Yoğun bağırsağın polipləri

Oxuma vaxtı: 13 dəq Oxunma sayı: 5728

Yoğun bağırsağın polipləri nədir?Yoğun bağırsağın polipləri – bu nahiyənin selikli qişasının vəzili epitelindən inkişaf edən xoşxassəli törəmələrdir. Patologiya simptomsuz gedişə meylli olur. Buna baxmayaraq, törəmələr qarında ağrı, defekasiyanın pozulması, qan və selik qarışıqlı nəcis ifrazı ilə təzahür edə bilir. Poliplər bir sıra hallarda bədxassələşir və ya bağırsaq keçməməzliyi törədir. Diaqnoz şikayətlər, obyektiv baxış, rektal müayinə, rentgenoloji və endoskopik üsulların nəticələri əsasında qoyulur. Müalicə polipin endoskopik və ya cərrahi yolla xaric edilməsi, bağırsağın zədələnmiş hissəsinin rezeksiyası ilə aparılır.

  • Yaranma səbəbləri
  • Təsnifat
  • Poliplərin əlamətləri
  • Ağırlaşmalar
  • Diaqnostika
  • Yoğun bağırsağın poliplərinin müalicəsi
  • Proqnoz və profilaktika

Yoğun bağırsağın polipləri barədə ümumi məlumat

Bəzi tədqiqatçıların məlumatlarına əsasən yoğun bağırsağın polipləri dünya əhalisinin 10-20%-də müşahidə edilir. Digər alimlər daha aşağı rəqəmlər təqdim edərək, bu göstəricinin 2,5-7,5% olduğunu irəli sürürlər. Məlumatlar arasındakı fərq poliplərin simptomsuz gedişə meylliliyi ilə bağlıdır. Bu səbəbdən xəstəliyin yayılma tezliyinin tam dəqiqliklə müəyyən etmək mümkün olmur.

Yoğun bağırsağın polipləri istənilən yaş dövründə formalaşa bilir. Yuvenil poliplər istisna olmaqla digər törəmələrə əsasən yetkin şəxslərdə rast gəlinir. 50 yaşdan sonra şişlərin yaranma ehtimalı yüksəlir. Poliplər adətən mədə-bağırsaq sisteminin müayinəsi zamanı təsadüfən aşkarlanır. Xoşxassəli törəmələr çox vaxt fəsadlaşdıqdan və ya maliqnizasiyaya uğradıqdan sonra özünü büruzə verir.  Onlar tək və ya çoxsaylı olur. Bəzi xəstəliklərdə yoğun bağırsağın poliplərinin sayı yüzə, hətta minə çatır. Belə patologiyalar irsi xarakter daşıyır.

Yoğun bağırsağın poliplərinin yaranma səbəbləri

Yoğun bağırsağın poliplərinin səbəbləriYoğun bağırsaq poliplərinin yaranmasını izah edən bir neçə hipotez mövcuddur. Ən geniş yayılmış nəzəriyyəyə əsasən neoplaziyalar bağırsağın selikli qişasının xroniki iltihabi dəyişiklikləri fonunda əmələ gəlir. Mütəxəssislərin fikrincə bu cür dəyişikliklər balanslaşdırılmamış qeyri-müntəzəm qidalanma, rasionda yarımfabrikatlar, asan həzm olunan karbohidratlar, yağlı, qızardılmış, duzlu, kəskin və ədəvalı yeməklərin ustünlük, meyvə və tərəvəzlərin isə azlıq təşkil etməsi nəticəsində yaranır.

Belə rasion bağırsağın peristaltikasının zəifləməsinə, onun möhtəviyyatında zərərli birləşmələrin sayının artmasına səbəb olur. Peristaltikanın pozulması ilə əlaqədar bağırsaq möhtəviyyatının hərəkəti ləngiyir, zərərli maddələrin orqanın divarı ilə təmas müddəti uzanır. Mayenin sorulması hesabına nəcis kütlələrinin sərtləşməsi vəziyyəti daha da dərinləşdirir. Bərk konsistensiyalı fekal kütlələrin bağırsaq boyunca hərəkəti onun divarının zədələnməsi ilə müşayiət edilir. Sadalanan dəyişikliklər bağırsağın selikli qişasının xroniki iltihabına səbəb olur.

İltihabi dəyişikliklər nəzəriyyəsi ilə yanaşı digər hipotezlər də mövcuddur. Belə ki, embrional nəzəriyyəyə əsasən yoğun bağırsağın polipləri bətndaxili dövrdə bu orqanın divarının formalaşma proseslərinin pozulması nəticəsində əmələ gəlir. Poliplərlə müşayiət olunan bəzi sindromlar irsi xarakter daşıyır. Yoğun bağırsağın polipləri çox zaman həzm sisteminin digər xəstəlikləri ilə birgə rast gəlinir. Yuxarıda qeyd olunan risk amilləri və yaranma səbəblərindən əlavə alimlər zərərli vərdişlər (siqaretdən istifadə, spritli içkilərin həddindən artıq qəbulu), hipodinamiya və qeyri-qənaətbəxş ekoloji şəraitin mənfi təsirini də qeyd edirlər.

Yoğun bağırsağın poliplərinin təsnifatı

Klinik təcrübələrdə yoğun bağırsaq poliplərinin bir neçə təsnifatından istifadə olunur. Formalarından asılı olaraq, poliplərin bir neçə növü ayırd edilir: nazik və ya enli ayaqcıqlı göbələkşəkilli; süngəri xatırladan; üzüm salxımı formasında; sərt düyün şəklində.

Törəmələrin sayına əsasən:

  • Tək polip
  • Çoxsaylı poliplər – yoğun bağırsağın eyni və ya müxtəlif hissələrində lokalizasiya olunan düyünlər
  • Diffuz ailəvi polipoz– yoğun bağırsaq boyunca bərabər şəkildə paylanan yüzlərlə polipin formalaşması ilə xarakterizə olunan irsi xəstəlikdir.

Morfoloji quruluşuna görə:

  • yoğun bağırsağın vəzili (adenomatoz) polipləri. Poliplərin ən geniş yayılmış növü olub, xəstələrin orta hesabla 50%-də müşahidə edilir. Onlar vəzili epitelin sərt konsistensiyalı, çəhrayı və ya qırmızı rəngli törəmələridir. Adenomatoz poliplər adətən göbələyəbənzər, az hallarda isə şaxələnən, sürünən formaya malik olur. Vəzili törəmələrin orta diametri 2-3 sm təşkil edir. Poliplər xoralaşmaya və qanamaya meylli olmur. Onların bədxassəli formaya çevrilməsi mümkündür.
  • yoğun bağırsağın vəzili-xovlu (adenopapilyarpolipləri. Xəstələrin 20%-də qeydə alınır. Adenopapilyar poliplər vəzili və xovlu poliplər arasında keçid forma sayılır. Törəmələr maliqnizasiyaya uğraya bilir.
  • yoğun bağırsağın xovlu (papilyarpolipləri. Pasiyentlərin 14%-də aşkarlanır. Xovlu poliplər qan damarları ilə zəngin olduğundan al qırmızı rəngli düyün və ya selikli qişa üzərində sürünən törəmə şəklində formalaşır. Poliplərin ölçüləri 3-5sm və daha artıq olur. Papilyar törəmələr əksər hallarda xoralaşır və qanayır. Bir sıra xəstələrdə nekroz sahələri əmələ gəlir. Xovlu poliplərin bədxassələşmə ehtimalı yüksək olur.
  • yoğun bağırsağın hiperplastik (metaplastikpolipləri. Xəstələrin 75%-də müşahidə olunur. Poliplər selikli qişanın üzərindən cüzi qabaran yumşaq konsistensiyalı düyün şəklində inkişaf edir. Törəmələrin diametri adətən 5mm-dən kiçik olur. Metaplastik poliplər bədxassələşməyə meylli olmur.
  • yoğun bağırsağın kistoz-qranulyasiyaedici (yuvenilpolipləri. İnkişaf anomaliyalarına aid edilir. Uşaqlar və yeniyetmələrdə rast gəlinir. Onlar adətən ayaqcığa malik olub, iri ölçülərə qədər böyüyə bilir. Yuvenil poliplər maliqnizasiyaya meylli olmur.

Eyni xəstədə poliplərin bir neçə növü aşkar oluna bilər. Proktologiyada xarici görünüşünə görə bağırsaq poliplərini xatırladan selikli qişanın törəmələrinə – psevdopoliplərə də təsadüf olunur. Onlar xroniki iltihab zamanı formalaşır, maliqnizasiyaya uğramır.

Yoğun bağırsağın poliplərinin əlamətləri

Yoğun bağırsağın poliplərinin əlamətləriXəstələrin əksəriyyətində klinik simptomatika müşahidə olunmur, yoğun bağırsağın polipləri instrumental müayinələr zamanı təsadüfən aşkarlanır. Bəzi pasiyentlərdə qarnın yan və aşağı hissələrində sızıltılı, deşici və ya tutmaşəkilli ağrılar müşahidə edilir. Defekasiya aktından sonra ağrı zəifləyir və ya tamamən itir.  Xəstələrdə nəcis ifrazı pozula bilər. Belə hallarda qəbizlik, ishal və ya onların növbələşməsinə rast gəlinir. Yoğun bağırsağın aşağı şöbələrində yerləşən xovlu poliplərdə nəcis kütlələrinə qan və ya selik qarışa bilər.

Poliplərin digər növləri qanamaya və selik hasil etməyə meylli olmadığından onlar üçün bu əlamət xarakterik deyil. Yoğun bağırsağın yuxarı hissələrində lokalizasiyalaşan xovlu poliplər qanaya və selik ifraz edə bilsələr də onların bir hissəsi nəcisə qarışır, digər qismi isə bağırsaq boyunca hərəkət zamanı transformasiya olunur. Bu səbəbdən nəcisdə patoloji qarışıqlar vizual olaraq, müəyyən edilmir.  Poliplərdən axan qanlı ifrazatların miqdarı az olsa da tez-tez baş verən qanaxmalar anemiyaya gətirib çıxara bilər.

Yoğun bağırsağın poliplərinin ağırlaşmaları

Bir sıra hallarda yoğun bağırsağın iri ölçülü polipləri orqanın mənfəzini tutaraq, bağırsaq keçməməzliyi törədir. Bu ağırlaşma tutmaşəkilli intensiv ağrılar, ürəkbulanma, qusma, qarnın köpməsi, nəcis və qaz ifrazının ləngiməsi ilə təzahür edir. Belə hallarda təcili surətdə cərrahi əməliyyat aparılmalıdır.

Yoğun bağırsağın polipləri bədxassələşərək, kolorektal xərçəngin inkişafına, limfogen və hematogen metastazların yaranmasına səbəb ola bilər.

Yoğun bağırsağın poliplərinin diaqnostikası

Diaqnoz klinik əlamətlər, fizikal baxış, rektal müayinə, laborator və instrumental üsulların nəticələri əsasında qoyulur. Qarnın palpasiyasında zədələnmə nahiyəsində ağrı aşkarlanır. Nəcisdə gizli qanı təyin edən testin nəticələri həm müsbət, həm də mənfi ola bilər. İrriqoskopiya yalnız diametri 1 sm-dən böyük olan poliplərin diaqnostikasında effektiv hesab edilir. Barmaqla rektal müayinə poliplər yoğun bağırsağın aşağı hissələrində yerləşdikdə informativ sayılır.

Düz bağırsaq və yoğun bağırsağın yuxarı şöbələrini müayinə etmək üçün endoskopik üsullardan – rektoromanoskopiya və ya kolonoskopiyadan istifadə olunur. Prosedurları istənilən ölçülü poliplərin vizualizasiyasına, onların say, forma, diametr və lokalizasiyasının təyininə, qanayan, xoralaşan və nekrozlaşan törəmələrin aşkarlanmasına, eləcə də histoloji müayinə üçün toxuma nümunələrinin götürülməsinə imkan verir. Bəzən diaqnozu dəqiqləşdirmək üçün KT icra edilir. Bu üsulla kontrast preparatla doldurulmuş yoğun bağırsağın üçölçülü şəkilləri əldə olunur.

Düz bağırsağın poliplərinin müalicəsi 

Poliplərin müalicəsi yalnız cərrahi yolla aparılır. Maliqnizasiya əlamətləri ilə müşayiət olunmayan kiçik ölçülü törəmələr endoskopik üsulla kəsilib götürülür. Əməliyyat kolonoskopiya zamanı icra olunur. Bağırsağa xüsusi ilgəkli endoskop yeridilir. Polip ilgək vasitəsilə əsasından kəsilərək, xaric edilir. Eyni zamanda qanayan əsasın koaqulyasiyası həyata keçirilir. Əməliyyat olunmuş pasiyentlərin hospitalizasiyasına ehtiyac yaranmır. Onların əmək qabiliyyəti 1-2 gün ərzində bərpa olunur.

Yoğun bağırsağın iri ölçülü polipləri bəzən endoskopik yolla xaric edilir. Lakin belə əməliyyatlarda ağırlaşmaların (qanaxma, yoğun bağırsağın perforasiyası) yaranma ehtimalı yüksək olduğundan cərrahi müdaxilələr yalnız təcrübəli cərrah-endoskopist tərəfindən müasir avadanlıqların tətbiqi ilə aparılmalıdır. İri poliplər klassik cərrahi üsullarla rezeksiya oluna bilər. Laparotomiyadan sonra polipin yerləşdiyi zonada bağırsaq divarı yarılır, törəmə kəsilib çıxarılır. Əməliyyat bağırsağın və qarnın ön divarının tikilməsi ilə tamamlanır. Belə müdaxilələr stasionar şəraitdə aparılır.

Yoğun bağırsağın çoxsaylı poliplərində, maliqnizasiya əlamətləri ilə müşahidə olunan, bağırsaq keçməməzliyi və orqanın divarının nekrozu ilə ağırlaşan poliplərdə bağırsağın zədələnmiş hissəsinin rezeksiyası tələb oluna bilər. Rezeksiyanın həcmi patoloji prosesin növündən və yayılmasından asılıdır. Obliqat xərçəngönü xəstəliklər qrupuna aid olan ailəvi polipoz subtotal kolektomiyanın aparılmasına və kolostomanın qoyulmasına göstəriş sayılır. Postoperasion dövrdə sarğılar dəyişdirilir, analgetik və antibiotiklər təyin edilir.

Yoğun bağırsağın poliplərinin proqnoz və profilaktikası

Yoğun bağırsağın polipləri ağırlaşmadıqda və bədxassələşmə əlamətləri ilə müşayiət olunmadıqda proqnoz qənaətbəxş sayılır. Qalan hallarda müalicənin nəticəsi xəstənin vəziyyətindən və patologiyanın ağırlığından asılı olur. Əməliyyatdan sonra pasiyentlər mütəmadi şəkildə proktoloji müayinələrdən keçməlidirlər. Residivlərin vaxtında aşkar olunması üçün müntəzəm endoskopik müayinələrin aparılması məsləhət görülür. Müşahidənin davamlılığı və kolonoskopiyanın tezliyi yoğun bağırsaq poliplərinin növünə əsasən müəyyən edilir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: