Anobüzdüm ağrı sindromu (Koksiqodiniya)

Oxuma vaxtı: 11 dəq Oxunma sayı: 1468

anobüzdüm ağrı sindromu nədir?Anobüzdüm ağrı sindromu (koksiqodiniya) – büzdüm, anal dəlik və düz bağırsaq nahiyəsində üzvü patologiyanın olmamasına baxmayaraq, tutmaşəkilli və ya daimi ağrıların müşahidə edildiyi patoloji vəziyyətdir. Ağrı sindromu sakitlik halında və ya gecə saatlarında güclənir, defekasiya aktı ilə bağlı olmur. Xəstəlik üzücü xarakter daşıyır, yuxusuzluq, depressiya, cinsi həyatın çətinləşməsinə səbəb olur. Koksiqodiniya əksər hallarda əmək qabiliyyətinin pozulmasına gətirib çıxarır. Diaqnoz xəstənin şikayətlərinə və proktoloqun baxışının nəticələrinə əsasən qoyulur. Müalicə fizioterapiya, psixoterapiya ilə aparılır. Bu üsulların qeyri-effektiv olduğu təqdirdə cərrahi əməliyyat yerinə yetirilir.

  • Koksiqodiniyanın yaranma səbəbləri
  • Koksiqodiniyanın əlamətləri
  • Koksiqodiniyanın diaqnostikası
  • Koksiqodiniyanın müalicəsi
  • Koksiqodiniyanın proqnozu

Anobüzdüm ağrı sindromu (koksikodiniya) barədə ümumi məlumat

Anobüzdüm ağrı sindromu polietioloji patologiya olub, anizm, proktalgiya, anal nevralgiya, anorektal ağrılar, koksiqodiniya kimi kliniki təzahürləri özündə birləşdirir. Sindromun etiologiyasını aydınlaşdırmaq və düzgün müalicə sxemini tərtib etmək üçün xəstə hərtərəfli müayinə olunur. Patoloji hərəkətliliyə meylli olan büzdümün zədələnməsi nəticəsində yaranan travmatik koksiqodiniya müstəqil xəstəlik kimi qeyd edilir.

Anobüzdüm ağrı sindromu qəfil başlanğıc və sonluğa malik davamlı (bəzən illərlə) ağrılarla xarakterizə olunur. Bədənin vəziyyətindən asılı olaraq, ağrılar artıb-azala, yerimə, gücənmə və büzdümə təzyiq zamanı güclənə bilər. Ağrı sindromu havanın dəyişkənliyi, sidik-cinsiyyət sisteminin xəstəlikləri, osteoxondroz və spondilyozla əlaqəli olmur. Etioloji amillərin aşkarlanması və müalicəvi tədbirlərin seçilməsi ilə bağlı çətinliklər anobüzdüm ağrı sindromunun sağalmasını mürəkkəbləşdirir, bəzən isə həllolunmaz edir.

Anobüzdüm ağrı sindromunun yaranma səbəbləri

Anobüzdüm ağrı sindromunun səbəbləriAnobüzdüm ağrı sindromuna büzdümün sınığı (yeni və keçmişdə baş verən), çanaq dibi və retroanal nahiyənin sinir-əzələ sisteminin funksional pozğunluqları, çanaq sümükləri və onurğanın aşağı hissəsinin patologiyaları, ifadəli nevroloji komponentlə gedən onurğa sütunu xəstəlikləri, düz bağırsağın patologiyaları (babasil, anal çat, proktit, paraproktit, siqmoidit və s.), ağır gedişli doğuşlar, aralığın sallanması, tualetdə uzun müddət oturmağa meyllik, xroniki qəbizlik və ya ishal psixoemosional amillər səbəb ola bilir.

Ağrının lokalizasiyasına əsasən anobüzdüm ağrı sindromunun 2 forması ayırd edilir: koksiqodiniya (ağrı büzdüm nahiyəsində olur) və anorektal ağrı sindromu (ağrı əsasən anal dəlik və düz bağırsaqda lokalizasiyalaşır).

Koksikodiniyanın əlamətləri

anobüzdüm ağrı sindromunun əlamətləri Anobüzdüm ağrı sindromu büzdüm nahiyəsində (koksiqodiniya), anusda (anorektal ağrılar) günün istənilən saatlarında heç bir səbəb olmadan yaranan ağrılarla təzahür edir. Ağrı sindromu müxtəlif davametmə müddətinə malik olub, qəflətən və ya tədricən itir. Ağrı küt və ya kəskin, kəsici, deşici, tutmaşəkilli, pulsasiyaedici xarakter daşıyır. Bəzi insanlarda ağrı bud, sağrı və oma nahiyəsinə irradiasiya edir.

Düz bağırsaqda lokalizasiyalaşan ağrı (proktalgiya) qəflətən, xüsusən də gecə vaxtlarında baş verir, 15-20 dəqiqə davam edir. Proktalgiya tutmaları arasındakı interval uzunmüddətli ola bilər. Bir çox xəstələrdə ağrı bağırsağın spazmı ilə müşayiət olunur. Aralıqda yaranan ağrılar kişilərdə ağrılı priapizmin inkişafına gətirib çıxara bilər. Bəzən anorektal ağrı tutmaları cinsi aktla assosiasiyalı olur. Anobüzdüm ağrı sindromu həmçinin ümumi neyrovegetativ əlamətlərlə – dərinin solğunluğu və tərləməsi ilə müşahidə edilə bilər.

Koksiqodiniya əsasən büzdüm nahiyəsində lokalizasiyalaşır, sümüyün üzərinə basdıqda ağrı daha da güclənir. Koksiqodiniya yerimə zamanı arta bilər. Bəzən ağrı yayılmış xarakter daşıyır. Xəstələr düz bağırsaqda ağrıdan, büzdüm nahiyəsində ağırlıq, göynəmə və diskomfort hissindən şikayət edirlər.

Anorektal nevralgiya anusda diffuz ağrı ilə səciyyələnir. Bir sıra hallarda ağrı oma, sağrı, bud və uşaqlıq yoluna yayılır. Anorektal nevralgiyalar əsasən postklimakterik yaş dövründə olan qadınlarda yaranır. Çox zaman müxtəlif nevrastenik və nevroloji xəstəliklərlə (depressiya, nevroz, ipoxondriya) müştərək şəkildə rast gəlinir.

Anobüzdüm ağrı sindromu adətən neyrogen xarakterli olur. Xəstələrin əksəriyyəti davamlı ağrını təhlükəli ölümcül xəstəliklə əlaqələndirir, onlarda kanserofobiya inkişaf edir. Xəstələr həkimdən maksimal dərəcədə müayinə olunmalarını və cərrahi əməliyyata yazılmalarını tələb edirlər.

Anobüzdüm ağrı sindromunun diaqnostikası

«Anobüzdüm sindrom» diaqnozu yalnız hərtərəfli müayinə prosesindən və ağrının üzvi mənşəli olmasının inkarından sonra qoyulur. Bu məqsədlə düz bağırsaq (babasil, anal çat, paraproktit və s.) və cinsiyyət orqanlarının patologiyaları (adneksit, endometrit, prostatit), nevroloji və revmatoloji xəstəliklər (radikulit, spondilit, işias) inkar edilməlidir. Bu patologiyaların müşahidə edilməməsi və ya əksinə, onların aşkarlanaraq, tam müalicə olunmasından sonra ağrı hissinin saxlanılması anobüzdüm ağrı sindromuna dəlalət edir.

Ağrı hissini analiz etmək üçün pasiyent əvvəlcə diz-dirsək vəziyyətində, sonra isə ginekoloji kresloda uzadılır. Proktoloq anusu barmaqla müayinə edir, çapıq dəyişikliklərinə, iltihab əlamətlərinə, büzdüm və oma-büzdüm birləşməsinin travmasına, anal kanal və ya çanaq dibi əzələlərində spazmın olmasına diqqət yetirir. Qadınlara ginekoloqun konsultasiyası məsləhət görülür, uşaqlıq yolu və düz bağırsağın bumanual müayinəsi aparılır.

Yoğun bağırsağın terminal hissələrinin xəstəliklərini inkar etmək məqsədilə rektoromanoskopiyadan istifadə olunur. Anoskopiya (anal kanalın müayinəsi) və rektoromanoskopiyanın köməyilə düz bağırsağın selikli qişasının vəziyyəti dəqiqləşdirilir, daxili hemorroidal düyünlər, düz bağırsağın polipləri, iltihablaşmış anal məməciklər (papillit) üzə çıxarılır.

Düz bağırsağın rentgenoloji müayinəsi (irriqoskopiya) şiş xəstəliklərinin və yoğun bağırsağın mənfəzinin daralmasının aşkarlanmasına kömək edir. Rentgenoqrafiya həmçinin büzdüm və oma, çanaq sümükləri, bud-çanaq oynağının vəziyyətini analiz etməyə imkan verir. Rentgenoqrammada büzdümün sınıq və çıxıqlarının (yarımçıxıqlar) izləri, osteoporoz sahələri və sümük toxumasının digər patologiyaları görünə bilər.

Əzələ spazmını təyin etmək üçün düz bağırsağın bağlayıcı aparatının və çanaq dibinin əzələ diafraqmasının elektrofizioloji müayinəsi aparılır. Bu üsulla həmçinin bağırsağın motorikası və onun terminal hissələrinin funksional xüsusiyyətləri barədə məlumat əldə etmək mümkündür.

Laborator müayinələrə koproqramma, nəcisin bakterioloji əkilməsi, nəcisdə gizli qanın təyini, sidiyin ümumi analizi aiddir. Ehtiyac yarandıqda qadınlarda uşaqlıq yolundan götürülən yaxma, kişilərdə isə prostat vəzinin sekreti yoxlanılır. İntrarektal invaginasiya irriqoskopiya zamanı aşkarlanır.

Bundan əlavə kiçik çanaq orqanlarının ultrasəs müayinəsi icra edilir. Anobüzdüm ağrı sindromunun diaqnostikasına adətən uroloq, ginekoloq, androloq, travmatoloq cəlb olunur. Bütün pasiyentlərdə mütləq qaydada nevroloji müayinə aparılır. Ağrının psixo-emosional səbəblərini aşkar etmək üçün psixoterapevtin konsultasiyası təyin edilir.

Koksikodiniyanın müalicəsi

Pasiyentin hərtərəfli müayinəsi və ağrı sindromunun səbəbinin təyini uğurlu müalicənin əsas amillərindən sayılır. Terapevtik tədbirlərə etioloji müalicə (xəstəliyin səbəbinin aradan qaldırılması), patogenetik terapiya (patologiyanın inkişaf mexanizmlərinin blokada olunması) və simptomatik vasitələrin qəbulu (xəstənin ağrıdan xilas edilməsi) aiddir.

Koksiqodiniyanın kompleks müalicəsində fizioterapevtik üsullar: aşağı intensivlikli lazerlə şüalanma, ultrasəs, UYT, dinamik cərəyanla təsir, palçıqla müalicə, rentgenoterapiya geniş tətbiq edilir. Yerli müalicə məqsədilə neyroblokadalar, ağrıkəsici və iltihabəleyhinə təsirli şamlar, mikroimalələr tətbiq edilir. Aralıq və çanaq dibi əzələlərinin spazmını aradan qaldırmaq üçün onların masajı icra olunur. Zərurət yarandıqda pasiyent psixiatra yönəldilir.

Ağrının narkotik analgetiklərdən istifadə etmədən müalicəsinə: sinir liflərinin novokainlə blokadasına, yerli anestesiyaedici vasitələr və isti palçıq aplikasiyalarına (peloidoterapiya) üstünlük verilir.  Kortizonla blokadalar zəif təsirə malik olduğundan hazırda onların tətbiqi məhdudlaşdırılmışdır.

Ağrının psixogen xarakter daşıdığı hallarda plasebo üsulu effektiv sayılır. Patoloji həyəcan, depressiya, digər nevrotik vəziyyətlərdə psixoterapevtik üsullar və mərkəzi təsirli preparatlarla (sedativ vasitələr, trankvilizatorlar, neyroleptiklər və s.) müalicə təyin edilir.

Travmatik koksiqodiniya cərrahi müalicəyə (büzdümün ekstirpasiyası) göstəriş hesab olunur. Büzdümün tam və ya hissəvi sınıqları zamanı onun zirvə hissəsi rezeksiya olunur və ya büzdüm oma sümüyünə fiksasiya edilir. Büzdüm sümüyünün sınığına rast gəlinmədikdə cərrahi müalicənin aparılması məqsədəuyğun deyil, çünki müdaxilə xəstənin ümumi vəziyyətini ağırlaşdıra bilər. Cərrahi tədbirlər yalnız koksiqodiniyanın travmatik mənşəli olması dəqiqləşdirildikdən sonra aparılır.

Anobüzdüm ağrı sindromunun proqnozu

Anobüzdüm ağrı sindromu terapevtik müalicəyə çətin tabe olur. Patologiya üçün ifadəli psixo-emosional komponent səciyyəvidir. Lakin kompleks yanaşma və hərtərəfli müayinə zamanı düzgün seçilmiş müalicə taktikası pasiyentin ağrıdan azad olması və həyat keyfiyyətinin bərpası ilə nəticələnir.

Onurğa, kiçik çanaq orqanları və aralığın ciddi patologiyaları ilə bağlı olmayan koksiqodiniya və anorektal ağrılar somatik xarakterli ağırlaşmalara və letal sonluğa gətirib çıxarmır.

 

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: