Tənəffüs sistemi xəstəlikləri

Tənəffüs sistemi xəstəlikləri

Pulmonologiya tənəffüs sisteminin: ağciyər, plevra, traxeya və bronxların xəstəliklərini, onların klinik əlamətləri, müalicə-profilaktika üsullarını öyrənir. Tənəffüs sisteminə təkcə hava keçirici yollar deyil, mərkəzi sinir sistemi, döş qəfəsi (diafraqma, döş sümüyü-qabırğa karkası, qabırğaarası əzələlər), ağciyərlərdə qan dövranı da daxildir.   

Pulmonologiya ağciyərlərlə yanaşı, bu orqanın kökünün sinir-damar kələfləri, limfa düyünləri, çəngələbənzər vəzi, diafraqmanın da patologiyalarının müayinə və müalicəsi ilə məşğul olur. Tənəffüs sisteminin əsas funksiyası ağciyərlərdə qaz mübadiləsini təmin etməkdir.   

Ağciyər və bronx xəstəliklərinin müalicəsi həkim-pulmonoloq tərəfindən aparılır. Ağciyərlər və döş boşluğunun digər orqanları üzərində əməliyyatları isə torakal cərrahlar (yunan dilində “thorax” – döş qəfəsi deməkdir) icra edir.

Pulmonologiya tibbin bir çox sahələri: kardiologiya, allerqologiya, otolarinqologiya, reanimatologiya, onkologiya və s. ilə sıx əlaqədədir.  

Pulmonoloqların müalicə etdiyi xəstəliklər aşağıdakılardır:

  • ağciyərlərin qeyri-spesifik (obstruktiv) xroniki xəstəlikləri (xroniki bronxit, ağciyərlərin emfizeması, pnevmoskleroz, aöciyər hipertenziyası, xroniki ağciyər ürəyi, bronxoektaziya, xroniki pnevmoniya, bronxial astma);  
  • ağciyərlərin destruktiv xəstəlikləri (abses və qanqrenası);  
  • plevra boşluğunun xəstəlikləri (plevrit, spontan pnevmotoraks, hemotoraks);
  • döş qəfəsinin travmatik zədələnmələri; 
  • ağciyər və plevranın xoş və bəd xassəli şişləri, divararalığının törəmələri; 
  • tənəffüs orqanlarının kəskin iltihabi xəstəlikləri (traxeit, pnevmoniya, bronxit);
  • kəskin tənəffüs çatışmazlığı törədən təxirəsalınmaz hallar (respirator distress sindrom, ağciyər arteriyasının tromboemboliyası, astmatik status);
  • ağciyərlərdə disseminəolunmuş proseslərlə gedən sistem xəstəlikləri (mukovissidoz, sarkoidoz və s.);
  • ağciyər, traxeya və bronxların anadangəlmə, eləcə də qazanılmış inkişaf qüsurları.  

Tənəffüs sistemi xəstəlikləri əksər hallarda ağır və uzunmüddətli gedişə malik olaraq, sağlamlığa ciddi ziyan vurur. Çirkli ekologiya, stress, peşə zərərləri bu patologiyaların sayını durmadan artırır.   

Tənəffüs sistemi xəstəliklərinin diaqnostika və müalicəsi

Xəstə adətən xarakterik əlamətlər: quru və ya bəlğəmli öskürək, təngnəfəslik, döş qəfəsində ağrı, qızdırma ilə qarşılaşdıqda pulmonoloqa müraciət edir. Bir çox hallarda patologiya rentgen müayinəsində təsadüfən aşkarlanır.  

Pasiyentin şikayətləri və ağciyərlərin auskultasiyasının nəticələrinə əsasən tənəffüs sisteminin xəstəliklərindən şübhələnmək olar. Diaqnozu dəqiqləşdirmək üçün döş qəfəsi orqanlarının rentgenoqrafiyası, bronxoskopiya, bronxoqrafiya, ağciyərlərin KT və ya angiopulmonoqrafiya aparılır. Laborator üsullar arasında bəlğəmin müayinəsi geniş tətbiq olunur.  

Xəstəliklərin müalicəsi onların xarakterindən asılı olaraq, konservativ və ya cərrahi yolla həyata keçirilir. Konservativ üsullar bəlğəmin parçalanmasına, onun miqdarının azalmasına, evakuasiyasının asanlaşmasına, bronx-ağciyər sistemində iltihabi proseslərin yox edilməsinə yönəldilir.  

Cərrahi müalicə adətən həyat üçün təhlükəli vəziyyətləri aradan qaldırmaq məqsədilə təcili surətdə icra olunur. Planlı əməliyyatlar isə xəstənin hərtərəfli müayinəsindən və dərman preparatları ilə qeyri-effektiv müalicədən sonra yerinə yetirilir.  

Ağciyər xəstəliklərinin ən sadə və etibarlı profilaktik tədbirləri siqaretdən imtina etmək və ildə 1 dəfə pulmonoloqun müayinəsindən keçməkdən ibarətdir. 

Med-portal.az saytının «Tənəffüs sistemi xəstəlikləri» bölməsində bu patologiyaların səbəbləri, əlamətləri, müalicə və profilaktika üsulları ilə yaxından tanış ola bilərsiniz.