Pararektal dermoid kista

Oxuma vaxtı: 8 dəq Oxunma sayı: 1590

pararektal dermoid kista nədir?Pararektal dermoid kista – düz bağırsaq ətrafı sahədə yerləşən və bu anatomik nahiyəyə xas olmayan toxumalardan ibarət xoşxassəli şişdir. Kista tək və ya çoxkameralı yarımkürə formasında ağrısız düyündür. Törəmə maliqnizasiyalaşa və ya irinləyərək, abses və fistula ilə nəticələnə bilər. Diaqnoz aralıq nahiyəsinə baxış, barmaqla rektal müayinə, rektoromanoskopiya, KT, MRT, endorektal USM, proktofistuloqrafiya və digər üsulların nəticələrinə əsasən qoyulur. Müalicə neoplaziyaların və fistula yollarının cərrahi yolla kəsilməsi ilə aparılır.

  • Yaranma səbəbləri
  • Təsnifat
  • Dermoid kistanın əlamətləri
  • Diaqnostika
  • Dermoid kistanın müalicəsi
  • Proqnoz və profilaktika

Pararektal dermoid kista barədə ümumi məlumat

Pararektal dermoid kista (pararektal kistoz teratoma, presakral dermoid kista, kaudal kista) – embrional hüceyrələrdən başlanğıc götürərək, müxtəlif toxumalardan – 1, 2 və ya 3 rüşeym səhifələrinin törəmələrindən təşkil olunur. Dermoid kistanın boşluğunda adətən ektodermanın törəmələri: tüklər, çoxqatlı buynuzlaşan epitel sahələri, piy və tər vəzilərinin elementləri, möhtəviyyatı aşkarlanır.  Patologiya üçün ləng böyümə və xoşxassəli gediş xarakterikdir. Kistaların ölçüləri böyüdükcə qonşu orqanların sıxılması mümkündür. Pasiyentlərin 8%-də maliqnizasiya qeydə alınır.

Pararektal dermoid kistanın yaranma səbəbləri

Pararektal dermoid kistanın səbəbləriPararektal dermoid kista embriogenezin pozulması nəticəsində yaranan anadangəlmə neoplaziyalar kateqoriyasına aiddir. Bu tip pozğunluqların yaranma səbəbləri hələlik elmə məlum deyil. Nəzəriyyələrdən birinə əsasən törəmə ilə əkizlərin qeyri-düzgün böyüməsi arasında əlaqə mövcuddur. Çoxdöllü hamiləlikdə əkizlərin biri bətndaxili inkişafın müəyyən mərhələsində digəri tərəfindən udularaq, sağ qalan dölün orqanizmində ayrı-ayrı toxumalar, müxtəlif orqanların mayası, ətraf və gövdənin hissələri şəklində saxlanılır.

Pararektal dermoid kistanın təsnifatı

Pararektal dermoid kistaların əksəriyyəti yalnız ektoderma törəmələrindən ibarət çoxkameralı sadə neoplaziyalardır. Belə kistalar 1 ədəd rüşeym səhifəsindən yaranan toxumalardan təşkil olunduğundan təksəhifəli adlanır. Təksəhifəli neoplaziyalar qrupuna dermoid və epidermal kistalar daxildir. Az hallarda ektoderma və mezoderma və yaxud ektoderma və endoderma törəmələrinin rast gəlindiyi ikisəhifəli, bəzən isə hər üç rüşeym səhifələrinin törəmələrini özündə birləşdirən pararektal dermoid kistalar qeydə alınır.

Təkkameralı kistalarla yanaşı pararektal nahiyədə çoxkameralı və kistoz quruluşlu lentşəkilli, eləcə də teratoid solid düyünlər müşahidə olunur. Yerləşmə xüsusiyyətlərindən asılı olaraq, çanaqdaxili pararektal dermoid kista, düz bağırsağın yan divarının yaxınlığında, presakral sahədə, rektovaginal arakəsmə nahiyəsində və çanaq boşluğundan kənarda (sağrı və aralıqda) yerləşən törəmələr ayırd edilir.

Mürəkkəb formalı, iri ölçülü, çoxkameralı pararektal dermoid kistaların radikal cərrahi müalicəsi çətinliklər törədir. Dermoid kistanın maliqnizasiyası, irinləyərək çanaq absesi və fistula əmələ gətirməsi mümkündür.

Pararektal dermoid kistanın əlamətləri 

Pararektal dermoid kistanın əlamətləri Bu nahiyənin törəmələri uzunmüddətli simptomsuz gedişə meyllidir. Klinik simptomatika adətən kistanın böyüyərək, qonşu orqan və toxumalara təzyiqi fonunda yaranır. Pasiyentləri anus, oma, büzdüm, aralıq və qarnın aşağı hissəsində sıxıcı ağrılar narahat edir. Defekasiya və sidik ifrazı tezləşə bilər. Bəzi xəstələr perianal zonada və ya aralıq nahiyəsində düyünün aşkarlanması səbəbindən  həkimə müraciət edir.

Pararektal dermoid kista irinlədikdə ağrı sindromu intensiv, kəsici və ya pulsasiyaedici xarakter alır. Xəstələrdə halsızlıq, əzginlik, baş ağrıları, bədən hərarətinin yüksəlməsi müşahidə edilir. Fistulanın formalaşması və absesin boşalmasından sonra pasiyentlərin vəziyyəti yüngülləşir. Fistula rektal şöbəyə  açıldıqda bağırsaq mövtəviyyatı qan, irin və selik qarışıqlı olur. Aralıq nahiyəsinə fistula yolu açıldıqda xəstələr irin ifrazatlardan şikayət edirlər.

Aralıq nahiyəsinə baxış və palpasiya zamanı şişəbənzər törəmələr, fistula dəliyi, çapıqlar, dərinin maserasiyası aşkarlana bilər. Barmaqla rektal müayinədə bağırsaq divarının kistanın təzyiqindən qabarması müəyyən edilir. Pararektal dermoid kistanın irinləməsindən sonra bağırsaq divarının elastikliyini və hərəkətliliyini azaldan çapıq bitişmələri formalaşa bilər. Barmağı düz bağırsaqdan çıxardıqdan sonra əlcək üzərində patoloji ifrazatlar izlənilir.

Pararektal dermoid kistanın diaqnostikası

Pararektal dermoid kista şikayətlər, aralıq nahiyəsinə baxış, barmaqla rektal müayinə, rektoromanoskopiya, endorektal və transvaginal USM, kiçik çanağın KT və MRT, fistuloqrafiya və digər müayinələr əsasında diaqnostika olunur. Aralıq nahiyəsinə baxış ginekoloji kresloda və diz-dirsək vəziyyətində aparılır. Rektal müayinə standart üsulla yerinə yetirilir. Onun köməyilə pararektal dermoid kistanın lokalizasiyası, diametri, konsistensiyası, fistula və çapıq dəyişikliklərinin, eləcə də digər xəstəliklər və patoloji vəziyyətlərin (babasil, anal çat və s.) olması  müəyyənləşdirilir.

Rektoromanoskopiya prosesində düz bağırsağın selikli qişasının vəziyyəti qiymətləndirilir, pararektal dermoid kistanın ölçüləri, lokalizasiyası və fistula dəliklərinin diametri dəqiqləşdirilir. Fistula yollarının uzunluğunu və istiqamətini təyin etmək üçün düz bağırsağa imalə vasitəsilə barium qarışığı yeridilməklə proktofistuloqrafiya icra olunur. Düz bağırsaq sfinkterləri, kiçik çanağın yumşaq toxumalarının vəziyyəti barədə ətraflı məlumat əldə etmək üçün USM, MRT və KT-dən istifadə olunur. Pararektal dermoid kista paraproktit, büzdüm və omanın osteomieliti, epitelial büzdüm yolu, düz bağırsağın bədxassəli şişləri və bu anatomik nahiyənin digər xəstəlikləri ilə differensiasiya edilir.

Pararektal dermoid kistanın müalicəsi 

Müalicə cərrahi yolla aparılır. Şişin lokalizasiyasının müxtəlifliyi, mürəkkəb konfiqurasiya, çapıq dəyişiklikləri, qonşu orqanlara bitişmə və qıvrım fistula yolları ilə əlaqədar pararektal dermoid kistanın radikal kəsilməsi müəyyən çətinliklər törədir. Əməliyyat planlı şəkildə yerinə yetirilir. Dekompensasiya mərhələsində olan ağır somatik xəstəliklər cərrahi müalicəyə əks-göstəriş sayılır.

Cərrahi müdaxilənin taktikası dermoid kistanın lokalizasiya və ölçüsünə nəzərən təyin edilir. Şiş parasakral yolla, aralıq, uşaqlıq yolu və ya qarnın ön divarından xaric edilə bilər. Əksər hallarda neoplaziya fistulalarla birgə kəsilib çıxarılır. Əməliyat zamanı düz bağırsaq mobilizə edilir, yaranmış defektlərin bağlanılması üçün əzələ-fassial loskutlar hazırlanılır. Yara qatlarla tikilir, drenaj qoyulur. Postoperasion dövrdə sarğılar dəyişdirilir, antibiotikoterapiya aparılır, ağrıkəsici vasitələr təyin edilir.

Pararektal dermoid kistanın proqnoz və profilaktikası

Proqnoz pararektal dermoid kistanın ölçü və lokalizasiyasından, ağırlaşmaların olmasından asılıdır. Ağırlaşmamış neoplaziyalar proqnostik cəhətdən qənaətbəxş sayılır. Əksər hallarda cərrahi müalicə tam sağalma ilə nəticələnir. Ağırlaşmış formalarda çapıq dəyişiklikləri və fistula yollarının mürəkkəbliyi ilə əlaqədar radikal əməliyyatın tam şəkildə aparılması mümkün olmur.

Dermoid kistalar bətndaxili dövrdə formalaşdığından onların profilaktik tədbirləri mövcud deyil.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: