Radiasion enterokolit
Radiasion enterokolit — bağırsağın iltihabi xəstəliyi olub, şüa terapiyası fonunda inkişaf edir. Xəstəlik ishal, qəbizlik, nəcisdə selik və qan qarışığı, qarında ağrılar, çəkinin itirilməsi, asteniya ilə təzahür edir. Diaqnoz nazik və yoğun bağırsağın rentgenokontrast müayinəsi, kolonoskopiya, koproqramma, tənəffüs testlərinin köməyilə qoyulur. Müalicə məqsədilə kortikosteroidlər, 5-aminosalisil turşusunun törəmələri, prokinetiklər, opiat reseptorlarının inhibitorları, anion mübadilə qətranları, antibiotiklər, probiotiklər, ferment vasitələri, regeneratorlardan istifadə olunur. Xəstələrə pəhriz təyin edilir. Ağırlaşmalar yarandıqda cərrahi müalicə aparılır.
- Radiasion enterokolitin müalicəsi
- Patogenez
- Təsnifat
- Radisaion enterokolitin əlamətləri
- Ağırlaşmalar
- Diaqnostika
- Radiasion enterokolitin müalicəsi
- Proqnoz və profilaktika
Radiasion enterokolit barədə ümumi məlumat
Radioterapiyadan sonra bağırsağın xarakterik dəyişiklikləri ilk dəfə 1917-ci ildə K.Frans və C.Ort tərəfindən təsvir olunmuşdur. Onkoloji xəstəliklərin radikal və palliativ müalicə üsulu kimi şüa terapiyasına olan göstərişlərin genişləndirilməsi ilə əlaqədar hazırda radioterapiya alan pasiyentlərin sayı bütün onkoloji xəstələrin 60%-ni təşkil edir. Proktologiya, qastroenterologiya və onkologiya sahəsinin mütəxəssislərinin fikrincə şüa müalicəsinin aparıldığı xəstələrin 3-17%-də erkən (kəskin) və gecikmiş (xroniki) radiasion enterokolit inkişaf edir. İonlaşdırıcı şüalanmanın təsirindən bağırsağın qeyri-yatrogen zədələnməsinə nadir hallarda rast gəlinir.
Radiasion enterokolitin yaranma səbəbləri
Bağırsağın postradiasion iltihabı adətən qarın boşluğu, retroperitoneal sahə, kiçik çanağın bədxassəli törəmələrinin şüa terapiyası fonunda yaranır. Mədə, mədəaltı vəzi, uşaqlıq boynu, yumurtalıqlar, prostat vəzi, xayalar, sidik kisəsi və düz bağırsaq xərçəngi, böyrək karsinoması, böyrəküstü vəzlərin şişi, retroperitoneal limfoma və bədxassəli prosesə cəlb olunan limfa düyünlərinin radiasion müalicəsi zamanı nazik və yoğun bağırsağın müxtəlif sahələri birbaşa zədələyici təsirə məruz qalır. Nazik bağırsağın radiasion tolerantlığı 35Qr təşkil edir. Yoğun bağırsaq üçün isə bu göstərici 40Qreyə bərabərdir. Daha yüksək radiasion şüalanma zamanı patoloji dəyişikliklər bir qədər gec baş verir. İonlaşdırıcı terapiya prosesində kəskin geridönən reaksiyalar kiçik dozalarda da inkişaf edə bilir.
Bağırsağın iltihabi xəstəlikləri, nazik bağırsaq ilgəklərinin hərəkətini məhdudlaşdıran postoperasion bitişmələr kimyaterapiyanın təyin olunduğu yaşlı şəxslərdə radiasion enterokolitin yaranma ehtimalını yüksəldir. Əlavə risk amillərinə yanaşı gedən xəstəliklər (arterial hipertenziya, şəkərli diabet), astenik bədən quruluşu, köhnəlmiş radiasion texnikanın tətbiqi, şüa yüklənməsinin düzgün hesablanmaması, şualanma texnikasına riayət olunmaması aiddir. Radiasion enterokolitin klinikası ionlaşdırıcı şüalanma mənbələri ilə işləyərkən təhlükəsizlik qaydalarına əməl edilmədikdə, nüvə fəlakəti zamanı 20Qreydən yüksək doza ilə bərabər xarici şüalanma hallarında kəskin şüa xəstəliyi çərçivəsində inkişaf edir.
Radiasion enterokolitin patogenezi
Radiasion enterokolitin inkişaf mexanizmi xəstəliyin yaranma müddətindən asılıdır. Radioterapiya prosesində və ya müalicə kursundan sonra 3 ay ərzində baş verən erkən radiasion zədələnmə ionlaşdırıcı şüalanmanın sitotoksik təsirinə əsaslanır. Deskvamasiya, tranzitor atrofiya, enterositlər və kolonositlərin məhvi qeyri-spesifik iltihabi reaksiya ilə müşayiət olunur. Xovların qısalması, ödem, hiperemiya, bağırsağın ifadəli neytrofil infiltrasiyası ilə əlaqədar divaryanı həzm prosesləri, nutriyentlərin parçalanması, suyun sorulması, bağırsağın peristaltikası pozulur. Zədələnməmiş epitel hüceyrələrinin sürətlə bölünməsi hesabına bağırsağın selikli qişası tamamən bərpa olunur, enterokolitin əlamətləri aradan qalxır.
Şüa yüklənməsinin yüksək dozalarında selikaltı qatda yerləşən kiçik damarlarda patomorfoloji dəyişikliklər nəticəsində geridönməyən, gecikmiş zədələnmələr baş verir. Arteriolların mikrotromblaşması və hialinozu səbəbindən bağırsaq divarında qan dövranının pozulması xroniki işemiyaya və onunla bağlı bağırsaq epiteliositlərinin hiporegenerator atrofiyasına gətirib çıxarır. Selikli qişanın nazilməsi nəticəsində onun relyefi hamarlaşır, bağırsaq keçiriciliyi artır, motorika zəifləyir, qida maddələri, öd turşularının absorbsiyası pozulur, xora və eroziya sahələri əmələ gəlir. Ağır hallarda nekrotik destruksiya baş verir. Əzələ qatının hipoksik reaktiv fibrozu bağırsaq mənfəzinin çapıq stenozu ilə ağırlaşaraq, vəziyyəti daha da ağırlaşdırır.
Radiasion enterokolitin təsnifatı
Radiasion enterokolitin formalarının sistemləşdirilməsi zamanı pozğunluqların yaranma müddəti, bağırsaq divarında gedən patomorfoloji dəyişikliklərin ifadə dərəcəsi və lokalizasiyası nəzərə alınır. Belə yanaşma xəstəliyin sonluğunun düzgün proqnozlaşdırılmasına və adekvat müalicə üsulunun seçilməsinə imkan verir. Bağırsağın şüa zədələnməsinin aşağıdakı formaları ayırd edilir:
- Yaranam müddətinə görə: erkən və gecikmiş zədələnmələr. Radiasion iltihabın kəskin forması radioterapiya prosesində və ya müalicədən sonra 3 ay müddətində baş verir. Əksər hallarda xəstəliyin əlamətləri geriyə dönən olur. Şüalanmadan minimum 4 ay sonra inkişaf edən gecikmiş forma üçün xroniki gediş, bağırsağın ifadəli destruktiv dəyişiklikləri xarakterikdir.
- Patoloji dəyişikliklərin xarakterinə əsasən: enterokolitin formalarını qiymətləndirərkən bağırsaq divarının zədələnmə dərinliyi nəzərə alınır. Səthi kataral iltihab yüngül forma sayılır. Bağırsaq qanaxmaları ilə bağırlaşan infiltrativ-xoralı və eroziv-deskvamativ radiasion iltihabi proses üçün epiteliositlərin tam atrofiyası nəticəsində selikli qişanın defekti səciyyəvidir. Nekrotik iltihab ən ağır forma hesab olunur.
- İltihabın lokalizasiyasına görə: radiasion enterit, kolit. Nazik bağırsaq şüa yüklənməsinə həssas olmasına baxmayaraq, yüksək mobilliyi sayəsində zədələnməyə az məruz qalır. Kolitlərə nisbətən enteritlər daha ağır gedişə malik olur. Yoğun bağırsağın zədələnməsi zamanı əksər hallarda cərrahi müalicənin aparılmasını tələb edən fəsadlar baş verir. Bağırsağın hər iki şöbəsinin müştərək zədələnməsi xəstəliyin proqnozunu ağırlaşdırır.
Radiasion enterokolitin əlamətləri
Xəstəliyin kəskin formasının klinik şəkli infeksion etiologiyalı bağırsaq iltihabının əlamətləri ilə eynidir. Pasiyentlərdə ürəkbulanma və qusma, iştahsızlıq, selikli nəcis, defekasiya çağırışlarının tezləşməsi, qarında müxtəlif lokalizasiyalı ağrılar müşahidə edilir. Yağların sorulma prosesinin pozulması açıq rəngli, üfunətli nəcis kütlələrinin ifrazı ilə özünü büruzə verir. Radiasion iltihabi reaksiyanın proqressivləşməsi zamanı ağrı güclənir, nəcisdə qan izlənilir, yalançı defeksiya çağırışları yaranır. Gecikmiş radiasion enterokolitlər sol qalça çuxurunda, qarnın digər hissələrində diskomfort və mülayim ağrılar, qəbizliklə ishalın növbələnməsi, bədən çəkisinin itirilməsi ilə xarakterizə olunur. Xəstənin ümumi vəziyyəti pozulur – baş ağrıları, başgicəllənmə, halsızlıq meydana çıxır, əmək qabiliyyəti azalır.
Radiasion enterokolitin ağırlaşmaları
Radiasion enterokolitin xoralı nekrotik formasında nəcislə qan itkisi baş verir, bu da zamanla ağır dəmirdefisitli anemiyanın formalaşmasına səbəb olur. Bəzən xəstənin həyatı üçün təhlükə törədən profuz qanaxmalar müşahidə edilir. Radiasion enterokolit zamanı bağırsaq divarının bütün qatlarının nekroza uğraması perforasiyaya, yerli və ya yayılmış peritonitin inkişafına gətirib çıxarır.
Xəstəliyin xroniki gedişində çapıq strikturaları formalaşır. Onlar dinamik və ya mexaniki bağırsaq keçməməzliyi ilə ağırlaşa bilir. B qrup vitaminlərinin sorulma prosesinin pozulması B12-defisitli anemiya, periferik polineyropatiya ilə müşayiət olunur. Retinol çatışmazlığı toyuq korluğu, dəri və selikli qişaların quruluğu ilə təzahür edir. Orqanizmdə erqokalsiferolun miqdarı az olduqda osteoporoz, karies yaranır.
Radiasion enterokolitin diaqnostikası
Anamnezdə radiasion təsirlər barədə məlumat olduqda radiasion enterokolitin diaqnozunun qoyulması çətinlik törətmir. Xəstəliyin diaqnostikasında istifadə edilən ən informativ instrumental və diaqnostik üsullar aşağıdakılardır:
- Rentgenoloji müayinə. Nazik bağırsağın rentgenoqrafiyası və irriqoskopiya vasitəsilə şüa zədələnməsinin xarakterik əlamətləri vizualizasiya edilir. Müayinə prosesində qaustrasiyaların olmaması, selikli qişanın kritptlərinin hamarlaşması, xora və ya fistula, bağırsağın çapıq stenozu aşkarlanır. Mürəkkəb hallarda qarın boşluğunun MRT, MSKT icra olunur.
- Kolonoskopiya. Düz bağırsaqdan yeridilən endoskop vasitəsilə yoğun bağırsağın bütün hissələri müayinə olunur. Enetrokolit zamanı selikli qişanın kataral iltihab ocaqları, xora defektləri, nöqtəvi qansızmalar, atrofiya sahələri müşahidə olunur. Histoloji müayinənin aparılması üçün bağırsaq divarından biopsiya götürülür.
- Koproqramma. Nəcis analizində radiasion iltihabın tipik əlamətləri: selik, külli miqdarda eritrosit və leykosit, neytral yağların qarışığı, həzm olunmamış qida qalıqları müəyyən edilir. Patogen mirofloranı təyin etmək üçün diaqnostika bakterioloji əkilmə ilə tamamlana bilər.
Xroniki iltihab zamanı mezenterial angioqrafiyanın köməyilə işemiyaya səbəb olan arteriolaların zədələnməsi üzə çıxarılır. Enterokolitin digər mümkün səbəblərini (laktazaya qarşı həssaslıq, izafi bakterial artım sindromu) inkar etmək məqsədilə funksional H2-tənəffüs testləri aparılır. Radiasion enterokolit sindromu üçün qanın klinik analizində hemoqlobin, eritrosit və retikulositlərin miqdarının azalması xarakterikdir.
Radiasion enterokolit bağırsağın iltihabi xəstəlikləri (terminal ileit, qeyri-spesifik xoralı kolit), virus və ya bakterial etiologiyalı enterokolit, amöbiaz, seliakiya, birincili laktoza çatışmazlığı, izafi bakterial artım sindromu, həzm traktının bədxassəli şişləri ilə differensiasiya edilir. Həkim-proktoloq və ya qastroenteroloqun müayinəsi ilə yanaşı onkoloq, radioloq, infeksionist, hematoloq, ümumi cərrahın konsultasiyası tələb oluna bilər.
Radiasion enterokolitin müalicəsi
Terapevtik taktika ümumilikdə Kron xəstəliyi və xoralı kolitdən əziyyət çəkən pasiyentlərin aparılma sxeminə bənzəyir. Radiasion enterokolitin formasından asılı olmayaraq, qidalanma korreksiya olunur. Xəstələrə zülal (100-120 qr/sut.), karbohidrat, yağlar, makro- və mikroelementlər, vitaminlərlə zəngin qidalar məsləhət görülür. Ağır gedişli gecikmiş enterokolitdə pasiyent enteral-zond və parenteral qidalanmaya keçirilə bilər. Müalayim ifadəli simptomatika zamanı yalnız simptomatik müalicə ilə arzuolunan nəticəni əldə etmək mümkündür. Postradiasion diareya anion mübadilə qətranları və opioid reseptorlarının blokatorları ilə aradan qaldırılır.
Bağırsağın motorikasını stimulə etmək üçün prokinetiklərdən istifadə olunur. Həddindən artıq çoxalan mikroorqanizmlərin sayını azaltmaq məqsədilə prokinetiklərin nitroimidazol və tetrasiklinlə birgə kombinasiyası tətbiq edilir. İşlədici vasitələr bağırsaq obstruksiyası olmadıqda təyin edilə bilər. Epitelin regenerasiyası qeyri-steroid anaboliklər, regenerantlar və reperantlarla aparılır. H2-reseptorlarının antaqonostləri və ya proton pompasının inhibitorları eroziya və xora sahələrinin sağalmasını tezləşdirir. Həzm prosesləri pozulduqda ferment preparatları məsləhət görülür. Disbiozun qarşısını almaq üçün probiotiklərə üstünlük verilir. Orta-ağır və ağır gedişli radiasion enterokolit zamanı aşağıdakı preparatların köməyilə patogenetik medikamentoz terapiya aparılır:
- Кortikosteroidlər. Qlükokortikoidlərlə iltihabəleyhinə terapiya araxidon turşusunun və digər iltihab mediatorlarının sintezini blokada edir, T-helperlərin proliferasiyasını tormozlayır, qanda monositlərin və toxuma makrofaqlarının miqdarını azaldır. Enterokolitli pasiyentlərə adətən predinazol və ya metilpredniazolon təyin edilir.
- 5-aminosalisil turşusunun törəmələri. Onların təsiri iltihab mediatorları – prostaqlandin, tromboksan və leykotrienlərin siklooksigenaz və lipooksigenaz yaranma mexanizmlərinin blokadasına əsaslanır. Bu dərman vasitələri çapıq toxumasının dağılmasını tormozlayan zülalın miofibroblastlar tərəfindən sintezini azaldır, nəticədə fibroz toxumasının inkişafı zəifləyir və ya tamamən baş vermir.
Ağır enterokolitin terapevtik rezistentliyi hiperbarik oksigenasiyanın tətbiqini azaltmağa imkan verir. Gecikmiş radiasion iltihab, ifadəli striktura və stenozun rast gəlindiyi pasiyentlərin 20-30%-də cərrahi müalicəyə ehtiyac yaranır. Vəziyyətdən asılı olaraq, nazik bağırsağın seqmentar rezeksiyası, enteroenterostomiya, enterokolostomiya, enterostomiya (eyunostomiya və ya eleostomiya), çənbər bağırsağın rezeksiyası, yoğun bağırsağın müxtəlif tip anastomozlarının qoyulması, kolostomiya icra olunur.
Radiasion enterokolitin proqnoz və profilaktikası
Kəskin iltihablı xəstələrin əksəriyyətində selikli qişanın tamlığının bərpası ilə tam sağalma müşahidə olunur. Xroniki prosesin aşkarlandığı pasiyentlərin 70-80%-də konservativ üsullarla davamlı klinik remissiya əldə edilir. Radiasion enterokolitin xoralı-nekrotik formasının proqnozu qeyri-qənaətbəxş olur. Xəstəliyin bu forması ciddi ağırlaşmalara və pasiyentin əmək qabiliyyətinin məhdudlaşmasına gətirib çıxara bilər.
Bağırsağın radiasion zədələnmələrinin profilaktikası şüalanmanın birdəfəlik və kurs dozasının fərdi qaydada seçilməsindən, şüa terapiyasının seanslarının fasilələrlə aparılmasından, radioprotektorların tətbiqindən ibarətdir.