Atelosteogenez

Oxuma vaxtı: 7 dəq Oxunma sayı: 1848

Atelosteogenez nədir?Atelosteogenez  – erkən yaş dövründə və ya bətndaxili inkişaf dövründə letal sonlanmaya gətirib çıxaran genetik patologiyalar – xondrodisplaziyalar qrupudur. Xəstəliyin əsas təzahürləri bud və bazu sümüklərinin distal hissələrinin hipoplaziyası, qabırğaların qısalması, döş qəfəsinin daralması,  oynaq çıxıqları və borulu sümüklərin əyilməsi ilə özünü göstərir. Atelosteogenezin diaqnostikası sümük strukturunun rentgenoloji mənzərəsinə, pasientin həqiqi statusuna və genetik analizlərin nəticələrinə əsasən aparılır. Atelosteogenezin istənilən formasının müalicəsi mövcud deyil.

  • Atelosteogenezin səbəbləri
  • Atelosteogenezin təsnifatı
  • Atelosteogenezin simptomları
  • Atelosteogenezin diaqnostika və müalicəsi

Atelosteogenez barədə ümumi məlumat

Atelosteogenez (de lya Şapel displaziyası, neonatal sümük displaziyası) erkən yaşlarda ölüm göstəricisinin yüksək olması ilə xarakterizə olunan letal xondrodisplaziyaların formalarından biridir. Patologiyanın daha geniş yayılmış forması (2-ci tip atelosteogenez) autosom-resessiv mexanizmlə irsən ötürülür. Xəstəliyin  1-ci və 3-cü tipləri autosom-dominant mexanizmlə irsən ötürülən mutasiyalarla əlaqəlidir; lakin belə atelosteogenezin daha çox rastlanan səbəbi  de novo genetik patologiyadır. Xəstəliyin rastgəlmə tezliyi kifayət qədər aşığıdır – 1:1 000 000-dan çox deyil. Patologiya oğlanlarda və qızlarda eyni intensivlikdə müşahidə olunur. Xəstələrin yuxarı yaşlara və ya qocalığa qədər yaşadığı  tək-tük klinik hallar məlumdur. Bu təsadüflərin əksəriyyətində xəstə 2-ci tip, yalnız birində isə 3-cü tip atelostegenezdən əziyyət çəkirdi. Patologiya pediatriyada anadangəlmə xondrodisplaziyaların daha ağır formalarından biri hesab olunur.

Atelosteogenezin səbəbləri

Atelosteogenezin səbəbi FLNB (1-ci və 3-cü) və SLC26A2 (2-ci tip) genlərinin mutasiyasıdır. FLNB geni 3-cü xromosomda yerləşir və filamin B adlı zülalı kodlaşdırır. Bu zülal hüceyrədaxili karkasın qurulmasında iştirak edir və birləşdirici toxumanın çoxsaylı strukturlarının tərkibinə daxildir. Atelosteogenezin bəzi formaları həmin genin zədələnməsilə bağlıdır və autosom-dominant tip üzrə irsən ötürülməsi ilə xarakterizə olunur. Lakin belə mutasiyaların yüksək letallığının olmasını nəzərə alaraq onların spontan növlərinə tez-tez rast gəlinir. Filamin B zülalının strukturunun pozulması nəticəsində skeletin, birləşdirici toxumanın, daxili orqanların çoxsaylı anomaliyaları meydana çıxır. Beləliklə, dölün bətndaxili məhvinə və ya erkən yaşlarda ölümə gətirib çıxarır.

2-ci tip atelosteogenez SLC26А2 geninin mutasiyası ilə əlaqəlidir, autosom-resessiv tipli irsən ötürülməsi ilə xarakterizə olunur. Bu gen 5-ci xromosomda yerləşir və qığırdaq toxumasının proteoqlikanlarının formalaşmasında həlledici rol oynayan sulfat ionlarının zülal-daşıyıcılarının strukturunu kodlaşdırır. O həm də sümüklərin endoxondral tiplərinin əmələ gəlməsində iştirak edir; buna görə də bu zülalın strukturu pozulduqda sümük-əzələ aparatının atelosteogenezə xarakterik inkişaf anomaliyaları meydana çıxır. Bundan başqa daxili orqanların formalaşma prosesinin müxtəlif patologiyaları – ağciyərlərin hipoplaziyası, anadangəlmə ürək qüsurları inkişaf edə bilər. Bütün bunlar 2-ci tip atelosteogenez xəstələrinin erkən yaşda ölümünə gətirib çıxarır.

Atelosteogenezin təsnifatı

Hazırda xəstəliyin 3 əsas tipi ayırd edilir:

1-ci tip atelosteogenez FLNB geninin letal mutasiyası ilə əlaqəlidir, əksər hallarda de novo inkişaf edir. Bir sıra hallarda dölün antenatal ölümünə gətirib çıxaran ağır inkişaf anomaliyasıdır.

2-ci tip atelosteogenez (de lya Şapel displaziyası) autosom-resessiv tip üzrə irsən ötürülən SLC26А2 geninin mutasiyası ilə əlaqəlidir. Bu formada antenatal və ya perinatal ölüm nadir hallarda rastlanır. Xəstələr əksər hallarda həyatının ilk aylarında və ya birinci ilində daxili orqanların disfunksiyalarından ölürlər.

3-cü tip atelosteogenez autosom-dominant tip üzrə irsən ötürülən və ya spontan meydana çıxan FLNB geninin mutasiyası ilə əlaqəlidir. Ölüm, adətən, həyatın ilk günü bəzi orqanların ağır inkişaf qüsurundan baş verir.

Əksər hallarda neonatoloq yalnız pasientin inspeksiyası və rentgenoloji şəkilə əsaslanaraq atelosteogenezin tipinin differensiasiya etmək iqtidarında deyil. Bunu yalnız həkim-genetik xəstəliklə əlaqəli genlərin düzülüşünü sıralayaraq (sekvenləşdirmə) və mutasiyanın tipini müəyyənləşdirərək edə bilər.

Atelosteogenezin simptomları

Xəstəliyin simptomları dəyişkənliyi ilə xarakterizə olunur. Əksər hallarda xəstə yenidoğulmuşlarda yuxarı və aşağı ətrafların qısalması, döş qəfəsinin ölçülərinin kiçilməsi, əl və ayaq baş barmaqlarının aparması müşahidə olunur. Üz, adətən, yastı olur; aydın nəzərə çarpan hipertelorizm, burun körpüsü və burun kürəyinin yastılanması təyin olunur. Yenidoğulmuşlarda həmçinin ağciyər toxumasının hipoplaziyası, nadir hallarda ürək qüsuru və qırtalğın stenozu meydana çıxır; xəstələrin ölüm səbəbi də əksərən bunlar olur.  Əgər atelostegenezli xəstələr ömrünün ilk günü və ya ilk həftəsi ölməzsə, onlarda sonralar skolioz, pəncənin ekvinovarus deformasiyası, əyripəncəlik diaqnostika olunur. Daha yuxarı yaşlarda ölüm daxili orqanların yanaşı gedən pozulmalarından baş verir.

Atelosteogenezin diaqnostika və müalicəsi

Atelosteogenezin diaqnostikası pasientin həqiqi statusunun, rentgenoqrafik müayinənin nəticələrinin dəyərləndirilməsi və müasir genetikanın köməyinə əsasən aparılır. Bununla yanaşı, rentgenoqrammada uzun borulu sümüklərin qısalması, onların distal nahiyələrində sümükləşmə ocaqlarının olmaması təyin olunur. Döş qəfəsi orqanlarının rentgenoloji şəkillərində qabırğaların sümükləşmə prosesinin pozulması və onların qısalması, döş fəqərələrinin formalarının dəyişilməsi, onların cismində yarıqların mövcudluğu aşkar olunur. İnspeksiya zamanı tez-tez diz, bud-çanaq və çiyin qurşağı oynaqlarının çıxıqları aşkar olunur. Daraq sümüklərinin sümükləşmə prosesi pozulur.

Atelosteogenezin diaqnostikasının genetik metodları mutasiyanın tipini aşkar etmək və aydınlaşdırmaq məqsədilə FLNB və SLC26А2 genlərinin sekvenləşdirilməsinə (sequencing) yönəlir. Differensial diaqnostikanı başqa irsi neonatal displaziyalarla (diastrofik displaziya, Larsen sindromu) aparmaq lazımdır. Exoqrafik və ya genetik (amniosentez) metodların köməyilə atelosteogenezin prenatal diaqnostikası da mümkündür.

Atelosteogenezin istənilən formasının spesifik etiotrop müalicəsi hazırda mövcud deyil. Dəstəkləyici terapiya doğuşdan sonra reanimasion tədbirlər, bəzi hallarda ürək qüsuru və başqa daxili patologiyaların korreksiyası məqsədilə cərrahi müdaxilə vasitəsilə həyata keçirilir.  Proqnoz həddən artıq pisdir. Belə ki, yalnız bəzi atelosteogenezli pasientlər bir yaşına qədər yaşaya bilir; tək-tük klinik hallarda pasientlərin yuxarı yaşlaradək yaşaması qeyd olunub.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: