Bauhin qapağının çatışmazlığı  

17 Mart 2019 Oxuma vaxtı: 11 dəq Oxunma sayı: 8

bauhin qapağının çatışmazlığı Bauhin qapağının çatışmazlığı — ileosekal qapağın üzvi və ya funksional qüsuru olub, yoğun bağırsaq möhtəviyyatının nazik bağırsağa qayıtması ilə müşayiət edilir. Qapaq qüsuru sağ qalça nahiyəsində ağrı, dispepsiya, dilin boz ərplə örtülməsi və intoksikasiya əlamətləri ilə təzahür edir. Diaqnoz koproqramma, nəcisin bakterial müayinəsi, irriqoskopiya və video-kapsul endoskopiyanın nəticələrinə əsasən qoyulur. Müalicə məqsədilə maqnezium və antibakterial vasitələrdən istifadə olunur. Terapiyaya rezistent vəziyyətlərdə bauhinoplastika aparılır.

  • Yaranma səbəbləri
  • Patogenez
  • Bauhin qapağının çatışmazlığının əlamətləri
  • Ağırlaşmalar
  • Diaqnostika
  • Bauhin qapağının çatışmazlığının müalicəsi
  • Proqnoz və profilaktika

Bauhin qapağının çatışmazlığı barədə ümumi məlumat

İleosekal qapaq – qalça-kor bağırsaq dəliyini örtən 25-28mm uzunluqda horizontal, qapalı, dodaq şəkilli anatomik strukturdur. Bauhin qapağı bəzən yumru, yarıq formasında və ya nazik bağırsağın yoğun bağırsağa invaginasiyası nəticəsində qabarıq olur. Qapağın reflektor açılıb bağlanması 4 litrə qədər nazik bağırsaq ximusunun kor bağırsağa pasajını təmin edir. Bauhin qapağın yeganə areflükslü qapaq olub, fizioloji və ekoloji cəhətdən bir-birindən əhəmiyyətli dərəcədə fərqlənən nazik və yoğun bağırsaq biotoplarını ayırır. Bauhin qapağının çatışmazlığı zamanı sekoileal reflüksün klinik şəkli meydana çıxır.

Bauhin qapağının çatışmazlığının yaranma səbəbləri

Xəstəliyin inkişafı həm ileosekal keçidin anatomik xüsusiyyətləri (qapayıcı funksiyanın birincili pozulması), həm də həzm traktının bu sahəsində patoloji proseslərlə (ikincili pozulma) əlaqəli ola bilər. Klinik proktologiya sahəsinin mütəxəssisləri tərəfindən bauhin qapağının başlıca səbəbləri ayırd edilmişdir:

  • İleosekal qapağın anadangəlmə anomaliyaları. Bauhin qapağının anatomik defekti adətən dizontogenetik mənşəli olur. Onun yuxarı və aşağı dodaqlarının formalaşması hestasiyanın 8-20-ci həftələrində – bağırsağın inkişafının kritik dövrlərində bətndaxili virus infeksiyaları, radiasiya və embriotoksik kimyəvi maddələrin teratogen təsirindən pozula bilər.
  • Birləşdirici toxumanın differensiasiya olunmamış displaziyası. Bauhin qapağının funksional çatışmazlığı bağırsaq divarındakı birləşdirici toxuma liflərinin quruluşunun dəyişməsi nəticəsində baş verir. Kollagenopatiyalar adətən iri olub, sistemli xarakter daşıyır, eləcə də onurğanın əyilməsi, yastıpəncəlik, varikoz xəstəliyi, miopiya (yaxından görmə) və s. ilə özünü büruzə verir.
  • Nazik və yoğun bağırsağın iltihabı. İleosekal keçidin yığılma qabiliyyətinin pozulması infeksion və qeyri-infeksion enterit, kolit və bauhin qapağının iltihabı (bauhinit) fonunda yaranır. İltihabi proseslər zamanı bauhin qapağının çatışmazlığı bağırsaq divarının hüceyrə elementləri ilə infiltrasiyası, lokal fibroz və sklerotik dəyişikliklərlə bağlı olur.
  • Bauhin qapağının gərilməsi. Qalça və kor bağırsağı ayıran qapağın funksional çatışmazlığı koprostaz və yoğun bağırsaqda təzyiqin yüksəlməsi zamanı müşahidə edilir. Mexaniki dilatasiya səbəbindən ileosekal qapağın çatışmazlığı qəflətən (kəskin formalı yoğun bağırsaq keçməməzliyində) və ya tədricən (dolixokolon, Hirşprunq xəstəliyi) formalaşır.
  • Cərrahi müdaxilələr. Xəstəliyin yatrogen formalarına nazik və yoğun bağırsaq üzərində aparılan əməliyyatların cərrahi texnikasına düzgün əməl olunmadıqda bauhin qapağının zədələnməsi zamanı rast gəlinir. Bundan əlavə keçid nahiyəsində bağırsağın normal yığılma qabiliyyəti appendisit, sağtərəfli adneksit və peritonitdən sonra itirilə bilər.

Bauhin qapağının çatışmazlığının patogenezi

İleosekal qapaq çatışmazlığının inkişaf mexanizmi xəstəliyin yaranma səbəbindən asılıdır. Anadangəlmə qüsurlar və mexaniki dilatasiya zamanı qalça-kor bağırsaq dəliyi müvəqqəti və ya daim açıq qalır. Birləşdirici toxuma displaziyasının rast gəlindiyi xəstələrdə lifli strukturların yüksək elastikliyi qapağın yoğun bağırsaq möhtəviyyatının təzyiqinə davamlığını zəiflədir. İltihabi və postoperasion pozğunluqlar üçün bağırsaq divarının yığılma qabiliyyətinin pozulması xarakterikdir.

Sonrakı patogenez yoğun bağırsaq möhtəviyyatının kor bağırsağa qayıtması, onun yad flora ilə kolonizasiyası, qıcqırma və cürümə prosesləri ilə bağlıdır. Bakteriyaların həddindən artıq çoxalması xroniki enterokolitin inkişafına səbəb olur. İntensiv şəkildə artan bağırsaq mikroflorasının həyat fəaliyyəti məhsullarının sorulması nəticəsində autointoksikasiya baş verir, immun reaktivlik azalır, allergik reaksiyalar güclənir. Ağır hallarda prosesə MBT-nin qalxan reflükslərinin kaskadı cəlb olunur.

Bauhin qapağının çatışmazlığının əlamətləri  

bauhin qapağının çatışmazlığı Bauhin qapağının çatışmazlığının klinik şəkli adətən həzm traktının digər patologiyaları fonunda tədricən inkişaf edir. Pasiyentlər sağ qalça nahiyəsində ağrılardan şikayət edir. Artıq miqdarda ağır qida qəbulundan sonra ağrı güclənə bilir. Patologiya üçün dispeptik əlamətlər: çürüntülü gəyirmə, meteorizm, epiqastral nahiyədə diskomfort səciyyəvidir. Xəstənin dili boz ərlə örtülü olur.

Əlamətlərin digər qrupunu bağırsağın funksional pozğunluğu nəticəsində yaranan bağırsaqdan kənar əlamətlər təşkil edir. Dəri və gözlə görünən selikli qişaların avazıması, tez-tez təkrarlanan baş ağrıları və baçgicəllənmə, fiziki yüklənmə zamanı təngnəfəslik anemiyadan xəbər verir. Xəstəliyin uzunmüddətli gedişində bədən kütləsinin əhəmiyyətli dərəcədə itirilməsi müşahidə edilir. Ümumi vəziyyətin pozulması əmək qabiliyyətinin azalması, depressiya və tez yorulma ilə özünü büruzə verir.

Bauhin qapağının çatışmazlığının ağırlaşmaları

Bauhin qapağının funksional çatışmazlığı zamanı 100% hallarda izafi bakterial artım sindromu qeydə alınır. Bu sindrom yoğun bağırsaq möhtəviyyatının kor bağırsaq boşluğuna atılması ilə əlaqədar yaranır. Nəticədə medikamentoz terapiyaya qarşı yüksək rezistentliyə malik xroniki enterokolit formalaşır. Pasiyentlərdə lientereya, steatoreya və daimi xarakterli meteorizm izlənilir.

İleosekal qapağın çatışmazlığı və selikli qişanın iltihabı zamanı qida maddələrinin həzmi pozulur. Xəstələrdə bədən çəkisinin proqressiv itirilməsi, hipoproteinemik ödemlər və hipovitaminoz əlamətləri müşahidə edilir. Əksər hallarda anemiyanın müxtəlif formalarına rast gəlinir. Patologiyanın ən ağır fəsadı işemiyaya uğrayan bağırsaq divarından mikrob florasının qarın boşluğuna keçməsi ilə peritonitin formalaşmasıdır.

Bauhin qapağının çatışmazlığının diaqnostikası

Xəstəliyin az-az hallarda müşahidə olunması və instrumental müayinə zamanı yaranan çətinliklər diaqnostika prosesini mürəkkəbləşdirir. İleosekal qapağın zədələnmə dərəcəsini təyin etmək və ağırlaşmaları aşkarlamaq məqsədilə aşağıdakı laborator-instrumental müayinələrdən istifadə olunur:

  • Nəcis analizi. Koproqrammada həzm olunmamış qida qalıqları, çoxlu miqdarda əzələ lifləri və nişasta dənələri izlənilir. Nəcis kütlələrinin turş reaksiyası bauhin qapağının kəskin iltihabına dəlalət edir. Patogen bakterial floranı müəyyən etmək üçün nəcisin bakterioloji əkilməsi icra olunur.
  • Bağırsağın retroqrad rentgenoqrafiyası. İleosekal qapağın çatışmazlığından əziyyət çəkən xəstələrdə ikiqat kontrastlaşdırma ilə aparılan irriqoskopiya yüksək informativliyi ilə seçilir. Müayinə zamanı kontrast maddənin qalça bağırsağın mənfəzinə reflüksü, nazik-yoğun bağırsaq keçidində konturların deformasiyası aşkarlanır.
  • Bağırsağın videoendoskopik müayinəsi. Kapsul endoskopiyadan nazik bağırsağın çətin görünən hissələrinin müayinəsində istifadə olunur. Rentgen şəkillər əsasında selikli qişanın vəziyyəti, bauhin qapağının deformasiyası, iltihabi prosesin əlamətləri qiymətləndirilir.

Qanın ümumi analizində qeyri-spesifik iltihabın simptomları – EÇS və leykositlərin səviyyəsinin yüksəlməsi müşahidə edilir. Qanın biokimyəvi analizində ümumi zülalın səviyyəsinin  enməsi, disproteinemiya aşkarlana bilər. Mürəkkəb hallarda nazik bağırsaq aspiratlarının əkilməsi yerinə yetirilir. İzafi bakterial artım sindromunu təsdiqləmək üçün işarələnmiş karbonla, disaxaridlərlə müxtəlif tənəffüs testləri aparılır.

Bauhin qapağının çatışmazlığı ilk növbədə qapağın iltihabı ilə differensiasiya edilir. Bu xəstəliklər oxşar klinik-instrumental şəkilə malikdir. Lakin bauhinit zamanı irriqoqrafiyada kontrast maddənin kor bağırsağa reflüksü baş vermir.  Qapaq çatışmazlığının kəskinləşməsi zamanı kəskin appendisitlə differensial diaqnostika aparılmalıdır. Göstərişlərə əsasən müayinə prosesinə qastroenteroloq və cərrahi cəlb oluna bilər.

Bauhin qapağının çatışmazlığının müalicəsi

Müalicə taktikası xəstəliyin səbəblərindən və klinik simptomatikanın ifadəliliyindən asılıdır. Qalça-kor bağırsaq keçidində kobud anatomik dəyişikliklər olmadıqda patogenezin ayrı-ayrı həlqələrinə təsir edən medikamentlərlə konservativ müalicə mümkündür. Müalicə sxeminə aşağıdakı dərman vasitələri daxil ola bilər:

  • Maqnezium-orotat. Bu preparatdan birləşdirici toxuma displaziyası fonunda bauhin qapağının birincili çatışmazlığında istifadə olunur. Asan mənimsənilən Mg ionları irsi kollagenopatiyalar üçün xarakterik olan maqnezium çatışmazlığını aradan qaldırır, fibroblastların kollagen sintez etmə qabiliyyətini yaxşılaşdırır.
  • Antibiotiklər. İzafi bakterial artım sindromu ilə assosiasiyalı disbioz zamanı əksər hallarda rifampisinin polusintetik törəmələri təyin edilir. Patogen mikrofloranın eliminasiyası orqanizmin autointoksikasiyasını azaldır. Xroniki bağırsaq infeksiyalarında antibiotikoterapiya mikrofloranın həssaslığı nəzərə alınmaqla aparılır.

Bauhin qapağın kobud anadangəlmə və ya qazanılmış dəyişiklikləri səbəbindən terapevtik müalicəyə rezistent funksional pozğunluqlar formalaşdıqda cərrahi korreksiya üsulları yerinə  yetirilir. Seçim əməliyyatı bauhinoplastikadır. Onun mahiyyəti ileosekal keçidin areflüksünün bağırsaqlararası yeni əlaqənin yaradılmasından ibarətdir.

Bauhin qapağının çatışmazlığının proqnoz və profilaktikası

Xəstəliyin sonluğu bauhin qapağının üzvi defektinin dərəcəsindən və patologiyanın aşkarlanma mərhələsindən asılıdır. Erkən dövrlərdə cərrahi əməliyyatın aparıldığı xəstələrdə proqnoz nisbətən qənaətbəxş olur. Əməliyyatın effektivliyi 87%-ə çatır.

Xəstəliyin profilaktikası həzm traktının iltihabi xəstəliklərinin erkən diaqnostikası və adekvat terapiyasından ibarətdir. Bundan əlavə qidalanma rejiminə nəzərət etmək, gündəlik rasionu bitki tərkibli qida lifləri ilə zənginləşdirmək məsləhət görülür.

 

 

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: