Nazik saçlar

Oxuma vaxtı: 10 dəq Oxunma sayı: 6032

nazik saçlara qulluqNazik saçlar – qeyri-kafi qalınlığa (diametr <0,05 mm (50 mk)) malik saçlardır. Nazik saçlar həddən artıq yumşaq olur, tez-tez bir-birinə dolaşırlar, həcmlilikdən məhrumdurlar və sürətlə formalarını itirirlər. Nazik saçlar problemi olduqda həkim-trixoloq və saç ustası-stilistə müraciət etmək mütləqdir. Saçların sıxlığının artırılması məqsədilə massaj, baş dərisinə mezoterapiya, maska və ampul konsentratların sürtülməsi və s. tövsiyə olunur. Teksturanın dəyişilməsi məqsədilə saçların laminasiyası, keratin protezlənməsi, kauterizasiyası və qaynaq edilməsi prosedurlarından istifadə olunur. Nazik saçlar saç kəsimi, saç düzümü və boyanması zamanı xüsusi yanaşma tələb edir.

  • Nazik saçların səbəbləri
  • Nazik saçların xarakteristikası
  • Nazik saçlara qulluğun xüsusiyyətləri

Nazik saçlar barədə ümumi məlumat

Saçların əsas xarakteristikasına onların uzunluğu, qalınlığı, sıxlığı, sərtliyi, rəngi, möhkəmliyi, elastikliyi, forması və sünvariliyi aiddir. Bundan başqa, baş dərisinin piy vəzilərinin funksional vəziyyətindən asılı olaraq saçları müxtəlif tiplərə – normal, quru, yağlı və qarışıq tiplərə ayırırlar. Saçların bu və ya başqa xüsusiyyətlərini bilmək, həm ev şəraitində gündəlik, həm də gözəllik salonunda peşəkar qulluq zamanı nəzərə almaq lazımdır. Nazik saçlar eni, möhkəmliyi və sıxlığı az olan saçlardır. Təbiətən nazik və seyrək saçlara malik qadınlar cəmi 10% təşkil edir; qalan bütün hallarda saçların nazikləşməsi və seyrəlməsi normal qalınlıqlı və sıxlıqlı saçlara qeyri-düzgün qulluq olunması ilə bağlıdır.

Nazik saçların səbəbləri

Nazik saçlar üç əsas faktorun (irsiyyət, əlverişsiz endogen və ekzogen təsirlər) nəticəsi ola bilər. Saçların qalınlığı və sıxlığı ilk növbədə genetika ilə əlaqəlidir; yaş həddindən, irqdən və dərinin təbii rəngindən asılıdır. Ən kiçik diametr (20-40 mk) yenidoğulmuşların saçlarına məxsusdur; böyüklərin saçlarının diametri 50-100 mk, yaşlılarda isə 50-70 mk arasında dəyişir. Nisbətən qalın saçlara afroamerikan, latınoamerikan və Asiya, nisbətən nazik saçlara isə avropoid irqinə mənsub insanlar sahibdirlər. Ən nazik saçlar sarışınlarda, orta qalınlıqlı saçlar əsmərlərdə, ən qalınlar isə kürənlərdə rast gəlinir. Bundan başqa, dəri törəməsi olan saçların qalınlığı dəri örtüyünün vəziyyətindən birbaşa asılıdır: dəri nə qədər qalın olarsa, saç da bir o qədər qalındır və əksinə.

Bununla yanaşı, həyat boyunca saçlar öz quruluşunu dəyişə və daha nazik ola bilər. Saçların nazikləşməsi qeyri-düzgün qulluqla – tez-tez termiki işlənmə (fenlə, elektrik sancaqla, ütü ilə düzləşdirmə), saçların isti su ilə yuyulması, saçları boyama və kimyəvi maddələrlə burma prosedurlarından sui-istifadə ilə əlaqəli ola bilər. İzafi ultrabənövşəyi şüalanma, isti sexlərdə iş, qışda başı açıq gəzmə vərdişi saçları qurudur və nazikləşdirir. Nazik saçlar natamam qidalanma, vitamin və mineral çatışmazlığı, həzm və sinir sisteminin patologiyaları, daimi stress və tükənmənin nəticəsi ola bilər. Saçların nazikləşməsi və tökülməsi problemi ilə yeni uşaq dünyaya gətirmiş qadınlar tez-tez qarşılaşır. Bu, estrogenin səviyyəsinin təbii şəkildə azalması və ana südü ilə qidalanma ilə əlaqəlidir. Ana südü ilə qidalanma prosesində qadın orqanizmi ana südü ilə külli miqdarda qida maddələri, vitaminlər və minerallar itirir.

Nazik saçların xarakteristikası

Saç spiralı üç qatdan təşkil olunmuşdur: xarici (kutikula), orta (korteks) və daxili (medula). Normada korteks ümumi saç kütləsinin 80-90%-ini əhatə edir. Nazik saçlar natamam inkişaf etmiş korteks cisminə malikdir. Öz teksturasına görə saçlar nazik (<0,05 mm diametrli), orta və ya normal (0,05 – 0,07 mm diametrli) və qalın (>0,07 mm diametrli) olmaqla ayrılır. Belə ki, bir adamın başının ayrı-ayrı nahiyələrində saçların qalınlığı müxtəlif ola bilər.

Qalın saçlar nisbətən böyük diametrli saç spiralına malikdir; müxtəlif təsirlərə qarşı daha davamlı və möhkəmdirlər. Bununla bərabər, qalın saçları boyamaq, açıq rəngli etmək və burmaq nazik və normal saçlarla müqayisədə çətindir. Əksər insanlar orta qalınlıqlı saçlara sahibdirlər; onların saçlarının diametrinə əsasən saç quruluşunun digər tipləri müəyyənləşdirilir. Nazik saçlar daha kiçik diametrə və istənilən xarici təsirə qarşı yüksək həssaslığa görə fərqlənir. Sarışınların saçlarının diametri təxminən 0,05 mm (50 mk), əsmərlərdə təxminən 0,07 mm (70 mk), kürənlərdə isə 0,1 mm-ə (100 mk) qədərdir. Hər saç dəyişilməsində onlar daha da nazikləşir.

Bununla yanaşı, saçların qalınlığı onların sıxlığı ilə əks əlaqədədir. Belə ki, sarışınlarda saçların miqdarı daha çox (140-150 000 ədəd), əsmərlərdə bir qədər az ( təxm. 100 000 ədəd), kürənlərdə isə hamısından az (80 000 ədəd) olur. Saçlar ən çox (250-350 000/ sm2) təpə nahiyəsində; ən seyrək isə gicgah və ənsə nahiyəsindədir (150 – 200 000/ sm2). Saçlar maksimal sıxlığına pubertat dövründə (12-14 yaş) çatır; 30 yaşda onların miqdarı təxm. 15% azalır.

Nazik saçların özünün müsbət və mənfi tərəfləri var. Onların müsbət cəhəti yumşaq, yüngül və ipək kimi olmasıdır. Bundan başqa, nazik saçlar asanlıqla boyanır və forma dəyişikliyinə tabe olur. Buna görə də düzgün qulluq və peşəkar saç düzümü zamanı hətta nazik saçlar da öz sahibini qane edə bilər. Lakin ümumilikdə nazik saçlar bir sıra çətinliklər yaradır. Bu, ilk növbdə onların seyrək olması, həcmli olmaması və saç formasını saxlamaması ilə bağlıdır. Bununla yanaşı, insanlar tez qırılan, yüksək elektriklənmiş saçlarla heç də az qarşılaşmırlar. Belə ki, saçlar nə qədər uzun olarsa, öz ağırlığının təsiri altında başa bir o qədər güclü yapışır və formasız görünür.

Saçların eni xüsusi cihazla – mikrometrlə ölçülə bilər. Ölçmə yan-gicgah, aşağı-ənsə, təpə və ön saç sərhəddi (tellər) nahiyələrində aparılır. Bu zaman saçlar quru, təmiz yuyulmuş və şəkilləndirilməmiş olmalıdır. Saçın qalınlığının müəyyənləşdirilməsinin praktik əhəmiyyəti boyama zamanı arzuolunan saç rənginə nail olmaq üçün istifadə olunacaq maddənin miqdarını təyin etməkdir.

Nazik saçlara qulluğun xüsusiyyətləri

Saçların nazikləşməsinə gətirib çıxaran səbəbləri aydınlaşdırmaqda ixtisaslaşmış mütəxəssis-trixoloq konsultasiyası kömək edir. Tibbi müayinələr (saçların vəziyyətinin kompüter diaqnostikası, fototrixoqramma, saçların mikroelementlərə görə spektral analizi, qanın biokimyəvi analizi və s.) aparmaqla mütəxəssis nazik saçların ehtimal olunan səbəbləri haqda fikir irəli sürə bilər. Mühüm qida maddələri çatışmadıqda xüsusi qidalanma, saçlar üçün mühüm olan vitaminlərin (A, C, E, H, P və B qrupu) və mineralların (dəmir, kalsium, sink, kükürd, selen, silisium) qəbulu tövsiyə olunur. Nazik saçlar xüsusi müalicəvi və bərpaedici prosedurlar (baş dərisinin massajı, mezoterapiyası, plazmoliftinqi, maskalar, ampul konsentratlarının sürtülməsi) vasitəsilə möhkəmləndirilir. Həkimlə birlikdə ev şəraitində nazik saçlara qulluq üçün xüsusi müalicəvi kosmetika seçilməlidir.

Nazik saçların yuyulması üçün saçlara əlavə həcm verən keratin və protein tərkibli şampunlar tövsiyə olunur. Saçların fenlə şəkilləndirdikdə yumru fırçalardan istifadə etmək və onları köklərinin əksi istiqamətində qurutmaq lazımdır. Saç birbaşa köklərinə sürtülmüş spreylər və muzlar saç düzümünə həcm verməkdə kömək edir. Bundan başqa, nazik saçlara biqudi və ya diffuzorun köməyilə forma verilir. Nazik saçlara sahib insanlar saça forma verilməsində tətbiq olunan gellər və mum, həmçinin saçları nəmlikdən məhrum edən saç ütülərindən istifadə etməməlidirlər.

Nazik teksturalı saçlara orta və qısa uzunluqlu saç kəsimləri daha uyğundur. Gözəllik salonunda fəaliyyət göstərən stilistlər dəbli kaskad və ya asimmetrik kəsimlər, bob, kare və ya piksi saç kəsimləri, kreativ saç kəsimləri, isti qayçı ilə saç kəsimləri və s. təklif edə bilərlər. Nazik saçların həcmli görünməsi üçün yumşaq bio-burma və ya saçlara uzunmüddətli forma verilməsi (karvinq) kömək edə bilər. Nazik saçların bütün boyama üsullarından onların hissəvi boyanması, bir neçə boya ilə boyanması və sarışınlaşdırılması prosedurları daha məqsədəuyğundur. Saçların eyni (xüsusən, tünd) çalarlı boyanması, bir qayda olaraq, onsuz da nazik olan saçların həcminin daha da az olması effekti verir. Nazik saçların gözəlliyinin və sağlamlının dəstəklənməsi məqsədilə laminasiya, keratin protezləmə, kauterizasiya, saçların kompleks müalicəsindən istifadə etmək olar. Nazik saçlara itirilmiş qalınlığını vermək üçün onların süni yolla uzadılması (saç qaynağı) qadağan olunmur.

Əgər siz nazik saçlara sahibsinizsə, məyus olmağa dəyməz. Nazik saçlara daimi və peşəkar qulluq göstərildikdə onlar sahibinin tərzini və fərqliliyini vurğulayaraq, ona xüsusi indivuduallıq bəxş edə bilərlər.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: