Medikamentoz kolit
Medikamentoz kolit – dərman terapiyasının fəsadı olub, yoğun bağırsağın selikli qişasının iltihabı ilə xarakterizə edilir. Patologiya əksər hallarda bağırsaq florasının disbalansı ilə müşayiət olunur. Medikamentoz kolitin əlamətləri qeyri-spesifikdir. Xəstələrdə qarnın sol-aşağı hissəsində ağrılar, həzm olunmamış qida qalıqlarından ibarət ishal, köp, halsızlıq yaranır. Diaqnoz rektoromanoskopiya, kolonoskopiya, laborator üsulların (koproqramma, nəcisin bakterioloji müayinəsi) nəticələrinə əsasən qoyulur. Müalicə konservativ yolla aparılır. Bəzən ağırlaşmış hallarda cərrahi əməliyyatların icra olunmasına ehtiyac yaranır.
- Yaranma səbəbləri
- Medikamentoz kolitin əlamətləri
- Diaqnostikası
- Medikamentoz kolitin müalicəsi
- Proqnoz və profilaktika
Medikamentoz kolit barədə ümumi məlumat
Medikamentoz kolit – bağırsaq mikroflorasına mənfi təsir göstərən, orqanın qan dövranını pozan, iltihab törədən preparatların qəbulu zamanı baş verən patologiyadır. Xəstəliyin yayılması dərman vasitələrinin qəbul olunma tezliyindən asılıdır. Müxtəlif qrup antibiotiklərin uzunmüddətli istifadəsi disbakterioza, qeyri-steroid iltihabəleyhinə preparatları tətbiqi isə nəinki mədədə, həmçinin yoğun bağırsaqda xoraların yaranmasına gətirib çıxarır. Farmakoterapiyanın digər növlərində medikamentoz kolitə az hallarda təsadüf olunur. Hər iki cinsin nümayəndələri arasında xəstəliyin rastgəlmə tezliyi eynidir.
Medikamentoz kolitin yaranma səbəbləri
Proktologiya sahəsinin mütəxəssislərinin müşahidələrinə əsasən medikamentoz kolit adətən antibiotiklər, işlədicilər, sitostatiklər, qeyri-steroid iltihabəleyhinə və antihipertenziv vasitələr, vazopressorlar, diqoksin, qızıl əsaslı farmakopreparatların qəbulu zamanı yaranır. Müxtəlif dərman vasitələrinin istifadəsi ilə əlaqədar yoğun bağırsaqda baş verən patoloji dəyişikliklər fərqli olur. Proses kəskin şəkildə və ya tədricən inkişaf edir.
Antibiotiklərin səbəb olduğu medikamentoz kolit bağırsaq florasının disbalansı nəticəsində inkişaf edir. Antibakterial preparatların təsirindən anaerob bakteriyaların sayı kəskin dərəcədə azalır, bu da karbohidratların və sellülozanın mənimsənilməsinin, öd turşularının mübadiləsinin pozulmasına gətirib çıxarır. Bundan əlavə patogen və şərti-patogen mikroflora sürətlə çoxalır. İltihab klebsiella, bağırsaq çöpü, salmonella və s. tərəfindən törədilə bilər. Antibiotiklərlə assosiasiyalı medikamentoz kolitin ən ağır təzahürü klostridium mənşəli psevdomembranoz kolitdir.
Sitostatiklərlə müalicə zamanı xəstələrin təxminən 10%-də ishal yaranır. Onun başlıca səbəbi bağırsaq epitelinin deskvamasiyasıdır. Bununla əlaqədar həzm və yoğun bağırsaq mikroflorasının kolonizasiya prosesləri pozulur. Bu qrupa daxil olan preparatlar həm də peristaltikaya mənfi təsir göstərir. Kimyaterapiya zamanı yaranan medikamentoz kolit ağır gedişli olub, yoğun bağırsağın bütün şöbələrinin zədələnməsi və qanaxmalarla müşayiət edilir. Xəstəliyin radiasion kolitlə müştərək şəkildə inkişaf etdiyi hallarda vəziyyət daha da ağır olur.
Qeyri-steroid preparatların tətbiqi ilə əlaqədar baş verən patoloji dəyişikliklər bağırsaq divarında xoralaşma və qanaxmalarla təzahür edir. Vazopressor preparatlar və diqoksin yoğun bağırsağın qan dövranının pozulmasına səbəb olur. Medikamentoz kolitin bu forması işemik tip üzrə gedir. İşlədici vasitələrin uzunmüddətli və nizamsız qəbulu nəticəsində bağırsaq divarı qıcıqlanaraq iltihablaşır. Bəzən sinir ucları atrofiyaya uğrayır, bu da bağırsaq divarlarının trofikasının və peristaltikanın pozulmasına gətirib çıxarır.
Medikamentoz kolitin əlamətləri
Patomorfoloji dəyişikliklər kimi əlamətlər də xəstəliyin etiologiyasından asılıdır. Patologiya adətən qarında, xüsusən göbək ətrafında və sol-aşağı hissədə ağrı və ya diskomfort hissi ilə təzahür edir. Medikamentoz kolit üçün ağrı ilə yanaşı, həmçinin həzm olunmamış qida qalıqlarından ibarət, bəzən qan qarışıqlı ishal xarakterikdir. Xəstələr halsızlıq və tez yorulmadan şikayət edir. Bir sıra hallarda kəskin toksiki hepatit və ya pankreatitin əlamətləri müşahidə olunur.
Antibiotiklərlə assosiasiyalı ağır medikamentoz kolit zamanı hərarət febril həddə qədər yüksəlir, nəcisdə qan, irin və selik əmələ gəlir. Defekasiyanın tezliyi gün ərzində 7 dəfəyə qədər artır, dehidratasiya əlamətləri mülayim olur. Simptomlar əsasən antibiotiklərlə müalicə kursunun sonunda meydana çıxır, lakin onlara terapiyanın ilk günlərində də rast gəlmək mümkündür. Xəstəliyin ağır gedişi üçün defekasiyanın 20 dəfəyə qədər tezləşməsi, ifadəli dehidratasiya əlamətlərinin yaranması, hərarətin 39-40˚C-yə qədər yüksəlməsi səciyyəvidir. Patologiya klostridium tərəfindən törədildikdə xəstədə ağır fəsadlar – toksiki meqakolon və yoğun bağırsağın perforasiyası yarana bilər.
Kimyaterapiya ilə bağlı medikamentoz kolit zamanı ishal ilk gündən profuz xarakterli olub, çoxlu miqdarda maye itkisi ilə müşahidə edilir. Bu da yoğun bağırsaqla yanaşı nazik bağırsağın zədələnməsi ilə izah olunur. Xəstələrdə tez-tez (xüsusən müalicə kursuna şüa terapiyası daxil olduqda) bağırsaq qanaxmaları baş verir. Şərti-patogen bağırsaq florası aktivləşdikdə bədən hərarəti yüksəlir, xəstəlik infeksion kolit tipi üzrə inkişaf edir.
Qeyir-steroid iltihabəleyhinə preparatların qəbulundan sonra yaranan medikamentoz kolit qarında ağrı, qan və selik qarışıqlı ishalla müşayiət olunur. Antihipertenziv preparatlar və ya diqoksinlə müalicənin fəsadı kimi formalaşan medikamentoz kolit işemik tip üzrə gedir. Xəstələr bağırsaqda keçici xarakterli ağrılardan, nəcis ifrazının pozulmasından (qəbizliyin ishalla növbələnməsi) şikayət edir. Bir müddətdən sonra bu əlamətlərə qızdırma əlavə olunur.
Medikamentoz kolitin diaqnostikası
Diaqnostika prosesində xəstənin qəbul etdiyi preparatları aşkar etmək üçün ətraflı anamnez toplanılır. Rektoromanoskopiya zamanı düz və S-vari bağırsağın aşağı hissəsində qeyri-spesifik dəyişikliklər müşahidə olunur. Bu əlamətlər iltihab, hemorragiya, xora, işemiya ilə bağlı ola bilər. Psevdomembranoz kolit zamanı membran xatırladan qranulyasiyalar izlənilir.
Kolonoskopiya yoğun bağırsağın bütün hissələrinin müayinə olunmasına imkan verir. Ehtiyac yarandıqda şübhəli sahələrdən biopsiya götürülür. Antibiotiklərin qəbulu nəticəsində yaranan disbakterioz zamanı yağ və sellülozanın miqdarı arta bilər, bu da həzm prosesinin pozulmasından xəbər verir. Medikamentoz kolit zamanı nəcisdə qan, bəzən isə irin müəyyən edilir. Nəcisin bakterioloji müayinəsi antibiotikoterapiyanın korreksiyasına kömək edir. Qanın ümumi analizində əksər hallarda anemiya əlamətlərinə (xəstəlik uzun müddətli olub, qanaxmalarla müşayiət edildikdə), EÇS və leykositlərin səviyyəsinin artmasına rast gəlinir.
Medikamentoz kolitin yoğun bağırsağın infeksion mənşəli zədələnmələri (dizenteriya, salmonellyoz) ilə differensial diaqnostikası aparılır. Həmçinin patologiya qeyri-spesifik xoralı kolit, Kron xəstəliyi, babasil və proktitdən fərqləndirilir. Kardioloji preparatların qəbulu ilə bağlı medikamentoz kolit tromboz, emboliya, qan dövranının digər pozğunluqlarının səbəb olduğu işemik kolitlə differensiasiya edilir.
Medikamentoz kolitin müalicəsi
Xəstəliyin müalicəsinin əsasını onu törədən dərmanların qəbulunun dayandırılması və ya dozanın azaldılması təşkil edir. Disbakterioz zamanı probiotiklər təyin olunur. Antibiotiklərin istifadəsi kəsilir və ya floranın həssaslığı nəzərə alınmaqla digərləri ilə əvəz edilir. İşemik kolit qan dövranını yaxşılaşdıran preparatlarla müalicə olunur. Xəstə ishal nəticəsində xeyli maye itirdikdə rehidratasion terapiya aparılır. Həzm prosesini yaxşılaşdırmaq üçün fermentlər məsləhət görülür. Ehtiyac yarandıqda bağırsaq peristaltikasını stimulə edən dərman vasitələrindən istifadə olunur.
Medikamentoz kolitin müalicəsində pəhriz mühüm rol oynayır. Xəstələrə qida rasionundan kimyəvi, termiki və mexaniki qıcıqlandırıcıların çıxarılması ilə pəhriz təyin edilir. Medikamentoz kolit zamanı №4-li pəhriz – yağ, karbohidratlar və kobud qida liflərinin azlıq təşkil etdiyi yumşaldılmış qidaların qəbulu tövsiyə olunur.
Cərrahi müalicə nadir hallarda aparılır. Həyat üçün təhlükə daşıyan ağırlaşmalar formalaşdıqda və medikamentoz terapiya müsbət nəticə vermədikdə, məsələn, nekrozla müşayiət olunan işemik medikamentoz kolit, qeyri-steroid iltihabəleyhinə preparatların və yaxud sitostatiklərin qəbulu ilə bağlı qanaxmalar zamanı cərrahi müdaxilənin icrasına ehtiyac yaranır. Xəstəliyi törədən əsas patologiyanın xarakterindən asılı olmayaraq, əməliyyat cərrah-proktoloq tərəfindən həyata keçirilir.
Medikamentoz kolitin proqnoz və profilaktikası
Medikamentoz kolitin proqnozu qənaətbəxşdir. Xəstəliyin səbəbi vaxtında aşkarlandıqda və onu törədən preparatın qəbulu dayandırıldıqda patologiya sürətlə geriyə inkişaf edir. Kimyaterapiya alan onkoloji xəstələrdə medikamentoz terapiya korreksiyaya çətin tabe olur. Lakin müalicə taktikası düzgün seçildikdə hətta ən ağır hallarda problemin öhdəsindən gəlmək mümkündür.
Xəstəliyin profilaktikası preparatların rasional təyindən ibarətdir. Həkim hər hansı bir preparatı məsləhət görməzdən əvvəl bütün riskləri nəzərə almalıdır. Özünü müalicə ilə məşğul olmaq yolverilməzdir. Medikamentoz kolitə səbəb ola biləcək preparatın qəbuluna ehtiyac yarandıqda xəstə müntəzəm şəkildə həkim müayinəsindən keçməli və yoğun bağırsaqla bağlı ən kiçik narahatlıqlar barədə proktoloqu məlumatlandırmalıdır.