Yoğun bağırsağın angiodisplaziyası

Oxuma vaxtı: 9 dəq Oxunma sayı: 1281

yoğun bağırsağın angiodisplaziyası nədir?Yoğun bağırsağın angiodisplaziyası – bağırsağın distal hissəsini qanla təhciz edən damarların genişlənmə və deformasiyası ilə müşayiət olunan xəstəlikdir. Patologiyanın əsas əlaməti düz bağırsaqdan vaxtaşırı ifraz olunan qanlı axıntılardan ibarətdir. Xroniki qanaxmalar anemiyalara gətirib çıxara bilər. Diaqnostika prosesində qanın ümumi analizi, nəcisdə gizli qanın təyini, kolonoskopiya, müsariqə damarlarının angioqrafiyası, irriqoskopiya və yoğun bağırsağın radionuklid sintiqrafiyasından istifadə olunur. Xəstəliyin müalicəsində az invaziv cərrahi üsullar daha effektiv sayılır. Konservativ tədbirlərin işlənilib hazırlanması isə davam edir.

  • Yaranma səbəbləri
  • Angiodisplaziyanın əlamətləri
  • Diaqnostika
  • Yoğun bağırsağın angiodisplaziyasının müalicəsi
  • Proqnoz və profilaktika

Yoğun bağırsağın angiodisplaziyası barədə ümumi məlumat

Yoğun bağırsağın angiodisplaziyası degenerativ xəstəlikdir. Onun əsasını qan damarlarının davamlı dilatasiyası, deformasiyası və nazilməsi təşkil edir. Xəstəlik əsasən 60 yaşdan yuxarı şəxslərdə müşahidə edilir. Hər iki cinsin nümayəndələri arasında angiodisplaziyanın rastgəlmə tezliyi eynidir.  Yoğun bağırsaqdan qanaxmaların 4%-i məhz bu patologiya ilə bağlı olur. Xəstəlik adətən letal sonluqla nəticələnmir, lakin pasiyentlərin həyat keyfiyyətini əhəmiyyətli dərəcədə pisləşdirir. Angiodisplaziyanın diaqnostika və müalicəsi proktoloq tərəfindən həyata keçirilir. Bu sahənin mütəxəsisləri yoğun bağırsaqdan qanaxmanın effektiv şəkildə qarşısını ala biləcək innovasion müalicə üsullarının təkmilləşdirilməsi ilə məşğuldur.

Yoğun bağırsağın angiodisplaziyasının yaranma səbəbləri

Yoğun bağırsağın angiodisplaziyasının səbəbləriYoğun bağırsağın angiodisplaziyasının etiologiyası sona qədər öyrənilməmişdir. Yoğun bağırsağın spazmı ilə əlaqədar qan damarlarının genişlənməsi displaziya ilə nəticələnə bilir. Angiodisplaziyanın ən çox rast gəlinən səbəblərinə həzm sistemi, ürək-damar, böyrək və ağciyər patologiyaları,  bağırsağın qan damarları ilə bağlı problemlər və Villebrand xəstəliyi aiddir. Etiologiyasından asılı olmayaraq, qazanılmış angiodisplaziya üçün bağırsağın düzgün formalaşmış qan damarlarının patoloji quruluşu xarakterikdir. Alimlər bu vəziyyəti həm də damar ektaziyası və ya teleangiektaziya adlandırırlar.

Müasir proktologiya sahəsinin əksər mütəxəssislərinin fikrincə müxtəlif amillərin təsirindən selikaltı qatın venalarının periodik obstruksiyası baş verir. Patoloji proses saya əzələlərin spazmı nəticəsində yaranaraq, tədricən vena və kapilyar torunun dilatasiyasına gətirib çıxarır. Bu fonda yoğun bağırsağın qazanılmış angiodisplaziyası formalaşır. Patologiyanın işemiya ilə müşayiət olunması xəstəliyin gedişini daha da ağırlaşdırır. Bir sıra hallarda yoğun bağırsağın angiodisplaziyası anadangəlmə xarakter daşıyır. Bu patologiya bağırsaqda damar törəmələrinin – malformasiyanın olması ilə səciyyələnir. Anadangəlmə angiodisplaziya nadir patologiya hesab olunur.

Yoğun bağırsağın angiodisplaziyasının əlamətləri 

Yoğun bağırsağın angiodisplaziyasının əlamətləri Yoğun bağırsağın angiodisplaziyasının əsas əlaməti qanaxmadır. Bu fonda çox zaman anemiya inkişaf edir. Qanaxmaların əksəriyyəti həyat üçün təhlükəli sayılmır. Yalnız pasiyentlərin 15%-də letal sonluqla nəticələnə bilən güclü qanaxmalar müşahidə edilir. Yoğun bağırsağın qazanılmış angiodisplaziyası adətən 60 yaşdan yuxarı şəxslərdə formalaşır. Xəstələr əsasən düz bağırsaqdan axan qanlı ifrazatdan şikayət edir. Bu əlamətlər fiziki yüklənmə fonunda və ya səbəbsiz yerə yaranır. Bir çox hallarda pasiyentlər bağırsaq qanaxmalarına görə cərrahi müdaxilələr keçirirlər. Angiodisplaziyalı xəstələrin proktoloq, cərrah və qastroenteroloqa müraciət etməsinə baxmayaraq, əməliyyatdan sonra qanaxmanın səbəbini müəyyən etmək mümkün olmur.

Yoğun bağırsağın anadangəlmə angiodisplaziyası erkən uşaqlıq dövründə və ya doğuşdan dərhal sonra özünü büruzə verir. Xəstəlik qazanılmış formada olduğu kimi bağırsaq qanaxmaları ilə təzahür edir. Çox zaman qanlı ifrazatlar hər defekasiya aktından sonra müşahidə edilir. Bu xəstəliyin xarakterik əlaməti qanaxmaların ağrı ilə müşayiət olunmamasından və onların nəcis kütlələri ilə sıx əlaqəsindən ibarətdir. Yoğun bağırsağın anadangəlmə angiodisplaziyasında qanaxmaların həcminin tədricən artma tendensiyası izlənilir. Xəstəliyin manifestasiya dövrü, klinik əlamətlərin tezliyi və ifadəliliyi yoğun bağırsağın zədələnmə dərəcəsindən asılıdır.

Yoğun bağırsağın angiodisplaziyasının diaqnostikası

Yoğun bağırsağın angiodisplaziyasına şübhə yarandıqda diaqnostika məqsədilə endoskopiya və digər instrumental müayinələrdən istifadə olunur. Xəstəliyin əsas müayinə üsulu kolonoskopiyadır. Onun köməyilə yoğun bağırsağın selikli qişasının vəziyyəti təhlil edilir, diaqnozu dəqiqləşdirmək məqsədilə biopsiya götürülür. Yoğun bağırsağın angiodisplaziyası zamanı hemorragik teleangioektaziya, CREST və Şereşevski-Terner sindromu üçün xarakterik olan lokal dəyişikliklər aşkarlana bilər. Angiodisplaziyanın fərqləndirici xüsusiyyəti sadalanan sindromlara aid digər klinik əlamətlərin müşahidə edilməməsidir.

Kolonoskopiya vasitəsilə patoloji prosesin yoğun bağırsaqda yayılma dərəcəsini dəqiq müəyyən etmək mümkündür. Anadangəlmə angiodisplaziyalarda endoskopik yolla selikli qişada damarların müxtəlif formalı qabarmaları  üzə çıxarılır. Bu damar elementləri qanla dolu olur. Xəstəliyin növbəti vacib diaqnostika üsulu angioqrafiyadır. Müayinə prosesində yoğun bağırsağın damarlarının vəziyyəti öyrənilir. Angioqrafiya rentgenokontrast maddənin venadaxili yeridilməsi ilə aparılır.

Yoğun bağırsağın sintiqrafiyası daha dar istiqamətli prosedur hesab olunur. O, nişanlanmış eritrositlərin yeridilməsinə əsaslanır. Bu üsulun aparılmasında məhdudiyyət angiodisplaziya zamanı qanaxmanın adətən daimi xarakter daşımaması ilə bağlıdır. Kontrast rentgenoloji müayinə – irriqoskopiya (bariumla) yoğun bağırsağın angiodisplaziyasını aşkar etməklə yanaşı, həm də onun yayılma sahəsini dəqiqləşdirməyə imkan verir. Bununla yanaşı irriqoskopiyanın köməyilə ətraf toxumaların vəziyyəti, bağırsağın eni və funksional imkanları təyin edilir.  Yoğun bağırsağın diaqnostikasında həmçinin laborator üsullardan – qanın ümumi analizi, nəcisdə gizli qanın təyinindən istifadə olunur.

Yoğun bağırsağın angiodisplaziyasının müalicəsi

Xəstəliyin əsas müalicə üsulu endoskopik obliterasiyaedici əməliyyat sayılır. Lakin onların aparılması qanaxmaların təkrarlanma ehtimalını inkar etmir. Cərrahi əməliyyatın icrası hər hansı bir səbəbdən mümkün olmadıqda xüsusi polimerlərin və ya gel formasında köpüyün yeridilməsi ilə damarların embolizasiyası göstəriş hesab edilir.

Yoğun bağırsağın angiodisplaziyası zamanı terapevtik taktika qanitirmənin həcmi, dövrülüyü və digər səbəblərdən asılıdır. Bağırsaq damarlarında displaziya nəticəsində yaranan qanaxmanı aradan qaldıran medikamentoz müalicə son zamanlar daha çox tətbiq olunur. Bir sıra tədqiqatlara əsasən hormonal preparatlar – oktreotid və talidomid müsbət nəticələr verir. Ancaq digər mütəxəsislərin fikrincə bu vasitələr kifayət qədər effektiv sayılmır.

Angiodisplaziyanın ən perspektiv müalicə üsulu mezenteral qan dövranına təsir və damargenişləndirici peptidlərin blokadasıdır. Bununla yanaşı estrogen və progesteronla terapiya da geniş tətbiq edilir. Nadir hallarda baş verən kiçik həcmli bağırsaq qanaxmalarında fotokoaqulyasiya, endoskopik ablasiya və sklerozlaşdırıcı terapiyadan istifadə oluna bilər. Klinik vəziyyəti ağırlaşdıran və anemiyaya səbəb olan xroniki xarakterli profuz qanaxmalar bağırsağın qanayan hissəsinin kəsilməsinə göstərişdir. Belə xəstələrdə adətən siqmoidektomiya, bəzən isə düz bağırsağın rezeksiyası icra olunur. Bu növ müdaxilələrdən sonra S-vari və düz bağırsaqda rekonstruktiv əməliyyatlar yerinə yetirilir.

Yoğun bağırsağın angiodisplaziyasının proqnoz və profilaktikası

Yoğun bağırsağın angiodisplaziyasının profilaktikası ona səbəb ola biləcək həzm sistemi xəstəlikləri  və digər xroniki patologiyaların erkən diaqnostika və müalicəsindən ibarətdir. Həyat üçün proqnoz əksər hallarda qənaətbəxş sayılsa da pasiyentlərin hər zaman tam sağalmasını əldə etmək proktoloqlara nəsib olmur.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: