Kardiologiya – insan orqanizmi üçün həyati vacib sayılan ürək-damar sisteminin quruluş və funksiyalarını, patologiyaların yaranma səbəbləri və əlamətlərini öyrənir. Bundan əlavə ürək-damar xəstəliklərinin müasir diaqnostika və müalicə üsullarını təkmilləşdirməklə məşğul olur. Burada xəstələrin reabilitasiya məsələlərinə də xüsusi diqqət yetirilir. Lakin təəssüflə qeyd etmək lazımdır ki, son illərdə ürək-damar xəstəlikləri xeyli cavanlaşmışdır. Bu da Səhiyyənin ən aktual probleminə çevrilmişdir.
Cərrahi kardiologiyada isə anadangəlmə və qazanılmış ürək qüsurları, o cümlədən ürək-damar sisteminin digər zədələnmələri əməliyyatla aradan qaldırılır. Həmçinin damarlar və qapaqların protezlənməsi həyata keçirilir.
Hazırda erkən ölüm və əlilliyə gətirib çıxaran səbəblər arasında ürək-damar xəstəlikləri ön sıralarda dayanır. Statistik məlumatlara əsasən ümumi ölüm hallarının 40-60%-i kardioloji xəstəliklərin payına düşür.
Ürək-damar xəstəlikləri hansı əlamətlərlə özlərini büruzə verir?
Bu patologiyalardan şübhələnməyə əsas verən simptomlara aşağıdakılar aiddir:
döş sümüyü arxasında yaranaraq, sol çiyin və kürəyə yayılan ağrı;
təngnəfəslik;
yüksəl arterial təzyiqin (AT>140/90 mm.cv.süt.);
taxikardiya (ürək vurğularının 1 dəqiqədə 100-dən çox olması) və ya bradikardiya (nəbzin 1 dəqiqədə 50-dən az olması);
ürək ritmində kənaraçıxmalar;
ödemlər.
İlkin əlamətlərlə qarşılaşdıqda ciddi ağırlaşmalara yol verməmək üçün dərhal kardioloqa müraciət etmək lazımdır. Xəstəliyin başlanğıc mərhələsində orqanın funksiyasını bərpa etmək həm asan, həm də qısa müddətə başa gəlir.
Ürək-damar xəstəlikləri hansı yolla diaqnostika və müalicə edilir?
Kardiologiyada istifadə olunan başlıca diaqnostik üsullara fonokardioqrafiya, elektrokardioqrafiya (EKQ), exokardioqrafiya (ürəyin USM), sutkalıq EKQ-monitorinqi aiddir. Bu prosedurlar ürək əzələsinin yığılma qabiliyyətini, onun və damarların vəziyyətini qiymətləndirməyə imkan verir.
Son illərdə kardiopatologiyalı pasiyentlərin yeni müayinə üsulları: ürək boşluqlarının zondlanması və angiokardioqrafiya aktiv şəkildə inkişaf etməkdədir. Onların köməyilə ürək və tac damarlarda əməliyyatın planlaşdırılması mümkün olur.
Müasir texnologiya və müalicə üsulları əvvəllər sağalmaz sayılan ürək xəstəlikləri ilə mübarizə aparmağa imkan verir. Ürək transplantasiyası bir çox ümüdsüz pasiyentlərin həyatını xilas edir.
Ürək xəstəliklərinin profilaktik tədbirlərinə ağır fiziki yüklənmələrdən, zərərli vərdişlərdən imtina, stresslərin uzaqlaşdırılması, qidalanma və istirahət rejiminin düzgün tərtibi aiddir.
Med-portal.az saytının «Ürək-damar xəstəlikləri» bölməsində kardioloji patologiyaların müalicə və profilaktikası, eləcə də sağlamlığın qorunması mövzusunda axtardığınız bütün suallara cavab tapa bilərsiniz.