Yoğun bağırsağın xoşxassəli şişləri

Oxuma vaxtı: 12 dəq Oxunma sayı: 1487

Yoğun bağırsağın xoşxassəli şişləri nədən yaranır?Yoğun bağırsağın xoşxassəli şişləri – bağırsaq divarının müxtəlif qatlarından inkişaf edən və metastazlaşmaya meylli olmayan törəmələrdir. Bu qrup xəstəliklər yoğun bağırsaq boyunca periodik ağrılar, anal dəlikdən az miqdarda qanaxmalar və nəcisin konsistensiyasının pozulması ilə təzahür edir. Xoşxassəli şişlərin diaqnostikasında kolonoskopiya, irriqoskopiya, rektoromanoskopiya, barmaqla rektal müayinə, nəcisdə gizli qanın təyini və qanın ümumi analizindən istifadə olunur. Müalicə şişlərin endoskopik yolla xaric edilməsindən və ya bağırsağın zədələnmiş hissəsinin rezeksiyasından ibarətdir.

  • Yaranma səbəbləri
  • Təsnifat
  • Bağırsaq şişlərinin əlamətləri
  • Diaqnostika
  • Bağırsaq şişlərinin müalicəsi
  • Proqnoz və profilaktika

Yoğun bağırsağın xoşxassəli şişləri barədə ümumi məlumat

Yoğun bağırsağın xoşxassəli şişləri müxtəlif quruluşa malikdir. Onlar adətən bağırsağın mənfəzində inkişaf edərək, digər orqanlara metastaz vermir. Yoğun bağırsağın xoşxassəli törəmələrinin ən geniş yayılmış forması epitel toxumasından başlanğıc götürən adenomatoz poliplərdir. Daha az hallarda lipoma, angioma, leyomioma və digər qeyri-epitelial şişlər aşkar edilir. Bu törəmələr əsasən 50 yaşdan yuxarı şəxslərdə müşahidə edilir.

Xəstəliyin uşaqlarda yaranan və uzun müddət simptomsuz gedən formaları mövcuddur. Onlara yoğun bağırsağın ailəvi polipozunu misal göstərmək olar. Bu patologiyanın təhlükəliyi şiş hüceyrələrinin differensiasiya qabiliyyətinin itirilməsi səbəbindən onun xərçəngə transformasiyası ilə bağlıdır. Kolorektal lokalizasiyalı xoşxassəli şişlərin diaqnostika və müalicəsi proktoloq, onkoloq, qastroenteroloq və abdominal cərrah tərəfindən həyata keçirilir.

Yoğun bağırsağın xoşxassəli şişlərinin yaranma səbəbləri

Yoğun bağırsağın xoşxassəli şişlərinin səbəbləriYoğun bağırsağın xoşxassəli şişlərinin etiologiyası sona qədər öyrənilməmişdir. Bağırsaq törəmələrinin inkişafında mühüm rol oynayan amillərdən biri irsiyyətdir: qohumlarında bağırsaq polipinin aşkarlandığı şəxslərdə kolorektal lokalizasiyalı xoşxassəli şişlərin yaranma riski yüksək olur.

Bu patoloji proses yağlı qidaların həddindən artıq qəbulu və gündəlik rasionda sellüloza ilə zəngin məhsulların azlıq təşkil etməsi nəticəsində baş verə bilər. Xroniki qəbizlikdən əziyyət çəkən insanlar yoğun bağırsağın xoşxassəli neoplaziyalarının yaranmasına meylli olur. Bir sıra hallarda xəstəlik qeyri-spesifik xoralı kolit, yoğun bağırsağın xroniki iltihabı və Kron xəstəliyi fonunda inkişaf edir. Patologiyanın risk amilləri sırasında həmçinin siqaretdən uzun müddət istifadə, aşağı fiziki aktivlik və yaş faktoru (>50) qeyd olunur.

Yoğun bağırsağın xoşxassəli şişlərinin təsnifatı

Yoğun bağırsağın xoşxassəli şişlərinə lipoma, leyomioma, limfangioma, nevrinoma, fibroma, hemangioma, adenomatoz poliplərə və xovlu şişlər aiddir. Bu kateqoriyaya həm də yoğun bağırsağın ailəvi polipozu və karsinoid şişlər daxil edildir. Yuxarıda qeyd olunduğu kimi yoğun bağırsağın ən çox rast gəlinən növü epitel mənşəli adenomatoz poliplərdir. Qeyri-epitelial genezli xoşxassəli şişlər  arasında lipomaya daha sıx təsadüf olunur. Yayılma tezliyinə görə lipoma poliplərdən bir qədər geridə qalır. Onlar digər törəmələrdən yumşaq konsistensiyasına görə seçilir.

Yoğun bağırsağın xoşxassəli neoplaziyalarının nadir növü birləşdirici toxumadan inkişaf edən və əsasən yaşlı şəxslərdə müşahidə olunan fibromadır. Saya əzələ liflərindən başlanğıc götürən leyomioma da nadir rast gəlinən forma hesab olunur. Nevrinomalar kiçik ölçülü olub, selikli və seroz qişanın daxilinə böyüyür. Hemanginoma yoğun bağırsağın damarlarından əmələ gəlir, düz bağırsağın sərhəddinə yaxın yerləşir. Xoşxassəli şişlərin bu forması digər növlərlə müqayisədə bağırsaq qanaxmalarına daha çox meylli olur.

Yoğun bağırsağın xoşxassəli şişlərinin əlamətləri 

Yoğun bağırsağın xoşxassəli şişlərinin əlamətləriYoğun bağırsağın xoşxassəli şişlərinin klinik simptomatikası onların ölçülərindən asılıdır. Kiçik ölçülü törəmələr çox zaman heç bir klinik əlamətlə özünü büruzə vermir, adətən endoskopiya zamanı təsadüfən aşkarlanır. Ölçüləri 2 sm-dən böyük olan törəmələr defekasiya zamanı qanlı ifrazatlarla, eləcə də şişin strukturu və lokalizasiyasına müvafiq digər əlamətlərlə təzahür edir. Bundan əlavə xoşxassəli şişlər qarında müxtəlif intensivlikli ağrılarla müşayiət olunur. Ağrı əsasən qarnın yan hissələrində lokalizasiyalaşaraq, sızıltılı və ya tutmaşəkilli xarakter daşıyır. Ağrı hissi defekasiya aktından əvvəl güclənir, bağırsağın boşalmasından sonra isə zəifləyir.

Xoşxassəli törəmələr zamanı nəcisin konsistensiyasının dəyişməsi: ishal və ya qəbizlik müşahidə oluna bilər. Şişin qanaması anemiyanın yaranmasına səbəb olur. Bu zaman halsızlıq, dərinin solğunluğu, əmək qabiliyyətinin zəifləməsi qeydə alınır. Yoğun bağırsağın xoşxassəli şişləri periodik olaraq, qarında köp, qusma və ya tenezmlərlə təzahür edir. Onların bədxassəli törəmələrdən fərqləndirici xüsusiyyəti patologiya zamanı şiş intoksikasiyasının əlamətlərinə: bədən kütləsinin azalması, güclü tərləmə, zəiflik və iştahsızlığa rast gəlinməməsidir.

Yoğun bağırsağın diffuz polipi adətən bağırsaqdan vaxtaşırı axan qanlı ifrazatlarla müşayiət olunur. Bu da babasilin əlamətlərini xatırladır. Qanlı axıntı əsasən qarnın aşağı hissəsində tutmaşəkilli ağrıdan və ya defekasiya aktından sonra yaranır. Qanaxma əksər hallarda poliplərin S-vari və düz bağırsaq nahiyəsində yerləşdiyi hallarda baş verir. Diffuz polipoz fəsadlaşmadıqda xəstənin ümumi vəziyyətində pisləşmə qeyd olunmur. Bundan əlavə xəstəliyin ağırlaşmamış formalarında palpasiya zamanı yoğun bağırsağın proyeksiyasında ağrı müşahidə edilmir. Lakin iri ölçülü poliplər təhlükəli ağırlaşma sayılan tam və ya hissəvi bağırsaq keçməməzliyinə gətirib çıxara bilər.

Yoğun bağırsağın xoşxassəli şişlərinin diaqnostikası

Yoğun bağırsağın xoşxassəli şişlərinin diaqnostikasında laborator və instrumental müayinə üsullarından istifadə olunur. Proktoloqun baxışı əksər hallarda qeyri-informativ sayılır. Bəzən dəridə solğunluq və anusdan qanlı ifrazatlar nəzərə çarpır.

Laborator üsullar arasında qanın ümumi analizinə xüsusi yer verilir. Müayinə prosesində eritrositlər  və hemoqlobinin səviyyəsinin azalması qeydə alınır. Anemiya əlamətləri əsasən yoğun bağırsağın çoxsaylı qanayan poliplərində müşahidə edilir. Xoşxassəli şişlər selikli qişanın iltihabı, eroziya və ya ikincili infeksiyanın qoşulması ilə ağırlaşdıqda qanın ümumi analizində leykositlərin miqdarının artması və EÇS-nin yüksəlməsi izlənilir. Nəcisdə gizli qanın təyini baxış zamanı üzə çıxarılmayan kiçik həcmli qanaxmaları aşkar etməyə imkan verir.

Yoğun bağırsağın rentgenoloji müayinəsi – irriqoskopiya bağırsağa kontrast maddənin (barium) yeridilməsi ilə aparılır. Bu müayinənin köməyilə selikli qişanın qüsurları müəyyən olunur. Yoğun bağırsağın xoşxassəli şişlərinin rentgenoloji meyarı selikli qişanın relyefinin dəyişilmədiyi halda hamar, düz və dəqiq sərhədlərə malik hərəkətli dolma defektinin olmasıdır. Bu əlamət xoşxassəli törəmələrin bədxassəli şişlərlə differensiasiyasına kömək edir.

Xoşxassəli törəmələrin diaqnostikasının vacib üsulu yoğun bağırsağın müxtəlif şöbələrinin endoskopiyasıdır. Rektoromanoskopiya vasitəsilə düz bağırsaq və yoğun bağırsağın aşağı şöbələri müayinə olunur. Kolonoskopiya bağırsağın bütün hissələrinin vizualizasiyasına şərait yaradır. Bu diaqnostik prosedur zamanı götürülən bioptatlar morfoloji müayinəyə göndərilir və analizin nəticələrinə əsasən müalicə taktikası təyin edilir.

Əksər hallarda (60-75%) yoğun bağırsağın xoşxassəli şişləri rektoskop və ya kolonoskop vasitəsilə aydın şəkildə vizualizasiya olunur. Poliplər selikli qişaya enli esas və ya nazik ayaqcıqla birləşirlər. Yoğun bağırsağın xoşxassəli şişlərinin selikli qişası adətən normal çəhrayı rəngdə olur. Bəzi hallarda isə o, bönövşəyi çalar alaraq, ətraf toxumalardan fərqlənir. İltihablaşma zamanı xoşxassəli şişlərin selikli qişası ödemli və hiperemiyalı olur. Eroziya hallarında selikli qişada ödemli kənarlara malik, fibrinoz ərplə örtülü qüsur müşahidə edilir.

Yoğun bağırsağın xoşxassəli şişlərinin müalicəsi

Müalicə cərrahi yolla aparılır. Bu qrup xəstəliklərdə farmakoterapiya qeyri-effektiv sayılır.  İstənilən lokalizasiyalı polipoz xərçəngönü xəstəlik sayıldığından onun cərrahi yolla aradan qaldırılması məsləhət görülür. Tək-tək yerləşən poliplər endoskopik elektrokoaqulyasiya və ya çənbər bağırsağın rezeksiyası ilə ləğv edilir. Yüksək maliqnizasiya riskinə malik çoxsaylı polipoz zamanı çənbər bağırsağın radikal kəsilməsi – kolektomiya aparıla bilər. Bu tip cərrahi müdaxilələrdən sonra bağırsağın normal fəaliyyətini bərpa etmək məqsədilə rekonstruktiv əməliyyatlar icra olunur.

Yoğun bağırsağın digər xoşxassəli neoplaziyalarının müalicə taktikası törəmənin növündən, ölçüsündən, eləcə də ağırlaşmaların olmasından asılıdır. Tək saylı xoşxassəli şişlərin müalicəsində törəmələrin endoskopik yolla kəsilməsinə üstünlük verilir. Bu üsul aydın nəzərə çarpan ayaqcıqlı solitar şişlərdə tətbiq edilir. Əməliyyatdan 1 gün sonra pasiyentlər adi həyat tərzinə qayıda bilir.

Xaric olunmuş törəmə mütləq qaydada histoloji müayinəyə göndərilir, onun morfoloji quruluşu və tərkibində bədxassəli hüceyrələrin olmaması dəqiqləşdirilir. Bəzi hallarda orqanqoruyucu və ya radikal əməliyyatlar həyata keçirilir. Yoğun bağırsağın xoşxassəli xəstəliyi sayılan angioma zamanı liqatura ilə bağlanma və ya kriodestruksiya göstəriş sayılır.

İri ölçülü xoşxassəli törəmələrin aradan qaldırılmasından 1 il sonra yeni poliplərin yaranmasına nəzarət etmək məqsədilə kontrol endoskopiya aparılır. Xaric edilmiş şişin yerində yenidən törəmə yaranarsa, neoplaziya təkrarən kəsilməlidir. Yeni poliplərə rast gəlinmədikdə növbəti diaqnostika 3 il sonraya təyin edilir.

Yoğun bağırsağın xoşxassəli şişlərinin proqnoz və profilaktikası

Yoğun bağırsağın xoşxassəli şişlərinin erkən diaqnostikası və düzgün müalicəsi zamanı proqnoz qənaətbəxş olur. Polip bədxassəli şişə transformasiya etdikdə xəstəlik ölümlə nəticələnə bilər. Xoşxassəli törəmələrin cərrahi müalicəsindən sonra residivləri vaxtında aşkar etmək üçün təkrar rektoromanoskopiya, irriqoskopiya və ya kolonoskopiya aparılır.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: