Psoriaz

Oxuma vaxtı: 11 dəq Oxunma sayı: 4715

Psoriaz nədir?Psoriaz (pulli dəmrov) – dəri, dırnaq və oynaqları zədələyən, yoluxucu olmayan, xroniki xəstəlikdir. Onun üçün dəridə monomorf səpgilər: gümüşü pulcuqlarla örtülü parlaq çəyrayı rəngli düyünlər xarakterikdir. Səpgi elementləri öz aralarında birləşərək, coğrafi xəritəni xatırladan konfiqurasiyalar əmələ gətirirlər. Xəstələr səpgi ilə yanaşı, həm də dərinin qaşınmasından şikayətlənirlər. Psoriaz xarici görünüşü pozaraq, pasiyentə psixoloji diskomfort törədir. Oynaqlar zədələndikdə psoriatik artrit inkişaf edir. Xəstəliyin ən təhlükəli forması hamilələrdə yaranan generalizəolunmuş pustulyoz psoriaz hesab olunur. Belə vəziyyətlər dölün zədələnməsi və düşüklə sonlanır.  

  • Yaranma səbəbləri və patogenez
  • Klinik təzahürlər
  • Diaqnostika
  • Müalicə
  • Profilaktika

Psoriaz haqqında ümumi məlumat

Psoriaz – geniş yayılmış dəri xəstəliyi olub, yastı papulalardan ibarət monomorf səpkilərlə səciyyələnir. Dalğavari gedişə malik olub, kişilər və qadınlar arasında eyni tezliklə yayılır. Bu xəstəliyə dünya əhalisinin 2%-də rast gəlinir.

Psoriazın yaranma səbəbləri və patogenezi

Psoriazın səbəbləriPsoriazın etiopatogenezi sona qədər öyrənilməmişdir. Aparılan tədqiqatların nəticələrinə əsasən onun irsi, infeksion və yaxud nevrogen mənşəli olması ehtimal edilir. Yaxın qohumlarında psoriaz olan ailələrdə bu xəstəliyin daha çox aşkarlanması irsi amilin rolunu təsdiqləyir. Psoriazın infeksion etiologiyası virus infeksiyalarına məxsus komplekslərin tapılması ilə izah olunur. Lakin virusu identifikasiya etmək hələlik mümkün olmamışdır.

Mütəxəssislərin fikrincə psoriaz – genetik və infeksion komponentlərin iştirak etdiyi multifaktorlu xəstəlikdir. Dəri örtüyünün daim zədələnməsi, dərinin xroniki streptokokk infeksiyaları, vegetativ və mərkəzi sinir sisteminin pozğunluqları, endokrin problemlər, spirtli içkilərdən istifadə psoriazın yaranma ehtimalını yüksəldir.   

Psoriazın klinik təzahürləri

Psoriazın əlamətləriXəstəliyin ilkin elementi çəhrayı və yaxud qırmızı rəngli, tək papuladır. Onun üzəri külli miqdarda kövşək, gümüşü-ağ pulcuqlarla örtülü olur. Psoriaz üçün əlamətlərin triadası: stearin ləkəsi, terminal örtük və pulcuqları qopardıqda nöqtəvi qanama xarakterikdir.  

Səpgilərin sayı tədricən, yəni bir neçə ay və yaxud il ərzində artır. Psoriaz çox nadir hallarda intensiv və generalizəolunmuş səpgilərlə başlayır. Belə hallara adətən kəskin infeksion xəstəliklərdən, ağır neyro-psixi yüklənmələrdən, güclü medikamentoz terapiyadan sonra təsadüf olunur. Psoriaz bu cür başlandlqda, al-qırmızı və şişkin səpgilər ən qısa zamanda bütün bədənə yayılır. Səpgilərin birləşərək, əmələ gətirdiyi psoriatik lövhəciklər hiperemiyalı, ödemli və qaşıntılı olur.  Papulalar ətrafların açıcı səthlərində, xüsusən diz və dirsək oynaqlarında, başın tüklü hissəsində lokalizasiya olunur.  

Psoriaz xəstəliyinin növbəti mərhələsində dərinin zədələnmiş, cızılmış və sürtülmüş sahələrində kiçik ölçülü yeni elementlər formalaşır. Bu klinik əlamət Kebner fenomeni adlanır. Periferik böyümə sayəsində yeni yaranan elementlər əvvəlkilərlə birləşərək, simmetrik lövhəciklər əmələ gətirir və yaxud xətt boyunca yerləşirlər. 

III mərhələdə lövhəciklərin periferik böyümə intensivliyi azalır, sərhədləri daha aydın olur, həmin nahiyədə dəri göyümtül rəng alır, elementlərin üzərində güclü qabıqlanma müşahidə edilir. Periferik böyümə tamamən dayandıqda Voronovun psevdoatrofik haşiyəsi meydana çıxır. Müalicə aparılmadıqda lövhəciklər qalınlaşır, bəzən papillomatoz törəmələr və ziyillər izlənilir. 

Geriyə inkişaf mərhələsində əlamətlər solmağa başlayır, dərinin normallaşması zədələnmiş hissənin mərkəzindən periferiyaya doğru gedir. Əvvəlcə qabıqlanma aradan qalxır, dəri örtüklərinin rəngi normaya düşür, sonda toxumaların infiltrasiyası itir. Dərin zədələnmələrdə, dəri nazik və kövşək olduqda səpgilərin yerində müvəqqəti hipopiqmentasiya yarana bilər.  

Eksudativ psoriaz adi formadan lövhəciklərin üzərinin qabıq və pulcuqlarla örtülməsi ilə fərqlənir. Bu örtük eksudatın hopması nəticəsində əmələ gəlir. Bədən büküşlərində də sulanma ola bilər. Şəkərli diabet, hipotireoz, artıq çəki eksudativ psoriazın risk amillərindəndir. Belə pasiyentlərdə zədələnmiş nahiyədə qaşınma və göynəmə qeydə alınır.  

Seboreya tipi ilə gedən psoriaz seboreyaya meyilli sahələrdə lokalizasiya olunur. Kəpəyin çox miqdarda formalaşması psoriatik səpgini gizlədərək, xəstəliyi vaxtında aşkarlamağa imkan vermir. Zamanla psoriaz daha nöyük sahəni əhatə edərək, «psoriatik tac» şəklində alın dərisinə keçir.

Ağır fiziki əməklə məşğul olan insanlarda psoriaz əsasən ovuc və daban hissədə yaranır. Belə hallarda səpgilərin əksəriyyəti ovucda olur, bədən isə tək-tək görünür.  

Pustulyoz formalı psoriaz kiçik qovuqcuqdan başlayır. Bu element tez bir vaxtda pustulaya çevrilir, deşildikdə isə qabıq əmələ gətirir. Bir müddət keçdikdə proses adi psoriatik löhvəciklər şəklində sağlam dəriyə yayılır. Generalizəolunmuş pustulyoz psoriazın ağır formalarında infiltratlaşmış dəridə intraepidermal xırda pustulalar meydana çıxa bilər. Onlar öz aralarında birləşərək, irinli “göl” yaradırlar. Bu tip pustalalar adətən partlamır, quruyaraq qəhvəyi, sərt qabıqla əvəzlənirlər. Pustulyoz psoriaz üçün əlamətlərin simmetrikliyi səciyyəvidir. Prosesə çox zaman dirnaq lövhəcikləri də qoşulur.  

Artropatik psoriaz ən ağır formalardan sayılır. Əksər xəstələrdə oynaq deformasiyası olmadan sadəcə ağrı müşahidə edilir. Bəzən isə oynaq deformasiyaya uğrayır, ankilozla nəticələnir. Psoriatik artritlərdə psoriazın simptomatikasına artralgik əlamətlərdən sonra təsadüf olunur. İlk növbədə falanqalar arası xırda oynaqlar zədələnir, tədricən prosesə iri oynaqlar və onurğa sütunu cəlb olunur. Tədricən inkişaf edən osteoporoz və oynaqların destruksiyası ilə əlaqədar artropatik psoriaz əksər hallarda əlilliklə sonlanır.  

Psoriaz xəstəliyində səpgilərdən əlavə, vegetodistonik və neyroendokrin pozğunluqlar da müşahidə edilir. Kəskinləşmə dövründə bədən temperaturu yüksəlir. Psoriazlı pasiyentlərin bir qrupunda astenik sindrom, əzələlərin atrofiyası, daxili orqanların fəaliyyət pozğunluqları və immunçatışmazlığının əlamətləri qeydə alınır. Psoriaz proqressivləşdikdə visseral pozğunluqların ifadəliliyi artır.   

Psoriaz fəsillə bağlı gedişə malikdir, residiv hallarının böyük bir hissəsi ilin soyuq aylarında baş verir. Xəstəlik yayda nadirən kəskinləşir. 

Son zamanlar ilin bütün fəsillərində residivləşən formalar da aşkar edilir. 

Psoriazın diaqnostikası 

Diaqnoz dəri təzahürləri və pasiyentin şikayətləri əsasında qoyulur. Bu xəstəliklə dermatoloq məşğul olur. Psoriaz üçün psoriatik triada: stearin ləkəsi, terminal örtük və qanlı şeh fenomeni xarakterikdir. Hətta hamar papulaları qaşıdıqda qabıqlanma güclənir, dəri səthi stearin ləkəsinə bənzəyir. Daha çox qaşıdıqda, yəni pulcuq tamamən qoparıldıqda elementin üzərini örtən nazik, şəffaf təbəqə soyulur. Qaşımağa davam etdikdə terminal örtüyün yerində yaş səth və nöqtəvi qanama (şeh damcısını xatırladan qan) görünür.

Psoriazın atipik formasında seboreyalı ekzema, sifilisin papulyoz forması, çəhrayı dəmrovla differensiya diaqnostika aparılmalıdır. Histoloji müayinələrdə hiperkeratoz müəyyən edilir, dermanın dənəli qatına demək olar ki, rast gəlinmir, tikanlı qatda neytrofil qranulositlərin ocaq şəklində toplanması və ödem izlənilir. Ocağın böyüdükcə dermanın buynuz qatının altına miqrasiya edir, mikroabseslər əmələ gətirir.   

Psoriazın müalicəsi

Müalicə kompleks şəklində aparılır. Əvvəlcə yerli təsirli dərman preparatları təyin edilir. Bu preparatların nəticəsi olmadıqda sistem müalicəsi məsləhət görülür.  İş və istirahət rejimə riayət, hipoallergen pəhriz, fiziki və emosional yüklənmələrdən imtina psoriaz xəstəliyinin terapiyasında mühüm rol oynayır.  

Sedativ preparatlar sinir oyanıqlığını götürməklə, qana adrenalin ifrazını azaldırlar. Yeni nəsil antihistamin preparatları toxumalarda ödemi zəiflədir, eksudasiyaya mane olur. Tavegil, Fenistil, Klaritidin, Telfast yuxululuq törətmir, onların yan təsirləri minimaldır. Bu üstünlüklər müalicə dövründə pasiyentin adi həyat tərzində davam etməsinə  imkan verir.

Eksudativ psoriaz zamanı yüngül diuretiklərin tətbiqi eksudasiyanı, o cümlədən iri ölçülü, laylanan qabıqların yaranmasını azaldır. Oynaqlar zədələndikdə ağrı sindromunu aradan qaldıran qeyri-steroid iltihabəleyhinə vasitələr (Ortofen, Naproksen, ibuprofen tərkibli) göstərişdir. Oynaqdakı psoriatik dəyişikliklər ciddi olduqda müalicəvi punksiya və oynaqdaxilinə betametazon və triamsinolon yeridilməsi məsləhətdir.  

Pustulyoz formalı və yaxud eritrodermik psoriaz, dırnaqların psoriatik dəyişiklikləri aşkarlandıqda aromatik retinoidlər müsbət nəticələr verir. Kortikosteroidlər yalnız psoriazın krizlərində təyin edilir. Prolonq təsirli preparatlar, məsələn Disprospan və ardınca plazmoforez psoriatik krizi ən qısa zamanda aradan qaldırır.

Psoriazın müxtəlif formalarında fizioterapiya (parafin aplikasiyaları, UB-şüalanma) məqsədəuyğundur. Xəstəliyin proqressivləşmiş mərhələsində iltihabəleyhinə məlhəm, infeksion proses olduqda isə antibiotik əsaslı, yerli təsirli vasitə məsləhətdir. Psoriazın lazerlə müalicəsi və fototerapiya effektivdir. Psoriaz stasionar mərhələyə keçdikdə keratolitik məlhəm və kremlər, məsələn, salisil, Bensalitin göstəriş sayılır.  Psoriatik lövhəciklərə qarşı krioterapiya aparılır. Psoriaz başın tüklü hissəsini zədələdikdə aşağı faizli kükürd-salisil məlhəmindən istifadə edilir.  

Geriyə inkişaf mərhələsində dəriyə ixtiol, naftalan məlhəmləri çəkilir. Psoriazın istənilən mərhələsində aşağı konsentrasiyada kortikosteroid məlhəmlər tövsiyə olunur. Reabilitasiya dövründə sulfid və radonn tərkibli vasitələrlə sanator-kurort müalicəsi uzunmüddətli remissiya əldə etməyə imkan verir.

Psoriazın profilaktikası

Xəstəliyin spesifik profilaktikası yoxdur. Psoriazın ilkin əlamətlərinə rast gəlindikdə sedativ preparatlar, vitaminlər qəbul edilməli, onun residivləşməsinə səbəb olan xəstəliklərin korreksiyası aparılmalıdır.  

Psoriazın erkən dövrlərdə müalicəsi ağırlaşmaların başlıca profilaktikasıdır. 

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: