Dermatoloq

Oxuma vaxtı: 6 dəq Oxunma sayı: 1122

Dermatoloq kimdir?Dermatoloq – dəri və onun artımlarının (saç, dırnaq, piy və tər vəziləri) xəstəliklərinin müalicəsi ilə məşğul olur. Kosmetologiya sahəsində ixtisaslaşma keçən dermatoloq müvafiq aparat və inyeksion prosedurlarla dərinin estetik qüsurlarını aradan qaldırır. Trixoloqlar başın tüklü hissəsi və saç problemlərini həll edirlər.  

Dermatoloq hansı problemlərlə məşğul olur?

Xoşagəlməz dəri əlamətləri allergiya, infeksion dermatoloji, autoimmun və zöhrəvi xəstəliklərin təzahürü ola bilər. Dermatoloq müayinəsinin tələb olunduğu vəziyyətlər 3 qrupda birləşdirilir:  

  • Dəri və saç problemləri. Dəridə ləkə, qızartı, qaşınma, səpgi, eləcə də saçların qırılması və tökülməsi dermatoloqun müayinəsinə göstərişdir. Bu əlamətlərə müxtəlif xəstəliklər zamanı rast gəlinir. Ona görə də «internet vasitəsilə diaqnoz» qoymaq olmaz. Aptekdən özbaşına əldə edilən və ya ev şəraitində hazırlanılan vasitələr mövcud vəziyyəti daha da korlaya bilər.  
  • Dırnaq lövhəciyinin dəyişməsi. Dırnaqların tündləşməsi, qaralması, kövrəkləşməsi və zolaqların yaranması orqanizmdə vitamin-mineral çatışmazlığı, həmçinin daxili orqanların patologiyaları, göbələk xəstəliyi ilə bağlı ola bilər. Qida rejiminin normallaşması, vitamin-mineral kompleksinin qəbulu effekt vermədikdə, dermatoloqun konsultasiyasına yazılmaq lazımdır.  
  • Dəridə şübhəli törəmələr. Bura xallar (nevus) aiddir. Onların böyüməsi, forma və rənginin dəyişməsi bədxassələşmədən xəbər verə bilər. Belə hallarda dermatoloq xəstəni onkoloqa yönəldir. Zərurət yarandıqda profilaktik məqsədlə xalları götürmək məsləhət götürür.   

Dermatoloq hansı xəstəlikləri müalicə edir?

  • Dəri infeksiyaları. Bu qrupa dərini və başın tüklü hissəsini zədələyən göbələk (kandidoz, mikrosporiya, trixofitiya və s.), virus (papilloma, herpes), parazitar (demodekoz), bakterial (impetiqo) xəstəliklər aiddir. Onlar insana çoxsaylı problemlər törədir, o cümlədən əksəriyyəti yoluxucu olur.  
  • Dermatozlar. Dərinin iltihabi reaksiyaları istənilən zədələyici faktorun təsirindən yarana bilər. Bu təsir nəticəsində allergik (övrə, atopik dermatit, toksidermiya), kontakt (bulloz dermatit), autoimmun (psoriaz, pemfiqoid) dermatozlar inkişaf edir. Dermatoloqun vəzifəsi xəstəliyin səbəbini aradan qaldırmaqdan, residiv hallarının qarşısını almaqdan ibarətdir.  
  • Dəri vəzilərinin fəaliyyətinin pozulması. Piy vəzilərinin disfunksiyası akne və seboreyaya gətirib çıxarır. Piy vəzilərinin funksiyasının pozulması isə həddindən artıq tərləmə (hiperhidroz) ilə özünü büruzə verir. Bu vəziyyətlər həyat üçün təhlükə törətməsə də, onun keyfiyətini əhəmiyyətli dərəcədə pozur. Ona görə də vaxtında müalicə aparmaq lazımdır.  
  • Saç tökülməsi. Ona kişi və qadınlarda istənilən yaş dövründə rast gəlinir. Saç problemlərinin səbəbləri müxtəlifdir: stress, balanslaşdırılmamış qidalanma, qeyri-düzgün baxım, dərman vasitələri. Dermatoloqun konsultasiyası saç tökülməsinin səbəbini aydınlaşdırmağa, effektiv müalicə taktikasını seçməyə imkan verir.  
  • Digər xəstəliklərin dəri təzahürləri. Somatik, endokrin, onkoloji, autoimmun və bir çox xəstəliklər selikli qişalar, saç, dəri və dırnaqların dəyişməsinə səbəb olur. Dermatoloq əsas xəstəliyi korreksiya etməklə və simptomatik müalicə aparmaqla, dəridəki əlamətləri azaldır.

Dermatoloqun qəbuluna necə hazırlaşmalı?

Dermatoloq həkimlərDəri və selikli qişalarda yaranan dəyişikliklərin öz-özünə keçəcəyini gözləmək yanlış qərardır. Əksinə, dermatoloqa nə qədər tez müraciət olunarsa, sağalma prosesi bir o qədər tez və asan başa gələr. Müayinəyə hazırlıq mərhələsində 3 məqamı nəzərə almaq lazımdır: 

  1. Özünü müalicə qadağandır. Daxilə və ya xaricə tətbiq olunan xalq təbabəti vasitələri, dərman preparatları klinik şəkli dəyişərək, diaqnostikanı çətinləşdirə, hətta vəziyyəti ağırlaşdıra bilər. Kor-koranə müalicəyə vaxt itirdikdə, xəstəliyin kəskin forması xroniki residivləşən gedişlə əvəz olunur.   
  2. Hər bir məlumat əhəmiyyət daşıyır. Xəstəliyə təkan verən hər bir fakt diaqnostika prosesinə kömək edə bilər. Bunun üçün konsultasiyadan əvvəl xəstəliyin yaranmasına səbəb ola biləcək vasitələri (kosmetika, məişətdə istifadə olunan kimyəvi vasitələr, iqlim dəyişikliyi, stress, qidalanma pozğunluğu və s.) yadınıza salın. O cümlədən bu əlamətlərin rast gəlindiyi insanlarla sıx təmasda olduğunuzu xatırlayın. 
  3. Tibbi sənədləri özünüzlə götürün. Əgər Sizdə kəskin və xroniki xəstəliklər varsa və yaxın keçmişdə digər mütəxəssislərin müayinəsindən keçmisinizsə, bu barədə dermatoloqa məlumat bildirin. Bu, instrumental müayinə və analizlərin sayını azalda bilər.  

Dermatoloqun qəbulu necə keçir?

İlkin qəbul adətən aşağıdakı sxem üzrə gedir:  

  • Sorğu. Dermatoloq xəstənin şikayətləri, keçirdiyi xəstəliklər, aparılan müayinə, müalicə üsulları, eləcə də dərman preparatları, qida məhsulları və digər vasitələrə qarşı allergiyanın olması barədə məlumat toplayır.   
  • Baxış. Dermatoloq dəri örtüyünü nəzərdən keçirir. Dəri elementlərinin xarakterinə, limfa düyünlərinin vəziyyətinə diqqət yetirir. Klinik şəkildən asılı olaraq, dermatoskopiya, lüminissent diaqnostika aparılır. Laboratoriyada müayinə aparmaq üçün sıyrıntı və yaxud saç nümünələri götürülür.  
  • İlkin diaqnoz. Dermatoloq ehtimal olunan diaqnoz, zəruri müayinələr, müalicə planı barədə xəstəyə ətraflı məlumat verir. Pasiyentin terapiyadan imtina etdiyi təqdirdə ona hansı fəsadların baş verəcəyini izah edir.  

Növbəti gəlişdə dermatoloq aparılan müayinələrin nəticələrinə əsasən yekun diaqnoz qoyur və müalicə taktikasını müəyyən edir.  

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: