Dəri absesi

Oxuma vaxtı: 9 dəq Oxunma sayı: 2416

dəri absesi nədir?Dəri absesi – dəri örtüklərinin boşluqlu, piogen membranla hüdudlanmış, lokal irinli iltihabıdır. Absesin simptomlarına qızartı (hiperemiya), ödem, bəzən sonralar yerində irinlik formalaşan ağrı aiddir. Bütün bunlar ümumi intoksikasiya (temperaturun yüksəlməsi, zəiflik, baş ağrıları) ilə müşayiət oluna bilər. Dəri absesinin diaqnostikası pasientin inspeksiyası (baxış) ilə həyata keçirilir; bəzi hallarda əlavə olaraq baza müayinə (qanın və sidiyin ümumi analizi) təyin olunur. Yerli müalicə cərrah tərəfindən aparılır – irinlik açılır və antiseptiklərlə yuyulur, bir sıra hallarda ümumi antibakterial terapiya təyin oluna bilər.

  • Dəri absesinin səbəbləri
  • Dəri absesinin simptomları
  • Dəri absesinin diaqnostikası
  • Dəri absesinin müalicə və profilaktikası

Dəri absesi barədə ümumi məlumat

Dəri absesi (irinlik), bir qayda olaraq, bədənin istənilən nahiyəsinin dəri örtüyünü zədələyən kəskin irinli iltihabdır. Fleqmonadan fərqli olaraq abses məhdud konturlu olub irinli möhtəviyyata malikdir; piogen membranla əhatə olunur. Əksər hallarda bu qişa infeksiyanın ətraf toxumalara yayılmasının qarşısını alır, lakin bəzən xəstəliyi törədən mikroorqanizm ocaqdan qana və limfaya keçə bilər. Bu, daha ağır vəziyyətlərə – limfangit, limfadenit, daxili orqanların metastatik absesinə gətirib çıxara bilər. Bədənin bəzi, damar anastomozları ilə zəngin nahiyələrində irinliyin yaranması xüsusən təhlükəlidir; məs., burun-ağız bucağının dəri absesi kavernoz cibin iltihabı, meningit, baş beynin absesinə gətirib çıxara bilər.

Dəri absesinin səbəbləri

Klinik halların əksəriyyətində dəri absesinin törədiciləri bakteriyalardır. Onlar dəriyə zədə nahiyələrindən, mikroçatlardan keçirlər; nadir hallarda orqanizmdə olan başqa iltihab ocağından hematogen yolla gətirilirlər. Dəri absesinin yaranmasına müxtəlif bakteriyalar – qızılı stafilokoklar, göy-yaşıl irin çöpləri və bağırsaq çöpləri səbəb ola bilər. Adətən, belə vəziyyətin inkişafı bir növ törədici ilə deyil, bir neçəsinin birgə təsiri ilə əlaqəli olur. Dəri absesinin yaranmasında yerli müdafiə faktorlarının aktivliyinin azalması, məs., lokal soyuma, şəkərli diabet, immunodefisit, düzgün olmayan şəxsi gigiyena böyük rol oynayır.

Bakteriyalar dəri örtüklərinin daxilinə keçdikdən sonra çoxalmağa başlayır, beləliklə, patoloji ocaqlar formalaşır. Bütün bunlar immun sistem tərəfindən tanınır; o əvvəlcə müdafiənin qeyri-spesifik faktorlarına reaksiya verməyə başlayır – qan damarları genişlənir, zədələnmiş dərinin qan damarlarının mənfəzi genəlir, toxuma mayesinin sorulması yavaşıyır. Bu, dəri absesinin ilk təzahürlərinin – hiperemiya, ödem, ağrının səbəbi olur. Bundan sonra, immunokompotent hüceyrələrin – makrofaqların və neytrofillərin ocağa miqrasiyası və onların törədiciləri faqositoza uğratması başlayır. Diri və ölü neytofillər və bakteriyalardan ibarət toxuma mayesindən irin formalaşır; o, ocaq ətrafında membran formalaşdıran dəri fibroblastlarını stimulyasiya edir. İltihab tipik dəri absesi görünüşünü alır.

Dəri absesinin simptomları

Dəri absesinin inkişafı müəyyən mərhələliyi ilə xarakterizə olunur; müxtəlif kliniki hallarda hər bir mərhələnin davametmə müddəti bir-birindən kifayət qədər kəskin fərqlənir və çoxsaylı faktorlardan – immunitetin vəziyyəti, törədicinin növü, iltihabın lokalizasiyasından asılıdır. İlk mərhələ dərinin qızarması (hiperemiya), şişkinliyi, ağrının inkişafı ilə başlayır. Zədələnmiş nahiyənin temperaturu ətraf toxumalarla müqayisədə xeyli yüksəlir. Hiperemiyanın ölçüləri tədricən artır, bəzi klinik hallarda 3-4 sm-ə çatır. Məhz bu mərhələdən dəri absesinin sonrakı diametri asılıdır.  Bu zaman ümumi simptomlar, bir qayda olaraq, müşahidə olunmur.

Sonra irin əmələ gəlməyə başlayır. Ocağın mərkəzi saralmağa, yumşalmağa başlayır, lakin ağrı və ödem saxlanır; bəzən zədələnmiş nahiyədə dolqunluq hissi meydana çıxır. Dəri absesinin formalaşmasının bu mərhələsi əksər hallarda ilk simptomların təzahüründən 3-4 gün sonra başlayır. İltihabın yayılması, adətən, baş vermir, buna görə də törəmənin ölçüləri əvvəlki kimi qalır. İrin, əslində, məhv olmuş toxumaların toksiki məhsullarıdır; bu toksinlər qana keçir və insanın ümumi vəziyyətinin pisləşməsinə – temperaturun yüksəlməsi, zəiflik, iştahanın pozulması, bəzən ürəkbulanma və qusmaya gətirib çıxarır. Bu simpomların ifadəliliyi dəri absesinin ölçülərindən asılıdır; belə ki, ölçü nə qədər böyük olarsa, xəstə özünü bir o qədər pis hiss edir. Beləliklə, irinliklər kiçik olduqda insanın ümumi vəziyyətinin dəyişilməsi ümumiyyətlə baş verməyə bilər.

Dəri absesinin inkişafının son mərhələlərində müalicə olunmazsa, öz-özünə açılır, irin xarici axır. Bu, ağrını və ödemi azaldır, insanın ümumi vəziyyətini yaxşılaşdırır. Lakin xəstəliyin məhz bu mərhələsində dəri absesinin kifayət qədər ağır fəsadlaşmalarının inkişafı mümkündür. Onlardan daha çox rastlananı infeksiyanın limfogen yolla yayılması, limfangit və regionar limfadenitin inkişafıdır. Bəzən abses xarici mühitə deyil, ətraf toxumalara açıla, nəticədə yayılan irinli iltihab – pannikulit, fleqmona inkişaf edə bilər. Bakteriyaların hematogen yolla disseminasiyası istisna olunmur; bu, metastatik irin ocaqları, xüsusi ağır vəziyyətlərdə isə sepsisə gətirib çıxara bilər.

Dəri absesinin diaqnostikası

“Dəri absesi” diaqnozunun qoyulması əksər hallarda heç bir problem yaratmır, onun klinik mənzərəsi hər bir həkim-dermatoloqa kifayət qədər tanışdır. İnspeksiya (baxış) zamanı xəstəliyin hansı inkişaf mərhələsində olmasını müəyyənləşdirmək olar. Dəri absesinin formalaşması mərhələsində ödemli və  hiperemik ocaq aşkar olunur, palpasiyada ağrılı, toxunma zamanı sərtlik hiss olunur. İnkişafın sonrakı mərhələsində sarı “ventil”ə malik olur, toxunma zamanı daha yumşaqlıq hiss olunur, lakin ağrı və ocağın yüksək temperaturu saxlanır. Bundan başqa, xəstədə obyektiv olaraq, hərarət və qusma təyin oluna bilər.

Müayinədə regionar limfa düyünlərini də yoxlamaq lazımdır. Belə ki, bu patologiya zamanı onlar, demək olar ki, həmişə böyümüş, lakin ağrısız olurlar. Onların ölçülərinin kəskin böyüməsi və ağrılı olmaları limfadenitin başlanmasından xəbər verir. Qanın ümumi analizi dəri absesində, bir qayda olaraq, orqanizmin qeyri-spesifik iltihab əlamətlərini özündə daşıyır. Onlara leykositoz, sola meyilli neytrofilyoz, eritrositlərin çökmə sürətinin artması aiddir. Bu əlamətlər kompleksi dəri absesinin müalicəsi üçün pasienti həkim-cərraha yönləndirməyə imkan verir.

Dəri absesinin diaqnostikası çərçivəsində bəzi hallarda törədicinin aydınlaşdırılması məqsədilə irinin mikrobioloji terapiyası – möhtəviyyatın qidalı mühitdə əkilməsi də həyata keçirilir. Bu, patoloji vəziyyətin və onun ağırlaşmalarının  müalicəsində daha effektiv antibakterial prepartaların seçilməsi üçün mühümdür. Lakin belə müayinə çox vaxt (bir neçə gün) tələb edir. Buna görə də dəri absesinin ağırlaşmalarsız klinik hallarında, demək olar ki, tətbiq olunmur; antibakterial terapiya isə genişspektrli preparatlarla aparılır.

Dəri absesinin müalicə və profilaktikası

Müalicə həm yerli tədbirlər, həm də ümumi antibakterial terapiyadan ibarətdir. Pasientin dəri absesinin erkən təzahürləri ilə dermatoloqa və cərraha müraciəti zamanı, adətən,  gözləmək (“yetişməyə” imkan vermək) tövsiyə olunur. İrinlik tamamilə formalaşdıqdan sonra cərrah onu yarır, boşluğunu antiseptiklərlə (məs., xlorheksidin) yuyur və drenaj edir. Antibakterial terapiya dəri absesinin ölçüləri böyük olduqda və ya xəstəliyin ağır, ümumi təzahürlərinin profilaktikasında mühümdür. Bu terapiya özündə həm genişspektrli antibiotikləri, həm də mikrob əleyhinə preparatları (məs., sulfanilamidlər) birləşdirə bilər.

Proqnoz, bir qayda olaraq, kafidir. Lakin zəifləmiş immunitet və ya şəkərli diabet zamanı dəri absesinin ağırlaşması sağlamlıq və hətta həyat üçün təhlükə törədə bilər.

Absesin profilaktikası immun sisteminin lazımi səviyyədə fəaliyyətinin dəstəklənməsi, düzgün şəxsi gigiyena, infeksiyalar, tibbi və kosmetoloji manipulyasiyalar zamanı aseptika qaydalarına riayət etməkdən ibarətdir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: