Hipertrixoz

Oxuma vaxtı: 7 dəq Oxunma sayı: 3033

hipertrixoz nədir?Hipertrixoz – tüklərin bədənin istənilən yerində, o cümlədən androgen təsirilə əlaqəli olmayan nahiyələrində izafi inkişafıdır. Yalnız qadınlarda müşahidə olunan hirsutizmdən fərqli olaraq hipertrixoz hər iki cinsin nümayəndələrində müxtəlif yaş dövrlərində diaqnostika olunur. Hipertrixozun səbəbi hamiləlik dövründə dölə müxtəlif zərərli təsirlərlə əlaqəli əmələ gələn anadangəlmə mutasiyalar ola bilər. Hipertrixoz bəzi xəstəliklər zamanı, kəllə-beyin travmaları nəticəsində, bir sıra dərman preparatları qəbul etdikdə inkişaf edə bilər. Patologiyanın diaqnostikası pasiyentin hərtərəfli dermatoloji və hormonal müayinəsindən ibarətdir. Müalicə hipertrixozun etiologiyasından asılıdır. İzafi şəkildə inkişaf etmiş tüklər elektroepilyasiya vasitəsilə təmizlənir.

  • Hipertrixozun səbəbləri
  • Hipertrixozun klinik təzahürləri
  • Hipertrixozun diaqnostikası və müalicəsi

Hipertrixoz barədə ümumi məlumat

Hipertrixoz – tüklərin bədənin istənilən yerində, o cümlədən androgen təsiri ilə əlaqəli olmayan nahiyələrində izafi inkişafıdır. Yalnız qadınlarda müşahidə olunan hirsutizmdən fərqli olaraq hipertrixoz hər iki cinsin nümayəndələrində müxtəlif yaş dövrlərində diaqnostika olunur.

Hipertrixozun səbəbləri

Genetik mutasiyalar hipertrixozun tez-tez rastlanan səbəbidir. Belə ki, mutasiya nəticəsində epitelial hüceyrələrin strukturu dəyişir və onlar epidermal hüceyrələrə çevrilmə xüsusiyyəti qazanırlar. Mutasiyalara hamiləliyin qeyri-düzgün gedişi, hamiləliyin ilk trimestrində infeksion xəstəliklər gətirib çıxarır; sonralar mutasiya olunmuş gen genomda fiksasiya olunur və sonrakı nəsillərdə hipertrixozun səbəbi olur.

Trixologiya sahəsində aparılmış müasir müşahidələrə əsasən hipertrixoz saç follikullarının oyanması nəticəsində yarana bilər; bu isə bədxassəli şişlərin “xəbərçisi”dir. Bəzən hipertrixoz şiş meydana çıxmamışdan bir neçə il əvvəl aşkarlanır; hipertrixozlu pasiyentlərin 90%-də zaman keçdikcə müxtəlif onkoproseslər aşkar olunur.

Streptomisin, sefalosporin, pensillin, kortikosteroid və psoralan qrupundan olan preparatların qəbulu da hipertrixoz əlamətləri şəklində yan təsirlərə malikdir. Hipertrixoz kəllə-beyin travmalarının, dermatomikozların və bulyoz epidermolizin simptomlarından biridir. Nevral tükənmə və sinir mənşəli anoreksiya zamanı hipertrixoz simptomları xüsusilə açıq-aşkar ola bilər.

Travmalardan, o cümlədən termiki travmalardan sonra çapıq nahiyəsində lokal hipertrixoz qeyd oluna bilər. Bu zaman bədənin başqa hissələri normal tük örtüyü ilə örtülür. Travmatik hipertrixoz üz nahiyəsində tüklərin daimi təmizlənməsi nəticəsində də yarana bilər. Nəticədə qısa, nazik və azpiqmentli tüklər kobudlaşır, daha qalın, tünd və uzun olur.

Sümük sisteminin inkişaf qüsurları, məsələn, onurğanın açıq qalması və psixikanın inkişaf qüsurları tez-tez hipertrixozun klinik təzahürləri ilə müşayiət olunur.

Hipertrixozun klinik təzahürləri

Hipertrixoz tüklərin bədənin yaş, cins və etnik mənsubiyyət üçün norma hesab olunmayan nahiyələrində izafi inkişafı ilə təzahür edir. Aralıq dənizi hövzəsində yaşayan qadınlar üçün ayaqlarda və budlarda tüklərin belə inkişafı normaldır. Lakin eyni vəziyyətin qızlarda və Asiya xalqlarının qadınlarında meydana çıxması artıq hipertrixozun təzahürüdür.

Kişilərdə hipertrixoz kürəkdə və çiyinlərdə tüklərin izafi inkişafı ilə təzahür edir və atavizmin simptomlarıdır. Hipertrixoz atavizm kimi doğuşdan dərhal sonra meydana çıxır. Körpənin bədəni çoxlu uzun və ya nazik (sarı) tüklərlə örtülür. Bununla yanaşı, üz və ovuclar da tüklərlə örtülə bilər. Uşaqlarda hipertrixoz tez-tez nevuslarla yanaşı diaqnostika olunur. Uşaqlarda və böyüklərdə məhdud hipertrixoz qaşların birləşməsi şəklində təzahür edə bilər. Kişilərdə hipertrixoz üzdə, kürəkdə və ayaqlarda tüklərin həddən artıq inkişafı ilə özünü göstərir.

Hipertrixozun diaqnostikası və müalicəsi

Hipertrixozun dəqiq diaqnozunun qoyulması məqsədilə xəstəliyin hormonal təbiətini və hirsutizmi istisna etmək mühümdür. Dermatoloq müayinəsilə yanaşı endokrinoloq və ginekoloqa da müraciət etmək vacibdir. Nəticədə hipertrixozun fərdi müalicə sxemi təşkil olunur.

Hormonal patologiya aşkar olunmadıqda hipertrixozun müalicəsi tüklərin təmizlənməsindən ibarətdir. Üz nahiyəsində hipertrixozun pinset və mum plastini vasitəsilə təmizlənməsi simptomatikanın güclənməsinə gətirib çıxarır. Patologiyanın yeganə etibarlı müalicə metodu elektrik epilyasiyasıdır.

Adətən, cinsi yetişkənlik sonlanmamış uşaqlarda hipertrixozun korreksiyası məqsədilə tüklər 3%-li hidrogen peroksidin köməyilə rəngsizləşdirilir və ya xüsusi məlhəmlərin köməyilə təmizlənir.

Hipertrixozun elektrik epilyasiyanın köməyilə korreksiyası dövründə tükləri başqa üsullarla təmizlənməkdən imtina etmək mütləqdir. İynə düz bucaq altıda dərinə – follikula yeridilir və elektriklə tük kökünə, eyni zamanda yaxınlıqda yerləşən bir neçə tükə də təsir göstərilir. İynə çıxarıldıqdan sonra tüklər pinset vasitəsilə ehtiyatla, heç bir güc tətbiq etmədən təmizlənir. Onlar özləri xaric olmalıdırlar, əks halda prosedur təkrarlanmalıdır. Hipertrixoz zamanı elektroepilyasiya seansı təxminən 30 dəqiqə təşkil edir. Bir seansda pasiyentin prosedura həssaslığından asılı olaraq bir neçə, hətta onlarla tük təmizlənir. Çənəaltı nahiyənin hipertrixozu zamanı il ərzində təxminən 60 prosedur həyata keçirilir; üst dodağın üst nahiyəsinin epilyasiyası 3 aydan 6 ayadək vaxt tələb edə bilər; bundan sonra hipertrixoz simptomları izsiz itir. Çoxları bu prosedurlara hirsutizm zamanı da müraciət edirlər, lakin bu, az effektlidir. Belə ki, patologiya hormonal pozulma nəticəsində yaranır və tüklər yenidən inkişaf edir.

Hipertrixozda epilyasiya ağrılı olduqda yerli anesteziyadan istifadə olunur. Prosedurdan sonra ödem və azacıq eritema gün ərzində keçib gedir. Elektroepilyasiyanın bütün gedişatı ərzində nöqtəvi hiperpiqmentasiyanın qarşısını almaq məqsədilə günəş şüalarından qoruyucu məlhəmlərin istifadəsi mütləqdir. Elektroepilyasiyaya döş qəfəsinin, qarnın və alnın hipertrixozunda da müraciət olunur. Belə ki, təraş və mum vasitəsilə tüklərin təmizlənməsi onların daha intensiv inkişafına gətirib çıxarır.

Hipertrixozun əsas səbəblərindən biri də gen mutasiyası olduğundan genomun korreksiyası sahəsində aparılan araşdırmalar patologiyanın müalicəsində yeni metodların işlənməsinə kömək edir. Bu müalicə sonrakı nəsillərin hipertrixozun təzahürlərindən azad olmasına yönəlib.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: