Papillomanın lazerlə götürülməsi  

Oxuma vaxtı: 4 dəq Oxunma sayı: 7512

Papillomanın lazerlə götürülməsi necə olur?Papillomanın lazerlə götürülməsi – dərinin papillomavirus mənşəli məməciyəbənzər törəmələrinin destruktiv müalicə üsuludur. Bu metod tək və yaxud qrup halında yerləşən papillomaları ağrısız aradan qaldırır. Eyni zamanda yara dezinfeksiya olunur və iz qoymadan sağalır. Prosedurdan sonra virusəleyhinə müalicə məsləhət görülür. 

Papilloma – dəri və yaxud selikli qişalarda əmələ gələn xoşxassəli törəmələrdir. Onlar DNT tərkibli insan papilloma vurusu tərəfindən törədilir. Papillomalar adətən dərinin çox tərləyən və sürtülən hissələrində: boyun, qoltuqaltı, anogenital nahiyə, süd vəzilərinin altı, eləcə də təbii büküşlərdə formalaşır. Bu törəmələr sürətlə yayılmağa meyillidir. Belə vəziyyətlə papillomatoz kimi qiymətləndirilir. 

Dermatologiyada papillomalar lazer, kriodestruksiya, elektrokoaqulyasiya metodları ilə yox edilir. Lazer üsulu yüksək estetik nəticələrə malik təmassız, qansız, steril prosedurdur. Lazer minimal travmatikliyi ilə seçilir. Dərinin daxili resurslarının stimulyasiyası sayəsində lazer üsulundan sonra dəridə çapıqlara rast gəlinmir.  Prosedurun qiyməti törəmələrin sayından asılıdır.  

Onu da nəzərə almaq lazımdır ki, lazer yalnız virusun xarici təzahürlərini aradan qaldırır. Mikroorqanizm bədəndə qaldığından gələcəkdə onun yenidən baş qaldırmaması üçün virusəleyhinə və immunomoduləedici terapiya tövsiyə olunur.  

Papillomanın lazerlə götürülməsinə göstərişlər

Papillomanın lazerlə götürülməsi Lazerlə papillomanın yandırılması onun törətdiyi kosmetik və fiziki diskomfortla bağlıdır. Belə ki, papillomalar çoxalaraq, ocaqlar əmələ gətirir. Bu isə estetik cəhətdən xoşagəlməz olur. Həmçinin boyun, göz qapaqları, qasıq büküşləri, aralıq nahiyəsi və qoltuqaltında yerləşən papillomalar tez-tez zədələnir, qanayır, iltihablaşır. Bu isə zamanla onların bədxassələşməsinə gətirib çıxara bilər.  

Dəridə lokal iltihab, yara olduqda, habelə hamiləlik dövründə lazer üsulu icazəli deyil.  

Papillomanın lazerlə yandırılması

Papillomanın lazerlə götürülməsinin nəticələriKiçik ölçülü, nöqtəvi papillomalar anesteziyasız götürülür. Digər hallarda yerli applikasion və yaxud infiltrasion (inyeksion) anesteziyadan istifadə edilir.  

Yüksək enerjili lazer papillomanı yox edərkən xırda qan damarlarını da koaqulyasiya edir. Qanaxmanın qarşısının alınması və yüksək temperatur hesabına prosedur zamanı virusun yayılmasına yol verilmir. Lazerin tətbiqi eyni zamanda çoxsaylı (5-20 ədəd) papillomaların aradan qaldırılmasına imkan verir. Lazerdən sonra törəmələrin yerində kiçik qabıq (qartmaq) formalaşır.  5-7 gündən sonra qabıq qopur, onun altında sağlam və təmiz dəri əmələ gəlir. 

Papillomanın lazer üsulu ilə götürülməsindən sonra dəriyə qulluq

Papillomanın yerində əmələ gələn qabığa su, losyon və dekorativ kosmetika vurmaq olmaz. Onu məcburən qoparmağa çalışdıqda yara infeksiyalaşa, sağalma dövrü uzana bilər.   

Qabıq qopduqdan sonra cavan dərini günəş şüalarından SPF təkibli kremlə qorumaq lazımdır. Dərinin rəngi qonşu sahələrlə uyğunlaşana qədər kremdən istifadə edilməlidir. Əks halda dəridə piqment ləkələr yarana bilər. Belə vəziyyətlərdə dərinin lazerlə cilalanması, kimyəvi pilinq və yaxud mezoterapiya tələb olunur.  

Papilloma virus mənşəli olduğundan gələcəkdə onun yenidən formalaşması mümkündür. Bu səbəbdən çoxsaylı papillomalarda immunomodulyatorlar, virusəleyhinə preparatlar, ozonoterapiya məsləhət görülür.

Papillomaları pinset və kimyəvi vasitələrlə yox etmək qəti qadağandır. Bu vasitələr infeksiya, yanıq, iltihab törətməklə, müalicəni çətinləşdirir və estetik nəticəni pisləşdirir.  

Təcrübəli dermatoloq tərəfindən papillomanın lazerlə götürülməsi törəmədən ağrısız, atravmatik və izsiz azad olmağa imkan verir. O cümlədən özünüyoluxdurma və papillomatozun inkişaf ehtimalı minimuma enir.  

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: