Ekzema

Oxuma vaxtı: 10 dəq Oxunma sayı: 22265

Ekzema nədir?Ekzema – dərinin iltihabi xəstəliyi olub, tez-tez kəskinləşən, uzunmüddətli, xroniki gedişə malikdir. Onun üçün ardıcıl olaraq, qızartı – düyün – qovuqcuq – sulanan eroziya – qartmaq – qabıqlanma mərhələlərindən keçən polimorf səpgilər xarakterikdir. Xəstələr səpgi ilə yanaşı, qaşınma və göynəmə hissindən də şikayət edirlər. Prosesə ikincili irinli infeksiyanın qoşulma ehtimalı yüksək olur. Uşaqların infeksiyalaşması daha təhlükəlidir, çünki letal sonluqla nəticələnən Kapoşi ekzeması inkişaf edə bilər. Ağırlaşmış gediş nevroza gətirib çıxarır: yuxusuzluq, əsəbilik meydana çıxır, eləcə də dəridə kosmetik qüsur dərinləşir. Ekzemanın müalicəsi  onun forma və gedişindən asılıdır. Kortikosteroidlərin sistemli tətbiqi, ekstrakorporal hemokorreksiya, yerli terapiya və fizioterapevtik müalicə effektivdir.   

  • Ekzemanın növləri
  • Diaqnostikası
  • Müalicəsi
  • Profilaktikası

Ekzema haqqında ümumi məlumat

Ekzemanın əlamətləriEkzema – allergik mənşəli, xroniki gedişli, iltihabi xəstəlikdir. Onun etiopatogenezi sona qədər öyrənilməmişdir. Yaxın qohumlarda ekzemanın aşkarlanması, amanezdə allergik patologiyaların olması, endogen və ekzogen amillərin təsiri bu xəstəliyin yaranma səbəbləri arasında ön sırada dayanır. Psixovegetativ, neyroendokrin və immunoloji dəyişikliklər də ekzemanın inkişafına təkan verə bilər. Müasir dermatologiyada ekzemanın bir neçə forması ayırd edilir: həqiqi, mikrob mənşəli, seboreyalı, uşaqlarda rast gəlinən və peşə ekzeması. Onların hər birinin özünəməxsus klinik xüsusiyyətləri vardır. 

Həqiqi ekzema

Əlamətləri

Ekzemanın müalicəsiHəqiqi ekzema residivləşməyə meyilli xroniki gedişə malikdir. Xəstəlik dərinin açıq sahələrində simmetrik iltihablaşma ocaqları ilə təzahür edir. Həqiqi ekzema zamanı iltihab ocaqları hiperemiyalı və ödemli, səthləri isə yaş olur. Ocaq daxilində seroz möhtəviyyatlı xırda vezikulalar müşahidə edilir. Vezikulalar partladıqdan sonra yerlərində ekzemaya xas mikroeroziyalar formalaşır. Həqiqi ekzema üçün «seroz quyucuqlar» sindromu (eroziyanın səthində eksudatın sehi xatırladan damcı şəklində yerləşməsi) səciyyəvidir.  

Ekzema ocağından periferiyada tək-tək, iri ölçülü səpgilərə və qovuqcuqlara rast gəlinir. Zamanla yeni yaranan qovuqcuqların sayı azalır, mikroeroziyalar qartmaqla əvələnir, sağaldıqdan sonra qabıqlanma izlənilir.  

Ekzema xəstəliyində bütün elementlər parlaq ifadə olunur. Zədələnmiş dəridə müxtəlif mərhələdə olan təzahürlərə təsadüf edilir. Xəstələrin əksəriyyəti qaşınmadan şikayətlənirlər. Əsas zədələnmə ocağından savayı, dərinin müxtəlif hissələrində səpələnmiş formada quru səpgilər görünə bilər. Ekzemanın uzunmüddətli gedişində dəridə durğun hiperemiya, ilfiltrasiya və hiperpiqmentasiya qeydə alınır.  

Diaqnostika

Həqiqi ekzema kəskin formada başlaması, klinik təzahürləri, ocaqların simmetrikliyi, kiçik ölçülü papulyoz səpgilər və elementlərin ifadəli polimorfizmi ilə seçilir. Bu xüsusiyyətlərlə yanaşı, anamnezdə allergik xəstəliklərin aşkarlanması və yaxın keçmişdə stress amilinin olması «həqiqi ekzema» diaqnozunu qoymağa kömək edir.

Mikrob mənşəli ekzema

Əlamətləri

Mikrob mənşəli ekzemanın patogenezində varikozun simptomokompleksləri, göbələk infeksiyası və dərinin tez-tez zədələnməsi ön cərgədə dayanır. Ekzemanın bu formasında zədələnmə ocaqları asimmetrik olub, əsasən aşağı ətraflarda varikoz damarların proyeksiyasında müşahidə edilir. Dəri büküşlərində ocaqların formalaşması tərləmə və şəxsi gigiyena qaydalarının pozulması ilə bağlıdır. Ekzema ləkələrinin sərhədləri nahamar, onları əhatə edən dəri isə infiltratlaşmış və göy-qırmızı rəngdə olur. 

Yaş və irinli qartmağa bütün zədələnmiş sahələrdə rast gəlinir. Periferiyada tək-tək papula və papulovezikulalar izlənilir. Mikrob mənşəli ekzema ostiofollikulit və impetiginoz qabıqla ağırlaşır. Mikrob mənşəli ekzema mikotik, varikoz və paratravmatik formalara bölünür.  

Diaqnostika

Diaqnoz klinik təzahürlərə, anamnezdə mikoz, aşağı ətraf venalarının varikozu və travmaların tez-tez təkrarlanması faktına əsasən qoyulur. Mikroskopiya zamanı mikotik hüceyrələr aşkarlanır. Mikrozun növünü dəqiqləşdirmək və preparatlara qarşı həssaslığı müəyyən etmək məqsədilə bakterioloji müayinə aparılır.  

Histoloji analizdə dermanın ödemi, qovuqcuqların epidermal lokalizasiyası, plazmositar elementlərin üstünlük təşkil etdiyi güclü limfoid infiltrasiya müşahidə edilir. Mikrob mənşəli ekzema uzunmüddətli olduqda dermada sklerotik dəyişikliklər qeydə alınır.  

Seboreyalı ekzema

Əlamətləri

Seboreyalı ekzemanın xüsusiyyətlərinə zədələnmə ocaqlarının başın tüklü hissəsində lokalizasiyası aiddir. Həmçinin ocaqlar dərinin təbii büküşlərində, üzdə, göbək ətrafında, qulaq arxasında və ətrafların bükücü səthlərində yaranır. Baş nahiyəsindəki iltihab ocaqlarında qaşınma, hiperemiya, quruluq olur. Qaşıdıqda boz rəngli pulcuqlar ayrılır. Ocaqların sərhədləri dəqiq bilinir. Bəzən seboreyalı ekzema eksudasiya ilə müşayiət olunur, bu zaman seroz və seroz-irinli qartmaq formalaşır, onu qopartdıqda yerində yaş eroziya görünür.  

Ocaqlar təbii büküşlərdə əmələ gəldikdə, onların dibində ağrılı, dərin çatlar, ödem və infiltrasiya, periferiyada isə xırda, boz-sarı pulcuqlar və pulcuqlu qartmaq müşahidə olunur. Aşağı ətraflarda, sinə və qarın nahiyəsindəki ocaqlar hamar və aydın sərhədlərə malik olub, xarici görünüşcə sarı-çəhrayı rəngli, qabıqlanan ləkəni xatırladır. Onların mərkəzində xırda düyün şəklində səpgi izlənilir. 

Diaqnostika

Ekzemanın dəqiq təsnifatı olmadığından əksər mütəxəssislər seboreyalı ekzemanı ayrıca bir forma kimi qəbul etmir. Onların fikrincə bu, seboreyalı dermatitin şəklini dəyişmiş forması və yaxud həqiqi ekzemanın seboreya ilə ağırlaşmış növüdür. Lakin seboreyalı ekzemanın histoloji dəyişiklikləri seboreya və həqiqi ekzemadan fərqlənir. Seboreyalı formada epidermal çıxıntılar uzanır, dermanın damarları genişlənir, orada qlikozaminoqlikanlar toplanır.  

Histoloji müayinədə həmçinin digər dəri xəstəliklərinə xas olmayan dəyişikliklər aşkarlanır. Onların sırasında dermanın tənəffüs fermentlərinin zəifləməsi, kollagen stromanın kövşəkləşməsi, kobudlaşmış elastik liflər qeyd edilir. Mikrob mənşəli ekzema həqiqi formadan həm də kokk florasının və epidermisin səthi qatlarında külli miqdarda lipidlərin olmasına əsasən differensiasiya edilir.

Peşə ekzeması

Əlamətləri

Peşə ekzeması – allergik mənşəli, ləng gedişli, xroniki dəri xəstəliyidir. Bu forma qıcıqlandırıcı vasitələrə cavab reaksiyası olaraq, inkişaf edir. Xəstəliyin patogenezini peşə amillərinin (toz, kimyəvi aqressiya, quru və yaxud nəm hava, tez-tez təkrarlanan mikrotravmalar) daimi təsiri, vegetativ sinir sisteminin dəyişiklikləri, damarların keçiriciliyinin pozulması və partlaması təşkil edir. Bu faktorların müştərəkliyi orqanizmin peşə zərərlərinə sensibilizasiyasına səbəb olur.  

Peşə ekzeması klinik cəhətdən həqiqi formaya bənzəyir. Sadəcə onun provokasiyaedici faktoru qıcıqlandırıcı ilə daimi təmasdır. Müxtəlif ölçülü səpgilər bütün bədən boyunca lokalizasiya olunsa da, zərərli amilin təmas etdiyi nahiyədə onlara daha çox rast gəlinir. Əvvəlcə dəridə ödem və qızartı, bir müddət keçdikdə isə çoxsaylı, xırda vezikulalar yaranır.  

Diaqnostika

Pasiyentlə söhbət əsnasında iş və ya ev şəraitində zərərli faktorun mövcudluğu və onun təsirindən ekzemanın əlamətlərinin artdığı ortaya çıxır. Xəstə peşə zərərləri ilə təmasın olmadığı müddətdə, məsələn, məzuniyyət dövründə dərinin sağlam şəkil almasını qeyd edir.  

Ekzemanın müalicəsi

Diaqnoz təsdiq olunduqdan sonra provokasiyaedici amillərin (neyro-psixi yüklənmələr, dərman preparatlarının qəbulu, allergen və aqressiv maddələrlə təmas) təsiri aradan qaldırılmalı və yaxud azaldılmalı, dərinin mikrob xəstəliklərinin və mikrozların müalicəsi aparılmalıdır.  

Sistem terapiyası

Ekzemanın bütün formalarında sedativ və antihistamin preparatlarla hiposensibilizəedici medikamentoz müalicə göstəriş sayılır. Plazmaferez və ekstrakorporal hemokorreksiyanın digər növləri də pasiyentin vəziyyətinə müsbət təsir göstərir. Daxili və yerli vitaminoterapiya hüceyrələrin regenerasiya prosesini aktivləşdirir.  

Ekzema xəstəliyinin kəskinləşməsi generalizəolunmuş xarakter daşıdıqda və yaxud adi terapiya ilə residivi sakitləşdirmək mümkün olmadıqda qlükokortikosteroidlərin daxilə və yerli tətbiqi məqsədəuyğundur. Xəstənin vəziyyəti yaxşılaşdıqda hormonların dozası tədricən azaldılır. Ekzema sistemli, dalğavari gedişə malik olduqda, hər gün antihistamin preparatlar və qlükokortikosteroidlər dəstəkləyici dozada qəbul edilməli, B və  C vitaminləri əzələ daxilinə yeridilməlidir.

Yerli terapiya

Zədələnmə ocaqlarına retinol məlhəmi çəkilir. Keratolitik, antiseptik təsirli, iltihab və qaşınma əleyhinə pasta və məlhəmlərlə applikasiyalar edilir. Yerli müalicə vasitəsinin tərkibi fərdi qaydada seçilir, həkim reseptinə əsasən hazırlanılır.  

Ocaqları su, bitki yağı, aqressiv dezinfeksiyaedici məhlullarla işləmək qəti qadağandır. Bu sahələri soyuqdan, küləkdən, günəş şüalarından qorumaq lazımdır.  

Fizioterapiya

Ekzema xəstəliyinin fizioterapevtik müalicə üsulları müxtəlifdir. Onlara ozonoterapiya, maqnitoterapiya, lazerlə müalicə misaldır. Zədələnmiş hissələrdə krioterapiya da aparmaq olar. Kəskin faza bitdikdə pasiyentlərə müalicəvi ultrabənövşəyi şüalar, palçıq vannaları məsləhət görülür. Fizioterapevtik prosedurların növü həkim-fizioterapevt tərəfindən seçilir.  

Ekzemanın profilaktikası

«Ekzema» diaqnozunun qoyulduğu şəxslər hipoallergen pəhriz saxlamalı, spirtli içkilər və siqaretdən imtina etməlidir. Həmçinin şəsxi gigiyena qaydalarına əməl olunmalıdır. Su əsaslı krem və aromatlaşdırılmamış sabundan istifadə ekzemanın residivləşmə ehtimalını azaldır. 

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: