Saç xəstəlikləri

Saç xəstəlikləri

Trixologiya (yunan dilindən tərcümədə «trichos» – tük, «logos» isə elm deməkdir) dermatologiyanın bir bölməsi olub, tüklərin quruluşu, saç xəstəlikləri və onların müdafiəsi ilə məşğuldur.   

İnsan bədəni 3 tip tüklə örtülüdür: uzun (baş, qoltuqaltı, qasıq nahiyəsində), yumşaq (bədəndə) və cod (kirpik, qaş, qulaq və burunda yerləşən). Onlar ilk növbədə baryer funksiyasını yerinə yetirərək, digər orqanları (gözlər, qulaqlar, burun yolları və s.) infeksiya və yad cisimlərdən qoruyur. Xırda tüklər bütün bədəni örtməklə, istini saxlayır, orqanizmi soyuqdan qoruyur

Hər bir insanın xarici görkəmində saçlar özünəməxsus yer tutur. Kəpək, dazlaşma, tez qırılan saçlar qeyri-estetik görünüş yaratmaqla bərabər, həm də sağlamlıqla bağlı problemlərin olmasından xəbər verir.  

Tüklər müstəqil orqan olmayıb, dəri artımı sayılır. Bu səbəbdən onların vəziyyəti birbaşa dəridən asılıdır. İnsan orqanizmində gedən bütün proseslər bir-birilə qarşılıqlı əlaqədədir. İmmun və hormonal sistemlərdə baş verən dəyişikliklər, mədə-bağırsaq traktının fəaliyyətinin pozulması, psixoloji problemlər dərinin, eləcə də saçların vəziyyətində əks olunur.  

Saç xəstəlikləri necə müalicə olunur?

Hazırda trixologiyada müasir diaqnostika və müalicə metodlarından istifadə olunur. Əksər hallarda diaqnostika prosesində həkim-trixoloq xəstəliyin əsasında psixoloji problemlərin dayandığını aşkar edir.   

Tibbin digər sahələrinə nisbətən trixologiyada saçların vəziyyətinə, bu və ya digər patologiyaların inkişafına təsir göstərən irsi faktorun qiymətləndirilməsinə daha çox diqqət yetirilir. Müalicə sxemi hər bir pasiyent üçün fərdi qaydada tərtib olunur. Bura vitaminlər, maskalar, mezoterapiya və s. daxildir.  

Med-portal.az saytının «Saç xəstəlikləri» bölməsində dazlaşmanın müalicə və profilaktikası, saç tökülməsi ilə mübarizə və s. aktual problemlərin həlli ilə tanış olacaqsınız.