Dəmrov

Oxuma vaxtı: 10 dəq Oxunma sayı: 92043

Dəmrov nədir?Dəmrov – səpgi və qaşınma ilə xarakterizə olunan polietioloji dəri xəstəlikləri qrupudur. Törədicinin növündən, səpgilərin tipindən, lokalizasiyasından, yoluxuculuğundan asılı olaraq, xəstəliyin bir neçə forması ayırd edilir: ekzema – sulu dəmrov; mikrosporiya, faqus, trixofitiya – saçqıran dəmrov; psoriaz – pullu dəmrov; çəyrayı dəmrov – pitiriaz; kəmərləyici dəmrov.  

Xəstəlik kəskinləşmələrlə müşayiət olunan uzunmüddətli gedişə malikdir. Dəmrov pasiyentə fiziki və psixoloji diskomfort törədir. Dəri səpgiləri ikincili infeksiyalaşa bilir.   

  • Yaranma səbəbləri və yoluxma mexanizmi
  • Çəhrayı dəmrov
  • Kəmərləyici dəmrov
  • Əlvan dəmrov
  • Saçqıran dəmrov

Dəmrov haqqında ümumi məlumat

Dəmrov – rəngli və qapıqlanan ləkələrlə səciyyələnən dermatoloji xəstəliklər qrupudur. Onların etiologiyası, yoluxma yolu və gediş xüsusiyyətləri fərqlidir. Məhz bu səbəbdən dəmrov klinik təzahürlərə (rəngin dəyişməsi, qabıqlanmanın olması və s.)  görə təsnif edilir.  

Dəmrovun səbəbləri və yoluxma mexanizmi

Bu xəstəliklərin əsas yaranma səbəbi virus və göbələk mikroflorasıdır. İmmunitetin zəifləməsi, stress, irsi meyllik, infeksion xəstəliklər, fiziki və emosional gərginlik dəmrovun inkişaf ehtimalını artırır.  

Yoluxma mexanizmi hələlik elmə məlum deyil.  

Çəhrayı dəmrov

Dəmrovun növləriXəstəlik infeksion-allergik mənşəli olub, bütün yaş qruplarında rast fəlinir. Çəhrayı dəmrov bədəndə, xüsusən kürək nahiyəsində girdə formalı, çəhrayı rəngli, qabıqlanan ləkələrlə xarakterizə olunur. Dəmrovun bu növünun yoluxuculuğu aşağıdır. Ailədaxili yoluxma halları nadirən qeydə alınır. Yoluxma hamam əşyalarının ümumi istifadəsi zamanı baş verir. Zəif immunitet və virus mənşəli respirator infeksiyalar xəstəliyin yaranmasına təkan verir.

Çəhrayı dəmrov fəsillə bağlıdır, yaz və payız aylarında əlamətlər daha qabarıq şəkil alır. Residivlərin olmaması xəstəliyə qarşı güclü immunitetin formalaşmasına işarə edir.  

Dəmrov diametri 3 sm-dən böyük olmayan, 1 ədəd yumru ləkə ilə başlanır. 2-3 gün ərzində onun mərkəzi hissəsi saralır, büzüşür və qabıqlanır. 7-10 gündən sonra çox sayda kiçik ölçülü, analoji səpgilər əmələ gəlir. Bu dəri elementləri əsasən Langer xətləri (dərinin maksimal gərilmə xətləri) boyunca lokalizasiya olunur. Zamanla dəmrovun mərkəzində qabıqlanma, periferik hissəsində isə qırmızı haşiyə yaranır. Səpgilər öz aralarında birləşməyə meyilli olmur. Qasınma və digər xoşagəlməz hissiyyatlar müşahidə edilmir.  

Qeyri-düzgün müalicə, su ilə tez-tez təmas, həddindən artıq tərləmə dəmrov xəstəliyinin müddətini uzadır. Bu faktorlar olmadıqda çəhrayı dəmrov 1,5-2 aya sağalır. Xəstəlik çox vaxt heç bir terapiya aparılmadan öz-özünə keçib gedir. Pasiyentlərə günəş şüalarından qorunmaq, təbii matrialdan hazırlanan paltarlar geyinmək, su ilə təması azaltmaq məsləhət görülür. Antibakterial və göbələkəleyhinə məlhəmlər (məsələn, Sanqviritrin) əlamətləri ən qısa zamanda yox edir. Bakterisid, o cümlədən bitki tərkibli məlhəmlər müsbət təsir göstərir. Əksər hallarda çəhrayı dəmrovun sağalması üçün sadalanan dərmanlar kifayət edir.   

Diaqnostika baxış əsasında aparılır. Xəstəliyi sifilis üçün xarakterik olan rozeoladan fərqləndirmək lazımdır.  

Kəmərləyici dəmrov

Dəmrovun müalicəsiBu dəmrov Herpes zoster qrupundan olan virusla ikincili kontakt zamanı və yaxud latent herpes infeksiyasının aktivləşməsi nəticəsində yaranır. Kəmərləyici dəmrov zamanı sinir qanqliyaları iltihablaşır, sinir kötükləri boyunca xarakterik səpgilər əmələ gəlir. Xəstəliyə əsasən böyüklər və yaşlı şəxslər tutulur. Onun təkanverici amillərinə stress, infeksiya və immunitetin zəifləməsi aiddir.  

Kəmərləyici dəmrov dəyişkən gedişə malikdir. Pasiyentlərin bir qrupunda yüngül forma, digərlərində isə mərkəzi sinir sistemini zədələyən vəziyyətlər qeydə alınır. Səpgilərin formalaşmasından qabaq sinirlər boyunca ağrı meydana çıxır. 3-4 gün keçdikdə dəridə elementlər nəzərə çarpır. Başlanğıcda səpgilərin səthi kiçik vezikulalardan ibarət olur. Bir müddətdən sonra onlar quruyur və qartmaqla örtülür. Xəstələrdə bəzən qabıqlanma müşahidə olunur. Dəmrovun ağırlıq dərəcəsindən asılı olaraq, ümumi intoksikasiyanın yüngül əlamətlərinə və yaxud meninqoensefalial simptomlara rast gəlinə bilər. Ağırlaşmış formalarda proqnoz qeyri-qənaətbəxşdir.  

Xarakterik klinik təzahürlər vizual baxış və sorğu əsasında dəqiq diaqnoz qoymağa imkan verir. Kəmərləyici dəmrov xəstəliyinin müalicə sxemi əlamətlərin intensivliyindən və pasiyentin vəziyyətindən asılıdır. Demək olar ki, bütün hallarda hospitalizasiya mütləqdir. Müalicə dermatoloq və nevroloqun birgə əməkdaşlığı ilə aparılır. Güclü ağrı sindromunda analgetiklər və sedativ preparatlardan istifadə edilir. Serebral pozğunluqlar aşkarlandıqda MSS-nin fəaliyyətini korreksiya edən dərmanlar təyin olunur. Bütün pasiyentlərə virusəleyhinə və immunomodulyatorlar göstərişdir. Yerli müalicə virusəleyhinə məlhəmlərin tətbiqinə əsaslanaraq, bakterial ağırlaşmaların qarşısının alınmasına yönəldilir. Proqnoz xəstəliyin ağırlığından və müalicənin düzgün aparılmasından asılıdır.   

Əlvan dəmrov

Əlvan dəmrov – göbələk mənşəli dəri xəstəliyi olub, epidermisin buynuz qatını zədələyir. Tərləmə, isti iqlim, dəridə seboreya xəstəliyin risk faktorlarından sayılır. Qadınlarda, o cümlədən cavan şəxslərdə əlvan dəmrova daha çox təsadüf olunur. İnfeksiyalaşma və residiv halları ilin isti aylarında qeydə alınır. Yoluxma kontakt-məişət yolu (daraqdan, hamam vasitələrindən ümumi istifadə, xəstə insanla təmas) ilə baş verir.   

Əlvan dəmrov yumru, çəhrayı rəngli, tək sayda ləkə ilə başlayır. Bir müddətdən sonra eyni formalı, lakin kiçik diametrli ləkələrə dəridə və başın tüklü hissəsində rast gəlinir. Əlvan dəmrov zamanı dəri dəyişiklikləri qeyri-iltihabi xarakter daşıyır. Ləkələr adətən sarımtıl-qəhvəyi rəngdə olur. Onları qaşıdıqda az miqdarda qabıqlanma müşahidə edilir. Ləkələr periferik böyüməyə və öz aralarında birləşməyə meylli olur. Qaşınma və digər subyektiv hissiyyatlar yaranmır. Ultrabənövşəyi şüaların təsirindən dərinin zədələnmiş sahəsində ikincili leykoderma əmələ gəlir.  

“Kəmərləyici dəmrov” diaqnozu diqqətli vizual baxış zamanı qoyulur. Belə ki, bəzən əlamətlərin zəif ifadəliliyi və xoşagəlməz hisslərin olmaması ilə əlaqədar xəstəlik gözdən qaça bilər. Sıyrıntının mikroskopiyasında mitseli və göbələk saplarının xarakterik yığıntısı aşkarlanır. Müalicə göbələk əleyhinə məlhəm və tabletlərlə aparılır. Dəriyə məlhəm çəkməzdən əvvəl həmin sahə salisil spirti ilə işlənilir. Bu, aktiv maddənin derma qatlarının dərinliyinə daxil olmasını asanlaşdırır. Şəxsi gigiyena qaydalarına riayət kəmərləyici dəmrov xəstəliyinin yeganə profilaktikasıdır. Göbələk hüceyrələrindən tamamən azad olmaq mümkün deyil. Məhz bu səbəbdən yaz aylarında göbələk əleyhinə təsirə malik kosmetik vasitələrdən istifadə olunmalıdır. Residivlərə yol verməmək üçün günəş şüalarından qorunmaq məsləhətdir.  

Saçqıran dəmrov

Saçqıran dəmrov (trixofitiya) – dərinin göbələk xəstəliyidir. Bu zaman dəri, başın tüklü hissəsi, bəzən isə dırnaqlar zədələnir. İnfeksiya mənbəyi xəstə insan və heyvanlardır. Yoluxma kontakt-məişət yolu ilə baş verir. Dəmrovun bu növünə uşaq bağçalarında və ailə daxilində daha çox rast gəlinir.  

Göbələk mitselisi saçın strukturunu pozaraq, onun tökülməsinə səbəb olur. Saçlar qırılmış forma aldığından xəstəliyin adı da məhz buradan götürülmüşdür. Zədələnmiş dəridə qabıqlanma və göbələk sporlarından ibarət açıq rəngli ərp əmələ gəlir. Qaşınma və digər xoşagəlməz əlamətlər olmur. Xəstəliyin irinləmiş formaları üçün infiltratlar xarakterikdir. Onların üzərindən basdıqda irin çıxır. İnfiltratlar müxtəlif ölcüdə olub, adətən başın tüklü hissəsində, bığ və saqqal hissədə formalaşır.  İnfiltrat ya irinin göbələk hüceyrələrinə məhvedici təsirindən 7-10 gün ərzində öz-özünə aradan qalxır, ya da absesə çevrilir. Müalicə aparılmadıqda mikotik hüceyrələr periferiyada qalaraq, dəmrov xəstəliyinin xroniki, ləng gedişini təmin edirlər.  

Diaqnoz klinik təzahürlərə əsasən qoyulur. Sıyrıntının mikroskopiyasında dəmrovun göbələk mənşəli olması təsdiqlənir. Yaxmanın əkilməsi törədicinin növünü və onun göbələkəleyhinə preparatlara həssaslığını təyin etməyə imkan verir.  

Saçqıran dəmrovun müalicəsində göbələkəleyhinə məlhəm və tabletlərdən istifadə olunur. Ağırlaşmış formalarda simptomatik terapiya aparılır. Dəmrovun bu növünün profilaktikasına şəxsi gigiyena qaydalarına riayət, xəstə insanların vaxtında aşkarlanması, uşaq bağçalarında müntəzəm baxış daxildir. 

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: