Hemorroidal düyünün trombozu

Oxuma vaxtı: 11 dəq Oxunma sayı: 4498

hemorroidal düyünlərin trombozu nədir?Hemorroidal düyünün trombozu – babasilin ağırlaşması olub, düz bağırsağın kavernoz damar kələflərində trombun formalaşması ilə xarakterizə edilir. Onun başlıca əlamətlərinə ifadəli ağrı və anal nahiyədə yad cismin olması hissi aiddir. Diaqnostika prosesində rektal nahiyəyə baxış keçirilir, rektoskopiya, qanın ümumi analizi və koaquloqramma aparılır. Müalicə taktikası vəziyyətin ağırlığından asılıdır. Konservativ terapiya yerli və sistemli iltihabəleyhinə preparatlar, topik trombolitiklər, venotoniklər və anestetiklərin təyini ilə icra olunur. Cərrahi müalicə trombektomiya və ya hemorroidektomiya vasitəsilə həyata keçirilir.

  • Yaranma səbəbləri
  • Təsnifat
  • Hemorroidal düyünün trombozunun əlamətləri
  • Ağırlaşmalar
  • Diaqnostika
  • Hemorroidal düyünün trombozunun müalicəsi
  • Proqnoz və profilaktika

Hemorroidal düyünün trombozu barədə ümumi məlumat

Hemorroidal düyünün trombozu – düz bağırsağın kavernoz kələflərində qanın sirkulyasiyasının pozulması və trombun əmələ gəlməsi ilə səciyyələnir. Kəskin vəziyyət orta hesabla 5 gün davam edir, bu müddət başa çatdıqdan sonra iltihablaşmış düyün birləşdirici toxuma ilə əvəz olunur; selikli qişanın nekrozlaşma və xoralaşması mümkündür. Kəskin hemorroidal tromboz babasil diaqnozunun təsdiqləndiyi pasiyentlərin təxminən 27%-də aşkarlanır, bütün ağırlaşmaların 60%-i məhz onun payına düşür.

Adekvat müalicə aparılmadıqda letal sonluqla nəticələnən ciddi fəsadlar yarana bilər. Problemin aktuallığı patologiyanın geniş yayılması, konservativ müalicə üsullarının müvəqqəti təsiri, residivlərin yüksək tezliyi ilə bağlıdır.

Hemorroidal düyünün trombozunun yaranma səbəbləri

Hemorroidal düyünün trombozunun səbəbləriHemorroidal düyünlərin kəskin trombozu rektal kələfin varikoz damarlarının vəziyyətini ağırlaşdıran bir sıra amillərin təsirindən inkişaf edir. Onun formalaşmasında qidalanma pozğunluqları: spirtli içkilər, ədəvalar, duzlu, acı və kəskin xörəklərin hədsiz dərəcədə qəbulu mühüm rol oynayır. Bu məhsullar kiçik çanaqda qanın sirkulyasiyasını stimulə etməklə hemorroidal düyünlərdə təzyiqi yüksəldir. Həmçinin həzm traktının fəaliyyətinin pozulması – qəbizlik və ya ishal hemorroidal kələflərdə qan dövranına mənfi təsir göstərir. Qəbizlik bitki tərkibli qida lifləri ilə zəngin olan meyvə, tərəvəz və s. məhsullardan yetərincə istifadə olunmadıqda yaranır.

Hemorroidal düyünlərin trombozunun digər səbəbi hipodinamiyadır. Uzun müddət oturaq vəziyyətdə qaldıqda kiçik çanaq damarlarında durğunluq halları baş verir. Bu da kavernoz kələflərdə trombların formalaşmasına və xəstəliyin kəskinləşməsinə səbəb olur. Tromboz əksər hallarda doğuşdan sonra əmələ gəlir. Hemorroidal düyünlərin zədələnməsi hər zaman trombozla nəticələnir.

Bir sıra xəstələrdə yuxarıda qeyd olunan amillərlə əlaqədar ağrıya cavab reaksiyası olaraq, anal sfinkterin spazmı daxili hemorroidal düyünlərin kəskin trombozuna gətirib çıxarır. Spazm nəticəsində  düyünlərdə qan dövranı əhəmiyyətli dərəcədə pozulur, tromblar, ödem və intensiv ağrı sindromu yaranır. Adətən sallanmış düyünlərin hamısı zədələnir. Bu vəziyyət kəskin gedişli olur. Həlledici amil qismində çox zaman gücənmə iştirak edir. Xarici hemorroidal tromboz düyünlərin birində baş verdiyindən klinik şəkil zəif ifadə olunur.

Hemorroidal düyünün trombozunun təsnifatı

Zədələnmiş düyünlərin lokalizasiyasına görə hemorroidal düyünlərin trombozunun 3 forması ayırd edilir: xarici, daxili və kombinəolunmuş. Patoloji prosesin əhatə etdiyi sahədən və klinik şəklin ifadəliliyindən asılı olaraq, xəstəliyin 3 ağırlıq dərəcəsi qeydə alınır. I dərəcədə iltihab əlamətlərinə rast gəlinmir. II dərəcə tromblaşmış düyünlərdə iltihabi dəyişikliklərin getməsi ilə xarakterizə olunur. Xəstəliyin III ağırlıq dərəcəsində iltihabi proses ətraf toxumalara yayılır, ağırlaşmalar inkişaf edir.

Hemorroidal düyünün trombozunun əlamətləri

Hemorroidal düyünün trombozunun əlamətləriHemorroidal düyünün trombozu aralıq nahiyəsində intensiv ağrılar, anal kanalda diskomfort hissi ilə təzahür edir. Daimi xarakterli ağrılar defekasiya aktı ilə bağlı olmur. Düyünün ölçüləri artdığından düz bağırsaqda yad cismin olması hissi yaranır. İltihabın qoşulması hipertermiya, ümumi halsızlıq və ürəkbulanma ilə müşahidə olunur.

Hemorroidal düyünlərin trombozunun klinik təzahürləri onun dərəcəsindən asılıdır. I ağırlıq dərəcəsində tromboz iltihabla müşayiət edilmir. Belə hallarda hemorroidal düyünlər ölçü və sıxlığı artır. Onlara toxunduqda cüzi ağrı hissi yaranır. Pasiyentləri anus nahiyəsində diskomfort narahat edir. Defekasiya aktı xoşagəlməz hissiyyatın güclənməsinə səbəb olur. Baxış zamanı anusun zəif nəzərə çarpan ödemi və hiperemiyası aşkarlanır.

II ağırlıq dərəcəsi düyünlərdə gedən iltihabi proseslə səciyyələnir. Bu mərhələdə perianal nahiyənin ödemi və ifadəli hiperemiyası qeydə alınır. Hemorroidal düyünlərin palpasiyası güclü ağrı törədir.

III dərəcə üçün yuxarıda sadalanan  proseslərlə yanaşı, həm də perianal nahiyənin dərialtı toxumasında iltihabi infiltrasiyanın inkişafı xarakterikdir. Düz bağırsağın barmaqla müayinəsi və düyünlərin əllənməsi dözülməz ağrı ilə müşayiət olunur. Vizual baxış düz bağırsaqdan sallanan tünd-qırmızı və göyərmiş düyünlərin aşkarlanmasına imkan verir.

Hemorroidal düyünün trombozunun ağırlaşmaları

Bəzən patoloji proses pararektal toxumanın bütün sahələrinə yayılır, yumşaq toxumalarda abses yaranır – irinli paraproktit inkişaf edir. Ağır hallarda sepsis baş verir. Patologiya həmçinin intensiv qanaxmalar, rektal sahədə diffuz ödem və  hemorroidal düyünlərin nekrozu ilə fəsadlaşa bilir.

Hemorroidal düyünün trombozunun diaqnostikası

Diaqnozun təsdiqlənməsi üçün tipik klinik şəklin olması kifayətdir. Hemorroidal düyünlərin trombozunun diaqnostikasında şikayətlər və anamnestik məlumatların toplanması, perianal nahiyənin müayinəsi mühüm rol oynayır. Xəstəliyin I ağırlıq dərəcəsində baxış zamanı böyüyən və bərkiyən düyünlər müəyyən edilir. Xarici hemorroidal tromboz zamanı adətən bir düyün zədələnir. Daxili babasildə isə düyünlərin sallanması aşkar edilir.

Xəstəlik proqressivləşdikdə və prosesə iltihab əlamətləri qoşulduqda düyünlərin ifadəli hiperemiyasına rast gəlinir. III ağırlıq dərəcəsi perianal zonanın infiltratlaşması ilə xarakterizə edilir. Bundan əlavə bəzi hemorroidal düyünlərin nekrozu, onların göy-qırmızı və ya qara rəng alması müşahidə oluna bilər.

Tromblaşmış xarici hemorroidal düyünlər daraqlı xəttdən aşağıda vizualizasiya edilir. Daxili tromboz zamanı sallanmış düyünlə perianal zonanın ödemli dərisi arasında şırım izlənilir. Sallanma halları müşahidə edilmədikdə daxili hemorroidal düyünlərin trombozu barmaqla rektal müayinədə üzə çıxarılır:  girdə formalı, sıx konsistensiyalı, kəskin ağrılı düyünlər palpasiya olunur.

Laborator müayinə üsullarından koaquloqramma daha informativ sayılır. Onun köməyilə hemostaz sisteminin pozulması aşkarlanır. İltihabi proseslərdə qanın ümumi analizi aparılarkən çöpnüvəli formaların hesabına leykositlərin sayının artması müəyyən edilir. Daxili tromboza şübhə yarandıqda diaqnozu dəqiqləşdirmək və intensiv ağrı sindromu ilə müşayiət olunan digər xəstəlikləri (düz bağırsaq xərçəngi, sallanmış anal polipin boğulması, kəskin paraproktit) inkar etmək üçün rektoskopiya icra olunur.

Hemorroidal düyünün trombozunun müalicəsi

Klinik proktologiya sahəsinin mütəxəssisləri müalicə məqsədilə kompleks terapiyadan istifadə edirlər. Müalicə sxemi mikrosirkulyator pozğunluqların dərəcəsindən asılı olaraq tərtib edilir. I və II ağırlıq dərəcəsində polikomponent konservativ terapiyaya üstünlük verilir. Bu məqsədlə xəstələrə gel, məlhəm və şam formasında yerli trombolitik vasitələr təyin olunur. Heparin əsaslı preparatlar yüksək effektivliyə malik olmaqla, trombozların müalicəsində və residivlərin qarşısının alınmasında müsbət nəticələr göstərir. Analgetiklər intensiv ağrının aradan qalxmasına və pasiyentlərin vəziyyətinin yaxşılaşmasına səbəb olur. İltihab əlamətləri aşkarlandıqda qeyri-steroid preparatlar və qlükokortikosteroidlər tətbiq edilir.

İltihabəleyhinə müalicə yerli, peroral və ya parenteral yolla aparılır. Aktiv iltihabi proseslərdə yerli terapiya ilə yanaşı iltihabəleyhinə vasitələr əzələ və ya venadaxili yeridilir. Xəstələrə həmçinin venatoniklər məsləhət görülür. Əlavə konservativ üsullar qismində aralıq nahiyəsinə soyuq kompres tətbiq olunur. Onun təsirindən ağrı aradan qalxır, iltihabın ifadəliliyi azalır.

Hemorroidal düyünlərin trombozunun III dərəcəsi cərrahi müalicəyə göstəriş sayılır. Əməliyyat təcili (ilk 2 sutka ərzində) və ya planlı şəkildə (4-5 gündən sonra) yerinə yetirilə bilər. Bu da düyünlərin boğulmasından və kəskin iltihabın aradan qaldırılmasının zəruriliyindən asılıdır. Hemorroidal düyünlərin trombozunun ən geniş yayılmış cərrahi müalicə üsulu trombektomiyadır. Əməliyyat prosesində düyün yarılır, tromb xaric edilir. Cərrah-proktoloq yaraya tikiş qoymadan onun öz-özünə sağalmasına şərait yaradır. Sağalma prosesi 2-3 gün davam edir. Belə taktika bir və ya iki düyünün xarici trombozunda tətbiq olunur.

Zədələnmə geniş sahəni əhatə etdikdə hemorroidektomiya icra edilir, anal kanalın selikli qişasının tamlığı bərpa olunur. Bu müdaxilə optimal uzaq nəticələrin əldə olunmasına imkan verir. Bəzən ifadəli perianal ödem və kəskin ağrı sindromu ilə müşayiət olunan geniş sahəli tromboz zamanı dozalaşdırılmış arxa sfinkterotomiya aparılır. Pararektal nahiyənin iltihabi və ya hemorroidal düyünün nekrozu daha radikal cərrahi müdaxilələrə göstəriş hesab olunur. Paraproktit hallarında iltihabi infiltrasiyanı azalmaq üçün perianal toxuma drenajlanır.

Hemorroidal düyünün trombozunun proqnoz və profilaktikası

Müalicə düzgün şəkildə aparıldıqda proqnoz qənaətbəxş olur. Əks halda ağırlaşmalar: hemorroidal düyünün nekrozu, paraproktit yaranır, bu da vəziyyəti əhəmiyyətli dərəcədə pisləşdirir.

Trombozun profilaktikası üçün hemorroidal düyünlərin zədələnməsinə və trombların yaranmasına yol verilməməlidir. Bağırsağın fəaliyyətinə diqqət yetirilməli, nəcisin konsistensiyasını tənzimləməklə ishal və qəbizlik hallarının qarşısı alınmalıdır. Bu məqsədlə qida rasionundan kəskin və duzlu yeməklər, ədəvalar və spirtli içkilər çıxarılmalı, meyvə və tərəvəzlər, süd məhsulların qəbulu artırılmalıdır. Fiziki aktivlik normaya salınmalıdır.

 

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: