Xroniki qəbizlik
Xroniki qəbizlik – bağırsağın xroniki formada təzahür edən funksional pozğunluğu olub, defekasiya aktının çətinləşməsi və ləngiməsi ilə müşayiət edilir. Patologiya funksional və ya üzvi, birincili və yaxud ikincili olur. Xroniki qəbizlik defekasiya aktları arasındakı intervalın uzanması, nəcisin bərkiməsi, bağırsağın tam boşalmaması hissi, dərindən gücənmə və işlədici vasitələrin qəbuluna ehtiyacın yaranması ilə təzahür edir. Diaqnoz şikayətlər, xəstəlik tarixi, baxış, qarnın palpasiyası, rektal müayinə, laborator analizlər və instrumental üsulların nəticələri əsasında qoyulur. Müalicə məqsədilə pəhriz, işlədici vasitələr və qeyri-medikamentoz terapiya təyin edilir.
- Yaranma səbəbləri
- Təsnifat
- Xroniki qəbizliyin əlamətləri
- Diaqnostika
- Xroniki qəbizliyin müalicəsi
Xroniki qəbizlik barədə ümumi məlumat
Xroniki qəbizlik (xroniki konstipasiya) – 6 ay və daha uzun zaman müddətində defekasiya aktlarının tezliyinin azalması və nəcis ifrazının çətinləşməsi ilə xarakterizə olunan simptomokompleksdir. Xroniki qəbizlik polietioloji patoloji vəziyyət hesab olunur. Müasir proktoloqlar tərəfindən sosial və tibbi problem kimi qiymətləndirilir. Pasiyentlər əksər hallarda həkimə müraciət etmədən özünü müalicə ilə məşğul olduğundan patologiyanın tezliyinə dair dəqiq məlumatlar mövcud deyil. Yaş artdıqca xroniki qəbizliyin yaranma ehtimalı yüksəlir.
Bəzən insanlar elə düşünürlər ki, qəbizlik defekasiya aktının sutkada 1 dəfədən az icra olunmasıdır. Belə yanaşma hiperdiaqnostikaya və işlədici vasitələrin əsassız şəkildə qəbuluna gətirib çıxarır. Əslində nəcis ifrazının gün və ya həftə ərzində 3 dəfəyə qədər təkrarlanması fizioloji norma sayılır. Xroniki qəbizlik üçün nəinki defekasiya aktları arasındakı zaman intervalının artması, həmçinin fekal kütlələrin miqdarının azalması, sıxlığının yüksəlməsi, nəcisin bərkiməsi, proses başa çatdıqdan sonra bağırsağın tam boşalmaması hissi xarakterikdir. Xroniki konstipasiya zamanı sadalanan əlamətlərin bir neçəsi və ya hamısı müşahidə oluna bilər.
Xroniki qəbizliyin yaranma səbəbləri
Xroniki qəbizliyə səbəb olan patoloji vəziyyətlərə aşağıdakılar aiddir: həzm traktının yuxarı şöbələrinin bəzi patologiyaları (xolesistit, qastrit, xora xəstəliyi), bitişmələr, şəkərli diabet fonunda polinevropatiya, bağırsağın funksiyalarının sinir tənziminin pozulması ilə müşayiət olunan MSS-nin travmatik zədələnmələri və xəstəlikləri, eləcə də piylənmə, portal hipertenziya, ağciyərin emfizeması və ürək çatışmazlığı.
Xroniki qəbizlik bəzi psixi pozğunluqlar, xüsusən depressiya zamanı yarana bilər. Nəcis ifrazının pozulmasına çox vaxt hamiləlik dövründə rast gəlinir. Yaşlı şəxslər qəbizliyə meylli olur, bu da onlarda bağırsaq möhtəviyyatının pasajının ləngiməsi və defekasiya aktında iştirak edən əzələlərin zəifləməsi ilə bağlıdır. Medikamentoz xroniki qəbizlik antidepressantlar, opiatlar, qanqlioblokatorlar və s. preparatların qəbulu zamanı inkişaf edir. Bəzən qəbizliyin səbəbini müəyyən etmək mümkün olmur.
Xroniki qəbizliyin formalaşmasında qüsurlu dövran – nəcis ifrazının pozulmasında iştirak edən bir sıra mexanizmlərin qarşılıqlı əlaqəsi mühüm rol oynayır. Xroniki konstipasiyanın inkişaf mexanizmləri sırasına stress halında, narahat və ya alışılmamış şəraitdə defekasiya aktının mümkünsüzlüyü, az hərəkətli həyat tərzi, bəzi dərman vasitələri ilə aparılan müalicə və s. daxildir.
Xroniki qəbizliyin təsnifatı
Yaranma səbəbləri və provokasiyaedici amillərə əsasən funksional və üzvi mənşəli xroniki qəbizlik ayırd edilir. Üzvi qəbizlik isə öz növbəsində mexaniki, yoğun bağırsağın anadangəlmə inkişaf qüsurları və qazanılma defektləri ilə assosiasiyalı proktogen formalara bölünür. Digər təsnifata görə xroniki qəbizlik birincili, ikincili və idiopatik olur. Birincili qəbizliyin inkişafı yoğun bağırsağın inkişaf anomaliyaları və bu anatomik zonanın innervasiyasının anadangəlmə pozğunluqları ilə bağlıdır.
İkincili qəbizlik yoğun bağırsağın xəstəlikləri və zədələnmələri (travmatik, posttravmatik), həzm sisteminin yuxarıda yerləşən şöbəərinin, digər orqan və sistemlərin patologiyaları, dərman preparatlarının qəbulu nəticəsində formalaşır.
İdiopatik xroniki qəbizlik yoğun bağırsağın motor funksiyasının naməlum mənşəli çatışmazlığı ilə əlaqədar inkişaf edir.
Patogenetik mexanizmlərdən asılı olaraq, xroniki qəbizlik mexaniki, alimentar və diskinetik formalara ayrılır. Alimentar qəbizliyə dehidratasiya, qidanın miqdarının azalması və optimal tərkibinin pozulması (kobud liflərin az istifadə olunması) səbəb olur. Mexaniki xroniki qəbizlik üçün bağırsaq möhtəviyyatının hərəkətinə maneənin (şişlər, bağırsağın daralması və s.) yaranması xarakterikdir. Diskinetik konstipasiya qəbizliyin ən geniş yayılmış forması olub, yoğun motor funksiyası pozulduqda baş verir.
Xroniki qəbizliyin əlamətləri
Patologiyanın klinik şəkli konstipasiyanın yaranma səbəbi, davametmə müddəti və ifadəliliyindən asılı olaraq formalaşır. Xroniki qəbizliyin əsas təzahürlərinə defekasiya aktları arasındakı zaman intervalının uzanması, nəcis ifrazının çətinləşməsi (dərindən gücənmə, əllə kömək etmə) və müddətinin artması aiddir. Nəcis kütlələri bərk və quru olur. Sadalanan simptomlarla yanaşı pasiyentlərdə çox zaman qarında ağırlıq, köp və ağrı, defekasiyanın başa çatmasından sonra bağırsağın tam boşalmaması hissi aşkar edilir.
Xroniki qəbizlik tədricən inkişaf edir. Konstipasiyanın mühüm əlaməti defekasiya aktının ritm və xarakterinin dəyişməsidir. Bəzən xroniki qəbizlik fonunda selik qarışıqlı duru konsistensiyalı nəcis ifraz oluna bilər.
Bir sıra hallarda iştah pozulur, gəyirmə yaranır, xəstələrin ağzından pis qoxu gəlir. Defekasiya ilə bağlı daimi problemlər, qarında diskomfort və xroniki qəbizliyin digər əlamətləri pasiyentlərin psixoemosional vəziyyətinə və əmək qabiliyyətinə mənfi təsir göstərir. Konstipasiya hər hansı bir xəstəliklə assosiasiyalı olduqda əsas patologiyanın əlamətləri aşkar edilir. Mədə xəstəliklərində epiqastral nahiyədə ağrı, qıcqırma, ürəkbulanma və qusma; ağciyərlərin emfizeması zamanı təngnəfəslik, tənəffüsün zəifləməsi, çəlləyəbənzər döş qəfəsi; ürək çatışmazlığında kardial ağrılar, təngnəfəslik, ürəkdöyünmə, ödemlər qeydə alınır.
Xroniki qəbizliyin diaqnostikası
Xroniki qəbizliyin təzahürlərinin müxtəlifliyi ilə əlaqədar Roma Fondu tərəfindən bu patologiyanın diaqnostik meyarları tərtib edilmişdir. Hazırda klinik proktologiyada bu meyarlardan istifadə olunur. «Roma meyarlarına» əsasən xroniki qəbizlik diaqnozu pasiyentdə 6 ay müddətində xəstəliyin bir və ya bir neçə əlamətinin müşahidə edildiyi və 3 ay ərzində aşağıda qeyd olunan 2 və daha artıq simptomun aşkar edildiyi hallarda təsdiqlənir:
- Defekasiya aktlarının 25%-dən çox hissəsi dərindən gücənmə ilə müşayiət olunur.
- Defekasiya aktlarının 25%-dən çox hissəsində həddindən artıq bərk konsistensiyalı nəcis ifrazı baş verir.
- Defekasiya aktından sonra 25%-dən çox hallarda pasiyentdə bağırsağın tam boşalmaması hissi yaranır.
- Defekasiya aktlarının 25%-dən çox hissəsində xəstə anus nahiyəsində blokadanın olduğunu hiss edir.
- Nəcis kütlələri həftədə 3 dəfədən az ifraz edilir.
- Defekasiya zamanı xəstə əllə nəcis ifrazını yüngülləşdirməyə məcbur olur.
Diaqnostika prosesində həkim xroniki qəbizliyin sərbəst xəstəlik kimi deyil, digər patologiyanın əlaməti olaraq və ya gündəlik rejim, pəhriz, eləcə də həyat tərzinin xüsusiyyətləri ilə əlaqədar formalaşdığını nəzərə alır. Buna əsaslanaraq, konstipasiyanın səbəblərini və risk amillərini aşkarlamağa çalışır. Müayinə zamanı medikamentoz xroniki qəbizlik və bağırsağın üzvi patologiyası (Kron xəstəliyi, kolorektal xərçəng, divertikulyoz, yoğun bağırsağın inkişaf qüsurları və qazanılmış anomaliyaları) nəticəsində yaranan konstipasiya inkar edilir.
Xəstələrin müayinə planına sorğu (şikayətlərin və xəstəlik tarixinin aydınlaşdırılması), baxış, qarın nahiyəsinin palpasiyası, barmaqla rektal müayinə, radioloji üsullar (qarın boşluğunun icmal rentgenoqrafiyası, irriqoskopiya) və kolonoskopiya daxildir. Ehtimal olunan patologiyadan asılı olaraq, bağırsağın biopsiyası, koproqramma, nəcisin gizli qana görə analizi və bakterioloji müayinəsi, manometrik üsullar (anorektometriya, sfinkterometriya), eləcə də terapevt, endokrinoloq, kardioloq, pulmonoloq və digər mütəxəssislərin konsultasiyaları, orqan və sistemlərin xəstəliklərini aşkar edən laborator və instrumental testlər təyin olunur.
Xroniki qəbizliyin müalicəsi
Qüsurlu dövranın formalaşması, xəstələrin imalə və işlədici preparatlardan daimi istifadəsi ilə əlaqədar xəstəliyin müalicəsi mürəkkəb məsələ hesab olunur. Müalicə aşağıdakı istiqamətlərdə aparılır: pəhrizin korreksiyası, fiziki aktivliyin artırılması, psixoloji vəziyyətin normaya salınması, medikamentoz terapiya, qeyri-medikamentoz üsullarla nəcis ifrazının stimulyasiya olunması və zəifləmiş defekasiya refleksinin aktivləşdirilməsi. Mütəxəssislərin fikrincə ən ucuz və effektiv, eyni zamanda da ən mürəkkəb məsələlər psixoloji vəziyyətin, pəhriz və həyat tərzinin korreksiyası, defekasiya refleksinin stimulyasiyasıdır.
Xroniki qəbizlik zamanı bitki tərkibli qida liflərinin və mayenin qəbulu artırılmalı, yağlı və qızardılmış yeməklərin istifadəsi azaldılmalıdır. Defekasiya refleksini bərpa etmək üçün rahat şəraitin yaradılması (defekasiya aktının asan pozada, günün eyni saatlarında və tələsmədən icra olunması), özünü masaj və xüsusi hərəkətlər məsləhət görülür. Həyat tərzi pasiyentin yaş və ümumi vəziyyətinə müvafiq tərzdə korreksiya olunur. Xəstələrə əmək və istirahət rejiminə riayət etmək, piyada gəzintilərinə üstünlük vermək tövsiyə edilir.
Sadalanan üsullarla heç bir nəticə vermədiyi hallarda və ya onlarla yanaşı bağırsağın peristaltikasını tənzimləyən preparatlar, işlədici vasitələr, probiotiklər, antidepressantlar, masaj və elektrostimulyasiya təyin olunur. Bağırsağın iltihabi proseslərində işlədicilərin tətbiqi qadağandır.
Patologiyanın sonluğu xroniki qəbizliyin inkişaf səbəbindən və həkim təyinatlarına düzgün əməl olunmasından asılıdır.