Dolixokolon

Oxuma vaxtı: 13 dəq Oxunma sayı: 5807

dolixokolon nədir?Dolixokolon — yoğun bağırsağın anomal uzanmasıdır. Patologiya uzunmüddətli qəbizlik, defekasiya aktından sonra bağırsağın tam boşalmaması hissi, dəqiq lokalizasiyaya malik olmayan abdominal ağrı, meteorizmlə təzahür edir. Diaqnoz irriqoskopiya, kolonoskopiya, qarın boşluğunun icmal rentgenoqrafiyası, bioptatın histoloji analizi və AXE-testinin nəticələrinə əsasən qoyulur. Müalicə məqsədilə bağırsaq möhtəviyyatının həcmini artıran preparatlar, osmotik və kontakt işlədicilər, prokinetiklər, spazmolitiklər və qazqovuculardan istifadə olunur. Cərrahi müalicə çənbər bağırsağın seqmentar və ya subtotal rezeksiyası, kolektomiya və ya detorsiyadan ibatərdir.

  • Dolixokolonun yaranma səbəbləri
  • Patogenez
  • Təsnifat
  • Dolixokolunun əlamətləri
  • Ağırlaşmalar
  • Diaqnostika
  • Dolixokolonun müalicəsi
  • Proqnoz və profilaktika

Dolixokolon barədə ümumi məlumat

Dolixokolon — yoğun bağırsağın ən geniş yayılmış anadangəlmə inkişaf qüsuru olub, yenidoğulmuşların orta hesabla 1/3 hissəsində aşkarlanır. Yoğun bağırsağın müxtəlif şöbələrinin anomal uzanması qəbizlikdən şikayət edən pasiyentlərin 50%-də qeydə alınır. İnkişaf etmiş ölkələrdə əmək qabiliyyətinə malik insanların 30-40%-də xroniki qəbizlik müşahidə edildiyindən dolixokolunun klinik ifadəli formalarının yayılma tezliyinin 15-25%-ə çatması ehtimal olunur.

Dolixokolonun simptomsuz formalarını nəzərə aldıqda bu göstərici daha da yüksəlir. Patologiyanın diaqnostikasında yaranan çətinliklər yoğun bağırsağın ölçülərinin norma həddinin bu günə qədər dəqiq təyin olunmaması ilə bağlıdır.

Dolixokolonun yaranma səbəbləri

Dolixokolonun yaranma səbəbləriDolixokolon irsi deyil, dizontogenetik xəstəlik hesab olunur. Embriogenezə kritik təsirlərin bətndaxili dövrün 8, 13, 16 və 20-ci həftələrində baş verməsi güman edilir. Formalaşma mərhələsində olan yoğun bağırsaq bu dövrlərdə teratogen təsirlərə daha həssas olur. Zədələyici amillərə aşağıdakılar aiddir:

  • İnfeksion xəstəliklər. Yoğun bağırsağın normal inkişafı anadan dölə keçən mikroorqanizmlərin təsirindən pozula bilər. Güclü teratogen effektə malik mikroorqanizmlərə toksoplazma, solğun treponema, məxmərək, herpes və sitomeqalovirus infeksiyasının törədiciləri aiddir.
  • Toksiki maddələr. Həzm orqanlarının dizontogenezinə əsasən hamiləlik dövründə siqaret, spirtli içki və narkotik maddələrdən istifadə edən qadınların dünyaya gətirdiyi uşaqlarda rast gəlinir. Həmçinin dolixokolon sənaye zəhərlərinin – litium, qurşuğun və civə duzlarının təsirindən təsirindən formalaşa bilir.
  • İonizasiyalaşdırıcı radiasiya. Nüvə energetikası sahəsində və radioloji elmi-tədqiqat laboratoriyalarında təhlükəsizlik qaydalarına riayət olunmadıqda teratogen dozada şüalanma mümkündür. Sporadik hallarda şüa terapiyası şöbəsinin hamilə işçiləri kritik radiasion şüalanmaya məruz qalır.

Bir sıra müəlliflərin fikrincə dolixokolon qazanılmış xarakter daşıya bilər. Proktologiya sahəsinin bəzi mütəxəssisləri yoğun bağırsağın müəyyən hissələrinin və ya orqanın bütövlükdə uzanmasının hipodinamik həyat tərzi keçirən, veqan və ya vegetarian mətbəxinə üstünlük verən, imalələrdən həddindən artıq istifadə edən şəxslərdə rast gəlinməsini qeyd edirlər. Bundan əlavə disbakterioz, öd yollarının diskineziyası və bağırsaq venalarının varikoz genişlənməsi dolixokolonun yaranmasına təkan verir.

Dolixokolonun patogenezi

Dolixokolonun inkişaf mexanizmi sona qədər öyrənilməmişdir. Anomaliyanın anadangəlmə formaları əsasında MBT traktının formalaşmasının həssas dövrlərində dölə teratogen amillərin təsirindən yaranır. Bu zaman bağırsağın bir və ya bir neçə hissələri anomal böyüyür. Lakin orqanın əzələ qatı  normal ölçüdə qalır, bağırsağın genişlənməsi baş vermir. Qazanılmış dolixokolon yoğun bağırsağın motorikasının zəifləməsi, sorulma proseslərinin pozulması və qida liflərinin orqanizmə həddindən artıq daxil olması nəticəsində bu nahiyənin nəcis kütlələri ilə dolması səbəbindən inkişaf edir.

Dolixokolonun təsnifatı

Dolixokolon anatomik və klinik meyarlara əsasən təsnif edilir. Bağırsağın zədələnmiş nahiyəsindən asılı olaraq, dolixokolon aşağıdakı formalara bölünür: total, subtotal, sol və ya sağtərəfli, dolixotransverzum və dolixosiqma. Optimal müalicə taktikası xəstəliyin klinik formasına əsasən təyin olunur:

  • Simptomsuz dolixokolon. Xəstəliyin bu forması digər abdominal patologiya səbəbindən planlı müayinə aparılarkən təsadüfən aşkarlanır. Belə hallarda xüsusi müalicə tələb olunmur. Qəbizliyin birincili profilaktikası mütləq sayılır.
  • Bağırsaq tranzitinin pozulması ilə müşahidə olunan dolixokolon. Patologiyanın əsas klinik forması sayılır. Qəbizliyin aradan qaldırılması üçün əksər hallarda işlədici preparatlar və ya prokinetiklərlə konservativ terapiyanın tətbiqi kifayət edir.
  • Ağırlaşmış dolixokolon. Bağırsağın burulması, invaginasiya və ya düyünlərin əmələ gəlməsi ilə səciyyələnir. Xəstəliyin bu forması daha ağır hesab olunur. Belə xəstələrdə təcili surətdə cərrahi müdaxilə: bağırsağın detorsiyası və ya rezeksiyası icra edilir.

Dolixokolonun əlamətləri  

Dolixokolonun əlamətləri  Yoğun bağırsağın cüzi uzanması uzun müddət gizli gedir. Dolixokolonun ilkin və əsas əlaməti 3 gündən artıq davam edən qəbizlikdir. Xəstələr nəcis kütlələrinin xarici görünüşünün dəyişməsini qeyd edirlər. Bundan əlavə pasiyentlər bağırsağın tam boşalmaması və bağırsaqda maneənin olması hissindən şikayət edirlər. Gecikmiş mərrhələlərdə xəstələr müxtəlif manual üsullarla nəcis ifrazının asanlaşmasına cəhd göstərirlər.

Qəbizlik dəqiq lokalizasiyaya malik olmayan ağrılar və qarında köplə müşayiət edilə bilər. Pasiyentlərin ümumi vəziyyəti adətən pozulmur. Xəstəliyin uzunmüddətli gedişində asteniya əlamətləri yarana bilər. Dolixokolonun ağırlaşmış gedişi üçün qarnın ön divarının asimmetriyası, ümumi vəziyətin pozulması, qarnın tənəffüs hərəkətlərində kifayət qədər iştirak etməməsi, lokal əlamətlərin xarakterinin  dəyişməsi səciyyəvidir.

Dolixokolonun ağırlaşmaları

Anomal uzanan bağırsağın mənfəzinin bərk nəcis kütlələri ilə obstruksiyası bağırsaq keçməməzliyinə gətirib çıxarır. Pasiyentlərdə qarında yayılmış xarakterli güclü ağrılar, nəcis və qazların bağırsaqda kəskin ləngiməsi müşahidə edilir. Müayinə və müalicənin gecikdirilməsi bağırsaq divarının bu nahiyəsində işemiyanın formalaşması ilə nəticələnir. Həmçinin xəstələrdə invaginasiya (bağırsağın bir hissəsinin digərinə daxil olması) baş verə bilər. Belə hallar intensiv ağrı sindromu, hətta ağrı şoku ilə müşayiət olunur.

Dolixokolonun ən təhlükəli fəsadı S-vari bağırsağın burulmasıdır. Tibbi yardımın göstərilməsindən asılı olmayaraq, bu ağırlaşma ölüm halların 15%-ə çatması ilə xarakterizə edilir. Bağırsaq nekrozunda letallıq 46%-ə qədər yüksələ bilir. Xəstəliyin uzunmüddətli gedişində həzm proseslərinin pozulması nəticəsində bədən çəkisi xeyli azalır. Bir sıra pasiyentlərdə anomaliyanın spesifik ağırlaşması – defekasiya refleksinin itirilməsi müşahidə edilir.  Onun müalicəsi üçün kifayət qədər zaman tələb olunur.

Dolixokolonun diaqnostikası

Digər funksional və ya üzvi patologiyalarla əlaqəli olmayan xroniki qəbizlik dolixokolondan şübhələnməyə əsas verir. Diaqnostika prosesində laborator-instrumental müayinələrin köməyilə kompleks yanaşma tətbiq edilir. Diaqnozun təsdiqlənməsi üçün aşağıdakı informativ üsullardan istifadə olunur:

  • Yoğun bağırsağın rentgenoqrafiyası. Kontrast maddənin (barium) peroral yeridilməsi ilə aparılan irriqoskopiya dolixokolonun diaqnostikasında «qızıl» standart hesab olunur. Rentgenoqrafiya çənbər bağırsağın anomal uzanmasını və rentgenokontrast maddənin bağırsaqda pasajının ləngiməsini aşkar edir.
  • Endoskopik müayinəKolonoskopiyanın köməyilə yoğun bağırsağın müxtəlif sahələrinin eni və uzunluğunu qiymətləndirmək mümkündür. Endoskopiya zamanı mütəxəssis bağırsaq divarının tonusuna, qaustraların sayına və ifadəliyinə diqqət yetirir. Bəzən dolixokolon zamanı selikli qişa təmas nəticəsində qanaya bilir.
  • Qarın boşluğunun icmal rentgenoqrafiyası. Dolixokolonun ağırlaşmalarını (bağırsaq keçməməzliyi, anomal uzanan bağırsağın burulması və ya invaginasiyası) inkar etmək məqsədilə rentgen müayinəsindən istifadə olunur. Xəstəliyin ağırlaşmayan formalarında bu üsul informativ hesab sayılmır.
  • Bağırsaq divarının biopsiyası. Dolixokolonun bağırsaq innervasiyasının anadangəlmə anomaliyalarından differensiasiya etmək üçün orqanın patoloji dəyişikliyə uğrayan divarından bioptat götürülür və histoloji müayinə aparılır. Dolixokolon hallarında yoğun bağırsağın divarının və submukoz qanqliyaların quruluşu dəyişmir.

Fəsadlaşma baş vermədikdə qanın ümumi və biokimyəvi analizinin göstəriciləri norma həddində olur. Malabsorbsiya əlamətlərini inkar etmək üçün koproqramma təyin edilir. Bağırsağın müasir vizualizasiya üsulu – virtual kompüter kolonoqrafiya bariumdan istifadə etmədən orqanın ölçülərini təyin etməyə imkan verir.

Dolixokolon ilk növbədə Hirşprunq xəstəliyi ilə differensiasiya edilməlidir. Yoğun bağırsağın anomal hissəsinin selikli qişasında asetilxolinesteraza fermentinin aktivliyini təyin edən testin nəticəsi əsas diaqnostik meyar hesab edilir. İdopatik dolixokolon zamanı AXE-sınağı mənfi olur. Müayinə prosesində həmçinin anorektal manometriyanın və bioptatların morfoloji analizinin nəticələri nəzərə alınır. Proktoloqun baxışından əlavə qastroenteroloqun konsultasiyası tələb oluna bilər.

Dolixokolonun müalicəsi

Terapevtik taktika xəstəliyin klinik formasına əsasən seçilir. Dolixokolonun simptomsuz formalarında qəbizliyin birincili profilaktikası: müntəzəm hərəki aktivlik, balanslaşdırılmış qidalanma, gün ərzində kifayət qədər maye qəbulu, defekasiya çağırışlarının ləngidilməməsi məsləhət görülür. Nəcis kütlələrinin tranziti pozulduqda medikamentoz terapiya, qidalanma və həyat tərzinin korreksiyası, qəbizlik törədən preparatlardan imtina göstəriş sayılır. Yoğun bağırsağın evakuator funksiyasını bərpa etmək üçün aşağıdakı vasitələr tətbiq edilir:

  • Nəcisin həcmini artıran vasitələr. Mayenin bitki tərkibli və mikrokristallik preparatlarla aktiv birləşməsi hesabına bağırsaq möhtəviyyatı yumşalır. Medikamentlərin selikli komponentləri toksinləri absorbsiya etməklə, onların sorulmasının qarşısını alır. Yumşaq nəcis kütlələrinin həcminin artması sayəsində bağırsaq peristaltikası aktivləşir, nəticədə bağırsağın boşalması asanlaşır və tezləşir.
  • Osmotik işlədici vasitələr. Duz preparatları, mənimsənilməyən karbohidratlar (prebiotiklər) və polietilenqlikolun törəmələrinin köməyilə bağırsaq mənfəzində osmotik təzyiqi artırmaq, hidratasiya proseslərini stimulə etmək mümkündür. Plazmadan daxil olan maye bağırsaq möhtəviyyatını yumşaldır. Bu da nəcis kütlələrinin həcminin artması ilə birgə defekasiya aktına səbəb olur.
  • Prokinetiklər. Yoğun bağırsağın motorikasını sürətləndimək məqsədilə fitopreparatlar, serotoninergik vasitələr və saya əzələ liflərinin yığılma aktivliyinin miotrop tənzimləyicilərindən istifadə olunur. Prokinetik preparatların zəiflədici effekti neyrohumoral təsirlərlə bağlıdır. Bağırsaq divarının peristaltikasının güclənməsi nəcis kütlələrinin anomal uzanmış bağırsaqda hərəkətini sürətləndirir.

Davamlı qəbizlik hallarında terapiya ilə yanaşı qida liflərinin qəbulu, şam və ya imalə şəklində kontakt işlədicilərin tətbiqi müsbət nəticələr verir. İfadəli ağrı sindromuna malik pasiyentlərə selektiv spazmolitiklər, qeyri-narkotik analgetiklər təyin edilir. Qarında köpü azaltmaq üçün qazqovuculardan istifadə olunur. Dolixolonun medikamentoz müalicəsi fizioterapevtik üsullarla (iynərefleksoterapiya, lazer terapiya və bağırsağın elektrostimulyasiyası) ilə birlikdə aparılır.

Xəstənin həyat keyfiyyətinin əhəmiyyətli dərəcədə pozulmasına gətirib çıxaran terapevtik rezistent formalarda pasiyentlərə yoğun bağırsağın subtotal rezeksiyası, ileorektal anastomozun qoyulması ilə kolektomiya təklif olunur. Dolixokolonun ağırlaşmış formalarının cərrahi müalicəsi stranqulyasion bağırsaq keçməməzlikli xəstələrin əməliyyat olunma prinsipləri üzrə aparılır. Bağırsaq burulması zamanı bağırsaq divarının həyat qabiliyyəti saxlanıldıqda endoskopik və ya laparotomik detorsiya, davamlı trofik pozğunluqlarda isə rezeksiya icra olunur.

Dolixokolonun proqnoz və profilaktikası

Bağırsağın həddindən artıq uzanması və davamlı qəbizlik zamanı dolixokolonun proqnozu qənaətbəxş sayılmır. Çünki belə hallarda çənbər bağırsağın uzanmış hissəsinin cərrahi yolla kəsilməsi tələb olunur. Patologiyanın əsasən anadangəlmə xarakter daşıması ilə əlaqədar spesifik profilaktika tədbirləri işlənilməmişdir. Xəstəliyin qazanılmış formalarının qarşısını almaq üçün gündəlik rasion meyvə, tərəvəz, bitki tərkibli qida lifləri ilə zənginlşdirilməli, defekasiya aktının müntəzəmliyinə nəzarət olunmalı, fiziki hərəkətlərin köməyilə qarnın ön divar əzələləri möhkəmləndirilməlidir.

 

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: