Siqmoidit

Oxuma vaxtı: 11 dəq Oxunma sayı: 3004

siqmoidit nədir?Siqmoidit – siqmavari bağırsağın kəskin və ya xroniki gedişli iltihabi xəstəliyidir. Patologiya qarnın sol hissəsində ağrılar, qarında köp və qurultu, nəcisdə selik və qan qarışığı, ürəkbulanma, qusma və intoksikasiya əlamətləri ilə təzahür edir. Xəstəliyin kəskin formasında sadalanan əlamətlər ifadəli olur. Xroniki siqmoiditin simptomatikası zəif nəzərə çarpır, bəzi simptomlara ümumiyyətlə rast gəlinmir. Diaqnoz şikayətlər, baxış, rektal müayinə, endoskopiya və digər üsulların nəticələri əsasında qoyulur. Müalicə məqsədilə xəstələrə pəhriz, ümumi və yerli təsirli simptomatik, etiotrop vasitələr təyin edilir.

  • Siqmoiditin yaranma səbəbləri
  • Patoloji anatomiyası
  • Təsnifat
  • Siqmoiditin əlamətləri
  • Diaqnostika
  • Siqmoiditin müalicəsi
  • Proqnoz və profilaktikası

Siqmoidit barədə ümumi məlumat

Siqmoidit – siqmavari bağırsağı zədələyən müxtəlif etiologiyalı iltihabi proseslər qrupudur. Patologiya izoləolunmuş formada və ya yoğun bağırsağın digər hissələrinin iltihabı xəstəlikləri ilə müştərək şəkildə inkişaf edə bilir. Əksər hallarda siqmavari və düz bağırsağın birgə iltihabı (rektosiqmoidit) müşahidə olunur. Yoğun bağırsağın diffuz iltihabı – kolit zamanı bəzən məhz siqmoiditin simptomatikası ön plana keçir. Bağırsağın digər şöbələri ilə müqayisədə siqmavari bağırsaq iltihablaşmaya daha çox meylli olur. Xəstələr arasında qadınlar üstünlük təşkil edir. Yaş artdıqca siqmoiditin yaranma ehtimalı yüksəlir.

Siqmoiditin yaranma səbəbləri

Siqmoiditin yaranma səbəbləriXəstəliyin birbaşa səbəblərinə bağırsaq infeksiyaları, disbakterioz, Kron xəstəliyi, qeyri-spesifik xoralı kolit və orqanı qidalandıran damarların aterosklerotik dəyişiklikləri aiddir. Bir sıra hallarda siqmoidit şüa terapiyası fonunda inkişaf edir. Disbakterioz zamanı bağırsaq mikroflorasının dəyişməsi patogen və şərti-patogen mikroorqanizmlərin çoxalması üçün əlverişli şərait yaradır, bu da iltihaba gətirib çıxarır. Bağırsaq infeksiyalarında (dizenteriya, salmonellyoz) törədicilərin ifraz etdiyi toksinlər selikli qişanı zədələyərək, siqmoidit törədir.

Kron xəstəliyi və xoralı kolit selikli qişada eroziya və xoraların formalaşması ilə müşayiət edilir. Zədələnmiş selikli qişada siqmavari bağırsağın digər hissələrinə yayılan və siqmoiditə səbəb olan iltihab ocaqları yaranır. Bağırsağın aterosklerozla assosiasiyalı xroniki işemiyasında orqanın divarlarının qidalanması pozulur, nekroz sahələri – siqmoiditin ilkin iltihab ocaqları əmələ gəlir.

Şüa terapiyasında ionlaşdırıcı şüalanma hüceyrələrin bir qismini dağıdaraq, iltihabla nəticələnir. Yuxarıda qeyd olunan səbəblər, anatomik və fizioloji faktorlarla yanaşı siqmoiditin yaranmasında qarın boşluğu orqanlarında aparılan əməliyyatlardan sonra əmələ gələn bitişmələr və ümumi infeksion xəstəliklər müəyyən rol oynayır.

Siqmavari bağırsaqda bağırsaq möhtəviyyatının hərəkətini ləngidən və çox zaman divertikulitlə ağırlaşan divertikullara tez-tez rast gəlinir. Siqmavari bağırsağın yaxınlığında yerləşən qonşu orqanlar, xüsusən hamilə qadınların uşaqlığı tərəfindən sıxılması, eləcə də bu anatomik nahiyənin vaskulyarizasiyasının xüsusiyyətləri ilə bağlı qan dövranının lokal pozğunluqları siqmoiditin inkişafına təkan verir.

Patoloji anatomiyası

Siqmoidit bağırsağın ən geniş yayılmış iltihabi xəstəliyidir, bu da siqmavari bağırsağın anatomik və fizioloji xüsusiyyətləri ilə izah olunur. Siqmavari bağırsaq enən çənbər və düz bağırsaq arasında yerləşir. Bu nahiyə yoğun bağırsağın aşağı hissələrinə aid edilir. Siqmavari bağırsaq qarnın sol hissəsində qalça darağı səviyyəsində yerləşir. Bağırsağın bu nahiyəsi uzun müsariqə hesabına hərəkətli olduğundan bəzi xəstələrdə sağa və ya diafraqma altına yerini dəyişir. Nəticədə siqmoiditin simptomatikası qeyri-tipik xarakter alır – ağrı sol tərəfdə deyil, göbək ətrafında, qarnın sağ və ya yuxarı hissələrində lokalizasiya olunur.

Siqmavari bağırsaq S-vari formaya malikdir. Onun diametri isə 4-6sm, uzunluğu 15-65sm arasında dəyişir. Bağırsağın bu nahiyəsində su aktiv şəkildə sorulur və nəcis kütlələri formalaşır. Fizioloji əyriliklər və nəcis bərk konsistensiyası ilə əlaqədar siqmavari bağırsağın divarı fekal kütlələr tərəfindən tez-tez zədələnməyə məruz qalır. Bu da siqmoiditin inkişafı üçün əlverişli şərait yaradır.  Bağırsaq möhtəviyyatının hərəkəti ləngidikdə nəcis kütlələrinin tərkibindəki zərərli maddələrin selikli qişa ilə təmas müddətinin uzanması siqmoiditin yaranma riskini daha da artırır.

Siqmoiditin təsnifatı

Gediş xüsusiyyətindən asılı olaraq, siqmoiditlər kəskin və xroniki formalara bölünür. İltihabın xarakterinə görə siqmavari bağırsağın zədələnməsinin aşağıdakı növləri ayırd edilir:

  • Kataral siqmoidit. İltihab selikli qişanın yalnız səthi qatlarını zədələyir. Selikli qişa ödemli və hiperemiyalı olur. Çoxlu miqdarda selik ifraz olunduğundan bu forma bəzən selikli siqmoidit kimi qeyd edilir.
  • Eroziv siqmoidit. Selikli qişanın səthi qatlarında eroziyalar aşkarlanır.
  • İrinli-hemorragik (xoralı) siqmoidit. Selikli qişada bağırsaq divarının dərin qatlarına nüfuz edən xoralar əmələ gəlir.
  • Perisiqmoidit. İltihab bağırsağın seroz qişasına yayılır. Bağırsağın ətrafında infiltrat formalaşır. Prosesə müsariqə cəlb olunur. Qarın boşluğunda bağırsaq ilgəkləri, eləcə də bağırsaqla digər orqan və toxumalar arasında bitişmələr formalaşır.

Siqmoiditin formalarının təzahürləri öz aralarında birləşə bilir. Bununla əlaqədar bəzən diaqnostika prosesində müəyyən çətinliklər yaranır.

Siqmoiditin əlamətləri

Siqmoiditin əlamətləriXəstəliyin kəskin gedişində adətən kataral proses müşahidə olunur. Pasiyentlər qarnın sol hissəsində sancışəkilli ağrılardan şikayət edir. Ağrı adətən sol ayaq və bel nahiyəsinə irradiasiya edir. Siqmoiditli xəstələrdə ürəkbulanma, qusma, qarında köp və qurultu, aldadıcı defekasiya çağırışları yaranır. Nəcisdə selik və qan qarışıqları izlənilir. Proktitlə siqmoiditin birgə rast gəlindiyi hallarda nəcis kütlələri xaric olunmadan selik və qan ifrazı mümkündür.

Xəstələrdə intoksikasiya əlamətləri: zəiflik, əzginlik, hipertermiya, baş ağrıları meydana çıxır. Qarın nahiyəsini palpasiya edərkən siqmavari bağırsaq proyeksiyasında ağrı müəyyən olunur. Rektal müayinədə bağırsağın zədələnmiş hissəsinin qalınlaşması aşkarlanır. Klinik təzahürlərinə görə kəskin siqmoidit appendisiti və ya peritifliti xatırlatsa da, ağrı sağda deyil, sol qalça nahiyəsində müşahidə edilir. Siqmavari bağırsağın qeyri-tipik yerləşməsi zamanı ağrının lokalizasiyasının dəyişməsi diaqnostikanı çətinləşdirir.

Xoralı siqmoiditin ağır formaları yarımkəskin və ya xroniki gedişli olur. Xəstənin ümumi vəziyyəti pozulur, halsızlıq, intoksikasiya, bağırsaqda diskomfort, nəcis ifrazının pozulması (ishal) və aldadıcı çağırışlar qeydə alınır. Siqmoiditli xəstələrin nəcisi «ət suyu» rəngdə, duru və üfunətli olur. Ağır hallarda iltihabi proses yayılaraq, perisiqmoiditə səbəb olur.

Perisiqmoiditin klinik şəkli adi siqmoiditin təzahürlərindən fərqlənmir. Peritonun iltihabi zədələnməsi nəticəsində tədricən bitişmə xəstəliyi formalaşır. Siqmoidit fonunda bitişmələr adətən qənaətbəxş gedişə malik olur. Xəstələrdə fiziki yüklənmələrdən sonra güclənən dartıcı ağrılar, köp və qəbizliyə meyllik müşahidə edilir. Bəzən bitişmə xəstəliyi ilə ağırlaşan siqmoidit zamanı bağırsaq keçməməzliyinin əlamətləri: intensiv ağrılar, qusma, nəcis ifrazının baş verməməsi, hipertermiya və leykositoz izlənilir.

Pəhrizin pozulması, spirtli içkilərin qəbulu, kəskin infeksiyalar (qrip, KRVİ), fiziki və ya psixi yüklənmə xroniki siqmoiditin kəskinləşməsinə gətirib çıxarır. Müxtəlif insanlarda simptomatikanın ifadəliliyi fərqli olur: bəzilərində cüzi ağrı və nəcis ifrazının azacıq tezləşməsi, digərlərində isə kəskin siqmoiditi xatırladan əlamətlər meydana çıxır. Bir sıra hallarda ishal qəbizliklə növbələnir. Pasiyentlər ayaq, aralıq və bel nahiyəsində irradiasiya edən abdominal ağrılardan şikayət edirlər. Siqmoiditin xroniki gedişində qarında daimi diskomfortla əlaqədar yuxu pozğunluğu, yorğunluq, əsəbilik yaranır.

Siqmoiditin diaqnostikası

Diaqnoz klinik simptomatika, fizikal baxış, rektal müayinə, endoskopiya və laborator analizlərin nəticələri əsasında qoyulur. Qarnın palpasiyasında sol qalça nahiyəsində ağrı müəyyən edilir. Rektal müayinədə siqmavari bağırsağın aşağı hissəsində ödem aşkarlanır. Siqmodit proktitlə birgə inkişaf etdikdə şişkinlik həm siqmavari, həm də düz bağırsaqda təyin edilir. Barmağı düz bağırsaqdan çıxartdıqda əlcəyin üzərində qan və selik izlərinə rast gəlinir.

Siqmoiditin ən informativ müayinə üsulu rektoromanoskopiyadır. Onun köməyilə bağırsağın selikli qişasında gedən dəyişikliklərin ifadəliliyi və yayılması qiymətləndirilir. Qanın ümumi analizində leykositoz müşahidə olunur. Koproqramma və nəcisin bakterioloji əkilməsi yoğun bağırsaqda iltihabın təsdiqlənməsinə və bağırsağın infeksion xəstəliklərində törədicinin təyin olunmasına imkan verir.  Mürəkkəb hallarda (ağrının qeyri-tipik lokalizasiyası) siqmoiditi kəskin appendisit və peritiflitlə differensiasiya etmək məqsədilə laparoskopiya aparılır.

Siqmoiditin müalicəsi

Müalicə konservativ yolla aparılır. Etiotrop və simptomatik terapiya klinik təzahürlərin ifadəliliyindən asılı olaraq, ambulator və ya stasionar şəraitdə icra olunur. Siqmoiditdən əziyyət çəkən pasiyentlərə qızardılmış, yağlı, kəskin, ədəvalı, kobud, həddindən artıq isti və ya soyuq qidalardan imtina etmək məsləhət görülür. Onlara buxarda hazırlanmış xörəklərdən, bişirilərək sürtkəcdən keçirilmiş məhsullardan istifadə etmək tövsiyə olunur. İfadəli ishalla müşayiət olunan siqmoidit zamanı bağırsaqda iltihabi proseslərin, çürümə və qıcqırmanın aradan qalxmasına səbəb olan 4№-li pəhriz göstəriş sayılır. Aşağı kalori ilə əlaqədar bu pəhriz adətən 7 gündən çox tətbiq edilmir. Ağır hallarda xəstələrin 1-2 gün müddətində ac qalması və kifayət qədər maye qəbul etməsi məqsədəuyğundur.

Radiasion siqmoidit zamanı şüa terapiyası dayandırılır və şüalanma dozası korreksiya edilir. Patogen mikroorqanizmlərə qarşı antibiotikoterapiya aparılır. Normal bağırsaq mikroflorasını bərpa etmək üçün probiotiklərdən istifadə olunur. Spazmı aradan qaldırmaq məqsədilə spazmolitiklər təyin edilir. İshalın tez-tez təkrarlandığı ağır hallarda maye itkisinin kompensasiya etmək və intoksikasiya ilə mübarizə aparmaq üçün infuzion terapiya tətbiq edilir.

Siqmoiditin proqnoz və profilaktikası

Müalicəyə vaxtında başladıqda və həkimin təyinatlarına riayət etdikdə proqnoz qənaətbəxş olur. Kəskin siqmoiditin əlamətlərini bir neçə həftə ərzində aradan qaldırmaq mümkündür, xəstələrin əksəriyyətində müalicə tam sağalma ilə nəticələnir. Bir sıra hallarda xroniki siqmoidit uzun müddət residivsiz gedir. Siqmavari bağırsağın iltihabını kəskinləşdirən xroniki xəstəliklər (xoralı kolit, Kron xəstəliyi) zamanı proqnoz əsas patologiyanın gedişindən asılı olur.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: