S-vari bağırsağın divertikulu
S-vari bağırsağın divertikulu – toxumalarda gedən degenerativ proseslərlə əlaqədar orqanın divarının patoloji qabarmasıdır. Xəstəlik simptomsuz gedə və ya qarında ağrılar, nəcisin konsistensiyasının dəyişməsi (qəbizlik və ya ishal), meteorizm, qanaxma, iltihab əlamətləri ilə təzahür edə bilər. Diaqnostika kolonoskopiya və irriqoskopiyanın köməyilə aparılır. Laborator üsullar ikinci dərəcəli rol oynayır. Bağırsağın motor funksiyası manometriya vasitəsilə qiymətləndirilir. Konservativ terapiya nəcisin tənzimlənməsinə və ağırlaşmalarla mübarizəyə yönəldilir. Müsbət nəticə əldə edilmədikdə cərrahi müalicə aparılır.
- Yaranma səbəbləri
- Təsnifat
- Divertikulların əlamətləri
- Ağırlaşmaları
- S-vari bağırsağın divertikullarının müalicəsi
- Proqnoz və profilaktika
S-vari bağırsağın divertikulu barədə ümumi məlumat
S-vari bağırsağın divertikulu – yoğun bağırsağın divertikulyozunun bir forması olub, degenerativ proseslər nəticəsində orqanın divarlarında kisəvari qabarmaların yaranması, motorikanın pozulması və qəbizliklə xarakterizə olunur. Bu patologiya yoğun bağırsağın ən geniş yayılmış xəstəliklərindən sayılır.
Divertikulyoz inkişaf etmiş ölkələrdə hər 10 nəfərdən birində aşkar edilir. Xəstəliyin təxminən 1/3 hissəsi S-vari bağırsağın divertikullarının payına düşür. 10-13% hallarda müştərək patologiya – prosesin S-vari və enən çənbər bağırsağa yayılması qeydə alınır. Onu da qeyd etmək lazımdır ki, pasiyentlərin 80%-də S-vari bağırsağın divertikulları təsadüfən aşkarlanır və ya həyatın sonuna qədər gizli qalır. Əhalisinin gündəlik rasionunda qida lifləri ilə zəngin məhsulların azlıq təşkil etdiyi ölkələrdə problemin aktuallığı artmaqda davam edir. Divertikulyozun müalicəsi proktoloqlar tərəfindən həyata keçirilir.
S-vari bağırsağın divertikulunun yaranma səbəbləri
Müasir proktologiya sahəsinin mütəxəssisləri tərəfindən S-vari bağırsağın divertikulunun 3 əsas patofizioloji yaranma səbəbi ayırd edilir: bağırsaq divarlarında gedən distrofik dəyişikliklər, peristaltikanın pozulması və damar patologiyaları. Həmçinin nəcis kütlələrinin durğunluğu nəticəsində bağırsaq daxilində təzyiqin yüksəlməsi divertikulların formalaşmasına təkan verir. Əksər hallarda bu amillər müştərək şəkildə təsir göstərir.
Toxumaların (əzələ aparatı, selikli qişa və selikaltı qat) distrofiyası yaşlı şəxslərdə müşahidə edilir və ya kollagen sintezinin pozulması səbəbindən birləşdirici toxumanın anadangəlmə zəifliyi fonunda formalaşır. Orta yaşlı insanlarda peristaltikanın pozulması ön plana keçir. Patoloji proses bağırsaq divarının saya əzələlərinin yığılmalarının diskoordinasiyası və spazmlarla təzahür edir. Bu da bağırsaq daxilində təzyiqin yüksəlməsinə, nəcis kütlələrinin durğunluğuna səbəb olur. Nəticədə əzələ lifləri ayrılır və divertikul əmələ gəlir.
Sadalanan amillərə damar pozğunluqları əlavə olunur. Əzələlərin daimi spazmı qan dövranının zəifləməsinə, bağırsaq divarının vena və kapilyarlarında qan durğunluğuna gətirib çıxarır. Bundan əlavə arteriyalar aterosklerozla zədələnə bilər. Trofikanın pozulması toxumalarda baş verən degenerativ prosesləri ağırlaşdırmaqla S-vari bağırsağın divertikullarının yaranmasına səbəb olur.
Divertikulların inkişafında S-vari bağırsağın anatomik quruluşu mühüm əhəmiyyət kəsb edir. Yoğun bağırsağın əzələ qatı qeyri-bərabər olub, 3 zolaqdan ibarətdir. Əksər hissələrdə onun daxilindən vena və arteriyalar keçir. Bu da bağırsaq divarında neqativ təsirlərə və boşluq daxilindəki yüksək təzyiqə daha çox məruz qalan sahələrin formalaşmasına şərait yaradır. Qabarmalar həmçinin S-vari bağırsaqda olan çoxsaylı haustralarla əlaqədar inkişaf edə bilir. Qeyri-düzgün qidalanma qəbizliyə və nəcis kütlələrinin durğunluğuna səbəb olmaqla divarın gərilməsinə və zəifləməsinə gətirib çıxarır. Nəticədə S-vari bağırsağın divertikulları əmələ gəlir.
S-vari bağırsağın divertikulunun təsnifatı
Klinik gedişinə görə S-vari bağırsağın divertikullarının 3 forması ayırd edilir: gizli gedişli; ifadəli klinik simptomatika ilə təzahür edən; ağırlaşmış (divertikulit, bağırsaq absesi və infiltratları, qanaxmalar, fistulalar, perforasiya, peritonit).
Morfoloji quruluşuna əsasən S-vari bağırsağın divertikulları 2 formaya bölünür: həqiqi və psevdo. Həqiqi divertikullar üçün bağırsağın bütün divarlarının (əzələlər, selikli qişa və selikaltı qat) prosesə cəlb olunması xarakterikdir. Psevdo divertikullarda yalnız selikli qişanın qabarması müşahidə edilir.
S-vari bağırsağın divertikulunun əlamətləri
Pasiyentlərin əksəriyyətində S-vari bağırsağın divertikulu heç bir əlamətlə özünü büruzə vermir. Ağırlaşmaların yaranmasına və ya digər patologiyalar səbəbindən proktoloqa müraciət olunana qədər insan illərlə bu problemdən xəbərsiz yaşayır. Pasiyentlərin 1/5 hissəsi qarında sancışəkilli periodik ağrılardan şikayət edir. Ağrı sol qalça nahiyəsində lokalizasiya olunur. Palpasiya zamanı qarın divarında gərginlik aşkarlanmır. Ağrı sindromu öz-özünə keçə bilir. Bəzən yüngülləşmə defekasiya aktından sonra baş verir. Bundan əlavə qarında köp, periodik olaraq, ishalla növbələnən daimi qəbizlik izlənilir. Bütün bu əlamətlər qıcıqlanmış bağırsaq sindromunda rast gəlindiyindən patologiyanın diaqnostikası müəyyən çətinliklər törədir.
Divertikulitin (S-vari bağırsağın divertikullarının iltihabı) inkişaf etdiyi hallarda simptomatika daha parlaq şəkil alır. Buna bağırsaq mənfəzində və divertikullarda nəcis kütlələrinin durğunluğu, bağırsaq florasının təsiri və S-vari bağırsağın zəifləmiş divarlarının keçiriciliyinin artması səbəb olur. Belə hallarda qarında ağrı güclənir, onun lokalizasiyasını müəyyən etmək mümkün olmur. Palpasiyada qarnın ön divarının bir qədər gərginləşməsi, sol qalça nahiyəsində ağrının artması aşkarlanır. Xəstələrdə hərarət yüksəlir, intoksikasiya əlamətləri yaranır.
S-vari bağırsağın divertikulunun ağırlaşmaları
S-vari bağırsağın divertikullarının iltihabının proqressivləşməsi infiltratın formalaşmasına gətirib çıxara bilir. İltihabi proses müsariqəyə, piyliyə və ətraf toxumalara yayılır. Palpasiya prosesində qarnın sol-aşağı hissəsində məhdud hərəkətli ağrılı bərkimə əllənir. İnfiltratın lokalizasiya olunduğu nahiyədə abses formalaşa bilər. Belə vəziyyətlərdə pasiyentin halı kəskin pisləşir, bədən hərarəti febril həddə qədər yüksəlir. Qızdırma sutkalıq iri sıçrayışlarla hektik xarakter alır. Palpasiyada qarın divarının müvafiq nahiyəsində yüksək gərginlik, kəskin ağrılar qeydə alınır.
Divertikulların deşilməsi və ya perforasiyası ən təhlükəli ağırlaşma sayılır. Proses divertikulit fonunda və ya onun heç bir əlaməti izlənilmədən inkişaf edə bilər. Xəstələrdə kəskin ağrı, zəiflik, qızdırma meydana çıxır. Perforasiya peritonit və ya retroperitoneal fleqmona (divertikul S-vari bağırsağın müsariqəsinə açıldıqda) ilə nəticələnir. Bu zaman xəstənin vəziyyəti ağırlaşır, halsızlıq, hərarətin yüksəlməsi, kəskin qarın simptomatikası müşahidə edilir. Perforasiya dəliyi boşluqlu orqana və ya qarın dərisinə açıldıqda fistula əmələ gəlir. Adətən fistulalar nazik bağırsağın, sidik kisəsinin, az hallarda isə uşaqlıq yolunun mənfəzinə açılır.
Bağırsaq divarının tamlığının pozulması açıq qanaxmalara gətirib çıxarır. Qan ifrazı S-vari bağırsağın divertikullarının ilk və yeganə əlaməti ola bilər. Bu zaman nəcisdə qan izlənilir. O, nəcis kütlələri ilə qarışmayaraq, öz rəngini dəyişmir. Nadir hallarda qanaxma profuz xarakterli olur. Nəcis yığınları bağırsaq divarını daima qıcıqlandırdığından qanaxmalar təkrarlana bilir. Xroniki qanaxmalar anemiyaya səbəb olur.
S-vari bağırsağın divertikulunun diaqnostikası
S-vari bağırsağın divertikulu endoskopik müayinələrin köməyilə aşkarlana bilər. İlk növbədə bariumla imalədən sonra yoğun bağırsağın rentgenoloji müayinəsi – irriqoskopiya icra olunur. S-vari bağırsağın diaqnostikasında bu üsul informativliyi ilə seçilir. Onun köməyilə bağırsaq divarının qabarmasını və onun ölçülərini təyin etmək, S-vari bağırsağın hərəkətliliyini, divarların tonusunu və mənfəzin böyüklüyünü qiymətləndirmək mümkündür. Daha dəqiq nəticələr əldə etmək üçün müayinə bir neçə proyeksiyalarda aparılır.
Kolonoskopiya irriqoskopiyanın nəticələri məlum olduqdan sonra yerinə yetirilir, çünki bu müayinə prosesində S-vari bağırsağın divertikullarının zədələnməsi və deşilmə riski mövcuddur. Kolonoskopiya bağırsaq divarının və divertikulların vəziyyətinin aydınlaşdırılmasına, qabarmanın ölçülərinin dəqiqləşdirilməsinə, iltihabi dəyişikliklərin və qanama ocaqlarının aşkarlanmasına imkan verir. Ehtiyac yarandıqda müayinə prosesində biopsiya götürülür. Bağırsağın motor funksiyasının ifadəli pozğunluqlarında manometriyada istifadə olunur.
Laborator üsullar köməkçi rol oynayır. Onlar əsasən ağırlaşmaların diaqnostikasında tətbiq edilir. Divertikulit zamanı qanın ümumi analizində leykositoz, formulanın sola meylliyi, EŞS-nin yüksəlməsi aşkarlanır. Qanaxma eritrositlərin və hemoqlobinin konsentasiyasının azalmasına gətirib çıxarır. Nəcisdə gizli qanın təyini S-vari bağırsağın divertikullarının damarlarının zədələnməsi zamanı cüzi qanaxmanı üzə çıxarmağa kömək edir.
S-vari bağırsağın divertikulu ağır dərəcəli qanaxma və arıqlama ilə müşayiət olunan xərçənglə differensiasiya edilir. Bundan əlavə divertikulları Kron xəstəliyindən fərqləndirmək lazımdır. Bu patologiya üçün qan və seliklə müşahidə olunan ishal və prosesin bağırsağın bütün hissələrinə, o cümlədən düz bağırsağa yayılması xarakterikdir. İşemik kolit isə qəfil başlanğıca malik olub, ağır və ifadəli simptomatika ilə səciyyələnir.
S-vari bağırsağın divertikullarının müalicəsi
Xəstəliyin ağırlaşmamış formasında müalicə nəcisin konsistensiyasının və bağırsaq fəaliyyətinin normallaşmasına yönəldilir. Xəstələrə pəhriz təyin olunur. Gündəlik rasionda qida lifləri ilə zəngin olan məhsullara üstünlük verilməsi məsləhət görülür. Pəhriz heç bir nəticə vermədikdə tərkibi qida liflərindən ibarət preparatlar və işlədici vasitələrdən istifadə edilir. Peristaltikanı tənzimləmək üçün spazmolitiklər (drotaverin) və prokinetiklər (domperidon, itopridium-hidroxlorid) tətbiq edilir. Zərurət yarandıqda fermentativ preparatların qəbulu tövsiyə olunur.
Divertikulit zamanı geniş təsir spektrinə malik antibiotiklər: flüorxinolon, 8-oksixinolonun törəmələri ilə müalicə tələb olunur. Əlavə olaraq, dezintoksikasion terapiya aparılır. Qanaxma hallarında laxtalanmanı artıran preparatlar təyin olunur.
S-vari bağırsağın divertikullarının perforasiyası, fistula, abses və peritonitin yaranması cərrahi müdaxiləyə göstəriş sayılır. S-vari bağırsağın çoxsaylı divertikullarında planlı əməliyyatlar həyata keçirilir. Müdaxilənin mahiyyəti zədələnmiş nahiyənin – S-vari bağırsağın rezeksiyasından ibarətdir.
S-vari bağırsağın divertikulunun proqnoz və profilaktikası
Düzgün qidalanma rejiminə əməl etməklə S-vari bağırsağın divertikullarının qarşısını almaq mümkündür; bu xəstəliyə əhalisinin gündəlik rasionunda tərəvəz, meyvə və dənli bitkilərin üstünlük təşkil etdiyi ölkələrdə demək olar ki, rast gəlinmir. Pəhriz qida lifləri ilə zəngin məhsullardan: sıyıq (qarabaşaq, buğda, yulaf), meyvələr, çiy və bişmiş tərəvəzlərdən ibarət olmalıdır. Bununla yanaşı mülayim fiziki idman məşğələlərinə də yer ayırmaq lazımdır.
Pasiyentlərin 80%-də divertikullar heç bir əlamətlə müşahidə olunmadığından proqnoz qənaətbəxş sayılır. Lakin yaş artdıqca bağırsaq divarında gedən atrofik proseslər proqressivləşdiyindən proqnoz ağırlaşır. S-vari bağırsağın divertikullarının perforasiyası və peritonit təhlükəli vəziyyət hesab olunur.