Kəpək

Oxuma vaxtı: 8 dəq Oxunma sayı: 6507

kəpəyin müalicəsiKəpək – başın tüklü hissəsinin pilinqidir; nəticədə epitelin tökülməsi səbəbindən pulcuqlar yaranır. Kəpəyin əmələ gəlməsinə səbəb orqanizmdə müxtəlif pozulmaların baş verməsidir. Yəni o, müstəqil xəstəlik sayılmır. ÜST-nın məlumatlarına əsasən, kəpək simptomları zaman-zaman dünya əhalisinin 70%-dən çoxunda qeyd olunur. Kəpək əmələ gəldikdə ilk növbədə saçlara düzgün qulluq haqda düşünmək lazımdır. Fenlə həddən artıq qurutmaq, rəngləmə, kimyəvi maddələrlə burma və s. prosedurlar saçların vəziyyətinə mənfi təsir göstərir və kəpəyin səbəbi ola bilər. Kəpəyin müalicəsi bu prosedurlardan imtina, trixoloqla birgə seçilmiş saçlar üçün qulluq vasitələri, fizioterapiya və kriomassaj kurslarından ibarətdir.

  • Kəpəyin yaranma səbəbləri
  • Kəpəyin yaranması
  • Kəpəyin diaqnostikası və müalicəsi

Kəpək barədə ümumi məlumat

Kəpək – başın tüklü hissəsində laylı yağlı və ya kiçik quru ağımtıl-sarımtıl rəngli pulcuqların əmələ gəlməsidir. Başın qaşınması ilə müşayiət olunur; saçlar cansız, quru, tez qırılan, yağlı və ya parlaq olur. Seboreya, psoriaz, dərinin göbələk xəstəlikləri, sinir gərginliyi, A və ya B qrup vitaminlərinin defisiti, saçlara qeyri-düzgün qulluq nəticəsi, mədə-bağırsaq traktının fəaliyyətinin pozulmasının təzahürü ola bilər. Kəpək saç tökülməsinin geniş yayılmış səbəbidir; o, nəzərə çarpan kosmetik problem yaradır.

Kəpəyin yaranma səbəbləri

Kəpəyin əsas yaranma səbəbi Malassezia Furfur göbələklərinin həddən artıq inkişafı nəticəsində baş dərisinin vəziyyətinin dəyişməsidir. Bu göbələk baş dərisində yaşayan fakultativ mikrofloraya aiddir və normal şəraitdə onun həyat fəaliyyəti simptomsuz gedir.

Stress, piy vəzilərinin fəaliyyətinin pozulması, qidalanmanın pozulması; hamiləlik, cinsi yetişkənlik dövrü, menopauza kimi hormonal dəyişikliklər M. furfur-un aktivləşməsini təşviq edə bilər. Kəpək çox tez-tez saçlara düzgün qulluq olunmadıqda meydana çıxır. Saçları tez-tez boyama, kimyəvi maddələr vasitəsilə burma, saçlar üçün dizayn vasitələrindən istifadə, fenlə qurutma, ilin soyuq dövrlərində baş örtükləri ilə qorumama və ya əksinə, qapalı məkanlarda uzun müddət geyinmə baş dərisinin mikroflorasının aktivliyinə gətirib çıxarır. Bronxo-pulmonal xəstəlikllər, mədə-bağırsaq traktının patologiyaları və immunitetin zəifləməsi də göbələklərin aktivasiyasına gətirib çıxara bilər. Onun fəaliyyəti nəticəsində epidermisin inkişaf tsikli dəyişir, epidermis hüceyrələri tsikli tam keçmədən pilinq edir və açıq rəngli pulcuqların klinik təzahürü ilə meydana çıxır. Mikroorqanizmin aktivliyindən asılı olaraq kəpək baş dərisinin müəyyən hissəsində və ya total müşahidə oluna bilər.

Kəpəyin yaranması

Kəpək pasiyent üçün ilk növbədə estetik problemdir. Belə ki, kəpəyi olan insanın xarici görünüşü natəmiz və bir qədər xoşagəlməz olur. Saçların həddən artıq yuyulması və kəpəyin fen vasitəsilə təmizlənməsi simptomatikanı daha da gücləndirir. Tünd saçlı insanlarda kəpək daha çox nəzərə çarpır; o, pulcuq şəklində başın tüklü hissəsində yayılır. Belə ki, darama zamanı pulcuqlar aşağıya tökülür. Pasiyentlər qaşınma qeyd edirlər; bəzən baş dərisi darama nəticəsində masserasiya olunur. Kəpək saç follikullarının normal fəaliyyətini pozduğundan saçlar cansız, tez qırılan, haçalanmış olur. Kəpək yayılmış xarakter daşıdıqda və onun aradan qaldırılması üçün heç bir tədbir görülmədikdə saç tökülməsi başlana bilər. Kəpəyi problem hesab edən insanlar baş geyimlərindən istifadə etməyə çalışırlar; onları daha az nəzərə çarpan etmək üçün saçlarını açıq rəngə boyayırlar. Bütün bu cəhdlər isə baş dərisində patoloji prosesi daha da dərinləşdirir.

Kəpəyin diaqnostikası və müalicəsi

Kəpəyin diaqnostikası kifayət qədər asandır; M. furfur-un aktivləşməsi üçün əsas amil olan patogenetik həlqəni tapmaq isə xeyli çətindir. Trixoloq konsultasiyası zamanı kəpəyin yaranmasını təşviq edə bilən açıq-aşkar patologiya təyin olunmadıqda ilk növbədə həyat tərzi korreksiya olunur, saçlara və baş dərisinə qulluq vasitələri dəyişir.

Ədviyyatlı, yağlı və qızardılmış qidaların məhdudlaşdırılması mühümdür; rasion lifli və B qrup vitaminləri ilə zəngin məhsullardan ibarətdir. Kəpəyin səbəbi su balansının pozulması olduqda maye qəbulu (çay, meyvələrdən hazırlanmış içkilər, mineral su) bu problemi tez bir zamanda həll edir. Adətən, bu vəziyyətdə kəpəkdən başqa piliqlə müşayiət olunan dəri quruluğu da müşahidə olunur.

Kəpəyin bütün müalicə dövrü ərzində aqressiv saç prosedurları, fenlə qurutma istisna olunur; təbii taxtadan hazırlanmış daraqlardan istifadə etmək tövsiyə olunur və bu daraqlar bir neçə aydan bir dəyişdirilməlidir. Belə ki, taxta dəri piyini yaxşı mənimsəyir.

Saçalara qulluq üçün nəzərdə tutulmuş vasitələr təyin olunur; kəpək problemini tərkibində göbələk əleyhinə komponentlər olan şampunlar həll edir. Trixologiyada isitifadə olunan kəpək əleyhinə ən yeni müalicə proqramları kompleks terapiyaya əsaslanır. Folten Farma-nın müalicə proqramı müalicəvi şampun və losionlardan ibarətdir. Şampun göbələk əleyhinə təsir göstərir, losion isə mövcud kəpəyi pilinq etmək, baş dərisini qidalandırmaq və saçları yumşaltmaqla baş dərisini sağaldır. Tərkibində keratolitik və göbələk əleyhinə komponentlər olan belə proqramlardan istifadə kəpək simptomlarını 90%-dən çox azaltmağa kömək edir. Kəpək ilin müəyyən dövrlərində meydana çıxırsa, onun qarşını almaq məqsədilə müalicə kursunu təkrarlamaq lazımdır.

Müalicəvi kosmetika kəpəyin öhdəsindən gəlmədikdə və problemin meydana çıxmasına gətirib çıxaran daxili xəstəliklər olduqda fizioterapiya göstərişdir. Problem baş dərisinin damarlarının yığılması/genişlənməsi nəticəsində yarandıqda kriomassaj mikrosirkulyasiyanı və saç follikulunun qidalanmasını yaxşılaşdırır. Nəticədə yerli immunitet yüksəlir, göbələyin fəaliyyəti blokada olunur və kəpək simptomları itir. Kriomassajdan sonra dəriyə çəkilmiş müalicəvi preparatlar daha yaxşı sorulur.

Kəpək zamanı daraq şəkilli vakum elektrodunun istifadəsi ilə baş dərisinə darsonvalizasiya göstərişdir. Baş dərisinin qıcıqlanması reflektor olaraq damarların tonusunu yaxşılaşdırır, nəticədə maddələr mübadiləsi yaxşılaşır. Yüksəktezlikli cərəyan baş dərisinin kəpək pulcuqlarından təmizlənməsinə rəvac verir; iltihab əleyhinə və dağlama effekti verir. Bu isə xüsusən əhəmiyyətlidir; belə ki, kəpək zamanı ekskoriasiya və cızıqlar kifayət qədər tez-tez müşahidə olunur. Bundan başqa, darsonvalizasiya sinir sisteminə sakitləşdirici təsir göstərir. Kəpəyin psixoloji problem yaratması və daimi stressin simptomatikanı yalnız gücləndirməsi səbəbindən fizioterapiyanın müalicəvi kosmetika ilə birgə təyini həm kəpəyi, həm də oyanıqlığı dəf etməyə kömək edir.

Kəpək həyat üçün təhlükəli deyil, korreksiyaya kifayət qədər yaxşı tabe olur. Lakin özünü müalicə yolverilməzdir, çünki aktiv maddələrin izafiliyi müalicəsi daha çətin olan seboreyaya gətirib çıxara bilər.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: