Düz bağırsağın divertikulu

06 Mart 2019 Oxuma vaxtı: 12 dəq Oxunma sayı: 9

düz bağırsağın divertikuliti Düz bağırsağın divertikulu – toxumaların morfoloji dəyişiklikləri ilə əlaqədar orqanın divarının kisəvari qabarmasıdır. Xəstəlik simptomsuz gedişə malik ola və ya qarında ağrılar, qıcıqlanmış bağırsaq sindromu (ishalla növbələnən qəbizlik), qanaxma və iltihab əlamətləri ilə təzahür edə bilər. Diaqnoz anoskopiya, rektoromanoskopiya, kolonoskopiya və irriqoskopiyanın nəticələrinə əsasən qoyulur. Konservativ terapiya qəbizliyin və ağırlaşmaların müalicəsinə, nəcisin normaya salınmasına, cərrahi üsullar isə divertikulun aradan qaldırılmasına yönəldilir.

  • Yaranma səbəbləri
  • Təsnifat
  • Düz bağırsağın divertikulunun əlamətləri
  • Ağırlaşmalar
  • Diaqnostika
  • Düz bağırsağın divertikulunun müalicəsi
  • Proqnoz və profilaktika

Düz bağırsağın divertikulu barədə ümumi məlumat

Düz bağırsağın divertikulu – yoğun bağırsağın divertikulyozunun bir forması olub, divarın məhdud sahəsində kisəvari qabarma ilə özünü büruzə verir. Patologiya ilk dəfə XIX əsrin ortalarında təsvir olunmuşdur. Xəstəliyin rastgəlmə tezliyi inkişaf etmiş ölkələrdə daha yüksəkdir. Gündəlik rasionda qida lifləri ilə zəngin məhsulların üstünlük təşkil etdiyi ərazilərdə (Afrika, Asiya dövlətlərinin əksəriyyəti) düz bağırsağın divertikuluna nadir hallarda təsadüf olunur.

Yoğun bağırsağın divertikulyozu Avropa və Şimali Amerika əhalisinin təxminən 30%-də müşahidə edilir. Yaşı 60-dan yuxarı olan insanların orta hesabla 50%-i bu xəstəlikdən əziyyət çəkir. Patologiyanın ümumi strukturunda düz bağırsağın divertikulu 5% təşkil edir. Hər iki cinsin nümayəndələri arasında xəstəliyin yayılma tezliyi eynidir. Divertikullar pasiyentlərin həyat tərzini əhəmiyyətli dərəcədə korlayır. Patologiyanın yüksək tezliyi, təhlükəli ağırlaşmaların yaranma riski ilə əlaqədar problemin aktuallığı artmaqda davam edir. Düz bağırsağın diaqnostika və müalicəsi proktologiya şöbəsində aparılır.

Düz bağırsağın divertikulunun yaranma səbəbləri

düz bağırsağın divertikuliti Düz bağırsağın divertikullarının əsas yaranma səbəbi qida liflərinin azlıq təşkil etdiyi pəhriz və xroniki qəbizlikdir. Son 100 illikdə inkişaf etmiş ölkələrin əhalisinin qida mədəniyyəti xeyli dəyişmiş, rasionda qida liflərinin miqdarı təxminən 10 dəfə azalmışdır. Patologiyanın formalaşmasında yaşla bağlı dəyişikliklər də mühüm əhəmiyyət kəsb edir. Sadalanan amillərə zərərli vərdişlər, qeyri-qənaətbəxş ekologiya, aterosklerozun əlavə olunması düz bağırsaq divarlarında morfoloji dəyişikliklərin inkişafı üçün əlverişli şərait yaradır.

Düz bağırsaq divertikullarının inkişafına orqanın divarlarının distrofik dəyişiklikləri, motorikanın pozulması, birləşdirici toxumanın anadangəlmə və ya qazanılmış patologiyası (xəstəlik çox zaman qarın divarının yırtıqları, babasil, oynaqların patoloji hərəkətliliyi, miopiya (yaxından görmə) ilə müştərək şəkildə inkişaf edir) səbəb olur. Düz bağırsağın divertikulu əsasən yaşlı şəxslərdə bütün toxumalarda reqresiya proseslərinin gücləndiyi dövrdə formalaşır. Düz bağırsağın divertikullarının yaranmasına həmçinin damar dəyişiklikləri də təkan verir. Kapilyarların spazmı və ateroskleroz bağırsaq divarının qan təhcizatının pozulması nəticəsində əzələ toxuması, selikli qişa və selikaltı qatın atrofiyasına gətirib çıxarır.

Düz bağırsağın divertikulunun etiologiyasında qəbizlik zamanı bərkimiş nəcis kütlələrinin orqanizmdə ləngiməsi mühüm rol oynayır. Bu zaman distrofik dəşikliklərlə əlaqədar zəifləmiş nahiyələrdə bağırsaq divarı genişlənir.

Yuxarıda qeyd olunan amillərdən əlavə bağırsağın anatomik xüsusiyyətləri – əzələ qatının qeyri-bərabərliyi, kavernoz boşluqların və büküşlərin olması mexaniki amillərin təsiri, peristaltikanın pozulması və damar dəyişiklikləri fonunda ayrı-ayrı sahələrin qabarmasına səbəb olur.

Düz bağırsağın divertikulunun təsnifatı

Düz bağırsağın divertikullarının təsnifatının əsasında xəstəliyin klinik təzahürləri dayanır. Bu cür yanaşma proktologiya sahəsinin mütəxəssislərinə pasiyentin vəziyyətini qiymətləndirməyə və müalicə taktikasını düzgün seçməyə imkan verir. Düz bağırsaq divertikulunun aşağıdakı formaları ayırd edilir: simptomsuz; klinik əlamətlərlə təzahür edən ağırlaşmamış; ağırlaşmış forma (divertikulit, düz bağırsağı əhatə edən toxumaların infiltratlaşması, perforasiya, bağırsaq fistulaları, düz bağırsaq qanaxmaları).

Düz bağırsağın divertikulunun əlamətləri

düz bağırsağın divertikuliti Xəstələrin əksəriyyətində patologiya simptomsuz gedir. Düz bağırsağın divertikulu digər xəstəliklər səbəbindən aparılan kolonoskopiya və ya rektoromanoskopiya zamanı təsadüfən aşkarlanır. Gizli gediş illərlə davam edə bilər. Ağırlaşma hallarında isə pasiyentlər adətən qeyri-müəyyən xarakterli şikayətlər təqdim edir. Belə vəziyyətlərdə diaqnozun dəqiqləşdirilməsi üçün əlavə müayinələrə ehtiyac yaranır. Xəstələr əsasən qarnın aşağı hissələrində lokalizasiyalaşan periodik ağrılardan şikayət edirlər.

Ağrılar tutmaşəkilli olub, defekasiya aktından sonra azalır və ya tamamən keçib gedir, nəcis ifrazının günlərlə baş vermədiyi hallarda isə daha da güclənir. Ağrının müddəti bir neçə saatdan bir həftəyə qədər uzana bilər. Ağrılardan əlavə pasiyentləri köp, ishalla növbələnən qəbizlik narahat edir. Xəstəliyin uzunmüddətli gedişində ümumi simptomatika – əmək qabiliyyətinin azalması, baş ağrıları, iştahsızlıq, depressiya müşahidə edilir.

Düz bağırsağın divertikulunun ağırlaşmaları

Ən ifadəli klinik şəkil düz bağırsağın divertikulunun ağırlaşmalarında inkişaf edir. Düz bağırsaqda infeksiyalaşma üçün əlverişli şərait olduğundan xəstələrdə əksər hallarda divertikulit (divertikulun iltihabı) yaranır. Patologiya defekasiya zamanı güclənən intensiv ağrılarla müşahidə olunur. Bəzən bədən hərarəti subfebril həddə qədər yüksəlir, xəstənin ümumi vəziyyəti pisləşir. Xroniki iltihab zamanı bitişmə və strikturalar hesabına düz bağırsağın mənfəzi darala bilər. Belə hallarda nəcis kütlələrinin hərəkəti pozulduğundan bağırsaq divarlarında morfoloji dəyişikliklər artır, bu da düz bağırsağın yeni divertikullarının yaranmasına gətirib çıxarır.

Düz bağırsağı əhatə edən toxumalarda divertikulit nəticəsində iltihabi ilfiltratlar əmələ gələ bilər. Bu zaman əlamətlər güclənir, barmaqla rektal müayinə prosesində düz bağırsaq divarının yaxınlığında sıx konsistensiyalı, ağrılı sahələr əllənə bilər. Düz bağırsaq divertikulunun tamlığı pozulduqda perforasiya baş verir. Nəcis kütlələrinin kiçik çanaq boşluğuna tökülməsi abses və ya peritonitin formalaşmasına gətirib çıxarır. Perforasiya güclü ağrılar, qarnın ön divarının gərginliyi, hərarətin yüksəlməsi, intoksiyasiya ilə təzahür edir. Divertikulun düz bağırsağın yuxarı hissələrində yerləşdiyi hallarda bu ağırlaşma daha təhlükəli hesab olunur. Düz bağırsaq divertikulunun bütövlüyünün pozulması həmçinin daxili və ya xarici fistulalarla nəticələnə bilər. Məsələn, qadınlarda fistulalar adətən uşaqlıq yoluna açılır, patoloji prosesə həmçinin sidik kisəsi və sidik axarları qoşula bilər.

Düz bağırsaq divertikulunun növbəti təhlükəli fəsadı müxtəlif intensivlikli qanaxmalardır. Nəcisdə yeni qan və ya qan laxtaları defekasiya aktında aşkarlanır. Güclü qanaxmalar zamanı qan defekasiya aktından xaric ifraz oluna bilər. Əksər hallarda qanaxmalar öz-özünə kəsilir və bir müddətdən sonra yenidən təkrarlanır. Belə hallar zəiflik, başgicəllənmə, əmək qabiliyyətinin azalması ilə təzahür edən anemiyalara gətirib çıxarır.

Düz bağırsağın divertikulunun diaqnostikası

Düz bağırsağın divertikulu orqanın aşağı hissələrində yerləşdikdə patologiya adi anoskopiya və ya rektoromanoskopiya zamanı aşkarlana bilər. Bu müayinələr düz bağırsağın 8-25sm-lik məsafədə vizualizasiyasına, divertikulyar qabarmanın, iltihab sahələrinin və qanaxmanın təyininə imkan verir.

Düz bağırsağın divertikulu adətən yoğun bağırsağın digər şöbələrinin analoji dəyişiklikləri ilə müşayiət olunduğundan xəstələrdə mütləq qaydada kolonoskopiya və irriqoskopiya aparılmalıdır. Kolonoskopiya – yoğun bağırsağın demək olar ki, bütün hissələrində gedən dəyişiklikləri izləməyə şərait yaradan endoskopik müayinə üsuludur. İrriqoskopiya – kontrast rentgenoloji müayinə olub, hətta endoskopiya zamanı aşkarlanmayan düz bağırsaq divertikullarının vizualizasiyasına imkan verir.

Ağırlaşmaların diaqnostikasında həm də laborator müayinələrə yer verilir. Belə ki, qanın ümumi analizində qanaxmalar zamanı anemiya, divertikulit hallarında isə leykositoz və EÇS-nin yüksəlməsi müəyyən edilir. Nəcisdə gizli qanın təyini hətta minimal qanaxmaların üzə çıxarılmasına kömək edir. Disbiozun aşkarlanması və rektal divertikulun gedişini ağırlaşdıran bağırsaq disbakteriozunun müalicəsinin korreksiyası məqsədilə orqanın bakterial florası müayinə olunur. İltihabi proseslərdə, infiltrat və ya perforasiyaya şübhə yarandıqda qarın boşluğu və kiçik çanaq orqanlarının USM icra olunur.

Düz bağırsağın divertikuliti oxşar simptomatikaya malik bir çox patologiyalarla – babasil, hemorroidal düyünlərin sallanması, düz bağırsağın polipləri və xərçəngi, Kron xəstəliyi, qeyri-spesifik xoralı kolitlə differensiasiya edilir.

Düz bağırsağın divertikulunun müalicəsi

Divertikulun terapiyasına konservativ tədbirlərlə başlanılır. Simptomsuz gediş zamanı müalicə qəbizliyin profilaktikasına yönəldilir. Xəstəyə qida lifləri ilə zəngin pəhriz, yağ əsaslı rektal şamlar və ya işlədici vasitələr təyin edilir. Peristaltika pozulduqda pasiyentə prokinetiklər yeridilir. Disbioz zamanı probiotiklər məsləhət görülür. Ağrı sindromu spazmolitiklərlə aradan qaldırılır.

Divertikulit stasionarda, proktologiya şöbəsində müalicə olunur. Bu məqsədlə geniş təsir spektrinə malik antibiotiklər, probiotiklər, spazmolitiklər və işlədici vasitələr tətbiq edilir. Düz bağırsağın divertikulunun perforasiyası və fistulalar cərrahi müalicəyə göstəriş sayılır. Güclü qanaxmalar zamanı cərrahi müdaxilənin aparılmasına zərurət yaransa da çox vaxt qan ifrazını konservativ üsullarla, hemostatiklər, infuzion terapiyanın köməyilə dayandırmaq mümkün olur. Düz bağırsaq divertikulunun aşkarlandığı xəstələrdə planlı əməliyyatlar nadir hallarda (residivləşən divertikulit, tez-tez baş verən qanaxmalar, fistulalar zamanı) aparılır.

Düz bağırsağın divertikulunun proqnoz və profilaktikası

Düz bağırsağın divertikulunun əsas səbəbi qeyri-düzgün qidalanma olduğundan profilaktika onun korreksiyasından ibarətdir. Bununla əlaqədar qida lifləri ilə zəngin məhsullara (meyvə, tərəvəz, sıyıq, kobud üyüdülmüş undan hazırlanmış çörək) üstünlük verilməlidir. Yetkin yaşlarda müntəzəm proktoloji müayinələr məsləhət görülür. Bu yolla patologiyanın vaxtında aşkarlanması ilə yanaşı daha təhlükəli xəstəlikləri, məsələn, düz bağırsaq xərçəngini üzə çıxarmaq mümkün olur.

Düz bağırsağın divertikulunun proqnozu qənaətbəxşdir. Xəstəlik əksər hallarda pasiyentə heç bir narahatçılıq törətmədən simptomsuz gedir. Ağırlaşmaların vaxtında və düzgün müalicəsi, pəhriz və həyat tərzinin korreksiyası remissiya dövrünün uzanmasına şərait yaradır.

 

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: