşlərində yerləşirlər.

Ziyilin diaqnostikası

Ziyilin müalicəsiDiaqnoz xarici əlamətlər əsasında qoyulur. Həmçinin ziyili qırmızı yastı dəmrovdan differensiasiya etmək lazımdır. Dəmrov üçün papulaların bənövşəyi-qırmızı rəngə və mumabənzər parıltıya malik olması xarakterikdir. Ziyilli vərəmdə isə iltihabi infiltrat və periferik hissədə qırmızı-bənövşəyi tac müəyən edilmir.

Ayaq altında olan ziyilin mərkəzi hissəsini təmizlədikdə zərif məməciyəbənzər qat görünür, periferiyada isə sərt buynuz həlqə müşahidə edilir. Biopsiyada bu şəkil diaqnozun düzgünlüyünü isbat edir.

Ziyilin müalicəsi

Əsas müalicə üsulu kimyəvi (dərman preparatları) və ya mexaniki yolla ziyilin kənarlaşdırılmasından ibarətdir.  Virusəleyhinə mazlar infeksiyanın dərinin təmiz hissələrinə yayılmasının qarşısını alır. Xəstələrə oksolin, tebrofen və müvafiq konsentrasiyalı digər mazlar təyin edilir.

Kriodestruksiya və elektrokoaqulyasiya əksər pasiyentlərdə mükəmməl terapevtik nəticələr verir. Şüanın tipindən asılı olaraq, lazer üsulu zədələnmiş nahiyədə koaqulyasiya vəya buxarlanma effekti verir. Yerli anesteziyadan sonra ziyil qatlarla təmizlənilir. Müdaxilənin dərinliyi və müddəti törəmənin ölçüsündən, lokalizasiyasından asılıdır. Bu müalicə metodu özündən sonra çapıq izləri qoymur, dərinin rənginə təsir göstərmir. Ziyilin yerində qalan səthi çuxur 10-14 gündən sonra itir.

Elektrokoaqulyasiya da yerli keyitmə ilə icra olunur. Onun təsir prinsipi yüksək tezlikli cərəyanın toxumaları koaqulyasiya etmə qabiliyyətinə əsaslanır. Metal ilgək sadəcə ziyili kəsir, yüksək temperaturun qısamüddətli təsiri isə qanaxmanın və infeksiyanın hematogen yolla yayılmasının qarşısını alır. Ziyildən sonra qalan qabıq 1 həftənin tamamında öz-özünə qopur. Törəmə iri ölçülü olduqda zəif nəzərə çarpan çapıq formalaşa bilər.

Toxumanın böyük bir hissəsi ziyillə əhatə olunduqda cərrahi müalicə göstəriş sayılır. Toxumalar yerli anesteziya altında kəsilir, dəridaxili kosmetik tikişlər 7-10 gün keçdikdə sökülür. Müalicədən sonra açıq rəngli çapıq qalır.

Maye azotla kriodestruksiya təsir prinsipinə görə elektrokoaqulyasiyaya bənzəyir. Lakin burada toxumaların məhvi qızdırılma deyil, donma hesabına baş verir.

Xəstəliyin gedişindən asılı olaraq, mexaniki və medikamentoz terapiya birlikdə aparıla bilər. Müdaxilədən sonra materialın histoloji müayinəsi mütləqdir. Müalicənin effektivliyi 50-94% təşkil edir. Pasiyentlərin ¼ hissəsində residivlərə rast gəlinir. Ümumiyyətlə, müalicəyə nə qədər tez başlanılarsa, nəticələr bir o qədər qənaətbəxş olar. Həmçinin virus və residiv əleyhinə terapiya məqsədəuyğundur.

Xəstəliyin proqnozu və residivləşmə ehtimalı müalicənin vaxtında aparılması ilə yanaşı,  immun sistemin vəziyyətindən də asılıdır.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: