Erkən saç ağarması
Erkən saç ağarması – avropoid və monqoloid irqinin nümayəndələrində 25 yaşa və neqroid irqinin nümayəndələrində isə 30 yaşa qədər ağ saçların əmələ gəlməsidir. Erkən saç ağarması, bir qayda olaraq, ümumi saç ağarması ilə deyil, melanositlərin fəaliyyətini pozan müxtəlif mənfi təsirli daxili faktorlarla əlaqəlidir. Saçların erkən ağarmasının səbəbinin aşkarlanması məqsədilə trixoloq konsultasiyası, qanda və saçda vitaminlərin və mikroelementlərin, qalxanabənzər vəzi hormonlarının səviyyəsinin təyini mühümdür. Başın massajı, aparatla icra olunan prosedurlar, maskalar, mezoterapiya erkən saç ağarmasının təzahürünü ləngitməyə kömək edir. Ağarmış saçları rənglənmə vasitəsilə gizlətmək olar.
- Erkən saç ağarmasının səbəbləri
- Ağ saçların xarakteristikası
- Erkən saç ağarmasının dəf edilməsi
Erkən saç ağarması barədə ümumi məlumat
Trixologiya nöqteyi-nəzərindən ilk ağ saçlar 25-30 yaşdan əvvəl meydana çıxdıqda erkən saç ağarması və ya saçların vaxtından əvvəl ağarması haqda danışmaq olar; belə ki, 40 yaşa qədər saçların çox hissəsinin rənginin dəyişməsi baş verir. Başda tək-tük ağ saçlar 30-35 yaşdan sonra meydana çıxdıqda bu norma hesab olunur. Onlar, adətən, piqmentli saçların fonunda az nəzərə çarpan olurlar. İlk olaraq gicgah və başın ön hissəsi ağarır; 50-55 yaşlarda, bir qayda olaraq, bütün saçlar ağarır və bütün nahiyələrdə bərabər paylanır. Ağ saçlar əsmər insanlarda təbii sarışınlarla müqayisədə daha tez nəzərə çarpır, lakin tünd saçlar açıq saçlara nisbətən ləng ağarır.
Erkən saç ağarmasının səbəbləri
Saç ağarmasının üç variantı – yaşla əlaqəli və təbii qocalma ilə əlaqəli fizioloji; cavan yaşlarda meydana çıxan vaxtından əvvəl (presenil, erkən saç ağarması); saçlarda piqmentin irsi olmaması ilə əlaqəli anadangəlmə (leykotrixiya) saç ağarması ayırd edilir. Bundan başqa, saçların ağarması tam, hissəvi (ayrı-ayrı saç dəstələri ağarır) və ocaqlı (polioz) ola bilər.
Yaşla əlaqəli və erkən saç ağarmasının əmələgəlmə mexanizmi eynidir. Bu, hər iki halda saçlarda melanin piqmentinin itirilməsi nəticəsində baş verir. Melanin epidermisin bazal qatında və saç follikullarında yerləşən melanositlərdə sintez olunur, sonra isə inkişaf edən saç spiralına keçir. Melanin sintezinin aktivasiyası hipofizin (melanositstimuləedici hormon, AKTH və β-lipotropin) və qalxanabənzər vəzin hormonları, cinsi hormonlar, simpatik sinir sisteminin mediatorlarının təsiri altında baş verir. Fizioloji saç ağarması piqment sintez edən hüceyrələrin qocalması ilə əlaqəlidir; erkən saç ağarması melanositlərin aktivliyinin azalması və ya onların məhvi ilə əlaqəli ola bilər. Nəticədə piqmentdən məhrum olmuş saçın strukturu məsaməli olur; əmələ gəlmiş hava boşluqları isə saçlara gümüşü-ağ rəng verir.
Erkən saç ağarmasının təzahürü genetika ilə əlaqəli ola bilər: ailədə yaşlı insanlarda ilk ağ saç cavanlıqda yaranarsa, belə xüsusiyyətlərin bu irsin uşaqlarına ötürülməsi mümkündür. Simptomatik erkən saç ağarması bəzi xəstəliklərin – dəmirdefisitli anemiya, vitiliqo, qalxanabənzər vəzin patologiyaları (hipotireoz, autoimmun tireoidit), hipoasid qastrit, aterosklerozun və s. əlamətləri ola bilər. Erkən saç ağarması Verner sindromunda (böyüklərin progeriyası) və Vardenburq sindromunda da müşahidə oluna bilər. Polioz (saçların lokal ağarması) kəmərləyici dəmrov, rentgenoloji şüalanma zamanı müşahidə olunur.
Saçların erkən ağarmasının səbəbi güclü nevroloji vəziyyətlərdir. Belə ki, stress zamanı qana melaninin saçın zülal strukturu ilə rabitəsini pozan böyük miqdarda adrenalin daxil olur. Nəticədə piqment neytrallaşır və ya silinir. Bundan başqa, saç follikularını qidalandıran damarların spazmı melanositlərin atrofiyasına və ya məhvinə gətirib çıxarır; və saça rəng verən piqmentin əmələ gəlməsi dayanır. Bununla yanaşı, məşhur “bir gecədə saçları ağardı” frazeologizmini doğru qəbul etmək lazım deyil. Belə ki, tibbi nöqteyi-nəzərdən bu cür sürətli saç ağarması ehtimalı azdır: güclü nevroloji vəziyyətlərdə piqmentli saçlar tökülə və ağ saçlar daha çox nəzərə çarpa bilər.
Erkən saç ağarması tez-tez melanin sintezinin tənzimlənməsinə təsir göstərən dərman terapiyasının (kimyaterapiya, Parkinson xəstəliyində qəbul olunan preparatlar və s.) nəticəsi ola bilər. Vitamin A, B, C, sink, dəmir, mis, manqan, selen defisiti; az zülallı qidalanma, izafi ultrabənövşəyi şüalanma, siqaretçəkmə və s. melanositlərin funksiyalarını poza və saçların vaxtından əvvəl ağarmasına səbəb ola bilər. Kimyəvi maddələr vasitəsilə saçların burulması, tərkibində hidrogen-peroksid olan müxtəlif vasitələrlə saçların rənginin dəyişdirilməsi və rənglənməsi saçların strukturuna və piqment sintez edən hüceyrələrə məhvedici təsir göstərə bilər.
Ağ saçların xarakteristikası
Saçların təbii rəngi melanin piqmentinin tipindən asılıdır: eumelanin saçlara qəhvəyi və ya qara, feomelanin isə narıncı çalar verir. Sarışınlarda piqmentin konsentrasiyası azdır, buna görə də saçları açıq rəngli görünür. Piqmentinin çox hissəsini itirmiş saçlar boz; bütün melanini itirmiş saçlar isə belibağlılar (quş cinsi) kimi ağ olur. Sarımtıl çalarlı saç ağarmasına siqaret çəkən insanlarda rastlanır.
Saçdan piqmentin itməsi ilə onların quruluşu və xüsusiyyətləri də dəyişir. Beləliklə, saçlar nə qədər tünd rəngli olarsa, ağarma zamanı onların bir o qədər nəzərə çarpan dəyişiklikləri baş verir. Melanin təkcə saçlara bu və ya başqa rəng vermir, həm də onların güclü və elastik olmasını təmin edir, ultrabənövşəyi şüalanmadan, zərərli keoloji təsirlərdən qoruyur. Buna görə də ağ saçlar öz canlılığını və parlaqlığını itirir, xarici təsirlərdən daha tez zədələnir. Ağ saçlar nisbətən kobud struktura malik olur; sərt, quru, tez qırılan, haçalanan olur; bəzən qıvrılmağa və bir-birinə dolaşmağa başlayır.
Erkən saç ağarması cavan və çox gənc qadınları çətin ki sevindirsin. Bu cinsin nümayəndələri üçün ağ saçlar yaxınlaşmaqda olan qocalığın və gözəlliyin itirilməsinin əlamətidir. Buna görə də onların əksəriyyəti ağarmış saçları çarəsiz şəkildə qırmağa başlayır və ümid edirlər ki, bu yolla arzuolunmaz ağ saçlardan qurtula bilərlər. Lakin bunu etmək olmaz, çünki bu cür hərəkətlər saç soğanağının zədələnməsinə və ya dermatitin inkişafına səbəb ola bilər. Saçlar erkən ağardıqda bu problemin səbəbini müəyyənləşdirmək vacibdir. Bu məsələdə pasiyentə saç xəstəlikləri ilə məşğul olan həkim-trixoloq, həmçinin tibbin digər sahələrinin mütəxəssisləri – terapevt, endokrinoloq, qastroenteroloq kömək edə bilər. Hərtərəfli müayinələrdən (saçların mikroelementlərə görə spektral analizi; qanda vitaminlərin və qalxanabənzər vəzin hormonlarının səviyyəsinin təyini və s.) sonra müvafiq dərman korreksiyası təyin olunur.
Erkən saç ağarmasının dəf edilməsi
Təəssüf ki, artıq başlanmış saç ağarması mexanizmini geriyə qaytarmaq mümkün deyil. Bununla bərabər, aktiv profilaktik tədbirlər erkən saç ağarması prosesini ləngidə bilər. Bu məqsədlə stressdən qaçmaq, zərərli vərdişlərdən imtina etmək, baş dərisinin və saçların ultrabənövşəyi şüalanma və temperatur dəyişkənliyinin təsirindən qorunmasını təmin etmək, tam dəyərli qidalanmaq mühümdür. Saçlara peşəkar qulluq (başın tüklü hissəsinin massajı, maskalar, mikroelement mezoterapiya, plazmoliftinq, aparatla həyata keçirilən prosedurlar) vasitəsilə onların erkən ağarmasının qarşısını almaq olar.
Ağ saçlara ev şəraitində gündəlik qulluq prosesində quru və zədəli saçların yuyulması üçün nəzərdə tutulmuş şampunlar, balzamlar – durulayıcılar və kondisionerlər məqsədyönlü şəkildə tətbiq olunur. Ağ saçların erkən meydana çıxmasını ləngidən xalq təbabəti vasitələrindən istifadə etmək olar: gənəgərçək və ayıpəncəsi yağından maskalar etmək, ayıpəncəsi kökündən və Urtica-dan hazırlanmış losionları saçların dibinə sürtmək və s.
Ağ saçlara ilkin rənglərini geri qaytarmağın yeganə üsulu onların rənglənməsidir. Ağ saçların rənglənməsinin öz nüansları var; buna görə də prosesi gözəllik salonlarında həyata keçirmək tövsiyə olunur. Bu zaman mütəxəssis ağ saçların miqdarını, ağarmanın növünü, uzunluğunu, müraciət edən insanın arzu etdiyi rəngi nəzərə alır. Tez-tez əsas rəngləmədən əvvəl piqmentasiya prosesi aparılır. Lakin ağ saçların rənglənməsini nəzərdə tutulmuş əksər müasir boyalar öncədən piqmentasiya prosesinin aparılmasını tələb etmir.
Ağarmış saçların miqdarı çox deyilsə (≤ 25%) bu problem saçlara çalar verilməsi ilə dəf oluna bilər. Prosedura ağ saçlara eyni çalar, sağlam parıltı verir, onların tez və asan daranmasını təmin edir. Bunula bərabər, ilk ağ saçlar sarışınlaşma və ya saçların hissəvi boyanmasının köməyilə də gizlətmək mümkündür. Ağ saçların miqdarı 50%-dən çox olduqda bitki (xına, basma) və ya kimyəvi boyalarla davamlı rənglənməyə müraciət olunur.
Erkən saç ağarmasının uğurlu gizlədilməsi asimmetrik və ya çoxqatlı saç kəsimləri ilə mümkündür. Saçların düzləşdirilməsi məqsədilə saç ütülərindən istifadə etmək olar; bu yolla onlar ipək kimi yumşaq olur. Bununla yanaşı, saçların kimyəvi maddələr vasitəsilə burulması ağ saç dəstələrini əlavə olaraq nazikləşdirə bilər; buna görə də rəngləmə və burma arasında intervalı gözləmək məqsədəuyğundur.
Əgər siz erkən saç ağarması problemi ilə qarşılaşmısınızsa, məyus olmayın. Ağarmış saçlar insana zənginlik və ciddilik obrazı verməklə individuallağı daha da qabardır. Təsadüfü deyil ki, bir çox stilistlər öz cavan modellərinin saç düzümlərinə süni ağ saçları qəsdən əlavə edirlər. Baxımlı, erkən ağarmış saçlar da cəlbedici, dəbli və eleqant görünə bilər.