Otolarinqologiya – qulaq, burun, boğaz və ona bitişik anatomik nahiyələrin xəstəliklərinin diaqnostika, müalicə-profilaktika üsullarını öyrənir. Bu orqanların patologiyaları ilə LOR-həkimlər məşğul olur.
Qulaq, burun və boğaz daim ətraf mühitlə əlaqədə olduğundan onların əksər xəstəlikləri iltihab xarakterli olur. LOR-orqanların selikli qişalarında külli miqdarda şərti-patogen mikroorqanizmlər mövcuddur. Orqanizmdə cüzi disbalans baş verdikdə bu mikroorqanizmlər patogen xüsusiyyətini almaqla, müxtəlif xəstəliklərə yol açırlar.
Burun boşluğunun ən çox yayılmış patologiyalarına adenoid, rinit, haymorit, sinusit, qanaxmalar aiddir. Qulaq xəstəlikləri arasında əsasən otit, timpanit, travmatik xarakterli zədələnmələrə rast gəlinir. Boğaz xəstəliklərindən isə adətən laringit, faringit, xroniki tonzillitə təsadüf olunur. Əhalinin sıxlığı və çirkli ekologiya LOR-orqanların patologiyaları üçün əlverişli fon sayılır.
Qulaq-burun-boğaz xəstəliklərinin əlamətləri və müalicəsi
LOR-xəstəlikləri çox zaman keçirilmiş virus infeksiyalarının ağırlaşması kimi yaranır və zəifləmiş immunitet fonunda inkişaf edir. Onların hər biri fərqli klinik şəklə malikdir. Daimi baş ağrıları, çənəaltı limfa düyünlərinin böyüməsi, boğaz və qulaqda ağrı, eşitmənin, həmçinin iybilmənin pozulması, burun tənəffüsünün çətinləşməsi, burun və ya qulaqdan ifrazatın axması LOR-orqanların patologiyalarından xəbər verir.
Bu xəstəliklərin müalicəsinin gecikdirilməsi sağlamlığa ciddi təhlükə törədir. Məsələn, laqeydliklə yanaşdığımız zökəmin ağırlaşması otit və ya haymoritlə nəticələnə bilər. Burun, boğaz və qulaqda uzunmüddətli iltihabi proseslər ürək, böyrək və oynaqların zədələnmə ehtimalını artırır. Həmçinin bu nahiyənin gözlərə, beyinə yaxın yerləşməsi onların xəstəliklərinə xüsusi diqqətlə yanaşmağı tələb edir.
LOR-patologiyalarının müasir diaqnostika üsullarına laborator analizlər, burun, qulaq və boğazın endoskopik, kompüter müayinələri, burunətrafı ciblərin punksiyası daxildir.
Otolarinqoloji xəstəliklərin müalicəsində əsas məqsəd prosesin xroniki formaya keçməsinin qarşısını almaqdır. Patologiyaların müalicəsində terapevtik (medikamentoz, fizioterapevtik) və cərrahi metodlardan istifadə olunur. Son illərdə az invaziv lazer və endoskopik üsullar, kosmetik, eləcə də plastik cərrahiyyə uğurla tətbiq edilir.
Med-portal.az saytının «Qulaq-burun-boğaz xəstəlikləri» bölməsi LOR-patologiyalarının müalicə və profilaktikası məsələlərində Sizin etibarlı bələdçinizə çevriləcəkdir.