Çənbər bağırsağın psevdopolipozu
Çənbər bağırsağın psevdopolipozu – bu nahiyənin selikli qişasında xarici görünüşcə polipi xatırladan çoxsaylı düyünlərin yaranması ilə xarakterizə olunan ikincili patoloji vəziyyətdir. Patologiya bağırsağın iltihabi xəstəlikləri və ya MBT-nin bəzi infeksiyalarında inkişaf edir. Psevdopolipozun klinik şəkli əsas xəstəlikdən asılıdır. Pasiyentlərdə ishal, qarında ağrı, meteorizm, tenezmlər, bədən çəkisinin itirilməsi, nəcisdə selik, irin və qan qarışığı müşahidə oluna bilər. Diaqnoz endoskopik müayinə və biopsiyanın nəticələrinə əsasən qoyulur. Bir sıra hallarda KT və kontrastlaşdırılmış rentgenoqrafiyadan istifadə edilir. Əsas patologiyanın müalicəsi tələb olunur.
- Yaranma səbəbləri
- Patoloji anatomiya
- Psevdopolipozun əlamətləri
- Diaqnostika
- Psevdopolipozun müalicəsi
Çənbər bağırsağın psevdopolipozu barədə ümumi məlumat
Çənbər bağırsağın psevdopolipozu – iltihabi və ya infeksion proseslər fonunda həddindən artıq regenerasiya olunan və ya normal selikli qişada xarici görünüşcə polipə bənzəyən sahələrin yaranması ilə səciyyələnir. Patologiyanın ən geniş yayılmış səbəbi qeyri-spesifik xoralı kolitdir. Proktologiya sahəsinin mütəxəssislərinin məlumatlarına əsasən psevdopoliplərə pasiyentlərin 22-64%-də rast gəlinir.
Çənbər bağırsağın psevdopolipozu bəzən Kron xəstəliyi və dizenteriya zamanı müşahidə edilir. Patologiya adətən 40-65 yaşlarda inkişaf edir. Psevdopoliplər maliqnizasiyaya meylli deyil. Lakin bəzi hallarda S-vari bağırsağın vəzili epitelinin regenerasiya prosesində formalaşan displaziya sahələri sonradan kolorektal xərçəngə çevrilə bilir.
Çənbər bağırsağın psevdopolipozunun yaranma səbəbləri
Çənbər bağırsağın psevdopolipozuna iltihabi patologiyalar (qeyri-spesifik xoralı kolit, Kron xəstəliyi) və MBT-nin bəzi infeksion xəstəlikləri səbəb olur. Qeyri-spesifik kolitlə müqayisədə Kron xəstəliyində psevdopolipoza daha az rast gəlinir. Bu da hər iki xəstəlikdə iltihabi prosesin lokalizasiya və gedişinin fərqli olması ilə bağlıdır.
Patoloji anatomiya
Psevdopoliplər normal selikli qişada eroziya və xoralarla əhatə olunan sahələrdir. Onlar həmçinin selikli qişanın regenerasiyası zamanı vəzili epitelin həddindən artıq çoxalması nəticəsində yarana bilir. Düyünlərin altında bəzən birləşdirici toxumaya rast gəlinir. Bəzi hallarda çənbər bağırsağın psevdopolipozunun inkişafı izafi qranulyasiya ilə bağlı olur. Düyünlərin formalaşmasında nəinki selikli qişanın formalaşması, həmçinin peristaltika zamanı bağırsaq divarının gərilməsi, iltihablaşmış selikli qişanın bərk nəcis kütlələri ilə zədələnməsi və s. rol oynayır.
Psevdopoliplərin say və ölçüləri fərqli olur. Bəzi xəstələrdə solitar (tək) düyün, digərlərində isə S-vari bağırsağın xeyli hissəsini bürüyən çoxsaylı törəmələr aşkarlanır. Çənbər bağırsağın psevdopoliplərinin orta diametri 5-10mm təşkil edir. Düyünlərin xarici formasından asılı olaraq, adi psevdopoliplər, papağabənzər törəmələr və dərin kistoz-polipoz kolit ayırd edilir.
Çənbər bağırsağın psevdopolipozunun əlamətləri
Çənbər bağırsağın psevdopoliozu üçün spesifik simptomatika xarakterik deyil. Pasiyentlər əsas xəstəliyin əlamətlərindən şikayət edirlər. Qeyri-spesifik xoralı kolit zamanı ishal müşahidə olunur. Sıyığabənzər konsistensiyalı, selik, irin və qan qarışıqlı nəcis ifrazı mümkündür. Psevdopolipozlu xəstələri qarnın sol tərəfində ağrılar və aldadıcı defekasiya çağırışları narahat edir. Onlarda halsızlıq, iştahsızlıq və arıqlama qeydə alınır. Hipertermiyanın ifadəliliyi patologiyanın ağırlığından asılıdır. Bədən temperaturu 37-39˚C arasında dəyişir. Bəzən bağırsaqdankənar əlamətlər: oynaqda ağrılar, ankilozlaşdırıcı spondilit (Bexterev xəstəliyi), aftoz stomatit, uveit, düyünlü eritema və s. yaranır.
Kron xəstəliyində də çənbər bağırsağın polipozu qarında ağrı, nəcis ifrazının pozulması, iştahsızlıq, bədən çəkisinin itirilməsi, halsızlıq, hipertermiya ilə müşayiət olunur. Bağırsaqdankənar əlamətlər qeyri-spesifik xoralı kolitdə olduğu kimidir. Kron xəstəliyi fonunda inkişaf edən psevdopolipozun fərqləndirici xüsusiyyətlərinə bağırsaq mənfəzini daraldan çapıqların formalaşmasına meyllilik, ağırlaşmaların (bağırsaq keçməməzliyi, qanaxmalar, yoğun bağırsağın perforasiyası) yüksək tezliyi, qaraciyər və böyrəklərin funksional pozğunluqları aiddir. Dizenteriya mənşəli psevdopolipoz zamanı kəskin başlanğıc, ümumi intoksikasiya əlamətləri və ifadəli bağırsaq pozğunluqları (tez-tez təkrarlanan ishal, qarında qurultu, tutmaşəkilli ağrılar, nəcisdə patoloji qarışıqlar) müşahidə edilir.
Çənbər bağırsağın psevdopolipozunun diaqnostikası
Çənbər bağırsağın psevdopolipozunun diaqnozu endoskopik müayinələrin köməyilə qoyulur. Rektoromanoskopiya və ya kolonoskopiya prosesində selikli qişaların vəziyyəti yoxlanılır, qeyri-spesifik xoralı kolit və digər xəstəliklərə xas olan xoralaşmalar, çənbər bağırsağın psevdopolipozuna səbəb olan müxtəlif dəyişikliklər aşkarlanır. Endoskopist tərəfindən psevdopoliplərin say, forma və ölçüləri qiymətləndirilir. Morfoloji müayinə üçün düyünlərdən və selikli qişanın qonşu hissələrindən toxuma nümunələri götürülür.
Törəmələrin morfoloji quruluşunun öyrənilməsi prosesində dəyişilməyən epitel, epitel qişanın artması və ya qranulyasiya toxuması izlənilir. Xoralı kolitin zədələdiyi selikli qişanın müayinəsi zamanı genişlənmiş damarlar, qansızmalar, xora və kript-abseslər aşkarlanır. Selikaltı qat adətən cüzi dəyişir. Kron xəstəliyindən əziyyət çəkən pasiyentlərdə bağırsağın selikli qişası kobud və qabarlarla örtülü olur.
Çənbər bağırsağın psevdopolipozu zamanı irriqoskopiya az informativ üsul sayılır. Bu da müayinə prosesində yalnız iri psevdopoliplərin vizualizasiya edilməsi, düyünlərin formalarını, selikli qişanın vəziyyətini və ümumi görünüşünü qiymətləndirməyin mümkün olmaması ilə bağlıdır.
Kontrast rentgenoqrafiya və kompüter tomoqrafiya vasitəsilə daha dəqiq məlumatlar əldə edilir. Çənbər bağırsağın psevdopolipozunun differensial diaqnostikasında bu müayinələr mühüm əhəmiyyət kəsb edir. Lakin hər 2 üsül yalnız rektoromanoskopiya və kolonoskopiyanın aparılmasına əks-göstərişlər olduqda tətbiq edilir.
Çənbər bağırsağın psevdopolipozu çoxsaylı poliplər, diffuz ailəvi polipoz, kolorektal xərçəng, bu nahiyənin lipoma və karsinoidləri ilə differensiasiya edilir. Yekun diaqnoz mikroskopik müayinələrin nəticələri əsasında qoyulur.
Çənbər bağırsağın psevdopolipozunun müalicəsi
Çənbər bağırsağın psevdopolipozunun müalicə taktikası əsas xəstəliyin növ və ağırlıq dərəcəsinə müvafiq seçilir. Qeyri-spesifik xoralı kolit zamanı balanslaşdırılmış qidalanma, kəskinləşmə dövrlərində immunosupressorlar, qlükokortiokoid vasitələr və 5-aminosalisil turşusunun preparatları təyin edilir. Su-elektrolit mübadiləsinin ifadəli pozğunluqlarında infuzion terapiya aparılır. Göstərişlər olduqda antibiotiklər tətbiq edilir. Konservativ terapiyanın qeyri-effektivliyi, selikli qişanın displaziyası, ifadəli bağırsaqdankənar əlamətlər və qeyri-spesifik xoralı kolitin ağırlaşmaları (meqakolon, S-vari bağırsağın perforasiyası, bağırsaq qanaxmaları, dəyişilmiş selikli qişanın bədxassələşməsi) cərrahi müalicəyə göstəriş sayılır.
Kron xəstəliyi fonunda yaranan psevdopolipozun terapiyasında da eynilə qlükokortikoidlər, immunosupressorlar, 5-aminosalisil turşusu və antibiotiklərdən istifadə olunur. Əlavə olaraq, şiş nekrozu faktorunun və inteqrin reseptorların blokatorları, D vitamini və hiperbarik oksigenasiya təyin edilir. Ağırlaşmış formalarda cərrahi əməliyyat icra olunur.
Qeyri-spesifik xoralı kolit və Kron xəstəliyi residivləşən gedişə malik xroniki xəstəliklərdir. Pasiyentlərin müntəzəm qaydada müayinə olunması və remissiya dövründə dəstəkləyici terapiyanın aparılması mütləqdir.
Dizenteriya və digər bağırsaq infeksiyalarının səbəb olduğu psevdopolipoz zamanı xüsusi pəhriz, mikrobəleyhinə preparatlarla etiotrop terapiya təyin edilir, dezintoksikasion tədbirlər həyata keçirilir. Çənbər bağırsağın psevdopolipozunun proqnozu əsas xəstəliyin növündən və gediş xüsusiyyətlərindən asılıdır. Belə xəstələr həkim-proktoloqun və qastroenteroloqun müşahidəsi altında olmalıdır.