Düz bağırsağın polipləri

Oxuma vaxtı: 11 dəq Oxunma sayı: 16629

Düz bağırsağın polipləri nədən yaranır?Düz bağırsağın polipləri – bu nahiyənin selikli qişasından başlanğıc götürən xoşxassəli törəmələrdir. Onlar simptomsuz gedə və ya qaşınma, anal diskomfort, ağrı, eroziyalaşma nəticəsində qanaxmalarla təzahür edə bilir. Poliplərin infeksiyalaşması anal çat və paraproktitə gətirib çıxarır. Bu törəmələr düz bağırsağın xərçəngönü xəstəliklərinə aid olduğundan onlar mütləq şəkildə cərrahi yolla kəsilib götürülməlidir.

  • Poliplərin təsnifatı
  • Poliplərin etiologiya və patogenezi
  • Düz bağırsaq poliplərinin əlamətləri
  • Düz bağırsaq poliplərinin diaqnostikası
  • Differensial diaqnostika
  • Düz bağırsaq poliplərinin müalicəsi
  • Düz bağırsaq poliplərinin proqnoz və profilaktikası

Düz bağırsağın polipləri barədə ümumi məlumat

Poliplər ayaqcıq vasitəsilə boşluqlu orqanın divarına birləşən törəmələrdir. Onlar həzm sisteminin istənilən boşluqlu orqanında formalaşa bilir. Patologiyanın yayılma tezliyi yüksəkdir.

Düz bağırsağın polipləri – bu orqanın divarında yerləşən xoşxassəli törəmələrdir. Onlar istənilən yaş dövründə, o cümlədən uşaqlarda aşkarlanır. Poliplər tək və ya qrup şəklində yerləşir. İrsi (ailəvi) polipoz (yaxın qohumlarda poliplərin olması) bədxassələşməyə meylli olur.

Qadınlarla müqayisədə kişilərdə polipoza 1,5 dəfə çox rast gəlinir. Amerika Xərçəng Cəmiyyətinin tədqiqatlarının nəticələrinə əsasən 45 yaşdan yuxarı şəxslərin 10%-i bağırsaq poliplərindən əziyyət çəkir. Xəstələrin 1%-də poliplər maliqnizasiyaya uğrayır. Bədxassəli prosesin əlamətləri (qanaxma) erkən mərhələlərdə aşkarlandıqda və vaxtında tibbi yardım göstərildikdə proqnoz əhəmiyyətli dərəcədə yaxşılaşır (sağqalma ehtimalı – 84%).

Düz bağırsağın poliplərinin təsnifatı

Düz bağırsağın poliplərinin səbəbləriDüz bağırsağın polipləri say və yayılmasına görə təsnif edilir: tək polip, çoxsaylı poliplər (yoğun bağırsağın müxtəlif şöbələrində lokalizasiya olunan törəmələr qrupu) və diffuz ailəvi polipoz. Morfoloji strukturuna əsasən vəzili, vəzili-xovlu, xovlu, hiperplastik, kistoz-qranulyasiyaedici (yuvenil), fibroz poliplər ayırd edilir. Bundan əlavə psevdopolipoz – xroniki iltihab zamanı selikli qişada polipi xatırladan çıxıntıların yaranması qeyd edilir.

Düz bağırsağın poliplərinin etiologiya və patogenezi 

Polipozun etiologiyası sona qədər öyrənilməmişdir. Həzm sistemi orqanlarında poliplərin yaranma mexanizmləri və mənşəyini izah edən bir sıra nəzəriyyələr mövcuddur. Yoğun bağırsağın polipozunun ən geniş yayılmış inkişaf nəzəriyyəsinə əsasən poliplərin əsas patogenetik amili bağırsaq divarının selikli qişasının xroniki iltihabıdır. Bağırsaq poliplərindən əziyyət çəkən pasiyentlərin əksəriyyətinin anamnezində bağırsağın iltihabi xəstəliklərinə rast gəlinməsi, poliplərin əsasən durğun bağırsaq möhtəviyyatının qıcıqlandırıcı təsirinə meylli sahələrdə lokalizasiyası bu nəzəriyyənin düzgünlüyünü sübut edir. Daxili divarın uzunmüddətli qıcıqlanmasının əksər hallarda polipozla nəticələnməsi tədqiqatlarda öz təsdiqini tapmışdır.

Poliplərin yaranma amilləri arasında ekologiyanın qeyri-qənaətbəxş təsiri, hipodinamiyaya meyllik, qeyri-düzgün qidalanmanı (balanslaşdırılmamış pəhriz, qeyri-müntəzəm qida qəbulu, spirtli içkilər və həzm traktının selikli qişasını qıcıqlandıran məhsulların həddindən artıq qəbulu) da qeyd etmək lazımdır.

Yoğun bağırsağın polipozu ilə damar patologiyaları, divertikulyar xəstəlik, bədxassəli törəmələr, həzm sisteminin iltihabi xəstəlikləri arasında əlaqə aşkar edilmişdir. Embrional nəzəriyyəyə əsasən poliplər antenatal dövrdə həzm traktının selikli qişasının və bağırsaq divarlarının formalaşmasının pozulması nəticəsində yaranır. Bundan əlavə polipoza irsi meyllik müşahidə olunur.

Düz bağırsaq poliplərinin əlamətləri

Düz bağırsaq poliplərinin əlamətləriDüz bağırsağın polipləri spesifik klinik əlamətlərə malik deyil. Simptomatikanın ifadəliliyi törəmələrin ölçüsü, sayı, yerləşməsi, morfoloji quruluşu, eləcə də bədxassələşməsindən asılıdır. Patologiyanın klinik şəkli çox zaman yanaşı gedən xəstəliyin simptomatikası ilə müşayiət olunur.

Poliplər adətən digər patologiyalarla əlaqədar endoskopik müayinə zamanı aşkarlanır. İri ölçülü polip qarnın aşağı hissəsində, qalça çuxurunda ağrı, anal dəlikdən selikli və ya qanlı ifrazat, diskomfort və düz bağırsaqda yad cismin olması hissi ilə özünü büruzə verə bilir.

Poliplər əksər hallarda bağırsağın peristaltikasını pozaraq, qəbizlik və ya ishala gətirib çıxarır. Orqanın mənfəzində yerləşən poliplər hissəvi bağırsaq keçməməzliyinə səbəb olduğundan xəstələrdə qəbizliyə daha çox rast gəlinir. Düz bağırsaq qanaxmaları təhlükəli əlamət sayılır. Belə hallarda təcili surətdə həkimə müraciət etmək lazımdır, çünki qanlı ifrazatlar onkoloji patologiyanın təzahürü ola bilər. Poliplərin ağrı ilə müşayiət olunması iltihabi prosesin qoşulmasından xəbər verir.

Düz bağırsaq poliplərinin diaqnostikası

Yoğun bağırsağın bədxassəli şişlərinin əksəriyyəti poliplərin maliqnizasiyaya uğraması nəticəsində əmələ gəlir. Bu səbəbdən polipozlu pasiyentin müntəzəm şəkildə proktoloji müayinlərdən keçməsinə göstəriş sayılır. Düz bağırsaq poliplərinin bədxassələşməsinin erkən mərhələlərdə aşkarlanması şişin müvəffəqiyyətlə xaric edilməsinə və xəstələrin 90% hallarda sağalmasına səbəb olur.

Anal kanalın və düz bağırsağın terminal şöbəsinin polipləri barmaqla rektal müayinə zamanı üzə çıxa bilər. Həmçinin bu üsulun köməyilə digər patologiyaları (babasil, rektal fistula, anal çat, kista, pararektal toxumanın şişləri) aşkar və ya inkar etmək mümkündür. Kişilərdə barmaq müayinəsi prostatın vəziyyətini qiymətləndirməyə imkan verir.

Düz bağırsağın informativ instrumental diaqnostika üsulu anal dəlikdən 25 sm məsafədə bağırsağın daxili divarlarının müayinəsinə şərait yaradan rektoromanoskopiyadır. Poliplərin böyük əksəriyyəti düz və S-vari bağırsaqda yerləşdiyindən onları rekroskop vasitəsilə müəyyən etmək mümkündür. Yoğun bağırsağın bütün şöbələrinin vizualizasiyası kolonoskopiya ilə həyata keçirilir. Bu üsullar polipləri aşkar etməklə yanaşı, selikli qişasının ətraflı yoxlanılmasına, bağırsağın yanaşı gedən xəstəliklərinin üzə çıxarılmasına kömək edir.

Çənbər bağırsağın yuxarı şöbələrində yerləşən diametri 1 sm-dən iri olan poliplər irriqoskopiya (kontrast maddə ilə yoğun bağırsağın rentgenoqrafiyası) ilə də aşkarlana bilər. Endoskopik müayinə prosesində polipdən nümunə götürülür, sitoloji və histoloji müayinələrə göndərilir.

Laborator üsullar arasında nəcis kütlələrində gizli qanın təyin edən testlər mühüm əhəmiyyət kəsb edir. Daxili orqanların vəziyyətinin vizualizasiyasının müasir üsulları: maqnit rezonans və kompüter tomoqrafiya yoğun bağırsaq poliplərinin diaqnostikasına şərait yaradır.

Düz bağırsağın poliplərinin differensial diaqnostikası

Düz bağırsaq polipləri kiçik çanağın bir sıra patologiyalarından differensiasiya edilməlidir:

  • lipoma çənbər bağırsağın sağ yarısının selikaltı qatında yerləşir. Lakin bu şişlər bəzi hallarda bütün çənbər bağırsağa yayıla və həddindən artıq böyüyə bilər;
  • qeyri-epitelial mənşəli şişlər (adətən daha iri ölçülərə malik olur, ayaqcıqsız inkişaf edir): iri miomalar (əzələ qatının şişi) nadir patologiyalardan olub, bağırsağın keçiriciliyinin pozulmasına gətirib çıxarır. Xəstələrdə daha çox qanaxmaya yüksək meylliliklə ilə xarakterizə olunan damar şişlərinə – angiomalara rast gəlinir;
  • çənbər bağırsağın aktinomikozu (əsasən kor bağırsaqda yerləşir);
  • Kron xəstəliyi (adətən patoloji proses yoğun bağırsağın yuxarı şöbələrində lokalizasiya olunur, rentgenoqrafiyada qaustrasiya müşahidə edilir) psevdopolipozla təzahür edə bilir;

Yoğun bağırsaq poliplərinin differensial diaqnostikasında histoloji müayinənin nəticələri həlledici rol oynayır.

Düz bağırsaq poliplərinin müalicəsi

Poliplər konservativ yolla müalicə olunmur. Törəmələr endoskopik müayinə prosesində (polipin ölçü və yerləşməsi imkan verdikdə) və ya cərrahi yolla xaric edilir. Düz bağırsağın aşağı hissələrində inkişaf edən poliplər transanal yolla kəsilib götürülür.

Kolonoskopiya zamanı aşkarlanan kiçik ölçülü poliplər endoskopik elektroekssiziya yolu ilə xaric edilir (polipin ayaqcığı ilgək elektrodu ilə tutulur və sıxılır). Daha iri törəmələr hissəvi şəkildə çıxarılır. Bəzən polipektomiya qanaxma və bağırsaq divarının perforasiyası ilə ağırlaşa bilər. Poliplər kəsildikdən sonra histoloji müayinəyə göndərilir.

Müayinə prosesində xərçəng hüceyrələri aşkarlandıqda bağırsağın zədələnmiş hissəsi rezeksiya olunmalıdır. Ailəvi diffuz polipoz zamanı yoğun bağırsağın total rezeksiyası icra edilir, çənbər bağırsağın sərbəst kənarı anal kanala birləşdirilir.

Düz bağırsaq poliplərinin proqnoz və profilaktikası

Poliplərin erkən mərhələlərdə aşkarlanması və cərrahi müalicəsi əksər hallarda sağalma ilə nəticələnir. Residivləşmə ehtimalı ilə əlaqədar iri poliplərin kəsilməsindən 1 il sonra kontrol kolonoskopiya, eləcə də hər 3-5 ildən bir endoskopik müayinənin aparılması məsləhət görülür. Polipin bədxassələşməyə meylliliyi onun ölçüsündən və törəmələrin sayından asılıdır. Çoxsaylı iri poliplərin maliqnizasiya riski 20%-ə çatır. Ailəvi polipozun bədxassəli formaya çevrilmə ehtimalı daha yüksəkdir.

Poliplərin spesifik profilaktika üsulları mövcud deyil. Balanslaşdırılmış qidalanma, aktiv həyat tərzi, həzm sistemi xəstəliklərinin erkən diaqnostika və müalicəsi poliplərinin yaranma riskini azaldır. Düz bağırsaq poliplərinin başlanğıc mərhələlərdə aşkarlanması bu nahiyənin xərçənginin başlıca profilaktik tədbiri hesab olunur.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: