Xoralı siqmoidit

Oxuma vaxtı: 9 dəq Oxunma sayı: 2929

xoralı siqmoidit nədir?Xoralı siqmoidit – siqmavari bağırsağın iltihabi xəstəliyi olub, orqanın selikli qişasında dərin defektlərin yaranması ilə xarakterizə edilir. Xoralı siqmoidit ağrı, nəcisin konsistensiyasının pozulması, meteorizm, bağırsaq diskomfortu və fekal kütlələrdə patoloji qarışıqlarla təzahür edir. Patologiya polietioloji xəstəlik kimi inkişaf edə və ya qeyri-spesifik xoralı kolit zamanı yarana bilər. Xoralı siqmoiditin hər iki forması gediş xüsusiyyətlərinə, proqnoz və ağırlaşmalarına görə bir-birindən fərqlənir. Diaqnoz klinik əlamətlər, baxış, irriqoskopiya, endoskopiya və digər müayinələrin nəticələri əsasında qoyulur. Müalicə məqsədilə pəhriz, etiotrop və simptomatik terapiya təyin edilir. Bəzi hallarda cərrahi əməliyyat aparılır.

  • Yaranma səbəbləri
  • Xoralı siqmoiditin əlamətləri
  • Diaqnostikası
  • Xoralı siqmoiditin müalicəsi
  • Qeyri-spesifik xoralı kolit zamanı xoralı siqmoidit

Xoralı siqmoidit barədə ümumi məlumat

Xoralı siqmoidit seqmentar kolitin bir növüdür. Etiopatogenetik faktorlar və gediş xüsusiyyətlərinə əsasən xəstəliyin 2 forması ayırd edilir: kəskin (bağırsaq infeksiyaları, qəbizlik, siqmavari bağırsağın işemiyası zamanı yaranır) və xroniki (qeyri-spesifik xoralı koliti olan pasiyentlərin əksəriyyətində aşkarlanır).

Xoralı siqmoiditin I tipi bağırsağın perforasiyası ilə ağırlaşa bilir. Belə hallarda gələcəkdə bağırsağın çapıq deformasiyaları yaranır. II tip kəskinləşmə və remissiya dövrlərinin növbələnməsi ilə gedir, xoralar səthi yerləşir, perforasiya və kobud strikturalara rast gəlinmir. Patologiya çox zaman xoralı proktitlə birgə inkişaf edir.

Xoralı siqmoiditin yaranma səbəbləri

Xoralı siqmoiditin yaranma səbəbləriKəskin xoralı siqmoidit kəskin siqmoiditin ən ağır formasıdır. Xəstəlik bir neçə amilin müştərək formada təsirindən yaranır. Xoralı siqmoiditin yaranma səbəblərinə kəskin bağırsaq infeksiyaları, helmintozlar, yerli qan dövranının pozulması, bağırsaq divarının bərk nəcis kütlələri ilə mexaniki zədələnməsi, yağlı, duzlu, ədəvalı qidaların və spirtli içkilərin həddindən artıq qəbulu, yüksək dozalı ionlaşdırıcı şüalanma aiddir.

Klinik proktologiya sahəsinin mütəxəssislərinin fikrincə disbakterioz zamanı xoralı siqmoiditin inkişaf ehtimalı yüksəlir. Çünki bağırsaq mikroflorasının pozulması patogen mikroorqanizmlərin çoxalması üçün əlverişli şərait yaradır. Xoralar adətən eroziyalardan sonra formalaşır. Xəstəlik vaxtında və düzgün formada müalicə olunmadıqda, eləcə də zərərli amillərin təsiri aradan qaldırılmadıqda eroziyalar dərinləşir, eroziv siqmoidit xoralı formaya keçir.

Xoralı siqmoiditin əlamətləri

Xoralı siqmoiditin əlamətləriXoralı siqmoiditin xarakterik klinik təzahürlərinə ağrı, tenezmlər, nəcisin konsistensiyasının pozulması, bağırsaq diskomfortu və fekal kütlələrdə patoloji qarışıqlar aiddir. Ağrılar intensiv, sancışəkilli olub, bəzən kəskin appendisitdə yaranan ağrı sindromunu xatırladır. Bu da hərəkətli siqmavari bağırsağın sağa doğru yerdəyişməsi və ya soxulcanabənzər çıxıntının qeyri-tipik lokalizasiyası (bağırsağın transpozisiyası) zamanı diaqnostikanı çətinləşdirir. Pasiyentlərin əksəriyyəti ağrının bel, aralıq və sol aşağı ətrafa yayıldığını qeyd edirlər. Xəstə sol ayağını qaldırmağa cəhd göstərdikdə ağrı sindromu güclənir.

Xoralı siqmoiditdə qəbizliyə az rast gəlinir. Nəcisin konsistensiyasının pozulması adətən ishalla təzahür edir. Nəcis durulaşır, qan qarışıqları ilə əlaqədar ət suyunu xatırladır. Normal defekasiyalar tez-tez təkrarlanan tenezmlərlə növbələnir. Defekasiyaya çağırışlar selik, qan və ya irin ifrazı ilə nəticələnə bilir. Xəstəliyin digər (qeyri-xoralı) formalarına nisbətən xoralı siqmoidit zamanı qanaxmalar daha intensiv olur. Xoralar dərinləşdikdə bağırsaq divarının dərin qatlarının destruksiyası yoğun bağırsağın perforasiyasına, nəcis peritonitinin inkişafına səbəb olur.

Xoralı siqmoiditin diaqnostikası

Xoralı siqmoiditin diaqnostika prosesində sorğu, fizikal müayinə, laborator analizlər və instrumental üsulların nəticələrindən istifadə olunur. Sorğu zamanı xəstəliyin yaranmasına səbəb ola biləcək faktorlar araşdırılır, şikayətlər dəqiqləşdirilir, patologiyanın inkişaf dinamikası müəyyən edilir. Qarın nahiyəsini palpasiya edərkən sol tərəfdə ağrı aşkarlanır. Siqmavari bağırsaq sağa doğru yerini dəyişdikdə ağrı göbəkətrafı və ya sağ qalça nahiyəsində yarana bilər.

Nəcis analizi fekal kütlələrdə qan, irin və seliyin olmasını təsdiqləyir. Xüsusi analizləri köməyilə helmintlər və bağırsaq infeksiyalarının törədiciləri üzə çıxarılır. Erkən mərhələlərdə anus nahiyəsinə baxış keçirərkən heç bir patoloji dəyişiklik müşahidə olunmur. Xoralı siqmoiditlə proktit birgə inkişaf etdikdə əvvəlcə sfinkterin spazmı, sonralar isə boşalması qeydə alınır. Axırıncı halda perianal nahiyənin dərisində nəcis, qan, selik izlərinə və maserasiya sahələrinə rast gəlinir.

İrriqoskopiya prosesində selikli qişanın relyefinin dəyişdiyi aşkarlanır. Toksiki dilatasiya təhlükəsi olduqda və bağırsağın perforasiyasından şübhələndikdə bu üsulun tətbiqi qadağandır. Belə vəziyyətlərdə irriqoskopiya icmal rentgenoqrafiya ilə əvəz olunur.

Xoralı siqmoiditin ən informativ müayinə üsulu rektoromanoskopiya və kolonoskopiyadır. Onların köməyilə iltihabi prosesin yayılması, xoraların ölçü və dərinliyi vizual olaraq, qiymətləndirilir. Müayinə prosesi biopsiya ilə tamamlanılır.

Xoralı siqmoiditin müalicəsi

Müalicə konservativ yolla aparılır. Pasiyent proktoloji şöbəyə hospitalizasiya olunur. Yataq rejimi və xüsusi pəhriz təyin edilir. Qida rasionundan bağırsağı qıcıqlandıran məhsullar çıxarılır. Yeməklərin buxarda hazırlanması məsləhət görülür. Ağır formalı xoralı siqmoiditdə bir neçə gün ərzində yalnız zəruri miqdarda su qəbulu məqsədəuyğundur. Maye itkisinin, qida maddələrinin, duz və vitaminlərin bərpasına ehtiyac yarandıqda infuzion terapiya icra olunur.

Pəhrizlə yanaşı etiotrop müalicə aparılır. Bağırsaq infeksiyaları ilə assosiasiyalı xoralı siqmoiditdə antibakterial vasitələr, helmintozlarda – antihelmint preparatlar tətbiq edilir. Xəstəliyin radiasion formasında şüa terapiyası dayandırılır və ya şüalanmanın dozası korreksiya olunur.

Xoralı siqmoiditli xəstələrə simptomatik vasitələr (spazmolitiklər, büzücü preparatlar) təyin edilir. Kəskin hallar aradan qaldırıldıqdan sonra bağırsaq mikroflorasını normaya salmaq üçün probiotiklərdən istifadə olunur. Bağırsağın perforasiyası və kəskin işemiya nəticəsində orqanın divarının nekrozu cərrahi müdaxiləyə göstəriş sayılır. Uzaq dövrlərdə bağırsağın çapıq strikturalarını ləgv etmək üçün əməliyyat tələb oluna bilər.

Qeyri-spesifik xoralı kolit zamanı xoralı siqmoidit  

Bu patologiyada siqmavari bağırsağın zədələnmə səbəbləri sona qədər müəyyənləşdirilməmişdir. Mütəxəssislərin fikrincə qeyri-spesifik xoralı kolitin yaranmasında irsi meyllik mühüm rol oynayır. Lakin xoralı siqmoiditin və qeyri-spesifik xoralı kolitin digər formalarının inkişafına cavabdehlik daşıyan genlər hələlik tibb elminə məlum deyil.

Xəstəliyin formalaşmasında iştirak edən faktorlar arasında genetik amillərlə yanaşı, bakterial və virus infeksiyaları, siqaretdən istifadə, qidalanma pozğunluqları, oral kontraseptivlər qeyd olunur. Onun patogenezində autosensibilizasiya və immunitetin zəifləməsi mühüm əhəmiyyət kəsb edir.

Patologiyanın xarakterik əlamətlərinə ishal və bağırsaq qanaxmaları aiddir. Defekasiya aktlarının sayı gün ərzində 20 dəfəyə qədər və daha çox arta bilir. Sutkalıq qanitirmə orta hesabla 100-300ml olur. Sancışəkilli ağrıların intensivliyi qeyri-spesifik xoralı kolitlə bağlı olmayan xoralı siqmoiditlə müqayisədə zəif olur. Xəstələrdə halsızlıq, yuxu və iştah pozğunluğu, əsəbilik, emosional labillik müşahidə edilir.

Xoralı siqmoiditli bəzi pasiyentlərdə bağırsaqdankənar təzahürlər aşkarlanır. Onlar oynaqların (artralgiya), gözlərin (uveit, episklerit), qaraciyər və öd yollarının (piy distrofiyası, sklerozlaşdırıcı xolangit), dərinin (düyünlü eritema, piodermiya) autoimmun zədələnmələri ilə assosiasiyalı olur. Nadir hallarda böyrəklər, qalxanabənzər vəzi və qan sisteminin patologiyalarına rast gəlinir.

Xoralı siqmoiditin gedişi adətən xroniki olur. Müxtəlif ağırlıq dərəcəsinə malik kəskinləşmələr bir neçə ay ərzində davam edən remissiyalarla növbələnir. İri ölçülü coxsaylı defektlərin yaranmasına baxmayaraq, xoralı siqmoiditin bu tipi üçün kobud strikturalar və bağırsağın perforasiyası xarakterik deyildir. Çünki xoralar səthi olur və əksər hallarda əzələ qatını zədələmir.

Müayinə sxemi qeyri-spesifik xoralı kolitlə bağlı olmayan xoralı siqmoiditə analojidir. Müalicə dövründə pəhriz təyin edilir. Salazopiridazin, salofalk, sulfosalazin və onun analoqları ilə iltihabəleyhinə terapiya aparılır. Qlükoza, amin turşuları və elektrolit məhlulları infuziya şəklində venadaxili yeridilir. Qeyri-hormonal iltiahabəleyhinə terapiya effekt vermədikdə və xoralı siqmoiditin ağır formalarında qlükokortikoidlər (predniazolon, deksametazon) tətbiq olunur.

Tez-tez təkrarlanan qanaxmaların anemiya ilə nəticələndiyi hallarda dəmir preparatlarından istifadə edilir, bəzən eritrositar kütlə köçürülür. Xəstənin vəziyyəti yaxşılaşdıqdan sonra probiotiklər təyin olunur.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: