Qadınlarda sistit
Qadınlarda sistit – sidik kisəsinin selikli (bəzən selikaltı və əzələ) qişasının kəskin və ya xroniki gedişli iltihabi zədələnməsidir. Ağrılı və tezləşmiş sidik ifrazı, kiçik çanaq nahiyəsində ağrılar, sidik kisəsinin tam boşalmaması hissi, subfebrilitet, sidikdə selik və qanın olması ilə təzahür edir. Sistitin diaqnostostikası sidiyin analizi (ümumi, Neçiporenko üsulu ilə, bakterial əkilmə), ginekoloji baxış və uşaqlıq yolu mikroflorasının müayinəsi, sidik kisəsinin USM, sistoskopiyayanın nəticələrinə əsaslanır. Qadınlarda sistitin terapiyasında antibiotiklər, uroseptiklər, sidik kisəsinin instillyasiyası, fizioterapiyadan istifadə olunur.
- Qadınlarda sistitin yaranma səbəbləri
- Qadınlarda sistitin təsnifatı
- Qadınlarda sistitin əlamətləri
- Qadınlarda sistitin diaqnostikası
- Qadınlarda sistitin müalicəsi
- Qadınlarda sistitin profilaktikası
Qadınlarda sistit barədə ümumi məlumat
Statistik məlumatlara görə hər ikinci qadın həyatında ən azı bir dəfə bu xəstəliklə rastlaşır. Patologiya əsasən reproduktiv yaşda olan (20-40 yaş) pasiyentlərdə aşkarlanır; həmçinin sistit 4-12 yaşlı qızlar arasında da geniş (bu yaş qrupuna daxil olan oğlanlarla müqayisədə 3 dəfə artıq) yayılmışdır. 11-21% hallarda qadınlarda sistit xroniki xarakter alaraq, il ərizində 2 və daha artıq kəskinləşmə halları ilə özünü büruzə verir.
Qadınlarda sistitin yaranma səbəbləri
Əksər qadınlarda sistit infeksion mənşəli olur. Sidik kanalının xüsusiyyətləri (qısa və enli uretra), eləcə də uşaqlıq yolu, anal dəlik və uretranın topoqrafik cəhətdən yaxın yerləşmələri patogen floranın sidik kisəsinə qalxan yolla yayılmasını asanlaşdırır. Uretral (qalxan) yoldan əlavə enən (yuxarı sidik yolları), limfogen (çanaq orqanlarından), hematogen (uzaq orqanlardan) yollarla da infeksiyalaşma mümkündür.
Sistitin törədiciləri qismində bağırsaq çöpü (70-95%), stafilokokk (5-20%), daha az hallarda isə klebsiella, protey, göy-yaşıl irin çöpləri iştirak edir. Qadınlarda sistit çox zaman kandidoz, qardnerellyoz, mikoplazmoz, qonoreya, ureaplazmoz, trixomoniaz, genital vərəm və digər infeksiyaların səbəb olduğu kolpit, vulvit, uretrit fonunda inkişaf edir.
Sistitin ilk epizodu və ya kəskinləşməsi soyuqlama, KRVİ, cinsi həyatın və aybaşının başlaması, cinsi partnyorun dəyişməsi, kəskin qida və spirtli içkilərin həddindən artıq qəbulu, dar geyimlərlə bağlıdır. Qadınlarda sistitin digər provokasiyedici amillərinə pielonefrit, sidik kisəsində yad cisim və daşlar, uretranın strikturaları, divertikullar və ya sidik kisəsinin gec boşaldılması zamanı sidiyin durğunluğu, qəbizliyi misal göstərmək olar.
Qızlarda sistit cinsiyyət orqanlarının qeyri-qənaətbəxş gigiyenası, eləcə də neyrogen sidik kisəsi fonunda inkişaf edə bilər. Hamiləlik dövründə sistitə hemodinamik və endokrin hestasion dəyişikliklər, urogenital traktın mikroflorasının transformasiyası səbəb olur.
Bəzi hallarda sisti kiçik çanaq orqanlarının bədxassəli şişlərinin şüa terapiyası, allergiya, toksiki təsirlər, metabolik pozğunluqlar (şəkərli diabet, hiperkalsiuriya) nəticəsində yaranır. Klimakterik sistit estrogen çatışmazlığı və urogenital traktın selikli qişasının atrofik dəyişikliklərinin təsiri altında inkişaf edir.
Qadınlarda sistitin yaranmasına həmçinin endoskopik manipulyasiyalar və əməliyyatlar (kateterizasiya, sistoskopiya, sidik kisəsinin transuretral rezeksiyası və s.) zamanı sidik kisəsinin selikli qişasının zədələnməsi səbəb olur. Lənggedişli infeksiya istisna olmaqla xroniki sistit uşaqlıq və ya uşaqlıq yolunun enməsi, xroniki parametritlə əlaqədar formalaşa bilər.
Qadınlarda sistitin təsnifatı
Etiologiyasına görə sistitlər bakterial (infeksion) və qeyri-bakterial (şüa, allergik, kimyəvi, dərman, toksiki və s.) olur. Patogen törədicidən asılı olaraq, infeksion sistitlər öz növbəsində spesifik (ureaplazma, mikoplazma, xlamidiya, qonoreya və s. mənşəli) və şərti-patogen floranın səbəb olduğu qeyri-spesifik formalara bölünür.
Sidik kisəsində baş verən morfoloji dəyişikliklərə nəzərən qadınlarda sistit kataral, hemorragik, kistoz, xoralı (xoralı-fibroz), fleqmanoz, qanqrenoz, inkrustəedici, qranulomatoz, şişəbənzər, interstisial ola bilər. Yayılma və lokalizasiyasına əsasən iltihab diffuz (total) sistit, məhdud (ocaqlı) – boyun sistiti və triqonit (Lyeto üçbucağının iltihabı) ayırd edilir.
Gediş xüsusiyyətlərinə görə kəskin və xroniki (persistə edən); birincili (müstəqil şəkildə yaranan) və ikincili (digər uroloji xəstəliklər fonunda inkişaf edən) sistitlər qeydə alınır. Kəskin formalarda əksər qadınlarda iltihaba sidik kisəsinin epitel və epitelaltı qatları məruz qalır. Kataral iltihabın endoskopik şəkli selikli qişanın ödem və hiperemiyası, damar reaksiyaları (damarların genişlənməsi, inyeksiyası), iltihablaşmış sahələrdə fibrinoz və ya selikli-irinli ərplərin olması ilə xarakterizə olunur. Proqressiv gedişli sistitlərdə sidik kisəsinin selikaltı, hətta əzələ qatı da zədələnə bilər.
Qadınlarda hemorragik sistitin sistoskopik əlamətlərinə selikli qişanın ifadəli eritrositar infiltrasiyası, qansızma sahələri, selikli qişanın ayrılması, təmas qanaxmaları aiddir. Xoralı sistit çox zaman sidik kisəsinin şüa zədələnmələri zamanı inkişaf edir. Xoralar tək və ya çoxsaylı olub, orqanın divarının bütün qatlarını əhatə edərək (pansistit), qanaxmaya, sidik kisəsi fistulalarının yaranmasına gətirib çıxara bilər. Xoraların çapıqlaşdığı hallarda sidik kisəsi divarının fibroz və sklerotik dəyişiklikləri baş verir, orqan tədricən büzüşür.
Fleqmanoz sistit selikaltı qatın diffuz leykositar infiltrasiyası ilə səciyyələnir. İrinli iltihab seroz qişaya (perisistit) və əfraf toxumaya (parasistit) yayılır. Paravezikal toxumada əmələ gələn irinciklər bütün toxumanın diffuz zədələnməsinə səbəb olur.
Qanqrenoz sistit orqan divarının bütün qatlarını zədələyərək, selikli qişanın hissəvi və ya tam nekrozu ilə müşahidə olunur, bəzən proses sidik kisəsinin əzələ qatına yayılması, divarın perforasiyası, peritonitin inkişafı qeydə alınır. Nekrozlaşmış selikli və selikaltı qatlar qoparaq, sidik kanalından xaricə çıxa bilər. Qanqrenoz sistit sidik kisəsinin sklerozlaşması və büzüşməsinə gətirib çıxarır.
Xroniki sistit üçün xarakterik endoskopik əlamətlərə selikli qişanın ödemi, hiperemiyası, qalınlaşması və ya atrofiyası, onun elastikliyinin azalması aiddir. Bir sıra hallarda selik və selikaltı qatda mikroabseslər və xoralar yarana bilər.
Uzun müddət ərzində sağalmayan yaralar duzlarla örtülərək, inkrustəedici sistitin inkişafına səbəb olur. Proliferatv proseslərin üstünlüyü qranulyasiya toxumasının çoxalması, qranulyar və ya polipoid törəmələrin (qranulomatoz və polipoid sistit) formalaşması ilə nəticələnir. Bəzi qadınlarda sidik kisəsində limfoid toxumanın selikaltı toplanması nəticəsində kiçik qabarlar şəklində tək və ya çoxsaylı kistalar əmələ gəlir (kistoz sistit).
İnterstisial sistit zamanı xarakterik qlomerulyasiyalar (selikaltı hemorragik törəmələr), dibi fibrinlə örtülü xəttşəkilli təksaylı Hanner xorası, iltihabi ilfiltratlar izlənilir. Qadınlarda interstisial sistit sidik kisəsinin büzüşməsi və həcminin azalmasına gətirib çıxarır.
Qadınlarda sistitin əlamətləri
Kəskin sistit adətən bir və ya bir neçə provokasiyaedici amillərin (soyuqlama, infeksiya, travma, koitus, instrumental müdaxilələr və s.) təsirindən sonra qəfil manifestasiya edir. Qadınlarda sistitin təzahürlərinə klassik triada: dizuriya, leykosituriya (piuriya), terminal hematuriya aiddir.
İltihab, ödem və sinir uclarının sıxılması zamanı sidik kisəsinin neyro-reflektor oyanıqlığı artmaqla sidik ifrazı pozulur. Dizurik pozğunluqlar pollakiuriya (tezləşmiş sidik ifrazı), daima sidiyə getmə istəyi, miksiyanın başlanması üçün gücənmə, sidik kisəsi və uretrada ağrılar, göynəmə, nikturiya ilə xarakterizə olunur.
Kəskin sistitin əlamətləri sürətlə artır. Sidiyə getmə çağırışları imperativ xarakterli olub, hər 5-15 dəqiqədən bir yaranır, sidik porsiyalarının həcmi azalır. Detruzorun spastik yığılmaları sidik saxlamazlığa gətirib çıxarır. İfadəli ağrılar sidik ifrazının əvvəli və sonunu müşayiət edir; ağrılar miksiyadan xaric aralıq və qasıq nahiyələrində baş verir.
Sistit zamanı ağrının xarakter və intensivliyi zəif diskomfort hissindən tutmuş dözülməz kəskin ağrılara qədər dəyişə bilər. Az yaşlı qızlarda ağrı fonunda kəskin sidik ləngiməsi yarana bilər. Boyun sistitində dizuriya daha güclü ifadə olunur. Ən kəskin ağrılar interstisial sistit, eləcə də kimyəvi və radiasion amillər tərəfindən törədilən iltihab zamanı qeydə alınır.
Qadınlarda sistitin daimi və vacib əlaməti leykosituriyadır, onunla əlaqədar sidik bulanıq irinli şəkil alır. Hematuriya adətən mikroskopik xarakter daşıyaraq, sidik ifrazının sonunda inkişaf edir. Makrohematuriyanın aparıcı əlamət sayıldığı hemorragik sistit istisna hal sayılır. Kəskin sistitlərdə bədən temperaturu 37,5-38°С-yə qədər yüksələ bilər. Ümumi vəziyyət və aktivlik pozulur.
Qadınlarda sistit tez-tez residivləşən gedişə malik olur: xəstəliyin ilkin epizodundan sonra 50%-dən çox pasiyentlərdə 1 il ərzində residivlərə rast gəlinir. Terapiya başa çatdıqdan sonra 1 ay müddətində inkişaf edən təkrari hücumlar infeksiyanın saxlanılmasına; bir aydan sonra yaranan residivlər isə reinfeksiyaya dəlalət edir.
Qadınlarda xroniki sistitin əlamətləri kəskin forma ilə analoji olsa da zəif ifadəliliyi ilə seçilir. Sidik kisəsinin boşaldılması zamanı ağrılar mulayim xarakterli olur, sidik ifrazının tezliyi isə əmək qabiliyyətinin itirilməsinə və adi həyat tərzinin pozulmasına səbəb olmur. Kəskinləşmə dövründə kəskin/yarımkəskin iltihabın klinikası inkişaf edir; remissiya zamanı aktiv iltihabi prosesi əks etdirən klinik və laborator məlumatlar olmur.
Qadınlarda sistitin diaqnostikası
Sistitin diaqnostikası klinik-laborator məlumatlar, exoskopik və endoskopik müayinələrin nəticələrinə əsaslanır. Qasıqüstü nahiyənin palpasiyası kəskin ağrılıdır. Qanın ümumi analizində leykositlərin sayının kifayət qədər artması, eritrositlər, zülal, selik, sidik turşusunun duzları aşkarlanır. Bakterial sistitlərdə sidiyin bakterial əkilməsi patogen floranın xeyli artması ilə xarakterizə olunur. Qadınların planlı müayinəsinə ginekoloqun konsultasiyası, kresloda baxış, yaxmaların mikroskopik, bakterioloji analizi və PZR-diaqnostika daxildir.
Residivləşən sistitin diaqnostikasında sistoskopiya və sistoqrafiya mühüm rol oynayır. Sistoskopiya zədələnmiş sidik kisəsinin zədələnməsinin morfoloji formasını, şiş, sidik daşı, yad cisim, sidik kisəsinin divertikulları, xora, fistulaların olmasını müəyyən etməyə və biopsiyanı icra etməyə imkan verir. Sidik kisəsinin USM orqan divarının xarakterik dəyişiklikləri, «exoneqativ» əlavələrə əsaslanaraq, qadınlarda sistit diaqnozunu dolayı yolla təsdiq edir.
Qadınlarda sistitin müalicəsi
Sistitin müalicəsi ginekoloq və uroloqun nəzarəti altında aparılmalıdır. Kəskin formanın əlamətləri adətən 5-7 gün ərzində aradan qalxır. Müalicə sxeminə flüorxinolonlar (siprofloksasin, norfloksasin), fosfomisin, sefalosporin, nitrofuranların təyini daxildir. Spesifik mikroflora aşkarlandıqda müvafiq mikrob, virus, göbələkəleyhinə preparatlardan istifadə olunur.
Ağrı hissiyyatını aradan götürmək üçün QSİƏP (nimesulid, diklofenak), spazmolitiklər (papaverin, drotaverin) tətbiq edilir. Əsas medikamentoz terapiyaya fitoçaylar (ayıüzümü, qatırquyruğu, quş qırxbuğumu, mərcangülə cövhəri), bitki tərkibli farmpreparatlar məsləhət görülə bilər. Kəskin sistit zamanı qadınlara süd-bitki tərkbli pəhrizə üstünlük vermək, qəbul edilən suyun miqdarının artırmaq tövsiyyə olunur.
Qadınlarda residivləşən sistit zamanı yuxarıda qeyd olunan etiotrop və simptomatik terapiyadan əlavə sidik kisəsinin instillyasiyası, sidik kisəsi daxili ionofarez, UYT, induktotermiya, maqnitolazeroterpiya, maqnitoterapiya göstəriş sayılır. Residivləşən sistit menopauza dövründə aşkar edildikdə estrogen tərkibli kremlərin intravaginal və ya periuretral tətbiqi məsləhət görülür. Sidik kisəsinin boyun hissəsinin kobud hiperplaziyası zamanı transuretral rezeksiya – sidik kisəsinin TUR icra edilir.
Qadınlarda sistitin profilaktikası
Sistitin profilaktikasında şəxsi və cinsi gigiyenaya riayət, ginekoloji və uroloji xəstəliklərin vaxtında müalicəsi, soyuqdan qorunmaq, sidik kisəsinin vaxtında boşaldılması mühüm əhəmiyyət kəsb edir. Endovezikal müayinə və sidik kisəsinin kateterizasiyası prosesində mütləq aseptika qaydalarına əməl olunmalıdır. Residivlərin yaranma ehtimalını azaltmaq üçün immunitetin yüksəldilməsi, payız və yaz aylarında profilaktik müalicə kurslarının aparılması tövsiyə olunur.