Qırmızı nəcis

Oxuma vaxtı: 10 dəq Oxunma sayı: 1499

Qırmızı nəcis nədir?Qırmızı nəcis — babasil, ağır bağırsaq infeksiyaları, bağırsağın iltihabi xəstəlikləri və bədxassəli şişlərin əlamətlərindən sayılır. Dəqiq səbəbi aydınlaşdırmaq üçün koproqramma, kolonoskopiya, MBT orqanlarının kontrast rentgenoqrafiyası aparılır. Patologiya antibiotiklər, anestetiklər, cərrahi yollarla aradan qaldırılır.  

  • Səbəbləri
  • Diaqnostika
  • Müalicə

Qırmızı nəcisin səbəbləri

Bəzi məhsulların qəbulu

Qırmızı nəcisin səbəbləriÇuğundur, tomat və giləmeyvələr çoxlu miqdarda qəbul edildikdə nəcis qırmızı rəngə boyanır. Həmçinin qazlı içkilər və bəzi konfetlərin tərkibindəki boya maddələri nəcisin qızarmasına səbəb olur. Belə hallarda nəcis adi konsistensiyaya malik olur, defekasiyanın tezliyi dəyişmir. MBT tərəfdən digər xoşagəlməz əlamətlərə rast gəlinmir. 1-2 gündən sonra nəcis kütlələrinin rəngi normallaşır.

Babasil

Qırmızı nəcisin müalicəsiGenişlənmiş hemorroidal düyünlər xəstəliyin başlanğıc mərhələlərindən etibarən qanamaya başlayır. Bu zaman nəcis adi rəngdə olur, sadəcə üzərində qan damcılarına təsadüf olunur. Düz bağırsaq sfinkterinin reflektor spazmı ilə əlaqədar defekasiyanın tezliyi həftədə 3-4 dəfəyə qədər azalır. Babasil üçün anal dəlik nahiyəsində ağrı xarakterikdir. Nəcis ifrazı ağrını daha da gücləndirir.  

Xəstəlik proqressivləşdikcə və venoz düyünlərin ölçüsü artdıqca hemorroidal qanaxmalar tezləşir. Nəcis məlhəməbənzər və yaxud duru konsistensiyada xaric olunur. Qanaxmanın miqdarı artdığından nəcisin rəngi qızarır. Hemorroidal venalar xoralaşdıqda profuz qanaxma baş verir. Belə vəziyyətlərdə nəcis əvvəlki halını itirir, anal dəlikdən al-qırmızı qan ifraz olunur.

Düz bağırsağın digər xəstəlikləri

Qırmızı nəcis iltihabi proseslərlə də əlaqəli ola bilər. Kəskin eroziv proktitlərdə zədələnmiş selikli qişanın qanaması nəticəsində nəcisin rəngi dəyişir. Prosesə bakterial infeksiya qoşulduqda qan-irin qarışıqlı, duru konsistensiyalı nəcis müşahidə edilir. Həmçinin pasiyentlər anal nahiyədə daimi ağrılardan şikayət edirlər. Ağrı sindromu aralıq və büzdümə də yayılır.  

Qırmızı rəngli nəcis həm də anal çatın təzahürlərindən hesab olunur. Bu patologiya üçün defekasiya zamanı şiddətli ağrı və qan qarışıqlı nəcis ifrazı səciyyəvidir. Əksərən əlamətlər uzunmüddətli qəbizlik zamanı insan gücəndikdə meydana çıxır, çünki quru nəcis ifraz olunarkən bağırsağın selikli qişasını zədələyir. Qadınlarda anal çat çox vaxt doğuşdan sonra formalaşır.  

İnfeksiyalar

Nəcisdə qırmızı izlər dizenteriyanın xarakterik əlamətidir. Bakterial toksinlər bağırsaq divarını zədələyir, həmin sahələrdən qan ifraz olunur. Nəcis duru və qan-selik qarışıqlı olur. Ağır formalarda defekasiya aktlarının tezliyi sutkada 10-12 dəfəyə qədər yüksəlir. Xəstələri qarında, xüsusən sol tərəfdə yaranan güclü spazmlar narahat edir.  

İri həcmdə, qırmızı nəcis bəzən qarın yatalağının 3-4-cü həftəsində izlənilir. Bu, xəstəliyin səbəb olduğu xoranın qanaması ilə bağlıdır. «Moruq jelesi» formasında, qan və selik qarışıqlı nəcis amöbiazın patoqnomik əlamətidir. Qırmızı nəcislə bərabər qarında güclü ağrılar, ürəkbulanma və qusma yaranır. Sadalanan əlamətlərlə qarşılaşdıqda təcili yardım çağırılmalıdır.  

Bağırsağın iltihabi xəstəlikləri

Kron xəstəliyiqeyri-spesifik xoralı kolitdə qanayan, dərin xoralar formalaşır. Qırmızı nəcis daha çox qeyri-spesifik xoralı kolit üçün xarakterikdir, çünki bu patologiya bağırsağın distal hissələrini zədələyir. İmperativ ağrılı defekasiya çağırışları fonunda al qırmızı qanla qarışıq az miqdarda nəcis ifraz olunur. Stress vəziyyətləri, qidalanma pozğunluqları, yanaşı gedən bağırsaq infeksiyaları xəstəliyin kəskinləşməsinə gətirib çıxarır. 

Törəmələr

Bəzən qırmızı nəcis yoğun bağırsağın poliplərində və digər xoşxassəli şişlərdə müşahidə edilir. Buna xoralarla örtülən törəmələrin bərk nəcislə daim zədələnməsi səbəb olur. Bağırsaq xərçəngində qırmızı rəngli nəcisə daha çox rast gəlinir. Bu,  şişin sürətlə xoralaşması və prosesə damarları cəlb etməklə parçalanması ilə izah olunur. Eləcə də xəstələrdə qarın boşluğunda küt ağrılar, uzunmüddəli qəbizlik, kəskin arıqlama qeydə alınır.

Farmakoterapiyanın ağırlaşmaları

Əksər hallarda nəcisin rənglənməsi vərəm əleyhinə preparat – rifampisinlə uzunmüddətli müalicə zamanı baş verir. Bu preparat qırmızı rəngdə olub, orqanizmə düşəndə metabolitlərə çevrilir və müxtəlif yollarla bədəndən xaric edilir. Bununla əlaqədar nəinki nəcis, həm də sidik, göz yaşı və tər qırmızı rəngə boyanır. 

Risampisindən savayı, A vitaminin yüksək dozalarda uzun müddət qəbul olunması nəcisin qeyri-tipik rəng alması ilə müşayiət edilə bilər.

Qırmızı nəcisin diaqnostikası

Qırmızı rəngli nəcis ağrı və MBT funksiyalarının pozulması ilə müştərək formada formalaşdıqda qastroenteroloqa müraciət olunmalıdır. Diaqnostika prosesində laborator və instrumental üsullardan istifadə olunur:  

  • Koproqramma. Nəcisdə qanın olması Qreqersen reaksiyası ilə təsdiqlənir. Mikroskopik analizdə həzm olunmayan qida qalıqlarının miqdarı və leykositlər qiymətləndirilir. Qırmızı rəngin infeksion səbəblərlə əlaqəsindən şübhələndikdə nəcis qidalı mühitə əkilir. Qeyri-spesifik xoralı kolitin diaqnostikası üçün fekal kalprotektinin səviyyəsi müəyyənləşdirilir.  
  • Endoskopiya. MBT-nin aşağı şöbələrinin xəstəliklərində endoskopik müayinə ən informativ üsuldur. Yoğun bağırsağın distal hissələrinin vəziyyətini yoxlamaq üçün rektoromanoskopiya və siqmoskopiya təyin edilir. Kolonoskopiya yoğun bağırsağın bütün sahələrini izləməyə imkan verir. Prosedur əsnasında şübhəli sahələrdən bioptat götürülür.  
  • Rentgenoloji müayinə. Həzm traktının vəziyyətini kompleks qiymətləndirmək üçün barium məhlulu ilə retgenoqrafiya göstərişdir. Onun köməyilə bağırsaqda destruktiv dəyişikliklər, neoplaziyalar aşkar edilir. Kolonoskopiyanın aparılması qeyri-mümkün olduqda yoğun bağırsaq patologiyalarının diaqnostikasında ikiqat kontrastlaşdırma ilə irriqoqrafiyadan istifadə edilir.   
  • Laborator analizlər. Qanın ümumi analizində anemiyanın əlamətlərinə rast gəlinir. Anemiyanın ağırlıq səviyyəsi qanitirmənin dərəcəsindən asılıdır. Qırmızı rəngli nəcisin iltihabi səbəblərdən yarandığını təsdiqləmək üçün biokimyəvi analiz, genişləndirilmiş immunoqramma tətbiq edilir. Bağırsağı zədələyən bakterial infeksiyalar plazmada spesifik anticisimlərin tapılması ilə təsdiqlənir.  

Qırmızı nəcis zamanı müalicə

Diaqnoz qoyulana qədər yardım

Qeyri-tipik rəngli nəcis ifrazı qırmızı məhsulların qəbulu ilə əlaqəli olduqda heç bir müalicəyə ehtiyac yoxdur. Əgər bu əlamət qarında ağrı, ürəkbulanma və qusma ilə müşayiət olunarsa, həkimə müraciət edilməlidir. Bağırsaq qanaxmalarında təcili tibbi yardım mütləqdir.  

Konservativ müalicə

Həkim taktikası qırmızı nəcisin səbəblərdən asılıdır. Bağırsaq infeksiyalarında dərman preparatları ilə yanaşı, müalicəvi aclıq və yaxud pəhriz göstərişdir. Su-duz mübadiləsini korreksiya etmək üçün oral rehidratasiya məsləhət görülür. Dərman vasitələrinin qəbulu nəcisi qırmızı rəngə boyuyan əsas patologiyanın aradan qaldırılmasına yönəldilir. Müalicə prosesində adətən aşağıdakı qrup preparatlar təyin edilir:

  • Antibiotiklər. Bağırsaq qrupundan olan bakteriyalara təsir edən dərmanlardan istifadə edilir. Nəticəni gücləndirmək üçün bu preparatlar yalnız bağırsaq mənfəzində təsir göstərən lokal antibiotiklərlə kombinə edilir. Amöbiaz zamanı spesifik antiprotozoy preparatlar göstərişdir.  
  • Anestetiklər. Babasil və anal çat zamanı ağrı sindromu ön plana keçir. Onu yerli anestetiklərlə (şam və məlhəm formasında) sakitləşdirmək mümkündür. Dərmanlar xəstənin əhvalını yaxşılaşdırır, selikli qişanın defektlərinin tez sağalması üçün əlverişli şərait yaradırlar.  
  • 5-aminosalisil turşusunun törəmələri. Bu vasitələr qeyri-spesifik xoralı kolitin və Kron xəstəliyinin müalicəsində mühüm rol oynayır. Onlar güclü iltihabəleyhinə xüsusiyyətə malik olub, epitel toxumasının regenerasiyasını və bağırsaq xoralarının sağalmasını stimulə edirlər.    
  • Plazmaəvəzləyici məhlullar. İnfuzion terapiya sirkulyasiya edən qanın ümumi həcmini bərpa edir, ürəyin fəaliyyətini dəstəkləyir. Məhlulların tərkibində optimal konsentrasiyada zəruri elektrolitlər mövcuddur. Həmçinin vena daxilinə kolloid preparatlar, yeni dondurulmuş plazma yeridilir.  

Cərrahi müalicə

Babasil xəstəliyində cərrahi müdaxilələr – düyünlərin elastik həlqələrlə liqaturaya alınması, skleroterapiya, əsas daxili düyünlərin radikal kəsilməsi geniş tətbiq olunur. Yoğun bağırsağın iltihabi xəstəliklərinin ağır formalı residivləşən gedişində qanaxma və perforasiyanın qarşısını almaq üçün zədələnmiş hissənin kəsilməsi və anastomozun formalaşdırılması göstərişdir. Yoğun bağırsaq xərçəngində hemikolektomiya və yaxud total kolektomiya icra edilir. 

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: