Perioral dermatit

Oxuma vaxtı: 6 dəq Oxunma sayı: 2045

Perioral dermatit nədir?Perioral dermatit — ağız ətrafı dərinin xroniki iltihabı olub, ayrı-ayrılıqda və yaxud qrup şəklində yerləşən qırmızı papulalarla xarakterizə edilir. Dəri elementləri adi və yaxud qızarmış dəri fonunda əmələ gəlir. Diaqnostika prosesinə dermatoloqun baxışı, dermatoskopiya, sıyrıntının əkilməsi daxildir. Perioral dermatitin müalicəsi 2 mərhələdə aparılır. Əvvəlcə kortikosteroidlərin və kosmetik vasitələrin istifadəsi dayandırılır. Ardınca antibiotiklər təyin edilir.

  • Yaranma səbəbləri
  • Əlamətləri
  • Diaqnostikası
  • Müalicəsi

Perioral dermatit haqqında ümumi məlumat

Perioral dermatitin səbəbləriPerioral dermatit adətən 20-40 yaşlı qadınlarda aşkarlanır. Buna baxmayaraq, son illərdə dermatitin bu növünə uşaqlar arasında da rast gəlinir. Müasir dermatologiyada perioral dermatitin ayrıca xəstəlik kimi qeyd olunmasının məqsədəuyğunluğu barədə mübahisələr davam edir. Bəzi mütəxəssislər onu seboreyalı dermatitin və yaxud rozaseanın klinik forması sayırlar.  

Perioral dermatitin yaranma səbəbləri

Perioral dermatitin əlamətləriPerioral dermatitin dəqiq səbəbləri hələlik məlum deyil. Əksər hallarda xəstəlik kortikosteroid tərkibli yerli dərman vasitələrinin uzunmüddətli istifadəsindən sonra yaranır. Qlükokortikoidlərlə bu tip terapiya üz dərisini zədələyən müxtəlif xəstəliklərin: akne, rozasea, ekzema və s. müalicə prosesində təyin edilir.   

Güclü küləyin üz dərisinə toxunması, günəş şüalarının təsiri, flüor əsaslı diş məcununun və dekorativ kosmetikanın istifadəsi perioral dermatitin inkişafına təkan verə bilər. Səpgilərin hamiləlik dövründə və ginekoloji xəstəliklər fonunda formalaşması, aybaşı ərəfəsində dermatitin təzahürlərinin artması qadınlarda bu xəstəliklə hormonal dəyişikliklər arasındakı əlaqəni sübut edir. Bir sıra hallarda perioral dermatit oral kontraseptivlərin istifadəsi zamanı meydana çıxır.  

Perioral dermatitin əlamətləri

Perioral dermatit xəstəliyi üçün tək-tək və ya qrup halında yerləşən qırmızı rəngli, sferik papulalar xarakterikdir. Səpgilər diskomfort, dərinin dartılması hissi, göynəmə və yaxud qaşınma ilə müşayiət oluna bilər. Pasiyentlərin 25%-də heç bir subyektiv əlamət qeydə alınmır.  

Ağırlıq dərəcəsindən asılı olaraq, xəstəlik normal dəri fonunda formalaşan tək sayda papulalar və ya əksinə hiperemiyalaşmış hissədə çoxsaylı al-qırmızı səpgilərlə təzahür edir. Papulaların əksəriyyəti dəri səthinin  hamarlığını pozur. Papulaların yerində qartmaq qalır, onları vaxtından əvvəl qopartdıqda hiperpiqmentasiya yarana bilər.

Perioral dermatit zamanı səpgilər çənədə, burnun altında, burun-dodaq büküşləri nahiyəsində, ağız bucaqlarında yerləşir. Bəzən papulalar yuxarı və aşağı göz qapaqlarını, göz bucaqlarını, burunu lokalizasiya olunur. 50% hallarda perioral dermatitin qarışıq forması müşahidə edilir. Bu zaman səpgilər nəinki ağız ətrafında. həm də üzün digər hissələrində əmələ gəlir. Pasiyentlərin əksəriyyətində dodağın qırmızı haşiyəsinin yaxınlığındakı dəri zədələnmir. Belə vəziyyətlərdə dodaq ətrafında eni 4 mm-dək solğun haşiyə görünür.   

Perioral dermatitin diaqnostikası

Perioral dermatit dermatoloji baxış və dermatoskopiya əsasında diaqnostika olunur. Bu mərhələdə onu civzədən, sadə herpesdən, ekzemadan, rozaseadan və demodekozdan fərqləndirmək lazımdır.  

Mikrofloranı təyin etmək üçün zədələnmiş nahiyədən götürülən sıyrıntının və yaxud səpgilərin möhtəviyyatının bakterioloji əkilməsi lazım gəlir. Xəstələrin əksəriyyətində Candida göbələkləri və Demodex folliculorum tapılır. Lakin indiyə qədər perioral dermatitli pasiyentlər üçün vahid, spesifik törədici müəyyən olunmamışdır.

Stafilokokk və streptokokk allergenləri ilə dəri sınaqlarında bakteriyalara qarşı  sensibilizasiya aşkarlanır.  

Perioral dermatitin müalicəsi

İlkin mərhələdə kortikosteroid tərkibli istənilən preparatın qəbulu dayandırılır. 2-3 gündən sonra xəstələrin bir çoxunda dərmanın təxirə salınması ilə əlaqədar xüsusi formalı dermatit yaranır. Onun dərinin zədələnmiş hissələrində intensiv qaşınma, göynəmə, şişkinlik və qızartı xarakterikdir. Sadalanan əlamətlər xəstələri qorxudaraq, onlarda kortikosteriodlərə yenidən başlamaq istəyi yaradır. Bu addıma qətiyyən yol vermək olmaz, əks halda vəziyyət daha da ağırlaşacaq.

Birinci mərhələdə pasiyent dermatoloqa tam etibar edərək, kosmetik vasitələrdən imtina etməli və hipoallergen pəhriz saxlamalıdır. Yerli müalicədə yalnız bitki tərkibli islatmalara və fotoprotektiv vasitələrə icazə verilir. Qaşınma və göynəməni aradan qaldırmaq üçün pasiyentlərə antihistamin preparatlar: loratadin, xloropiramin, mebhidrolin və s. təyin edilir. Bəzi hallarda sedativ vasitələr qəbul edilir.  

Kortikosteroidlərin dayandırılması fonunda yaranan xüsusi formalı dermatitin əlamətləri söndükdən sonra müalicənin ikinci mərhələsinə keçilir. Bu məqsədlə tetrasiklin qrupundan olan antibiotiklərlə (monosiklin, doksisiklin) və yaxud metronidazolla müalicə aparılır. Müalicə müddəti prosesin ağırlığından asılı olub, 8-12 həftə davam edə bilər.  

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: