Uroloji xəstəliklər

Uroloji xəstəliklər

Urologiya sidik-cinsiyyət sistemi (böyrəklər, sidik kanalı, sidik kisəsi, sidik axarları, kişi cinsiyyət orqanları) xəstəliklərinin diaqnostika, müalicə  və profilaktikası ilə məşğul olur. Tibbin bu sahəsi ginekologiya, venerologiya, nefrologiya, cərrahiyyə ilə sıx əlaqədədir.  

Qadın, kişi və uşaqlarda, eləcə də yaşlı şəxslərdə uroloji xəstəliklər özünəməxsus gedişə malikdir. Bu da orqanizmin anatomik-fizioloji və yaş xüsusiyyətləri ilə izah olunur. Kişilərdə sidik-cinsiyyət sisteminin patologiyaları arasında iltihabi proseslərə (orxit, epididimit, uretrit, balanopostit, prostatit, sistit), prostat vəzinin adenoması və iltihabi xəstəliklərə tez-tez rast gəlinir. Qadın cinsinin nümayəndələrində uretrit, sistit, cinsi yolla keçən infeksiyalar qeydə alınır. Kişi və qadınlarda böyrək daşı xəstəliyi, pielonefrit, xroniki böyrək çatışmazlığı eyni tezlikdə aşkarlanır. Uşaqlarda isə sidik-cinsiyyət sisteminin anadangəlmə anomaliyaları, sistit və enurez daha çox müşahidə olunur. Yaşlılarda uroloji xəstəliklər içərisində sidik saxlamazlıq və şişlər ön planda dayanır. 

Sidik-cinsiyyət sistemi xəstəliklərinin əlamətləri

Uroloji patologiyaların başlıca təzahürlərinə sidik ifrazının tezləşmə və ya ləngiməsi, bel nahiyəsində ağrılar, cinsiyyət orqanlarında qaşınma və göynəmə hissi, uretradan patoloji ifrazatlar, cinsi funksiyanın pozulması, şişkinlik, sidiyin miqdar və ya rənginin dəyişməsi aiddir.    

Müalicə gecikdirildikdə xəstəliklər xroniki infeksiya ocaqları, impotensiya, sonsuzluq, böyrək transplantasiyası, hətta ölümlə sonlana bilər. Kişi üçün uroloqun önəmi, qadın üçün ginekoloq kimidir. Bu səbəbdən şikayətlərdən asılı olmadan ildə ən az 1 dəfə uroloqun müayinəsindən keçmək lazımdır.  

Uroloji xəstəliklərin diaqnostika və müalicəsi

Diaqnostik metodlara sidiyin laborator müayinəsi, USM, instrumental (punksion biopsiya, kateterizasiya, bujlanma), endoskopik üsullar (uretroskopiya, sistoskopiya) və s. daxildir. 

Urogenital patologiyaların müalicəsi spesifik xarakter daşıyır. Əksər xəstəliklər cinsi yolla ötürüldüyündən müalicədə hər 2 cinsi partnyorun iştirakı mütləqdir. Sidik-cinsiyyət sisteminin problemləri cinsi funksiyaya öz təsirini göstərir. Onların adekvat şəkildə həlli ailədə əmin-amanlığın qorunmasına imkan verir. Cərrahi müdaxilə nəinki sidik-cinsiyyət aparatının fəaliyyətinin normallaşması, həm də estetik korreksiya məqsədi daşıyır. Bu da pasiyentlərin psixoloji komplekslərdən qurtulmasına şərait yaradır. 

Med-portal.az saytının “Uroloji xəstəliklər” bölməsində sidik-cinsiyyət sisteminin patologiyalarının səbəbləri, əlamətləri, müalicə və profilaktikası ilə yaxından tanış ola bilərsiniz.