Qlaukoma

Oxuma vaxtı: 12 dəq Oxunma sayı: 4394

qlaukoma nədir?Qlaukoma – gözdaxili təzyiqin yüksəlməsi, optik neyropatiyanın inkişafı və görmə funksiyasının pozulması ilə xarakterizə olunan xroniki oftalmopatologiyadır. Xəstəlik görmə sahəsinin daralması, gözlərdə ağırlıq və ağrı hissi, dumanlı görmə, ağır hallarda hətta korluqla təzahür edir. Diaqnoz perimetriya, tonometriya, tonoqrafiya, qonioskopiya, optik koherent tomoqrafiya, lazer retinotomoqrafiyanın nəticələri əsasında qoyulur. Müalicə məqsədilə qlaukoma əleyhinə damcılar, lazer üsullar – iridotomiya (iridektomiya) və trabekuloplastika tətbiq edilir və ya qlaukoma əleyhinə əməliyyatlar (trabekulektomiya, sklerektomiya, iridektomiya, iridosikloretraksiya və s.) aparılır.

  • Yaranma səbəbləri
  • Təsnifat
  • Qlaukomanın əlamətləri
  • Diaqnostika
  • Qlaukomanın müalicəsi
  • Proqnoz və profilaktika

Qlaukoma barədə ümumi məlumat

Qlaukoma – görmə qabiliyyətinin itirilməsinə gətirib çıxaran ən təhlükəli göz xəstəliklərindən hesab olunur. Statistik məlumatlara əsasən dünya əhalisinin 3%-i qlaukomadan əziyyət çəkir. Korluq hallarının 15%-i qlaukoma səbəbindən baş verir. 40 yaşdan yuxarı şəxslər risk qrupuna daxil olur. Lakin oftalmologiyada qlaukomanın anadangəlmə və yuvenil (gənclərdə) formalarına da rast gəlinir. Xəstəliyin tezliyi yaşa mütənasib şəkildə artır. Belə ki, anadangəlmə qlaukoma 10-20 000 yenidoğulmuşdan birində aşkarlanır. 40-45 yaşlarda qlaukoma 0,1%, 50-60 – 1,5%, 75 yaşdan sonra isə 3%-dən çox hallarda müşahidə edilir.

Qlaukoma gözdaxili təzyiqin (GDT) periodik və ya daimi yüksəlməsi, gözdaxili mayenin (GDM) axının pozulması, torlu qişada və görmə sinirində trofik dəyişikliklərlə səciyyələnir. Pasiyentlərdə görmə sahəsinin defektləri və görmə siniri diskinin (GSD) kənar ekskavasiyası qeydə alınır.  «Qlaukoma» anlayışı sadalanan xüsusiyyətlərə malik 60-dan çox xəstəliyi özündə birləşdirir.

Qlaukomanın yaranma səbəbləri

Qlaukomanın yaranma səbəbləriQlaukoma polietioloji xəstəlikdir. Onun patogenetik mexanizminin əsasını gözdaxili mayenin axının pozulması təşkil edir. Normada kirpik (siliar) cisminin sintez etdiyi maye gözün arxa kamerasında – qüzehli qişadan arxada yerləşən yarığabənzər sahədə toplanır. GDM-nin 85-95%-i bəbəkdən ön kameraya – qüzehli və buynuz qişalar arasındakı hissəyə keçir. Gözdaxili mayenin axını ön kamera  bucağında yerləşən, trabekula və şlemm kanalının (skleranın venoz sinusu) əmələ gətirdiyi xüsusi drenaj sistemi ilə təmin edilir. GDM bu strukturlardan skleral venalara axır. Mayenin az bir hissəsi (5-15%) əlavə uveoskleral yollarla hərəkət edərək, kirpik cismindən və skleradan damarlı qişanın venoz kollektorlarına sızır.

Gözdaxili təzyiqin normada (18-26mm.cv.süt) saxlanılması üçün gözdaxili mayenin sintezi ilə axını arasında balans olmalıdır. Qlaukoma zamanı bu tarazlıq pozulduğundan göz boşluğunda artıq miqdarda GDM toplanılır – gözdaxili təzyiq tolerant səviyyədən yuxarı qalxır. Yüksək GDT öz növbəsində göz toxumalarının hipoksiya və işemiyasına; sinir liflərinin sıxılmasına, distrofiya və destruksiyasına; torlu qişanın qanqlioz hüceyrələrinin dağılmasına və son nəticədə optik neyropatiyaya və görmə sinirinin atrofiyasına gətirib çıxarır.

Anadangəlmə qlaukomanın inkişafı adətən döldə gözün inkişaf anomaliyaları (ön kamera bucağının disgenezi), şişlər və travmalarla bağlı olur. Bu xəstəlik üzrə ağırlaşmış irsiyyətə malik şəxslər, eləcə də ateroskleroz, şəkərli diabet, arterial hipertoniya, boyun osteoxondrozundan əziyyət çəkən insanlar qazanılmış qlaukomaya meylli olur. Bundan əlavə ikincili qlaukoma digər göz xəstəlikləri: uzaqdan görmə, torlu qişanın mərkəzi venasının okklüziyası, katarakta, sklerit, keratit, uveit, iridosiklit, qüzehli qişanın proqressivləşən atrofiyası, hemoftalm, gözün yaralanmaları və yanıqları, göz nahiyəsində aparılan cərrahi əməliyyatlarla əlaqədar inkişaf edə bilər.

Qlaukomanın təsnifatı

Mənşəyinə görə birincili və ikincili qlaukomalar ayırd edilir. Birincili forma gözün ön kamerası, drenaj sistemi və görmə siniri diskinin sərbəst patologiyasıdır. İkincili qlaukoma isə ekstra və intraokulyar pozğunluqların ağırlaşması kimi yaranır.

Gözdaxili təzyiqin yüksəlmə mexanizminə əsasən birincili qlaukoma qapalıbucaqlı və açıqbucaqlı formalara bölünür. Birinci halda gözün drenaj sistemində daxili blok müşahidə edilir, ikincidə isə ön kamera bucağı açıq olsa da, GDM-nin axını pozulur.

Gözdaxili təzyiqin səviyyəsindən asılı olaraq, qlaukoma normotenziv (tonometrik təzyiq<25 mm.cv.süt) və ya hipertenziv formada – tonometrik təzyiqin mülayim (26-32mm.cv.süt) və yaxud həddindən artıq yüksəlməsi (>33 mm.cv.süt) ilə gedir.

Gedişinə görə qlaukoma stabil (6 ay ərzində mənfi dinamikanın olmaması) və qeyri-stabil (təkrar müayinələrdə görmə sahəsinin və GSD-nin dəyişməsi) olur.

Qlaukomanın 4 mərhələsi ayırd edilir:

  • (başlanğıc mərhələ) – parasentral skotomalar, optik diskin genişlənməsi müəyyən edilir. Görmə siniri diskinin ekskavasiyası onun kənarına çatmır.
  • II (inkişaf etmiş mərhələ) – görmə sahəsi parasentral sahədə pozulur, aşağı və/və ya yuxarı gicgah seqmentində  10° və daha artıq daralır; GSD-nin ekskavasiyası kənar xarakterli olur.
  • III (ifrat inkişaf etmiş mərhələ) – görmə sahəsinin sərhədlərinin konsentrik daralması, GSD-nin kənar subtotal ekskavasiyası aşkarlanır.
  • IV (terminal mərhələ) – mərkəzi görmənın tam itirilməsi və ya işıq duyğusunun saxlanılması izlənilir. Görmə siniri diskinin vəziyyəti total ekskavasiya, neyroretinal həlqənin destruksiyası və damar kələfinin yerdəyişməsi ilə xarakterizə olunur.

Yaşdan asılı olaraq, anadangəlmə (<3 yaş), infantil (3-10yaş), yuvenil (11-35 yaş) və böyüklərin qlaukoması (>35 yaş) qeydə alınır. Anadangəlmə qlaukoma istisna olmaqla, digər formalar qazanılmış sayılır.

Qlaukomanın əlamətləri

Qlaukomanın əlamətləriAçıqbucaqlı qlaukoma simptomsuz gedir. Görmə sahəsinin daralması tədricən baş verir, bəzən bir neçə ilə proqressivləşir. Bu səbəbdən xəstələr yalnız 1 gözlə gördüklərini təsadüfən aşkar edirlər. Bir sıra pasiyentlər dumanlı görmədən, göz önündə rəngli həlqələrin yaranmasından, baş nahiyəsi və qaşüstü qövsdə ağrılardan, qaranlıqda görmənin zəifləməsindən şikayət edirlər. Açıq qlaukoma zamanı adətən hər iki göz zədələnir.

Qapalıbucaqlı formanın gedişində preqlaukoma, kəskin tutma və xroniki qlaukoma fazaları ayırd edilir.

Preqlaukoma simptomatikanın olmaması ilə səciyyələnir və oftalmoloji müayinədə gözün ön kamerasının dar və ya qapalı bucağının təyini ilə müəyyən edilir. Preqlaukoma fazasında xəstələr işığa baxanda rəngli həlqələr görür. Görmə qabiliyyəti qısa müddətli itirilir.

Qapalıbucaqlı qlaukomanın kəskin tutması ön kamera bucağının tamamən tutulması ilə əlaqədar baş verir. Gözdaxili təzyiq 80 mm.cv.süt-dan yüksək ola bilər. Tutmalara emosional gərginlik, yorğunluq, bəbəklərin medikamentoz genişlənməsi, uzun müddət qaranlıqda qalma səbəb ola bilər. Qlaukoma tutmalarında gözdə kəskin ağrı yaranır. Görmə qəflətən işığı duyma səviyyəsinə qədər azalır. Buynuz qişa bulanır, bəbəklər genişlənərək, yaşıl rəng alır. Bu tipik əlamətə görə xəstəlik belə adlandırılmışdır: «glaucoma» yunan dilindən tərcümədə «yaşıl su» deməkdir. Tutmalar ürəkbulanma, qusma, baş, ürək, qarın və kürək nahiyələrində ağrı ilə gedə bilər. Gözü əllədikdə bərklik hiss olunur.

Qapalıbucaqlı qlaukomanın kəskin tutması təxirəsalınmaz vəziyyət olub, gözdaxili təzyiqin bir neçə saat ərzində medikamentoz və ya cərrahi yolla azaldılmasını tələb edir. Əks halda görmə tamamən itirilə bilər.

Zamanla qlaukoma xroniki gediş alır və GDT-nin proqressiv şəkildə yüksəlməsi, residivləşən yarımkəskin tutmalar, gözün ön kamerası bucağının blokadasının güclənməsi ilə səciyyələnir. Xroniki qlaukoma optik sinirin atrofiyası və görmə qabiliyyətinin itirilməsi ilə nəticələnir.

Qlaukomanın diaqnostikası

Qlaukomanın diaqnostikasında gözdaxili təzyiqin təyini, göz dibinin və GSD-nin ətraflı öyrənilməsi, görmə sahəsinin, ön kamera bucağının müayinəsi mühüm əhəmiyyət kəsb edir.

Gözdaxili təzyiqi ölçmək üçün tonometriya, elastotonometriya və GDT-nin gün ərzində baş verən dəyişikliklərini əks etdirən sutkalıq tonometriyadan istifadə olunur. Gözdaxili hidrodinamikanın göstəriciləri gözün elektron tonoqrafiyasının köməyilə müəyyən edilir.

Qlaukomanın digər vacib müayinə üsulu perimetriyadır. Görmə sahəsinin sərhədləri müxtəlif üsullarla – izoptoperimetriya, kampimetriya, kompüter perimetriya və s. ilə dəqiqləşdirilir. Perimetriya görmə sahəsinin hətta pasiyent tərəfindən hiss olunmayan ilkin dəyişikliklərini aşkar etməyə imkan verir.

Qonioskopiya vasitəsilə ön kamera bucağının quruluşu, trabekulanın vəziyyəti qiymətləndirilir. Gözün USM informativ metodlardan sayılır.

Qlaukomanın mərhələsi görmə siniri diskinin vəziyyətinə əsasən müəyyənləşdirilir. Oftalmoskopiya (göz dibinə baxış) prosesində qlaukomanın xarakterik əlaməti: GSD-nin damar qıfının genişlənməsi  (ekskavasiyası) nəzərə çarpır. İfrat inkişaf etmiş mərhələdə görmə siniri diskinin kənar ekskavasiyası və rəng dəyişikliyi izlənilir.

GDS-nin struktur pozğunluqlarının daha dəqiq keyfiyyət və kəmiyyət analizi lazer skanlayıcı oftalmoskopiya, lazer polyarimetriya, optik koherent tomoqrafiya və ya Heydelberq retinotomoqrafiyası ilə aparılır.

Qlaukomanın müalicəsi

Qlaukomanın tipindən asılı olaraq, müalicə konservativ (medikamentoz), cərrahi və lazer üsulla icra olunur. Medikamentoz müalicə GDT-nin azaldılması, görmə sinirinin gözdaxili şöbəsinin qan təhcizatının yaxşılaşdırılması, göz toxumalarında metabolizmin normaya salınması məqsədi daşıyır.  Qlaukoma əleyhinə damcılar təsir xüsusiyyətlərinə görə 3 qrupa bölünür:

  1. Gözdaxili mayenin axınını yaxşılaşdıran preparatlar: miotiklər (pilokarpin, karbaxol); simpatomimetiklər (dipivefrin); F2 alfa prostaqlandinlər (latanoprost, travoprost).
  2. Gözdaxili mayenin sintezini inhibə edən vasitələr: selektiv və qeyri-selektiv ß-adrenoblokatorlar (betaksolol, timolol və s.); α- və β-adrenoblokatorlar (proksodolol).
  3. Kombinəolunmuş təsirə malik preparatlar.

Qapalıbucaqlı qlaukomanın kəskin tutması baş verdikdə GDT-ni təcili sürətdə azaltmaq lazımdır. Tutmanı  aradan qaldırmaq üçün 1%-li pilokarpin və timolol məhlullarının instilyasiyalarından, diuretiklərdən (diakarb, furosemid) istifadə olunur. Dərman müalicəsi ilə birgə yayındırıcı tədbirlər – gicgah nahiyəsinə banka, xardal, zəli qoymaq (hirudoterapiya), isti ayaq vannaları tətbiq edilir. GDM-nin axını bərpa etmək məqsədilə lazer üsulu ilə iridektomiya (iridotomiya) və yaxud cərrahi metodla bazal iridektomiya aparılır.

Qlaukomanın lazer cərrahiyyəsinin üsulları müxtəlifdir. Onlar bir-birindən lazerin tipi (arqon, diod, neodim), təsir üsulu (koaqulyasiya, destruksiya) və obyekti (trabekula, qüzehli qişa) və s. ilə fərqlənir. Lazer cərrahiyyəsində lazer iridotomiya və iridektomiya, iridoplastika, trabekuloplastika, qoniopunkturaya daha çox üstünlük verilir. Qlaukomanın ağır dərəcələrində lazer siklokoaqulyasiyası yerinə yetirilə bilər.

Oftalmologiyada qlaukomaəleyhinə əməliyyatlar da öz aktuallığını qorumaqdadır. Nüfuzedici əməliyyatlar arasında trabekulektomiya və trabekultomiya geniş yayılmışdır. Nüfuzetməyən müdaxilələrə dərin sklerektomiya aiddir. İridosikloretraksiya, iridektomiya gözdaxili mayenin sirkulyasiyasının normallaşmasına istiqamətləndirilir. GDM-nin sintezini azaltmaq üçün siklokriokoaqulyasiya həyata keçirilir.

Qlaukomanın proqnoz və profilaktikası

Təəssüflə qeyd etmək lazımdır ki, qlaukomadan tam şəkildə azad olmaq mümkün deyil. Lakin xəstəliyi nəzarətdə saxlamaq olur. Geridönməyən dəyişikliklərin baş vermədiyi erkən mərhələlərdə müalicə vasitəsilə qənaətbəxş funksional nəticələr əldə edilir. Müalicə aparılmadıqda görmə qabiliyyəti tamamən itirilir.

Risk qrupuna daxil olan şəxslərə – ağırlaşmış somatik anamnez, oftalmoloji fon, irsi meylliyə malik, eləcə də yaşı 40-dan yuxarı olan insanlara müntəzəm qaydada okulistin müayinəsindən keçmək məsləhət görülür. Qlaukomadan əziyyət çəkən pasiyentlər hər 2-3 aydan bir oftalmolqun qəbulunda olmalıdırlar.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: