İnfeksion xəstəliklər

İnfeksion xəstəliklər

İnfeksion xəstəliklər spesifik patogen mikroorqanizmlər tərəfindən törədilərək,  yoluxmuş insandan sağlam şəxsə ötürülür. Bu xəstəliklərin əsas xüsusiyyətlərinə kontagiozluq (yoluxuculuq), epidemik yayılma qabiliyyəti, siklik gediş və postinfeksion immunitetin formalaşması aiddir.  

İnfeskion xəstəliklər törədici ilə makroorqanizmin müəyyən şəraitdə təması nəticəsində əmələ gəlir. Onların inkişafı 4 mərhələyə ayrılır: inkubasion (gizli), prodromal, klinik əlamətlərin təzahürü, son dövr. İnfeksion proses müxtəlif çür sonlana bilər: rekonvalessensiya (sağalma), letallıq, bakteriya daşıyıcılıq, xroniki formaya keçid.  

İnfeksion xəstəliklərin növləri

İnsan orqanizmində rast gəlinən xəstəliklərin 20-40%-i infeksiyaların payına düşür. Elmə məlum olan infeksion xəstəliklərin sayı daim artaraq, hazırda 1200-ü keçmişdir. İnsan həyatı boyunca küllü miqdarda mikroorqanizmlərlə təmasda olur. Lakin onların yalnız 1/30000 hissəsi xəstəlik törətməyə qadirdir. Patogen mikroorqanizmlərə virus, bakteriya, göbələk və parazitlər aiddir.  

Prosesin lokalizasiyası və ötürülmə mexanizmindən asılı olaraq, infeksion xəstəliklər 5 qrupa bölünür:

  • bağırsaq infeksiyaları (dizenteriya, salmonelyoz, eşerixioz, qarın yatalağı və s.);
  • tənəffüs yollarının infeksiyaları (KRVİ, qrip, qızılca və s.); 
  • qan infeksiyaları (İİV-infeksiyası, malyariya və s.)
  • xarici örtüklərin infeksiyaları (qızılyel, sibir xorası, qoturluq);
  • çoxsaylı yoluxma yoluna malik infeksiyalar (infeksion mononukleoz, enterovirus infeksiyaları).   

Törədicinin tipinə əsasən virus (virus hepatitləri, qrip, məxmərək, sitomeqalovirus və herpes infeksiyaları); bakterial (stafilokokk və streptokokk infeksiyaları, salmonelyoz, dizenteriya); protozoy (malyariya, trixomoniaz, amöbiaz); mikozlar və ya göbələk infeksiyaları (aspergilyoz, kandidoz, kriptokokkoz, epidermofitiya) ayırd edilir.   

İnfeksion xəstəliklər antroponoz və zoonoz olur. Antroponozlara yalnız insana xas olan infeksiyalar (difteriya, qarın yatalağı, dizenteriya və s.) aiddir. Zoonozlara isə heyvanlar rast gəlinən, lakin insanların da yoluxduğu xəstəliklər (quduzluq, listerioz, bruselyoz və s.) daxildir.  

Heyvan mənşəli törədicilərin – parazitlərin (gənə, həşərat, ibtidai) səbəb olduğu xəstəliklər parazitar adlanır. 

İnfeksion xəstəliyə tutulan pasiyentlər xüsusi şöbələrdə, yüngül hallarrda isə ev şəraitində müalicə olunur. Əksər infeksiyaların profilaktikası spesifik immunizasiya və sanitar-gigiyenik qaydalara riayət edilməsindən ibarətdir.  

Med-portal.az saytının «İnfeksion xəstəliklər» bölməsində onların yaranma səbəbləri, əlamətləri və müasir müalicə üsulları haqqında geniş məlumat əldə edə bilərsiniz.